beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminlərin əmiri Əli ibn Əbu Talibin (A.r.o.) xilafətində baş verən döyüşlər

Cəməl döyüşü

Səffeyn döyüşü

Nəhrəvan döyüşü



Cəməl döyüşü
(Hicri 36 ili)

Əli ibn Əbu Talibə beyət edildikdə Talha və Zubeyr Əlidən Məkkəyə getmək üçün izn aldılar və Əli onlara icazə verdi. Talha və Zubeyr Məkkədə möminlərin anası Aişə (Allah ondan razı olsun) ilə rastlaşdılar. O da Osmanın qətli xəbərini eşitmişdi. Yələ ibn Munəyyə Bəsrədən, Abdullah ibn Amir isə Kufədən gəlib onlara qoşuldular və onlar Məkkədə toplanıb Osmanın qisasını almaq qərarına gəldilər.
Beləliklə onlar öz tərəfdarları ilə Məkkədən çıxıb Osmanın qatillərinin ardınca Bəsrəyə getdilər. Onlar Osmanı (Allah ondan razı olsun) müdafiə etməməklə özlərinin təqsirli olduqlarını düşünürdülər. Bu zaman Əli (Allah ondan razı olsun) Mədinədə idi. Həmin vaxt Osman ibn Hənif (Allah ondan razı olsun) Əlinin əmri ilə Bəsrə üzərində vali təyin edilmişdi. Onlar Bəsrəyə çatanda Osman ibn Hənif adam göndərib nə istədiklərini soruşdu.
Onlar dedilər: Biz Osmanın qatillərini istəyirik.
İbn Hənif dedi: Gözləyin Əli gəlsin deyib onlara şəhərə daxil olmağı qadağan etdi.
Sonra Osmanın qətlində iştirak edən Cəbələ adlı bir nəfər yeddi yüz nəfərlə onların qarşısına çıxdı. Talha və Zubeyr onlara qalib gələrək əksər tərəfdarlarını qətlə yetirdilər. Bəsrə şəhərinin əhalisinin çox hissəsi Talha, Zubeyr və Aişənin dəstəsinə qoşuldular. Allah bütün səhabələrdən razı olsun!
Əli (Allah ondan razı olsun) Bəsrə üzərində rəhbərlik edən valisi Osman ibn Həniflə, Talha, Zubeyr, Aişə və tərəfdarları arasında döyüş baş verdiyini eşidəndə Talha və Zubeyrə qarşı döyüşmək üçün on minlik qoşun düzəldib Mədinədən Kifəyə yola düşdü. Bu açıq-aşkar göstərir ki, onlar Əliyə qarşı deyil, Əli özü onlara qarşı döyüşə çıxmışdır. Heç də bidətçilər və onlardan təsirlənənlərin iddia etdikləri kimi Talha və Zubeyr Əliyə qarşı döyüşmək üçün toplaşmamışdılar. Əli, Miqdad ibn əl-Əsvəd və Qaqa ibn Amrı, Talha və Zubeyrlə danışığa göndərdi. Miqdad ibn əl-Əsvədlə Qaqa ibn Amr bir tərəfdən, Talha və Zubeyr isə digər tərəfdən döyüşün baş verməməsi haqda yekdil rəyə gəldilər və hər iki tərəf məsələyə öz baxışını açıqladı.
Talha və Zubeyrin baxışına görə Osmanın qatillərini boş buraxmaq olmaz. Əli isə düşünürdü ki, hal-hazırda Osmanın qatillərinin izinə düşmək məsləhət deyil. Bunu ara sakitləşəndən və işlər yoluna qoyulandan sonra etmək lazımdır. Demək Osmanın qatillərindən qisas almağın zəruriliyini hamı istəyirdi. Sadəcə olaraq nə vaxt edilməsindən fikir ayrılığı mövcud idi.
Hər iki tərəf ittifaqa gəldikdən sonra qoşunlar ən xeyirli gecə yaşadıqları halda Səbiyyələr (Osmanın qatilləri) ən şər gecəni yaşayırdılar. Çünki hər iki tərəf qatillərdən qisas alınmasının zəruriliyi haqda ortaq rəyə gəlmişdilər. Təbəri[1], İbn Kəsir[2], İbn əl-Əsir[3], İbn Həzm[4] və bu kimi başqa tarixçi alimlərin fikrinə görə onların törədəcəkləri çaxnaşmaya səbəb bu idi. Bundan sonra Səbilər (Osmanın qatilləri) bu ittifaqın baş tutmaması üçün bir araya gəldilər. Sübh çağı idi və hamı yatırdı. Bir dəstə Səbi Talha və Zubeyrin dəstəsinə hücum çəkib qoşunun bir neçə nəfərini öldürüb qaçdılar. Talha və Zubeyrin dəstəsi Əlinin onlara xəyanət etməsini düşünüb səhər açılanda Əlinin qoşununa hücum çəkdilər. Əlinin qoşunu da elə düşündü ki, Talha və Zubeyr ona xəyanət ediblər. İki tərəf arasında çəkişmələr davam etdi və günorta üstü döyüş qızışdı. Hər iki qoşunun ağsaqqalları döyüşün qarşısına almağa çalışırdılar lakin buna müvəffəq olmadılar. Talha deyirdi: Ay camaat, siz səsinizi kəsəcəksiniz ya yox! Lakin onun dediyinə məhəl qoyan yox idi. Bunu görən Talha dedi: Təəssüflər olsun! Oda nəsib olan qurd-quş, müvəqqəti tamah dalınca düşmüsünüz[5].
Əli onlara döyüşməməyi əmr edir lakin ona əhəmiyyət verən yox idi. Aişə Kəb ibn Sur adlı bir nəfəri Quranla göndərir ki, döyüş dayansın. Lakin Səbilər onu oxla vurub qətlə yetirdilər.
Allah qorusun! Döyüş qızışanda heç kəs onu sovuşdura bilmir. Buxari İmruul Qeys adlı şairin şerindən bu misraları qeyd etmişdir:
Döyüş ilk baxışdan gənc görsənir
gözəlliyi cahilləri aşiq edir
Qızışanda, od tutub yananda
ərsiz qarı kimi öndən qaçar
Çallaşmış, gözdən düşmüş, dəyişilmiş
qoxulamağa, öpməyə ikrah oyatmış[6].
Cəməl döyüşü hicrətin otuz altıncı ilində, Əlinin (Allah ondan razı olsun) xilafətinin ilk çağlarında baş vermişdir. Döyüş günortadan sonra başlamış və həmin gün günəş batana qədər davam etmişdir.
Əlinin qoşununda on min nəfər var idi. Talha və Zubeyr tərəfdə isə beş-altı min adam var idi. Əlinin bayrağı Məhəmməd ibn Əli ibn Əbu Talibdə, qarşı tərəfin bayrağı isə Abdullah ibn Zubeyrdə idi.
Bu gündə çox müsəlman qətlə yetirilmişdi. Bu, böyük bir fitnə idi. Allahdan səhabələr üçün rəhmət və razılıq diləyirik.
Həmin gün Talha, Zubeyr və Məhəmməd ibn Talha vəfat etdi. Zubeyr və Talha bu döyüşdə iştirak etməmişlər. Rəvayətə görə Zubeyr (Allah ondan razı olsun) döyüş meydanına gəldikdə Əli ibn Əbu Taliblə qarşılaşır. Əli (Allah ondan razı olsun) ona deyir: Xatırlayırsan, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdi ki, sən haqsız yerə mənə qarşı döyüşəcəksən. Bunu eşidən Zubeyr meydandan çıxır və döyüşdə iştirak etmir.
Bəli, onun döyüşdə iştirak etməməsi doğrudur. Lakin onunla Əli arasında belə bir söhbət olubmu? Daha doğrusunu Allah bilir. Bu rəvayətin tarix kitablarında məşhurlaşmasına baxmayaraq onun mötərbər isnadı yoxdur. Zubeyrin bu döyüşdə iştirak etməməsi daha məşhur rəvayətdir. Zubeyr, İbn Cərmuz adlı bir nəfərin əli ilə xəyanətcəsinə qətlə yetirilmişdir.
Talha isə, camaatı döyüşü dayandırmağa səslədiyi halda azmış oxla qətlə yetirilir. Ox onun ayağında olan köhnə yarasının üzərinə isabət edir və bu səbəbdən də vəfat edir. Allah ondan razı olsun!
Çox insanlar həlak olduqdan sonra döyüş bitdi. Döyüşün qızğın çağları Aişənin dəvəsinin qorunması ətrafında gedirdi. Bu dəvə onlar üçün bir rəmz olduğundan qoşun bütün qüvvəsi ilə onu müdafiə edirdi. Ona görə dəvə yerə oturan kimi döyüş səngidi və dayandı. Beləliklə Əli ibn Əbu Talib (Allah ondan razı olsun) qələbə çaldı.
Doğru düşüncəyə görə bu döyüşdə heç kəs qələbə çalmayıb. Əksinə İslam dini və müsəlmanlar bu döyüşdən zərər çəkdilər.
Döyüşdən sonra Əli (Allah ondan razı olsun) ölən insanların cəsədləri arasında dolaşdıqda Talha ibn Ubeydullahın cəsədini gördü və onu qaldırıb, üzündən torpağı təmizləyərək dedi: "Ey Əbu Məhəmməd səni səma ulduzları altında atılmış görmək mənə çox ağırdır". Bu sözlərdən sonra Əli (Allah ondan razı olsun) ağladı və dedi: "Bunu görməkdənsə iyirmi il əvvəl ölmək mənə daha əzizdir"[7].
Həmçinin Əli (Allah ondan razı olsun) Məhəmməd ibn Talhanı da ölmüş vəziyyətdə gördü və ağladı. Məhəmməd ibn Talha çox ibadət etdiyi üçün Səccad ləqəbi ilə tanınırdı. Allah ondan razı olsun!
İstisna olmadan bütün səhabələr bu döyüşün baş verməsinə peşman olmuşdular.
Zubeyri qətlə yetirən İbn Cərmuz, əlində Zubeyrin qılıncını tutub Əlinin yanına daxil oldu və dedi: Zubeyri öldürdüm, Zubeyri öldürdüm! Bunu eşidən Əli dedi: "Bu qılınc, bir çox məqamlarda Peyğəmbəri (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəm-qüssədən xilas etmişdir. Ey İbn Səfiyyəni (yəni, Zubeyri) öldürən, cəhənnəm sənə müjdə olsun!". Əli bu sözlərini deyib həmin adamın onun yanına daxil olmasına izn vermədi[8].
Nə üçün Əli, Osmanın qatillərindən qisas almadı?
Əli (Allah ondan razı olsun) məsələyə xeyir və şər baxışları ilə baxırdı. Onun nəzərinə görə qisası birdəfəlik tərk etmək yox, gecikdirmək daha xeyirlidir. Bu səbəbdən o qisası gecikdirirdi. Bir vaxtlar Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) də İfk hadisəsində əli olanların qisasını gecikdirmişdi. O zaman bəziləri Aişəyə (Allah ondan razı olsun) böhtan atmış və onun haqqında danışmışdılar. Onun haqqında danışanlar, Həssan ibn Sabit, Həmnə bint Cəhş, Mistah ibn Əsasə və ən böyük böhtançı olan Abdullah ibn Ubey ibn Səlul idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) minbərə çıxaraq dedi: Ailəmə əziyyət verən insana qarşı edəcəyim hərəkətə görə məni kim üzürlü sayar? (O, bu sözləri ilə Abdullah ibn Ubey ibn Səlula işarə edirdi) Səd ibn Muaz ayağa qalxıb dedi: Ya Rəsuləllah mən səni üzürlü sayıram. Əgər o bizdən, Ovs qəbiləsindəndirsə onu öldürər, yox əgər qardaş Xəzrəc qəbiləsindəndirsə əmr edərsən onu da öldürərik.
Səd ibn Ubadə qalxıb Səd ibn Muaza, Useyd ibn Hudeyr də Səd ibn Ubadəyə etiraz etdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onları sakitləşdirməyə çalışdı[9]. Bundan sonra o, bu işin çətinliyini başa düşdü. Hələ Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Mədinəyə hicrət etməmişdən əvvəl Ovs və Xəzrəc qəbilələri Abdullah ibn Ubey ibn Səlulu özlərinə başçı seçdikləri üçün ona böyük hörmət bəsləyirdilər. Bu adam Uhud döyüşünə gedərkən qoşunun üçdə bir hissəsini geri qaytarmağa nail olmuşdu. Baxın bu məqamda Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Abdullah ibn Ubey ibn Səlulu qamçılatmadı. Buna səbəb nə idi? Səbəb, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) camaatın xeyrini düşünməsi idi. Çünki o adamın çubuqlanması ilə xeyirdən çox şər olardı.
Əli (Allah ondan razı olsun) də qisası gecikdirməyin, tez edilməsindən daha xeyirli olduğunu düşünürdü. Əslində Əli (Allah ondan razı olsun) Osmanın qatillərini öldürə bilməzdi. Çünki qəbilələri onların müdafiəsində durur, fitnələr davam edir və dövlətdə əminamanlıq tam təmin edilməmişdi. Kim deyə bilərdi ki, onlar Əlini (Allah ondan razı olsun) öldürməzdilər? Həqiqətdə daha sonra onlar Əlini qətlə yetirirlər.
Ona görə sonralar xilafət Müaviyənin əlinə keçəndə o da Osmanın qatillərini öldürmədi. Buna səbəb nə idi? Çünki artıq o, Əlinin gördüklərinin şahidi olurdu. Əli xəlifəlik vaxtında işin həqiqətini dərk edirdi, Müaviyə isə məsələyə nəzəri baxırdı. Xilafətə gəldikdən sonra o da işin həqiqətini gördü. Düzdür Müaviyə adam göndərməklə onların bəzilərini öldürtmüşdü lakin digərləri isə Əbdülməlik ibn Mərvanın xilafətində Həccacın sərkərdə olduğu vaxta qədər yaşamaqdaydılar. Nəhayət o vaxt qalan qatillər də öldürüldülər.
Sözün qısası, Əli (Allah ondan razı olsun) qorxaqlıqdan deyil, ümmətin xeyirini düşündüyü üçün onları öldürə bilmirdi.
Cəməl döyüşü bitdikdən sonra Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) əmr etdiyi kimi Möminlərin Anası Aişəni (Allah ondan razı olsun) böyük ehtiramla Mədinə şəhərinə göndərdi. Əli (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyini rəvayət edir: "Səninlə Aişə arasında bir hadisə olacaqdır" Əli dedi: "Ya rəsuləllah! Məgər mən onlara qarşı çıxacağam?" Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Xeyr. Bu hadisə baş verəndə sən onu öz evinə qaytar"[10]. Beləliklə Əli (Allah ondan razı olsun) ona deyilən əmri yerinə yetirdi.


Səffeyn döyüşü
(Hicri 37)

Müaviyə, Osmanın qatillərindən qisas alınmayınca Əliyə beyət etməyəcəyinə israr edirdi. Cəməl döyüşünü bitirdikdən sonra Əli (Allah ondan razı olsun), Müaviyənin mütləq beyət etməsini qeyd edərək qoşunu hazırladı və dedi: "Müaviyə ya beyət etməli ya da döyüş olmalıdır". Əli yüz minlik qoşunla Şam vilayətinə, Siffeyn adlı yerə üz tutdu. Müaviyə Əlinin ona tərəf gəldiyini eşitdikdə minbərə çıxdı və dedi: Əli İraq camaatı ilə sizin üzərinizə gəlir! Nə deyirsiniz? Məsciddə olanlar başlarını aşağı tutub dayanmışdılar. Zülkila əl-Himyəri adlı bir nəfər qalxıb dedi: Səndən demək, bizdən etmək. Camaat isə hələ susurdu.
Əli (Allah ondan razı olsun) də minbərə çıxıb Allaha həmd səna etdikdən sonra dedi: Maviyə Şam camaatı ilə sizin üzərinizə gəlir nə deyirsiniz? Məscid camaatından hay-küy səsləri qalxdı. Hərə bir tərəfdən "Ey möminlərin əmiri belə edək... filan edək..." – deyirdi. Hay-küydən Əli camaatın nə dediyini başa düşə bilməyib təəsüflənərək "İnnə lilləhi və innə ileyhi raciun" “Biz Allahınıq (Allahın bəndələriyik) və (öləndən sonra) Ona tərəf (Onun dərgahına) qayıdacağıq!” deyə-deyə minbərdən endi[11].
Baxın o Şam camaatı, bu isə İraq camaatı. Şam camaatı döyüşkən və ciddi idilər. İraq camaatı isə özbaşnalığı xoşlayan camaat idilər. Sonralar Əliyə (Allah ondan razı olsun) qarşı döyüşənlər və onu öldürənlər də özləri oldular. Bu haqda sonra danışacayıq.
Hicrətin otuz yeddinci ili Səfər ayında Əli (Allah ondan razı olsun) Siffeynə çatdı.
Əbu Müslim əl-Xovlani Müaviyənin yanına daxil olub deyir: Sən Əliyə qarşı çıxırsan, məgər sən onunla birsən?
Müaviyə dedi: Xeyr, Allaha and olsun mən bilirəm ki, Əli məndən üstündür və o xilafətə daha haqlıdır. Lakin siz bilmirsiniz ki, Osman zülm ilə öldürülmüşdür? Mən isə onun əmisi oğluyam və onun intiqamını tələb edirəm. Gedin Əliyə deyin Osmanın qatillərini mənə versin, mən də bütün rəhbərliyi ona təslim edirəm. Əliyə bu təklifi dedikdə qatilləri qaytarmaqdan imtina etdi[12].
Müaviyə özünün xəlifə olduğunu demir və Əli ilə xilafət mübahisəsi aparmırdı. Ona görə döyüşdən sonra imzalanan müqavilədə "Möminlərin əmiri Əli ilə Müaviyə ibn Əbu Suyfan arasında ittifaq" – sözlərini yazdıqda Müaviyə dedi: Möminlərin əmiri yazma. Əgər sənin Möminlərin əmiri olduğuna beyət etsəydim sənə qarşı döyüşməzdim. Sadəcə olaraq özünün və mənim adımı yaz. Sonra Müaviyə üzünü katibə tutub dedi: Onun məndən üstünlüyünə və İslamı tez qəbul etməsinə görə adını mənim adımdan öncə yaz[13].
Əli ilə Müaviyə arasında olan döyüş iki xəlifə arasında olan müharibə sayılmır. Bu döyüşün səbəbi yayılan şayələrdə deyildiyi kimi heç də xilafət mübahisəsi deyildi. Əsl səbəb Əlinin Müaviyəni vəzifəsindən azad etmək istəyi, Müaviyənin isə əmisi oğlunun qisasını almadıqca, yaxud qatillər ona verilmədikcə rəhbərliyi təslim etməyəcəyində israrlı olması idi.
Əlinin qoşunu yüz min, Müaviyənin qoşunu isə yetmiş min idi. Bu döyüşdə Əlinin qoşunundan Ammar ibn Yasir adlı səhabə vəfat edir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu səhabənin ölümü haqda demişdir: "Ey Ammar, səni zalım tayfa öldürəcəkdir"[14].
Əhməd ibn Hənbəl "Səni zalım tayfa öldürəcəkdir" hədisi haqda soruşulduqda demişdir: "Mən bu haqda danışmaq istəmirəm, susmaq daha yaxşıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun zalım tayfa tərəfindən öldürüldüyünü qeyd etmişdir, deyərək Əhməd susdu[15].
İbn Həcər deyir: Əhli sünnənin Cümhur (əksər) alimləri Əli ilə döyüşənlərin bu mübahisələrdə daha haqlı olduqlarını deyirlər. Əliyə qarşı döyüşənlərin zalım olduqları sübutunu tapmışdır. Lakin bu, qarşı tərəfin məzəmmət edilməsinə əsas vermir. Alimlər deyirlər ki, onlar səhv ictihad etmişlər[16].
Başqa bir məqamda İbn Həcər deyir: Əhli Sünnənin yekdil rəyinə əsasən haqlı tərəf tanındığı halda yenə səhabələrin etdikləri səhvlərə görə onlara qarşı pis danışmaq əsla yolverilməzdir. Çünki onların bu döyüşləri ictihaddan irəli gəlmişdir[17].
Təbəri, Əliyə dəstək olanların haqlı olduqlarını göstərmək üçün deyir: Müsəlmanlar arasında baş verən ikitirəli məsələlərdən daim qaçmaq və çəkilib evində oturmaq mövqeyini seçmək vacib olsaydı heç bir qanun tətbiq edilməz, batilin batilliyi sübuta yetməzdi, əksinə fasiqlər cinayət etmək üçün özlərinə fürsət tapardılar[18].
Mənim fikrimcə bu söz bir tərəfin açıq-aşkar haqlı olduğu məqamlara aiddir. Lakin iş qarışıq olanda kənara çəkilmək lazımdır. Ona görə əksər səhabələr bu döyüşlərdə iştirak etməkdən imtina etmişdilər.
Demək biz, Talha, Zubeyr və Aişənin, həmçinin Əli və onun tərəfdarlarının bu döyüşlərə ictihada əsaslanaraq qatıldıqlarını etiqad etməliyik. Bu döyüşlər, bir fitnə hadisəsi idi. Ələlxüsus Cəməl döyüşü hazırlıqsız və döyüş iradəsi olmadan baş vermişdi.
İbn Həzm və İbn Teymiyyə cümhur (əksər) alimlərin bu haqda danışmaqdan imtina etdiklərini nəql etmişlər. İbn Teymiyyə deyir: Əgər kimsə desə ki, döyüşü Əli başlayıb, ona belə cavab verilir: Onlar Əliyə itaətkarlıq göstərməkdən və beyət etməkdən boyun qaçırmış, Əlini Osmanın qətlində əlbir olan zalım kimi qəbul etmiş, bu haqda şayəni məqbul saymışdılar. Şam camaatı arasında Əlinin, Osmanın qətlinə razılıq verməsi haqda şayə yayılmışdı. Onlar bu şayəni dörd əsasa görə qəbul etmişdilər:
Osmanın qatillərindən qisas almamaq.
Cəməl döyüşü
Mədinə şəhərindən çıxıb Osmanın qatillərinin sığınacağı sayılan Kufədə məskən salması.
Osmanın qətlində ittiham olunan bəzi insanların Əlinin qoşununda yer alması.
Bu dörd səbəbə görə Şam əhlinin cahil təbəqəsi yayılan şayəyə, yəni Osmanın qətlində Əlinin əlbir olmasına, inanmışdılar. Lakin əslində Əlinin bu qətldə əli yox idi. Əksinə o, Osmanın qatillərini lənətləyirdi. Əgər kimsə desə ki, bu amil onlara qarşı döyüşməyə əsas vermir? Cavab isə belədir ki, Osmanın qatillərindən qisas almaq üçün acizlik etdiyinə görə Şam camaatının Əliyə qarşı döyüşməyə haqları yox idi. Hətta Əli acizlikdən deyil, məsələni yozumlu düşünərək, yaxud günah iş tutaraq qatillərdən qisas almasaydı yenə də bütün bunlar şamlıların camaatı parçalamasına və beyətdən imtina etməsinə əsas vermirdi. Əksinə Əliyə beyət etmək İslam dini və müsəlmanlar üçün xeyirli olardı.
Hansı səhabələr bu döyüşlərdə iştirak etmişdir?
Cəməl və ya Siffeyn döyüşündə iştirak edən səhabələr:
Əli ibn Əbu Talib, Talha, Zubeyr, Aişə, Abdullah ibn Zubeyr, Həsən, Hüseyn, Ammar, İbn Abbas, Müaviyə, Amr ibn əl-As, Qeys ibn Səd, əl-Qaqa ibn Amr, Cərir ibn Abdullah, Xuzeymə ibn Sabit, Əbu Qatadə, Əbulheysəm ibn Ətteyhan, Səhl ibn Səd, Cabir ibn Abdullah, Abdullah ibn Cəfər, Ədiy ibn Hatim, əl-Əşəs ibn Qeys, Cariyə ibn Qudamə, Fudalə ibn Ubeyd və Numan ibn Bişr.
Bu döyüşlərdən imtina edənlər:
Səd ibn Əbu Vaqqas, Səd ibn Zeyd, Abdullah ibn Ömər, Məhəmməd ibn Məsləmə, Usamə ibn Zeyd, Əbu Hureyrə, Zeyd ibn Sabit, İmran ibn Huseyn, Ənəs ibn Malik, Əbu Bəkrə əs-Səqafi, əl-Əhnəf ibn Qeys, Əbu Əyyub əl-Ənsari, Əbu Musa əl-Əşari, Əbu Məsud əl-Ənsari, əl-Valid ibn Uqbə, Səid ibn əl-As, Abdullah ibn Amir, Adbullah ibn Amr ibn əl-As, Əbu Bərzə əl-Əsləmi, Əhban ibn Seyfi, Sələmə ibn əl-Əkva və ümumiyyətlə əksər səhabələr bu döyüşlərdə iştirak etməmişdilər.
Təhkim (işin münsiflərə həvalə edilməsi) hadisəsi:
Siffeyn döyüşü təhkim hadisəsi ilə yekunlaşdı. (döyüşün həddindən artıq qızışdığını görən döyüşçülər) Quranları nizələrin ucuna taxıb göyə qaldırıldıqdan sonra döyüş dayandı. Əli (Allah ondan razı olsun) mübahisənin bitməsi üçün bu işin münsiflərə həvalə edilməsinə razılıq verdi. Təhkim hadisəsinin vaxtını ramazan ayına təyin etdikdən sonra Əli Kufəyə, Müaviyə isə Şama qayıtdı. Vaxt yetişəndə Əli, Əbu Musanı, Müaviyə isə Amr ibn əl-Ası münsif kimi göndərdi. Bu məşhur hadisənin baş verməsi belədir.
Amr ibn əl-As və Əbu Musa əl-Əşari münsif təyin edildikdən sonra, Əli ilə Müaviyəni rəhbərlikdən azad etmək haqda ittifaq etdilər. Əbu Musa minbərə çıxdı və dedi: Mən bu üzüyümü barmağımdan çıxartdığım kimi Əlini xəlifəlikdən azad edirəm. Sonra üzüyünü barmağından çıxartdı. Amr ibn əl-As da minbərə çıxdı və dedi: Mən də Əbu Musa kimi, üzüyümü barmağımdan çıxartdığım kimi Əlini xəlifəlikdən çıxarır, üzüyümü barmağıma taxdığım kimi Müaviyəni xəlifə təyin edirəm. Bundan sonra hay-küy başladı və Əbu Musa qəzəbli halda Kufəyə Əlinin yanına deyil, Məkkəyə getdi. Amr ibn əl-As isə Şama qayıtdı[19].
Bu hadisə uydurmadır, yalandır. Bu hadisəni digər uydurma hadisələr kimi Əbu Mixnəf uydurmuşdur.
Həqiqətdə isə hadisə haqq əhlinin mötəbər yolla rəvayət etdikləri kimidir. Buxari öz tarix kitabında deyir: Təhkim hadisəsinin vaxtı yetişdikdə Amr ibn əl-As, Əbu Musa əl-Əşari ilə görüşdü və dedi: Sən bu (ortaq məxrəc) haqda nə düşünürsən?
Əbu Musa dedi: O, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ölərkən razı qaldığı kimsələrdəndir[20].
Amr ibn əl-As dedi: Bəs mənə və Müaviyəyə necə baxırsan?
Əbu Musa dedi: Əgər o sizi özünə köməkçi tutsa ona kömək edərsiniz. Əgər Əli sizə ehtiyac duymasa, siz olmasanız da Allahın dini yaşayacaqdır[21]. Bununla məsələ bitdi və Amr ibn əl-As Müaviyənin, Əbu Musa əl-Əşari isə Əlinin yanına bu xəbərlə qayıtdı.
Üç şeyə əsasən birinci rəvayət uydurmadır:
Birinci: Rəvayətin isnadı zəifdir. İsnadda Əbu Mixnəf adlı yalançı var.
İkinci: Müsəlmanların xəlifəsini nə Əbu Musa əl-Əşari nə də başqası vəzifədən çıxara bilməz. Əhli sünnəyə görə xəlifə belə asanlıqla çıxarıla bilməz. Necə ola bilər ki, iki nəfər adam möminlərin əmirini çıxarmaq üçün ittifaq etsinlər. Bu doğru söz deyil. Təhkim hadisəsinin nəticəsinə görə Əli Müsəlmanların xəlifəsi kimi Kufədə otursun, Müaviyə isə Şamda əmir kimi qalsın və iki tərəf arasında müharibəyə son qoyulsun.
Üçüncü: Qeyd etdiyimiz mötəbər rəvayət, bu rəvayətin uydurma olmasını aşkar edir.


Nəhrəvan döyüşü
(Hicri 38 ili)

Əli (Allah ondan razı olsun) Kufəyə qayıtdıqda xəvariclər təhkim hadisəsinə etiraz olaraq "Hökm yalnız Allahındır" deyib ona qarşı çıxdılar. Hər yerdə müxtəlif şüarlarla Əliyə qarşı danışır, hətta məsciddə də "Hökm yalnız Allahındır" deyərək qışqırırdılar. Əli (Allah ondan razı olsun) bunları gördükdə deyirdi: "Söz Haqq sözdür, lakin məramları batildir"[22].
Bundan sonra onlar Abdullah ibn Xubbab adlı səhabəni və doqquz aylıq hamilə yoldaşının qarnını yarıb uşağı və qadını öldürdülər. Əli bu xəbəri eşidəndə səhabəni öldürənin kimliyini öyrənmək üçün oraya adam yolladı. Onlar dedilər: Onu biz hamımız öldürmüşük.
Əli (Allah ondan razı olsun) on minlik qoşunla onlara tərəf getdi və Nəhrəvan adlı yerdə onlarla döyüşdü.
İmam Əhməd deyir mən İshaq ibn İsa ət-Təbbadan o da Yəhya ibn Suleymdən o da Abdullah ibn Osman ibn Xuseymdən o da Ubeydullah ibn İyad ibn Amr əl-Qaridən rəvayət edərək deyir: Biz Aişənin yanında oturmuşduq. Abdullah ibn Şəddad içəri daxil oldu. O Əlinin xəvariclərə qarşı döyüşdüyü günlərdən sonra İraqdan qayıdırdı.
Aişə dedi: Ey Abdullah ibn Şəddad sən mənim sualıma doğru cavab verə bilərsən?
Aişə dedi: Mənə Əlinin döyüşdüyü toplum haqda danış?
İbn Şəddad dedi: Mənim doğru danışmamağıma nə səbəb ola bilər ki?
Aişə dedi: Mənə onlar haqda danış!
İbn Şəddad dedi: Əli Müaviyə ilə iki nəfəri münsif təyin edib razılığa gəldikdən sonra səkkiz min qari Əlinin bu hərəkətinə etiraz edərək Kufə yaxınlığında Hərura adlı yerdə toplaşdılar və "Allahın geyindirdiyi libası əynindən çıxarmısan, sənə verdiyi adı üstündən qötürmüsən, hökm yalnız Allaha məxsus olduğu halda sən Onun dinində insanları hakim etmisən!" sözləri ilə etirazlarını bildirdilər.
Əli (Allah ondan razı olsun) onların etirazlarını və camaatdan ayrıldıqlarını eşitdikdə, car çəkib insanları çağırmağı bir nəfərə əmr etdi və möminlərin əmirinin yanına yalnız əlində Quran olanların buraxılmasını tapşırdı. Məscid qarilərlə dolduqdan sonra bir Quran gətirməyi əmr etdi. Quranı qarşısına qoyub əli ilə onu taqqıldadaraq deyirdi: Ey Quran insanlarla danış!
Camaat onu çağırıb dedilər: Ey möminlərin əmiri! Sən ondan nə soruşursan? O axı sadəcə olaraq vərəq və mürəkkəbdən ibarətdir! Biz Quran haqda deyilən rəvayətləri danışırıq, bəs sən nə istəyirsən?
Əli dedi: Sizin üsyan etmək istəyən dostlarınızla mənim aramda Allahın kitabı hakimdir. Allah Öz kitabında qadınla kişi haqda buyurur: "(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır!"[23]. Məhmməd (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümməti bir kişi və bir qadından daha hörmətli və dəyərlidir.
Müaviyə ilə sülh bağlayanda adımı "Əli ibn Əbu Talib" yazdığım üçün mənə irad tuturlar[24]. Hansı ki, Suheyl ibn Amr gəlib Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Qureyş qəbiləsi arasında sülh bağlayarkən biz də oradaydıq.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) "Bismilləhir Rəhmanir Rəhim" yazdı.
Suheyl dedi: "Bismilləhir Rəhmanir Rəhim" yazma.
Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: Bəs necə yazım?
Suheyl dedi: "Bismikə Allahummə" yaz.
Sonra Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) katibə "Allahın elçisi Məhəmməd" yazmasını dedikdə Suheyl dedi: Əgər mən sənin Allah elçisi olduğunu bilsəydim sənə qarşı çıxmazdım. Sonra müqaviləni, "Məhəmməd ibn Abdullahın Qureyşlə bağladığı sülh" sözləri ilə yazdılar.
Allah təala Öz kitabında buyurur: "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!"[25].
Əli, Abdullah ibn Abbası xəvariclərlə danışığa göndərdi. İbn Abbas onların olduqları yerə çatanda İbn əl-Kəvva qalxıb insanlara xitab edərək dedi: Ey Quran daşıyıcıları, bu Abdullah ibn Abbasdır. Kim onu tanımırsa mən onu, onu tanımayanlara Quranla tanıtdıra bilərəm. Quranın bu ayəsi: "Onlar dedilər: “Bizim tanrılarımız yaxşıdır, yoxsa o?!” Onlar bunu sənə yalnız (səninlə) mübahisə etmək (çənə-boğaz olmaq) xatirinə dedilər. Şübhəsiz ki, onlar höcətləşən (çənə-boğaz olan) bir qövmdürlər!"[26] - o və onun qəbiləsi haqda nazil olmuşdur. Onu dostlarının yanına qaytarın, Allahın kitabını onun qarşısında kiçiltməyin. Onların başbilənləri qalxıb dedilər: Allaha and olsun, əgər o bizim bildiyimiz həqiqəti söyləyərsə biz Allahın kitabını onun qarşısında kiçildər, dediyini qəbul edərik. Yox əgər batil danışarsa dediyi ilə də onu vurarıq. Abdullaha bu iş üçün üç gün vaxt verin. Bu danışıqdan sonra İbn əl-Kəvva da daxil olmaqla onların dörd mini tövbə etdi, hətta İbn Abbas onları Kufəyə, Əlinin yanına gətirdi[27].
Əli tövbə etməyən xəvariclərə belə bir xəbər göndərdi: Siz bizm və camaatın başına gələnləri bilirsiniz. Məhəmməd (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ümmətinin əhdi aramızda olana qədər istədiyiniz yerdə yaşayın. Əgər siz haqsız qan töküb, yolkəsənlik edib, zimmilərə zülm etsəniz əhdi pozarsınız. Əgər siz əhdi pozsanız biz sizinlə müharibə edəsi olacayıq. Həqiqətən Allah xainləri sevməz.
Aişə Şəddada dedi: Əli onlara qarşı döyüşdü?
Şəddad dedi: Allaha and olsun, onlar yolkəsənlik edib, nahaq qan axıdıb, zimmiləri öldürmədikcə Əli onlara qarşı döyüşmədi.
Aişə dedi: Allah xətrinə, doğrudanmı belə olub?
Şəddad dedi: Özündən başqa ibadətə layiq haqq məbud olmayan Allaha and olsun ki, həqiqətən belə olmuşdur.
Aişə dedi: Mən zimmilərdən "zussədiyyə" haqda çox eşidirəm.
İbn Şəddad dedi: Mən özüm onu ölülərin arasında gördüm və Əli ilə birlikdə onun başı üstündə dayandıq. Əli camaatı çağırıb dedi: Siz bu adamı tanıyırsınızmı? Gələn adamlar onu filan və filan məsciddə namaz qılan görmüşdük deyirdilər, amma heç kəs onun haqda dəqiq məlumat verə bilmirdi.
Aişə dedi: İraqlılar Əlinin onun başı üstündə dayanarkən nə isə dediyini iddia edirlər. Əli nə demişdi?
İbn Şəddad dedi: Əlinin belə dediyini eşitdim: Həqiqətən Allah və Elçisi doğru danışandır.
Aişə dedi: Bəs bundan başqa nə isə dediyini eşitmisən?
İbn Şəddad dedi: Allah da şahiddir ki, bundan başqa heç nə eşitməmişəm.
Aişə dedi: Əlbəttə Allah və Elçisi doğru danışandır. Allah Əliyə rəhm etsin. O həmişə təəcüblü bir işlə qarşılaşdıqda "Allah və Elçisi doğru danışandır" deyərdi. İraq camaatı isə onun adından yalan danışıb dediklərinə əlavələr etmişlər[28].
Xəvariclərin sayı min nəfər idi. Əli onlara qarşı döyüşür və onun qoşunundan yalnız dörd, digər rəvayətə əsasən yeddi nəfər şəhid olur[29].
Xəvariclərin arasında Əlinin gördüyü əl-Muxdəc Zussədiyyə adlı bir nəfər var idi. Səhih Müslimdə Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: "Onlar insanların parçalandığı zamanda meydana çıxacaq. Haqqa daha yaxın olan iki tayfadan biri onlara qarşı döyüşəcəkdir". Digər rəvayətdə isə o tayfa arasında Zussədiyyənin olacağını qeyd etmişdir[30].
Əli onu tapana qədər ölənlər arasında onu axtardı. Onu tapanda Allaha şükr əlaməti olaraq səcdə etdi. Çünki bununla Əli özünün haqq tərəfində olduğuna əmin oldu[31].


[1] Məcmu əl-Fətava: 3, 517.
[2] əl-Bidayə vən Nihayə: 7, 2509.
[3] əl-Kamil fit-Tarix: 3, 120.
[4] əl-Fasl fil miləl vəl əhva vən nihəl: 4, 293.
[5] Tarix Xəlifə ibn Xəyyat: 182.
[6] Səhih əl-Buxari: Kitabul Fitnə, Bab əl-Fitnətulləti təmucu kəmovc əl-bəhr.
[7] Tarix Dəməşq, İbn Əsakir əl-Müxtəsər, 11, 207. Usudul Ğabə 3, 88. Busiri adlı alim demişdir: sənədin rəvayətçiləri etibarlıdır. Onun bu rəvayətini Hafiz ibn Həcər Mətalibul Aliyə adlı əsərndə (4, 302) bu rəvayətin sözlərini azacıq fərqli şəkildə qeyd etmişdir.
[8] Tabaqat ibn Səd: 3, 105. Sənədi həsəndir (məqbuldur).
[9] Səhih əl-Buxari: Kitabul Məğazi, Bab hədisul-ifk. ? 4141. Müslim Kitab ət-Tövbə: ? 2770.
[10] Müsnəd Əhməd: 6, 393. Hafiz İbn Həcər, Fəthul Bari əsərində sənədinin həsən olduğunu demişdir. 13, 60.
[11] Tarixul İslam: Əhd əl-Xuləfə ər-Raşidin, səh 540.
[12] Tarixul İslam: Əhd əl-Xuləfə ər-Raşidin, səh 540. Sənədi səhihdir.
[13] ƏL-Bidayə vən Nihayə: 7, 288.
[14] Buxari: Kitabus Salət, Bab ət-təavun fi binaəl məscid, ? 447. Müslim: Kitabul Fitnə: ? 2915.
[15] əs-Sünnə, Xəllal: səh 463, ? 722.
[16] Fəthul Bari: 13, 72.
[17] Fəthul Bari: 13, 37.
[18] Fəthul Bari: 13, 37.
[19] Tarixut Təbəri: 4, 51. əl-Kamil fit tarix: 3, 168.
[20] O, bu sözləri ilə Əli ibn Əbu Talibi nəzərdə tutur.
[21] ət-Tarixul Kəbir: 5, 398. Təhkim hadisəsi haqda Təbərinin Tarix kitabında Əbu Mixnəfin rəvayətləri fəslinə baxmaq olar.
[22] Bu sözlər bir məsəl olaraq çəkilməkdədir.
[23] Nisa: 35.
[24] Yəni, Əli demək istəyir ki, xəvariclərin etirazına səbəb, Müaviyə ilə saziş imzalanarkən öz adını yazdıqda əvvəlində Möminlərin Əmiri sözlərinin silinməsinə razılıq verməsidir.
[25] əl-Əhzab: 21.
[26] Zuxruf: 58.
[27] Müstədrəkul Hakim: 2, 150.
[28] Müsnədi Əhməd. Təhqiq Əhməd Şakir. ? 656. Əhməd Şakir hədisin sənədinin səhih olduğunu demişdir.
[29] əl-Bidayə vən Nihayə: 7, 298.
[30] Müslim: Kitab əz-Zəkat, ? 148 və ardı. Səhih əl-Buxari, Kitab əl-mənaqib, Bab Aləmət ən-Nubivvə, ? 3610.
[31] Müsnədi Əhməd. Təhqiq Əhməd Şakir. 2, 154, ? 848. Əhməd Şakir hədisin sənədinin səhih olduğunu demişdir.


Tarix: 01.05.2013 / 16:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2093 Bölmə: Peyğəmbərlərin Həyatı