beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cik-Cik xanım

Biri var idi, biri yox idi, bir serçə var idi. Adı Cik-Cik xanım idi. Bir gün Cik-Cik xanım bu qaratikan kolundan, o birinə qonub cik-cik eləyirdi.

Birdən Cik-Cik xanımın ayağına tikan batdı, nə qədər əlləşdi, çıxara bilmədi. Gözlərinin yaşını töküb ağlamağa başladı.

Qarı nənə onu görüb soruşdu:

-Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, niyə ağlayırsan?

Cik-Cik xanım ağlaya-ağlaya qarı nənəyə cavab verdi:

-Ay qarı nənə, ayağıma tikan batıb, qanayıb, gəl çıxart!

Qarı nənə Cik-Cik xanımın ayağından tikanı çıxarıb təndirə atdı.

Cik-Cik xanımın kefi duruldu. Bir o yana, bir bu yana uçub dedi:

-Qarı nənə, mənim tikanımı qaytar!

Qarı nənə dedi:

-Haradan alım, atdım təndirə, yandı.

Cik-Cik xanım dedi:

-Mənə nə borc, tikanımı ver! Verməsən, çörəyini götürüb qaçaram.

Qarı nənə güldü.

Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, Qarı nənənin çörəyini götürüb qaçdı. Cik-Cik xanım göy ilə uçurdu, gördü yerdə bir çoban qoyun sağır. Yerə qondu, çobana tərəf gəlib dedi:

-Bərəkətli olsun, çoban qardaş! Çörək gətirmişəm, al, südə doğra, ye!

Çoban çörəyi aldı, çanağına doğradı, üstünə də süd töküb dedi:

-Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, gəl sən də ye.

Cik-Cik xanım cavab verdi:

-Mən toxam, yemirəm, özün ye.

Çoban çörəyi yeyib qurtardı.

Cik-Cik xanım qanadlarını yellədib dedi:

-Ay çoban qardaş, mənim çörəyimi ver, gedirəm.

Çoban dedi:

-Çörəyini haradan alım? Yedim, getdi.

Cik-Cik xanım dedi:

-Mənə nə borc yedin. Çörəyimi ver, yoxsa qoyununu götürüb qaçaram!

Çoban gülüb dedi:

-Ay Cik-Cik xanım, nazlı xanım, məndə nə günah var ki, qoyunumu aparasan? Çörəyi özün verdin, mən nə dedim.

Cik-Cik xanım dedi:

-Gör indi sənin başına nə oyun gətirəcəyəm?

Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, çobanın qoyununu götürüb qaçdı. Çoban qışqırmağa başladı:

-Ay aman, ağam məni öldürəcək!

Cik-Cik xanım caynağında qoyun uçurdu, gördü ki, bir dəstə atlı gəlir, onlara yaxınlaşıb soruşdu:

-Ay qardaşlar, hara gedirsiniz?

Atlılar cavab verdilər:

-Cik-Cik xanım, nazlı xanım, gedirik padşaha gəlin gətirək.

Cik-Cik xanım uçub padşahın qapısına qondu, qoyunu xidmətçilərə verib dedi:

-Alın, padşahın toyuna gətirmişəm.

Cik-Cik xanım içəri girib yuxarı başda əyləşdi.

Xidmətçilər qoyunu kəsib, kabab bişirdilər, qonaqlara payladılar.

Qazı ilə Cik-Cik xanıma da bir qabda kabab qoydular. Qazı tez-tez yeyib Cik-Cik xanımı ac qoydu. Cik-Cik acığa düşüb padşaha dedi:

-Mənim qoyunumu ver!

Dedilər:

-Qoyunu yemişik, qurtarıb gedib.

Cik-Cik xanım dedi:

-Onu-bunu bilmirəm, qoyunumu verirsiniz, verin, vermirsiniz, gəlininizi aparacağam! Hamı güldü.

Cik-Cik uçub çəpərin üstünə qondu, gözlədi.

Gəlini zurna-balaban çala-çala gətirdilər. Cik-Cik xanım o yana uçdu, bu yana uçdu, gəlini atın üstündən alıb qaçdı.

Padşah bir başına döydü, bir gözünə, ağladı.

Cik-Cik xanım gəlini hündür bir ağacın dibində yerə qoydu, gördü ki, ağacın kölgəsində bir aşıq saz çalır.

Cik-Cik xanım dedi:

-Salam əleyküm, ay aşıq qardaş, gəl gəlini verim sənə, sən də sazı ver mənə.

Aşıq sevinib dedi:

-Ay Cik-Cik xanım, nazlı xanım, məzəli xanım, səndən mən heç bir şey əsirgəmərəm. Al sazı! Cik-Cik xanım sazı aldı, gəlini verdi.

Aşıq gəlini götürüb evinə apardı. Cik-Cik xanım ağacın gölgəsində oturub, sazı dınqıldatmağa başladı.

Tikan verdim, çörək aldım,
Dınqıl sazım, dınqıl sazım.

Çörək verdim, qoyun aldım,
Dınqıl sazım, dınqıl sazım.

Qoyunu verdim, gəlin aldım,
Dınqıl sazım, dınqıl sazım.

Gəlini verdim, bir saz aldım,
Dınqıl sazım, dınqıl sazım.

Elə o gündən bəri Cik-Cik xanım ömrünü saz çala-çala, toy-nağara ilə keçirir.


Tarix: 21.04.2013 / 17:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 472 Bölmə: Nağıllar