Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Culeybibin hekayəsi

Onun adı qeyri-adi və natamam idi. Culeybib “az boyümüş” deməkdir və “*
cəlbəb*” sozünün kiçildilmiş formasıdır. Bu addan məlum olur ki, Culeybib
çox kiçik boylu idi. Bundan əlavə, o “*dəmim*” kimi təsvir olunmuşdu – yəni
eybəcər, şikəst və ya nifrət doğuran zahiri görünüşə malik olan. Culeybibin
yaşadığı cəmiyyətə xoşagəlməz digər hal onun nəsilinin naməlum olması idi.
Onun anasının və atasının kim olduqları və hansı qəbilədən olduğu barədə heç
bir məlumat yoxdur. Ailə və qəbilə əlaqələrinə çox böyük önəm verən
cəmiyyətdə Culeybib qayğı və dəstəyə ümid edə bilməzdi. Onun barədə məlum
olan odur ki, o, ərəb idi və yeni islam cəmiyyətində ənsarlardan biri idi.

Bəziləri ona ikrah hissi duyurdu, öz naqisliklərinə görə bəzən qadınlar
arasında olub onları güldürərdi. Buna görə əsləm qəbiləsindən olan Əbu
Bərzəh adlı bir kəs ailəsinə Culeybibi evə buraxmağı hətta qadağan etmişdir.


Belə şəraitdə Culeybibdə kişilər tərəfindən hörmət və diqqət görmək ümidi
ola bilərdimi?

Başqalarının normal qəbul etdikləri münasibətlərdən onun da istifadə etmək
ümidi ola bilərdimi?

Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) rəhbərliyi altında yeni qurulmuş
cəmiyyətdə daimi Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) diqqətində olan
dövlət əhəmiyyətli, ölüm-dirim məsələlərində Culeybibin iştirak etmək ümidi
ola bilərdimi?

Aləmlərə rəhmət olaraq göndərilmiş Məhəmməd peyğəmbər (sallAllahu əleyhi və
səlləm) həyati məsələlərdən agah olduğu kimi, öz səhabələrinin ehtiyac və
həssaslıqları barədə də xəbərdar idi.

İbn Kəsir əl-Əhzəb surəsinin təfsirini yazarkən imam Əhməd ibn Hənbəlin
“Müsnəd” əsərində qeyd etdiyi bir rəvayəti təqdim edir:

Bir gün, Peyğəmbər (sallAllahu əleyhi və səlləm) ənsardan olan bir səhabənin
yanına gəlib dedi: “Öz qızını ailə qurmaq üçün mənə ver”. Səhabə çox şad
olub dedi: “Bu mənim üçün şərəf və nemət olar, ey Allahın Elçisi”. Peyğəmbər
(sallAllahu əleyhi və səlləm) dedi: “Mən onu özüm üçün istəmirəm”. Səhabə
soruşdu: “Bəs kim üçün, ey Allahın Elçisi?” Peyğəmbər (sallAllahu əleyhi və
səlləm) cavab verdi: “Culeybib üçün”. Səhabə – “mən onun anası ilə
məsləhətləşərəm” – deyib zövcəsinin yanına getdi. O, Peyğəmbərin (sallAllahu
əleyhi və səlləm) onların qızını ailə qurmaq üçün istədiyini zövcəsinə
deyəndə, zövcəsi də çox şad olur. Amma qızlarını özü üçün yox, Culeybib üçün
istədiyini biləndə zövcəsi təəccüblənib etiraz edir: “Culeybibə?! Yox,
Culeybibə heç vaxt! Allaha and olsun, biz ona vermərik!”

Ənsarlı kişi zövcəsinin cavabını Peyğəmbərə (sallAllahu əleyhi və səlləm)
demək üçün getmək istəyəndə anasının etirazını eşidən qız soruşdu: “Məni ərə
verməyi sizdən kim xahiş etdi?” Onun anası dedi ki, Peyğəmbər (sallAllahu
əleyhi və səlləm) onu Culeybibə ərə vermək istəyir. Qız bu xahişin Peyğəmbər
tərəfindən edildiyini və anasının buna etiraz etdiyini biləndə çox
təəccüblənib həyəcanla dedi: “Allahın Elçisinin xahişini redmi edirsiz? Məni
onun yanına göndərin, həqiqətən o məni həlaka aparmaz”. Bu, özündən bir
müsəlman olaraq nəyin tələb olunduğunu yaxşı anlayan həqiqi möminin cavabı
idi. Müsəlman üçün Allahın Elçisinin xahiş və əmrlərinə cavab verməkdən daha
böyük məmnuniyyət nə ola bilər!

Hafiz Əbu Ömər ibn ƏbdulBər “Əl-İsti`əb” kitabında yazır ki, bu səhabə qız
(Allah ondan razı olsun) təklikdə özünə “sən Allahın Elçisinin əmrinə tabe
olmağa imtinamı edirsən?” sözlərini deyəndə bu ayə nazil olmuşdur: “*Allah
və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın
öz işlərində istədikləri qərarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi
olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür*”. (əl-Əhzəb: 36) Gənc
qız valideynlərinə dedi: “Mən razıyam və Peyğəmbərin (sallAllahu əleyhi və
səlləm) mənim üçün xeyir hesab etdiyi hər bir şeyə təslim oluram”. Onun
atası Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) yanına gəlib dedi: “Onunla
istədiyin kimi et”. Peyğəmbər (sallAllahu əleyhi və səlləm) o qızı
Culeybiblə evləndirdi. Culeybib dünyasını dəyişənədək onlar bir yerdə
xoşbəxt yaşadılar.

Bəs Culeybib dünyasını necə dəyişdi?

Bu barədə imam Muslim öz “Əl-Cəmi əs-Səhih” əsərində “Culeybibin fəziləti”
babında bir hədis nəql edib.

Culeybib, Peyğəmbərlə (sallAllahu əleyhi və səlləm) döyüşə getmişdir.
Döyüşdən sonra Peyğəmbər (sallAllahu əleyhi və səlləm) səhabələrdən soruşdu:
“Siz kimisə itirdinizmi?” Səhabələr öldürülən qohumlarının adlarını
çekdiklər. Peyğəmbər (sallAllahu əleyhi və səlləm) soruşdu: “Baxın siz
kimisə itirdinizmi?” Onlar dedilər: “Heç kimi”. O (sallAllahu əleyhi və
səlləm), dedi: “Lakin mən Culeybibi itirmişəm. Onu öldürülənlərin arasında
axtarın”. Səhabələr onu axtarıb cəsədini onun öldürdüyü yeddi müşrikin
arasında tapdılar. Səhabələr dedilər: “Ey Allahın Elşisi, budur o,
öldürülməzdən əvvəl öldürdüyü yeddi düşmənin yanında”. Peyğəmbər (sallAllahu
əleyhi və səlləm) yaxınlaşıb onun yanında durdu və dedi: “Yeddi nəfəri
öldürdü və onu öldürdülər. Bu məndəndir, mən də ondanam”. O, bunu iki və ya
üç dəfə təkrarladı, sonra Culeybibi əllərinə götürdü və onun Peyğəmbərin
əllərindən daha yaxşı yatağı olmadı. Qəbr qazıldıqdan sonra Peyğəmbər
(sallAllahu əleyhi və səlləm) özü onu qəbrə qoydu. Culeybibin cəsədi
yuyulmadı, çünki şəhidlərin cəsədlərini yumurlar.

Səbit (Allah ondan razı olsun) deyir ki, Peyğəmbər (sallAllahu əleyhi və
səlləm) o qız üçün bu duanı etdi: “Allahım, onun üzərinə xeyri yağdır və
onun həyatını çətin etmə”. Ənsarların dul qadınları arasında evlənmək üçün
ən çox istənilən o qız idi.

Culeybibin və onun zövcəsinin (Allah onlardan razı olsun) hekayəsində çoxlu
ibrətlər var. Culeybib islamdan öncə yetim, eybəcər, heç kimin diqqətini
cəlb etməyən, qayğısız qalan bir adam idi. Amma islamın gəlişilə o, Allahın
itaətkar qullarından və Peyğəmbərin (sallAllahu əleyhi və səlləm) sadiq
səhabələrindən biri olur. Peyğəmbər (sallAllahu əleyhi və səlləm) onun üçün
zövcə seçir, Osman ibn Affan və Əli ibn Əbu Talib (Allah onlardan razi
olsun) evlənmək üçün ona maddi kömək edirlər. Öz fiziki naqisliklərinə
baxmayaraq Culeybib döyüşdə nəinki qılıncı əlində tuta bilir, hətta Allahın
yeddi düşmənini öldürür və özü də şəhid olur. Bu səhabəni Peyğəmbər
(sallAllahu əleyhi və səlləm) öz əllərilə dəfn edir.

Adını bilmədiyimiz o gənc qızın davranışı islam dinini dərindən başa düşən
və yaşadığı cəmiyyətin subyektiv prioritetlərinin təsirinə düşməyən bir
insanın hərəkəti idi. O, öz istəklərini qırağa qoyub, hətta valideynlərinin
dəstəyinə güvənə bildiyi halda, Allahın Elçisinin əmrinə tabe olur, onun
hikmətinə əsl etibar göstərir və onun hər bir qərarına üstünlük verir. Bu,
əsl möminin davranışıdır. Onun valideynləri əvvəlcə tərəddüd etsələrdə,
qızlarının xatırlatmasından sonra, müasir valideynlərdən fərqli olaraq,
onlar da Allahın Elçisinin (sallAllahu əleyhi və səlləm) qərarına təslim
olur, onun (sallAllahu əleyhi və səlləm) istəyini öz istəklərindən üstün
tuturlar.

Bu xatırlatma idi, həqiqətən xatırlatma möminlərə fayda verir.


Tarix: 01.05.2013 / 17:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Peyğəmbərlərin Həyatı
loading...