beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərin (s.a.v.) Əhli Beytinin Həyatı: Abbas bin Abdul-Muttalibin (r.a.) fəziləti

1. Həzrət Əli (r) Rəsulullahın (s) belə dediyini rəvayət edir: “Kim əmimə əziyyət verərsə mənə əziyyət vermiş olar, çünki adamın əmisi ona atası yerindədir” (ət-Tirmizi,”Mənaqib”, 3764; Əhməd, “Müsnəd”, 4/165; Hakim, “Müstədrək”, 3/333. Ət-Tirmizi: “Bu həsən və səhih hədisdir” – demişdir).
2. Abdullah bin Abbas (r) Rəsulullahın (s) onun atası Abbasa belə dediyini rəvayət edir: “Ey əmi, bazar ertəsi sabahı sən və oğlun yanıma gəlin, sizə dua edim. Allah bu dua ilə sənə və oğluna xeyir versin”. Atamla Rəsulullahın (s) yanına getdik. O, bizi örtüyə bürüdü və dua etdi: “Allahım! Abbası və oğlunu bağışla. Elə bağışla ki, zahiri və batini günahları təmizlənsin, heç bir günahı qalmasın! Allahım, onu oğluna görə hifz et” (ət-Tirmizi; Mənaqib, 3766).
Bu hədislər Abbasın (r) fəzilətinə dəlildir. Abbas (r) peyğəmbərin (s) əmisi olub, ondan 2 və ya 3 yaş böyük idi. Ləqəbi Əbu Fadldır. Məşhur bir rəvayətə görə islamı Məkkənin fəthindən sonra qəbul edib. Bəziləri hicrətdən əvvəl müsəlman olduğunu, ancaq bunu gizlətdiyini, Məkkədə qalıb müşriklərlə bağlı xəbərləri Rəsulullaha (s) yazdığını deyirlər. Arada hicrət etmək üçün icazə istəmiş və peyğəmbər (s): “Sənin Məkkədə qalmağın daha xeyirlidir” – deyərək icazə verməmiş və hətta Bədr döyüşündə “Abbasla rastlaşsanız onu öldürməkdən çəkinin” – əmrini vermişdir. Peyğəmbər (s) Abbasa (r): “Mən peyğəmbərlərin sonuncusu olduğum kimi, sən də mühacirlərin sonuncususan” – demişdir.
Abbas (r) Məkkənin varlılarından olub, 70 nəfər kölə azad etmişdir.
Onun qızlarından əlavə 10 oğlu olub. Hicrətin 32-ci ilində Mədinədə Osmanın (r) şəhid edilməsindən iki il əvvəl – 88 yaşında vəfat edib. Cənazə namazını Osman (r) qıldırıb.


Tarix: 01.05.2013 / 16:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 225 Bölmə: Peyğəmbərlərin Həyatı