beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Möminlərin əmiri Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) xilafəti

Əbu Bəkrin xilafəti iki il üç ay davam etdi. Bundan sonra Əbu Bəkr vəfat etdi və əvvəlcədən öz yerinə Öməri xəlifəliyə təyin etdi. Camaat da bu xəlifəliyə beyət etdilər.
Əbu Bəkr özündən sonra xilafətə Öməri layiq görürdü. Elə buna görə də rəsmi şəkildə bu işi Ömərə verdi. Ömər xəlifəliyə gəldi və onun hakimiyyəti on il davam etdi. Demək olar ki, bu xilafət dövrü, Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) və Əbu Bəkrin (Allah ondan razı olsun) dövründən sonra İslamın ən gözəl çağları idi.
Şam vilayətində şiddətli döyüşlərin başladığı bir zamanda Ömər xəlifəliyə keçmişdi. Bu zamanlar müsəlmanlar Yərmuk adlı yerdə rumluların saysız-hesabsız qoşununa qarşı toplaşmışdılar. Müsəlmanlar bu döyüşdə qələbə çalaraq Dəməşq, Hims, Qunsureyn və Əcnadin şəhərlərini fəth etmişdilər. Bundan sonra isə daha möhtəşəm bir fəth edildi. Bu, Beytül Məqdisin (fələstin torpaqlarının) fəthi idi.

Bundan sonra müsəlmanlar rumluların torpaqlarında istədikləri kimi gəzib-dolaşırdılar. Bundan sonra Amr ibn əl-As Misirə tərəf yürüş edərək oranı fəth etdi. Səd ibn Əbu Vaqqas isə şərq tərəfə, fars vilayətlərinə tərəf üz tutdu. Müsəlmanların süvariləri bu yerləri dolaşır və farslara hədsiz ziyan vururdular.
Daha sonra isə Səd ibn Əbu Vaqqasın sərkərdəliyi ilə böyük Qadisiyyə döyüşü baş verdi. Bu döyüş həlledici döyüşlərdən oldu. Beləliklə Xorasan vilayəti fəth edildi və ümumiyyətlə Ömərin xilafəti zamanında həddindən artıq çox fəthlər olmuşdu.
Ömər öz valilərini çox güclü təqib edirdi. Camaatdan onlar haqda soruşur və xəbər tuturdu. Məhəmməd ibn Məsləmə, bu işdə Ömərin elçisi idi.
Ömər, gecələr şübhəli hadisələrə qarşı diqqətli olur və çox dəqiqliklə Mədinə şəhərinin sabitliyini qoruyurdu. Yaşlı səhabələrlə daim müşavirə etmək üçün, onlara Mədinə şəhərindən kənara çıxmağa icazə vermirdi[1]. O, həddindən artıq ədalətli davranırdı. Kisranın elçisi, Ömərin möminlərin əmiri olduğu halda təkbaşına ağacın altında yatmasını gördükdə dedi: Hökm edib ədalətli olmusan. Əmin olub yatmısan[2].
Huzeyfə ibn əl-Yəmən deyir: Biz Ömərin yanındaydıq o bizə: Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) dəniz fırtınası kimi qopacaq fitnə haqda dediyi sözləri kim əzbər bilir? – deyərək müraciət etdi.
Huzeyfə dedi: Ey möminlərin əmiri! Bu fitnənin sənə heç bir aidiyyatı yoxdur. Səninlə onun arasında bağlı bir qapı vardır. Ömər dedi: Qapı açılacaq, yoxsa sındırılacaq?
Huzeyfə dedi: Xeyr, qapı sındırılacaq.
Ömər dedi: O halda heç vaxt bağlanmayacaq.
Huzeyfə dedi: Bəli, heç vaxt bağlanmayacaq.
Sonralar Huzeyfəyədən: Ömər bu qapını tanıyırdımı? – deyərək soruşduqda Huzeyfə dedi: Bəli, mən ona elə bir hədis danışmışdım ki, o həqiqətən də haqq idi.
Huzeyfəyə dedilər: O qapı kim idi?
Huzeyfə dedi: Ömər[3].
Bu qapı elə Ömərin özü idi. Qapının sındırılması Ömərin (Allah ondan razı olsun) qətli idi. Onu, Əbu Luluə əl-Məcusi (Uca və Əzəmətli Allah onun üzünü qara etsin) öldürmüşdü.
Ömərin soyu:
O, Ömər ibn əl-Xəttab ibn Nufeyl ibn Əbdülüzzə ibn Riyah ibn Abdullah ibn Qurt ibn Ruzah ibn Adiyy ibn Kəəb ibn Luey ibn Ğalib ibn Fihr[4]. Fihr də Qureyş qəbiləsindən idi.
Ömərin İslamı qəbul etməsi:
İbn Məsud (Allah ondan razı olsun) deyir: "Ömər İslamı qəbul etdikdən sonra biz izzətləndik"[5].
Ömər (Allah ondan razı olsun) müntəzəm olaraq Peyğəmbərlə (Səllallahu aleyhi və səlləm) yoldaşlıq edirdi. İbn Abbas (Allah ondan razı olsun) deyir: "Ömərin cənazəsini yatağının üzərinə uzatmışdılar[6]. Onun yanına gələn İnsalar hələ cənazəni basdırmadan əvvəl onun üçün dua edir, cənazə namazı qılırdılar. Mən də onların arasında idim. Bu zaman bir nəfərin belə dediyini eşitdim: Mənim üçün, Allahla qarşılaşana qədər səndən başqasının əməli qədər sevimli olan ikinci bir əməlisaleh adam yoxdur. Allaha and olsun! Mən düşünürəm ki, Allah səni iki dostunla (Peyğəmbər (Səllallahu aleyhi və səlləm) və Əbu Bəkrlə) bərabər edəcəkdir. Mən Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) bu sözləri dediyini çox eşidirdim: Mən, Əbu Bəkr və Ömər getdik, mən, Əbu Bəkr və Ömər daxil olduq, mən, Əbu Bəkr və Ömər çıxdıq"[7]. Bu sözləri deyən adam Əli ibn Əbu Talib (Allah ondan razı olsun) idi.


Ömərin xüsusiyyətləri:

1. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Sizdən əvvəlki ümmətlərdə ilham olunan adamlar olurdu. Mənim ümmətimdə də beləsi varsa o da Ömərdir"[8].
2. Əbu Hureyrə (Allah ondan razı olsun) deyir: Bir dəfə biz Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) yanındaydıq və o belə dedi: "Mən yuxuda olarkən cənnətdəydim. Bir Qəsrin yanında dəstəmaz alan qadın gördüm və ondan: Bu qəsr kimindir? - deyə soruşdum. Mənə belə cavab verdilər: Ömərindir. Bu zaman mən Ömərin necə qeyrətli olmasını xatırlayıb yolumu davam etdim". Bunu eşidən Ömər ağladı və dedi: Ya rəsuləllah! Sənimi qısqanacam[9].
3. Ənəs ibn Malik (Allah ondan razı olsun) deyir: Peyğəmbər (Səllallahu aleyhi və səlləm) Uhud dağına çıxdı və onunla Əbu Bəkr, Ömər və Osman da var idi. Bu zaman Uhud dağı titrəyir və Peyğəmbər (Səllallahu aleyhi və səlləm) ayağı ilə dağa vurub deyir: Uhud, sakit ol! Sənin üzərində bir Peyğəmbərdən, bir siddiqdən və iki şəhiddən başqa heç kəs yoxdur[10].
4. Səd ibn Əbu Vaqqas (Allah ondan razı olsun) deyir: Peyğəmbər (Səllallahu aleyhi və səlləm) Ömərə belə dedi: Ey Xəttab oğlu sakit ol! Nəfsim əlində olan Allaha and olsun ki, şeytan səni getdiyin yolda gördükdə yolunu dəyişib başqa bir yolla gedir"[11].


Ömərin gördüyü mühüm işlər:

Qadisiyyə döyüşü
(Hicri 14-cü il, Məhərrəm ayı)


Ömər özü də İraqın fəthində iştirak etmək istəyirdi. O, Əli ibn Əbu Talibi öz yerinə Mədinə şəhərinin valisi təyin edir.
Əbdürrəhman ibn Ovf Ömərə deyir: Mən qorxuram ki, sən məğlub olsan bütün ölkələrdə müsəlmanlar da zəifləyəcəklər. Mən elə düşünürəm ki, sən Mədinəyə qayıtmalı və bu işi bir nəfərə həvalə etməlisən. Bütün səhabələr, Ömər də daxil olmaqla Əbdürrəhmanın bu fikrini düzgün hesab etdilər.
Ömər dedi: Bəs sən bu işin həvalə edilməsi üçün kimi məsləhət görürsən?
Əbdürrəhman ibn Ovf dedi: Aslan cəsarətli Səd ibn Əbu Vaqqası.
Ömər bu fikirlə razılaşdı və Səd bir rəvayətə görə dörd min, digər rəvayətə görə isə altı minlik qoşunla İraqa tərəf üz tutdu.
Ömər dedi: Allaha and olsun! Ərəb kralları ilə əcnəbi kralları məğlub edəcəyəm. Sonra Səd ibn Əbu Vaqqasa qəbilələrə əmirlər təyin etməyi və onlarla görüş yerinin Qadisiyyə olmasını əmr etdi.
Bu qoşunda üç yüzdən artıq səhabə var idi. Onların yetmiş nəfəri Bədr döyüşündə iştirak edənlər idi. Həmçinin bu qoşunda yeddi yüzdən çox səhabə övladları da var idi. Farslar Rüstəmin sərkərdəliyi altında birləşdilər. Rüstəm səksən minlik və ya daha çox qoşunla döyüşə gəlmişdi. Onun qoşununda 33 ədəd fil var idi. Səd Ribiy ibn Amiri Rüstəmin yanına danışığa göndərdi[12].
Ribiy, Rüstəmin qərargahına daxil oldu. Onlar məclisi qızıl saplardan toxunmuş döşəkçələr, ipək xalılarla döşəmiş, hər tərəfi ləl-cəvahiratla, möhtəşəm bəzəklərlə bəzəmişdilər. Yuxarı başda isə Rüstəmin qızıl taxt-tacı yerləşdirilmişdi. O, taxtın üzərində oturmuşdu. Ribiy köhnə-kürüş paltarda, qısa qılınc-qalxan və alçaqboylu atla məclisə daxil olur. O atı ilə qiymətli xalının bir tərəfini tapdalayana qədər irəliləyir, atından enib atın yüyənini yerdəki döşəkçələrin bir neçəsinə bənd edir. Sonra əlində silahı, əynində zirehi və başında dəbilqəsi ilə Rüstəmə tərəf gedir. Ona deyirlər: silahını yerə qoy!
O isə belə cavab verir: Mən istəyib sizin yanınıza gəlməmişəm. Siz çağırmısınız mən də gəlmişəm. Ya məni belə buraxacaq ya da mən geri qayıdıb gedəcəm.
Rüstəm dedi: Qoyun gəlsin!
Ribiy nizəsinin ucu ilə döşəkçələrin üzərinə batıraraq yoluna davam edirdi. Beləliklə o, döşəkçələrin əksəriyyətini xarab etdi.
Ona dedilər: Sizi bura gəlməyə nə vadar etmişdir?
Ribiy dedi: Allah bizi göndərmişdir ki, kim istəyirsə onu bəndələrin ibadətindən Allahın ibadətinə, dünya sıxıntısından dünya genişliyinə, dinlərin zülmündən İslam ədalətinə çıxaraq. Allah bizi, Öz dini ilə yaratdıqlarına göndərmiş və insanları bu dinə çağırmağı buyurmuşdur. Kim bu çağırışı qəbul edərsə biz də ondan bunu qəbul edib geri dönərik. Kim bundan imtina edərsə Allahın vəd etdiyinə yetişənə qədər onunla döyüşərik.
Onlar dedilər: Allahın vəd etdiyi nədir?
Ribiy dedi: (İslamı qəbul etməkdən) İmtina edənlərlə döyüşüb ölənlərə Cənnət, sağ qalanlara isə qələbə.
Rüstəm dedi: Mən sizin tələblərinizi eşitdim. Həm biz, həm də siz bu haqda fikirləşmək üçün möhlət verə bilərsinizmi?
Ribiy dedi: Bəli. Sizə neçə gün xoşdur? Bir ya iki gün?
Rüstəm dedi: Xeyr, biz gərək böyüklərimizlə və müşavirlərimizlə məsləhət edək.
Ribiy dedi: Peyğəmbər (Səllallahu aleyhi və səlləm) bizə, döyüş meydanında düşmənlərə üç gündən artıq möhlət verməyimizə icazə verməmişdir. Sən özünün və camaatın işinə bax və tez bir vaxtda bu üç bənddən birini seç.
Rüstəm dedi: Sən onların (müsəlmanların) ağasısanmı?
Ribiy dedi: Xeyr! Əslində müsəlmanlar bir bədən kimidirlər. Onlar bir-birlərini əvəz edirlər.
Rüstəm, tayfa başçılarını bir yerə yığıb dedi: Siz bu kişinin danışığı kimi ali və doğru söz eşitmişdinizmi?
Onlar dedilər: İraq olsun! Birdən bu itin dediylərinə meyl edər, öz dini tərk edərsən! Sən onun paltarını görmürsən?
Rüstəm dedi: Vay sizin halınıza! Siz paltara baxmayın, onun fikrinə, danışığına və davranışına baxın. Ərəblər geyim-keçimə, yemək-içməyə çox əhəmiyyət vermir, əsas şərəf-ləyaqətlərini qoruyurlar.
İbn Kəsir deyir: Qadisiyyə döyüşü çox əzəmətli bir döyüş idi. Iraq vilayətində ondan təəcüblü döyüş olmamışdı. Çünki qoşunlar üzləşən zaman Səd ibn Əbu Vaqqas oturaq əsəbinin iltihabı (işias) xəstəliyinə tutulmuş və bədəninə çiban çıxmışdı. O öz miniyinə belə minə bilmirdi. Qəsirdə sinəsi üstünə yasdıqa söykənmiş qoşuna baxır və öz göstərişlərini verirdi. Qoşunun idarəçiliyini Xalid ibn Ərfətəyə həvalə etmişdi"[13].
Döyüş başladı və sərkərdələr ordunu döyüşə harayladılar. Hər iki tərəf meydana atıldılar və qızğın döyüş başladı. Amr ibn Mədi Kərb, əl-Qaqa ibn Amr, Cərir ibn Abdullah əl-Bəcəli, Xalid ibn Ərfətə, Dirar ibn əl-Xəttab, Tuleyhə əl-Əsədi kimi cəsarətli igidlər gözəl sınağa düşdülər. Döyüş üç gün üç gecə davam etdi. Müsəlmanlar filləri və onların üzərində olan döyüşçüləri məğlub etdilər. Sonra şiddətli əsən külək farsların çadırlarını yerindən qoparıb dağıtdı. Beləliklə müsəlmanlar qələbə çaldılar. Bunu görən Rüstəm miniyinə minərək qaçıb canını qurtarmaq istədikdə müsəlmanlar onun izinə düşüb onu öldürdülər.


Əcnadin döyüşü:


Bu döyüş müsəlmanlarla rumlular arasında olan həlledici döyüşlərdəndir. Amr ibn əl-As öz ordusu ilə Əcnadin adlı yerə gedir və rumlular da Ərtəbunun sərkərdəliyi altında qoşunla onların qarşısına çıxırlar. Bu xəbəri eşidən Ömər ibn əl-Xəttab dedi: Biz, rumluların Ərtəbununu ərəblərin Ərtəbunu ilə hədəfə almışıq. İndi gözləyin görək nəticə nə olacaq.
Amr ibn əl-As Əcnadində müqavimət göstərirdi lakin Ərtəbunu məğlub etməyi bacarmırdı. Ona göndərdiyi elçiləri də onu qane etmirdi. Ərtəbunun vəziyyətini daha da dəqiq öyrənmək istəyən Amr ibn əl-As özü Amr ibn əl-Asın elçisi adıyla Ərtəbunun yanına getməyi qərara aldı. Amr ibn əl-As Ərtəbunla özünü qane edən qədər söhbət etdi. Onun yanından ayrılmaq istədikdə Ərtəbun gələn elçinin elə Amr ibn əl-Asın özü olduğunu ehtimal edərək yanında duran gözətçini çağırıb qulağına pıçıldadı. Amr ibn əl-As elə zənn etdi ki, artıq Ərtəbun onu tanıyıb və öldürməyi əmr edib.
Amr Ərtəbuna dedi: Ey Əmir! Mən sənin, sən də mənim sözümü dinlədin. Mən, Amr ibn əl-Asa nəzarət etmək üçün Ömərin göndərdiyi on nəfərdən biriyəm. Mən istəyirəm onları da sənin yanına gətirim sən onları onlar da səni dinləsinlər.
Ərtəbun dedi: Yaxşı, ged onları da gətir. Sonra daha bir gözətçini çağırıb onun da qulağına pıçıldadı. Amr oradan çıxıb getdikdən sonra Ərtəbun onun yanına gələn elçinin Amr ibn əl-As olduğunu bildikdə dedi: Bu kişi məni aldatdı. Allaha and olsun bu, ərəblərin ən tədbirlisidir.
Bundan sonra Əcnadində döyüş oldu və Allah qələbəni müsəlmanlara verdi. Ərtəbun İliyaya (Beytül Məqdisə) getdi və orada qərar tutdu.
Beytül Məqdisin fəthi:
Əbu Ubeydə İslam ordusu ilə irəliləyib Beytül Məqdisi mühasirəyə aldı və düşməni sıxışdırdı. Bunu görən düşmən Ömərin özünün Beytül Məqdisə gəlməsini şərt qoyaraq müsəlmanlarla sülh bağlamağa razılıq verdi[14].
Ömər şama çatanda Əbu Ubeydə və Xalid ibn əl-Valid, Yezid ibn Əbu Süfyan kimi digər baş idarəçilər onu qarşıladılar. Əbu Ubeydə Ömərlə qarşılaşdıqda O Ömərin əlindən, Ömər də onun ayaqlarından öpmək istəyirdi. Biri digərinə bunu etməyə imkan vermədi. Sonra Ömər Beytül Məqdisin xaçpərəst ərəbləriylə sülh bağlamaq üçün ora getdi. Ömər oraya daxil olmadan, üç gün ərzində rumluların oradan çıxarılmasını tələb etdi. Bundan sonra Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) İsra gecəsi Məscidül Əqsaya daxil olduğu qapıdan içəri keçdi. Rəvayətlərdə deyilir ki, Ömər Məscidül Əqsaya daxil olanda "Ləbbeykə Allahummə Ləbbeyk" sözlərini demiş, daha sonra Davud peyğəmbərin mehrabında təhiyyətül məscid (məscidə salam) namazını qıldı. Səhərisi gün Ömər müsəlmanlara orada sübh namazını qıldırdı. Namazın birinci rükətində Sad surəsini oxudu və səcdə ayəsinə çatanda səcdə etdi və müsəlmanlar da ona baxaraq səcdə etdilər. İkinci rükətdə isə Bənu İsrail (İsra) surəsini oxudu. Sonra Kəəb əl-Əhbardan səxranın (məscidin içində olan əlamətdar daşın) yerini öyrənib oraya yaxınlaşdı. Kəəb ona arxasını məscidə çevirməyi tövsiyə etdikdə Ömər dedi:
ضاحيت اليهودية ثم جعل المسجد فس قبلي بيت المقدس و هو العمري اليوم... (أنظر: ص 30)
Sonra Ömər Saxranı paltarı və təkkəsi ilə tozdan təmizlədi və müsəlmanlar da ona bu işdə kömək etdilər. İordaniya camaatı da onun qalan hissəsini təmizlədilər. Səxra yəhudilərin qibləsi olduğu üçün Rumlular oranı zibilxanaya çevirmişdilər. Deyilən rəvayətlərə görə hətta aybaşı olan qadın qana bulanmış əskisini oraya atmaq üçün göndərərdi[15]. Bu, əvvəllər yəhudilərin oranı zibilxana etmələrinin bir mükafatı idi. Çünki onlar orada İsa peyğəmbər adıyla çarmıxa çəkdikləri insanın cəsədi üzərinə zibil ataraq oranı zibilxanaya çevirmişdilər. Ona görə bu yer "zibil" adı ilə tanınırdı. Sonradan bu ad xaçpərəstlərin inşa etdikləri kilsəyə verildi.


Tustur və əs-Sus vilayətlərinin fəthi və Hurmuzanın əsir alınması
(Hicri 17-ci il)


Bütün bunlara səbəb, farsların kralı Yezdigerdin insanları ərəblərə qarşı müharibəyə səsləməsi ilə Qadisiyyədə və digər kiçik döyüşlərdə əldə edilən sülh şərtlərinin pozulaması idi. Onlar sözlərini bir edib Müsəlmalara qarşı döyüşməyi qərara aldılar. Bu xəbər Ömər ibn əl-Xəttaba çatdıqda o, Səd ibn Əbu Vaqqasa Əhvaz vilayətinə Hurmuzanın olduğu yerə qoşun göndərməyi əmr etdi. Səd ibn Əbu Vaqqas, Numan ibn Muqrini oraya göndərir. Numan öz ordusu ilə Raməhurmuz adlı yerə çatanda Hurmuzan öz qoşunu ilə onun qarşısına çıxdı. Bundan sonra döyüş başladı və Hurmuzan məğlub olub Tustur adlı yerə qaçdı. Bunu görən müsəlmanlar onu təqib edərək onu mühasirəyə aldılar. Burada şiddətli döyüşlər baş verdi. Hər iki tərəf çoxsaylı itki verdi. Belə halda Müsəlmanlar öz aralarında duaları qəbul olunan Bəra adlı şəxsə dedilər[16]:
Ey Bəra! Rəbbinə and ver qoy onları bizə məğlub etsin.
Bəra dedi: Ey Rəbbim! Onları bizə məğlub et və mənə şəhidlik ver.
O gün Bəra düşmənlə mübarizə zamanı yüzdən çox adam öldürmüşdü. Allah Hurmuzanı və qövmünü məğlub etdi, hətta öz diyarları onlara dar gəldi. Farslardan bir nəfər Əbu Musa əl-Əşaridən aman istədi və ona aman verildi. Sonra o adam müsəlmanlara oraya daxil olmaq üçün su axını üzərində olan gizli yolu göstərdi. Qoşun başçıları içəri daxil olmaq üçün könüllüləri çağırdılar. Bir dəstə şücaətli döyüşçü gecə vaxtı su axarı ilə içəri daxil olub qapçıların yanına gələrək onları öldürdülər və qapıları açdılar. Sübh vaxtına az qalmış, müsəlmanlar təkbir (Allahu Əkbər) deyərək içəri daxil oldular. Başları döyüşə qatışan müsəlmanlar sübh namazını günəş çıxana qədər qıla bilmədilər.
Ənəs deyirdi: Mən Tusturun fəthində iştirak edirdim. Sübh namazının vaxtı idi. İnsanların başı fəthə qarışmışdı. Onlar namazı günəş çıxandan sonra qıla bildilər. Hansıki o namaz mənim üçün qırmızı dəvədən də dəyərlidir[17].
Bunu görən Hurmuzan qalaya qaçıb orada sığındı. Və oradan müsəlmanları ox atəşinə tutaraq Bəra ibn Malik və Məczə ibn Sovru qətlə yetirdi.
Hurmuzan müsəlmanlara dedi: Mənimlə yüz ox var mənə yaxınlaşan hər kəsi oxla vuracam. Mən sizdən yüz nəfər öldürdükdən sonra məni əsir almağınızın faydası olmaz.
Müsəlmanlar dedilər: Bəs sən nə istəyirsən?
O dedi: Siz mənə aman verin mən də sizə təslim olum. Sonra məni Ömər ibn əl-Xəttabın yanına aparın qoy o mənə istədiyi hökmü versin. Müsəlmanlar onun bu şərti ilə razılaşdılar. Onlar Ömərin yanına gəldikdə ilk olaraq onun evinə getdilər lakin onu evdə tapmadılar. Onlara Ömərin məsciddə olduğunu dedilər. Ora gəldikdə Öməri məscidin bir küncündə yatdığını gördülər.
Hurmuzan dedi: Ömər haradadır? Öməri oyatmamaq üçün alçaq səslə danışaraq onu göstərdilər.
Hurmuzan dedi: Bəs onun cangüdənləri və gözətçiləri haradadır?
Onlar dedilər: Onun cüngüdənləri və gözətçiləri yoxdur.
Ömər onların səsini eşidib oyandı və oturdu.
Ona dedilər: Bu Hurmuzandır.
Ömər dedi: Sənin dəfələrlə əhdi pozmağa əsasın və üzrün nədir?!
Hurmuzan dedi: Sənə bu haqda danışmadan öncə məni öldürəcəyindən qorxuram.
Ömər dedi: Bundan qorxma.
Hurmuzan içmək üçün su istədi. Suyu əlinə aldıqda əlləri əsməyə başladı. Bu vaxt o dedi: Mən su içərkən öldürülməkdən qorxuram?!
Ömər dedi: Suyunu içənə qədər sənə heç nə olmaz.
Bunu eşidən Hurmuzan əlindəki suyu qabı ilə birlikdə yerə atdı və suyu içmədi.
Ömər dedi: Onun üçün yenə su gətirin onu susuz öldürməyin. Hurmuzan isə suyu içməkdən imtina etdi.
Ömər dedi: Mən səni öldürəcəyəm.
Hurmuzan dedi: Sən mənə su içmək üçün aman vermisən mən isə hələ suyu içməmişəm.
Ənəs ibn Malik dedi: Ey möminlərin əmiri o düz deyir.
Ömər dedi: Sən nə danışırsan ey Ənəs! Mən Məczəəni və Bəranı qətlə yetirən adama amanmı verəcəyəm?!
Sonra Ömər üzünü Hurmuzana tutub dedi: Allaha and olsun ki, sən mənə badalaq gəlmisən. Allaha and olsun sən Islamı qəbul etməsən məni aldada bilmərsən. Bundan sonra Hurmuzan İslamı qəbul etdi.
Sonralar Hurmuzana: Nə üçün (Ömərin yanına gəldiyin) ilk andan Islamı qəbul etmirdin? - deyəndə o belə deyirdi: İnsanların, bu adam qılıncın qorxusundan İslamı qəbul edib deməsindən qorxurdum.


Rəmadə (qum) ili
(Hicri 18-ci il)


Bu ilin rəmadə ili adlandırılmasına səbəb şiddətli quraqlıq nəticəsində yerin bozarıb qum rəngində olması ilə əlaqəlidir.
Bu vəziyyət doqquz ay çəkdi. Ömər, Bəsrə şəhərində olan Əbu Musa əl-Əşari və Amr ibn əl-Asa məktub yazaraq bildirirdi: "Məhəmməd ümmətinin Allahdan yağış diləyənlərə ehtiyacı var!". Bu xəbər gəldikdə şəhər əhalisi yağışın yağması üçün dua etməyə bir yerə toplaşdılar. Ömər isə Mədinədə, Peyğəmbərin (Səllallahu aleyhi və səlləm) əmisi olan Abbasa insanlara yağışın yağması üçün namaz qıldırmasını həvalə etdi. Abbas qalxıb kiçik və əhatəli bir xütbə verdikdən sonra yağışın yağması üçün insanlara namaz qıldırdı, dua etdi. Diz üstə çöküb: Allahım biz yalnız Sənə ibadət edir, yalnız Səndən kömək diləyirik! Allahım bizi bağışla, bizə rəhm et, bizdən razı ol! – dedikdən sonra evlərinə dağılışdılar. Evə çatmamış artıq yağış onları təmamilə islatdı.
Ənəs ibn Malik deyir: Ömər yağış istəmək üçün Abbasla şəhər kənarına çıxdıqda deyirdi: Ey Allahım biz Peyğəmbərimizin vaxtında quraqlıqla üzləşdikdə onunla Sənə təvəssül edirdik. İndi isə Sənə Peyğəmbərimizin əmisi ilə təvəssül edirik[18].
Nəhavənd döyüşü:
Müsəlmanlar Numan ibn Muqrinin sərkərdəliyi altında otuz minlik qoşunla düşmən qarşısına çıxmışdılar. Farslar isə qala divarları arxasında müdafiə olunur müsəlmanlarla döyüş meydanına çıxmırdılar. Tuleyhə əl-Əsədi dedi: Sən onlara bir dəstə döyüşçü göndər qoy onlara başları qarışsın və onlar da dəstənin azlığını görüb onlara hücum etdikdə dəstə bizə tərəf qaçsın və dəstə bizə çatanda biz də onlara qoşulub hamılıqla qaçaq. Belə olduğu halda onlar bizim məğlub olduğumuzdan tam əmin olacaq və hamılıqla qaladan çıxacaqlar. Onlar qaladan təmamilə çıxdıqda biz qayıdıb onlara hücum çəkər və Allah bizim aramızda hakim olana qədər onlarla mübarizə apararıq. İnsanlar da bu rəylə razılaşdılar. Numan, Qaqa ibn Amrı dəstə başçısı təyin etdi və onlara düşmənə hücum etməyi və düşmən cavab olaraq hücum etdikdə onların qarşısından qaçmağı əmr etdi. Qaqa deyilən əmri yerinə yetirdi. Düşmən qaladan çıxıb dəstənin ardınca düşdü və Tuleyhənin gümanı gerçəkləşdi. Beləliklə qapıçılar istisna olmaqla düşmən qaladan təmamilə çıxıb müsəlman qoşununa yaxınlaşdı. Bu gün Cümə günü səhər-səhər idi. Müsəlmanlar düşmənə hücum çəkmək istəyir Numan ibn Muqrin isə təmkinlə dayanaraq deyirdi: Tələsməyin, Peyğəmbər (Səllallahu aleyhi və səlləm) etdiyi kimi biz də, günəş zeniti keçdikdən, külək əsdikdən və Allahdan kömək gəldikdən sonra hücum edərik. Müsəlmanlar düşmənə hücum çəkməyi tələb edir, təmkinli və tədbirli Numan isə öz fikrində israr edirdi. Günəş zeniti keçdikdə Numan müsəlmanlara namazı qıldırdı və sonra öz alçaqboy yükdaşıyan qırmızı[19] atına minib qoşunun hər dəstəsinə baş çəkir və onlara səbirli və mətin olmalarını tövsiyə edir və deyirdi: Mən önə çıxıb ilk əmri verəcəyəm siz bu zaman hücuma hazırlaşın. İkinci əmri verdiyimdə siz sərbəst olun. Üçüncü əmri verdiyimdə isə siz həqiqi hücuma keçərsiniz.
Bundan sonra Numan öz qərargahına qayıtdı. Farslar əzəmətli qoşunlarını düzüb böyük sıralara bölündülər. Onları sayı və qüvvəsi mislisiz idi. Onlar bir-birinə qarışmış hay-küylə tədbir görürdülər. Arxalarından dəmir hasar da çəkmişdilər ki, meydandan qaçmaq üçün fürsət olmasın. Numan ibn Muqrin (Allah ondan razı olsun) birinci dəfə qoşuna Allahu Əkbər deyərək əmr etdikdə müsəlmanların bayraqları göyə qalxdı və qoşun hücum vəziyyətini aldı. Sonra ikinci dəfə qoşuna Allahu Əkbər deyərək əmr etdikdə qoşun yenə də yerində dayanıb gözləyirdi. Üçüncü dəfə Allahu əkbər dedikdə Numan özü və ardınca da qoşun düşmən üzərinə hücum çəkdi. Numanın qoşunu şikarını qovan yırtıcı kimi farsların üzərinə gedirdi. Hər iki tərəf qarşılaşır və çox şiddətli döyüş başlayır. Hələ heç kəs nə belə bir döyüş görmüş nə də belə bir döyüş eşitməmişdi. Nəhayət Allah qələbəni müsəlmanlara bəxş etdi.


Xalid ibn əl-Validin vəfatı:
(Hicri 21-ci il)

Ölüm ayağında yatağında uzanmış Xalid deyirdi: Mən filan, filan şiddətli döyüşlərdə iştirak etmişəm, cəsədimdə bir qarış da olsun qılınc, nizə yaxud ox yarası olmayan yer yoxdur. İndi isə mən istəməsəm də yatağımda dəvə kimi ölürəm.
Həmçinin Xalid demişdir: Şiddətli bir gecədə mühacirlərlə birgə səhər açılanda düşmən üzərinə hücum etmək, hansısa bir gecədə mənə bir xanımın bağışlanmasından, yaxud oğlun olub deyə müjdə verməkdən daha əzizdir.

__________________________________________________________________

[1] ət-Tarix əl-İslami: 3, 21.
[2] 84
[3] Buxari: Kitabul Fitən, Bab əl-Fitnətulləti Təmucu Kəmovcil Bəhri, ? 7096. Müslim: Kitabul İman, ? 231.
[4] Əbu Nueymin Mərifətus Səhabə əsəri: 1, 190.
[5] Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3684.
[6] Yəni, Əbu Luluə əl-Məcusi ona xəsarət yetirdikdən sonra.
[7] Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3684.
[8] Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3689. Müslim: Kitab Fədailus Səhabə, ? 2398.
[9]Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3679. Müslim: Kitab Fədailus Səhabə, ? 2394.
[10] Buxari: Kitab Fədailus Səhabə, Bab Qolu Lov Kuntu Muttəxizən Xəlilən, 3675.
[11] Buxari: Kitab Fədailus Səhabə, Bab Mənaqibi Ömər, ? 3683. Müslim: Kitab Fədailus Səhabə, 2396.
[12] əl-Bidayə vən Nihayə: 7, 40.
[13] əl-Bidayə vən Nihayə: 7, 44.
[14] əl-Bidayə vən Nihayə: 7, 57.
[15] Lisanul Ərəb: 5, 342.
[16] Bu şəxsin dualarının Allah tərəfindən məqbul olması Ənəs ibn Malikin Peyğəmbərdən (Səllallahu aleyhi və səlləm) rəvayət etdiyi hədisdə deyilmişdir: "Saçı pırtlaşıq, üst-başı toz-torpaq və cır-cındır içində olan bir insan olacaqdır ki, o adam Allaha and versə istədiyi hasil olar" Belələrindən biri də Bəra ibn Malikdir. Tirmizi: ? 3854 – də rəvayət etmiş və Hədisin Səhihun Həsən olduğunu demişdir.
[17] Buxari müəlləq olaraq rəvayət etmişdir: Kitabul xovf, Bab əs-salat ində munahədət əl-husun.
[18] Buxari: Kitabul İstisqa, Bab Sualul İmam əl-İstisqa, ? 1010.
[19] Lisanul Ərəb: 14, 206.


Tarix: 01.05.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 977 Bölmə: Peyğəmbərlərin Həyatı