beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çəhrayı zolaqlı varlıq (7-ci bölüm FİNAL)
Çəhrayı zolaqlı varlıq (7-ci bölüm FİNAL)

Hər şey elə düşündüyüm kimi də oldu… Səhərə qədər gözümü qırpmadan, saatın saniyə əqrəbinin ahəngdolu səsindən qeyri bir səda eşitmədim. Artıq mən nə baş verdiyini və qatilin kim olduğunu bilirdim. Hər şeyi Minarə xanıma necə danışacağımı xəyal etdikdə isə, məni vahimə bürüyürdü. Görəsən, qadın bütün bunlara tab gətirə biləcəkdimi?! Bu sözləri eşitmək ona elə də asan olmayacaqdı, çünki bütün bu dəhşətli hadisələr, onun dörd ildir yaşadığı mənzildə baş vermişdi.

Mən Minarə xanımın yuxulu simasını görəndə, artıq səhər saat altı idi… Qadının gözlərinin altı şişmiş, ağı isə qızarmışdı. Biz dəhlizdə qəfildən rastlaşmışdıq.

- Sabahınız xeyir. – qadın ağır-ağır dedi – Saat neçədir?

- Altıdır… Artıq səhər açılıb.

- İnana bilmirəm… Yəni hər şey bitdi?! Mən bütün gecəni yata bilməmişəm. Bu gecə ömrümdən az qala iyirmi il itirdim. – qadın pəncərəyə tərəf yaxınlaşdı – Siz dəhlizdə yatmışdınız?

- Dəhlizdə idim, amma yatmamışdım.

- Hiss olunur. – Minarə xanım mənə baxıb, gülümsədi – Mənə görə çox əziyyət çəkdiniz.

- Mən heç nə etmədim… – üzümü yana çevirdim – Sadəcə söz vermişdim və sözümə də əməl etməli idim.

- Yenə də, çox sağ olun. – qadın təşəkkür etdi – Bütün gecə dəhlizdə oldunuz, heç nə görmədiniz?

- Yox, heç bir şey görmədim.

- Bu gün dəqiq iyul ayının 23-dür? Bəlkə hər şey bu gecə baş verəcək?

- Daha heç bir şey olmayacaq. – qorxmuş qadını sakitləşdirdim – Mən, əslində bu gecə də dəhşətli bir hadisənin olmayacağını bilirdim, amma yenə də fikrimi qətiləşdirmək üçün bunu etməyə, yəni sizdə qalmağa məcbur oldum.

- Siz artıq məsələnin nə yerdə olduğunu bilirsiniz?

- Bəli, bilirəm…

- Mənə danışacaqsınız?

- Danışacam, amma bu evdə o qədər dəhşətli hadisələr olub ki, siz evinizi satmağa məcbur olacaq qədər vahimələnəcəksiniz.

- Olsun… Mən hər şeyi bilmək istəyirəm.

- O zaman, gəlin qonaq otağına keçək.

Minarə xanım süfrəyə çay gətirəndə, on dəqiqəyə yaxın vaxt keçmişdi və biz artıq qonaq otağında idik. Mən masanın arxasında, qadın isə mənimlə üzbəüz divanda əyləşmişdi. Beynimdəki ifadələrin ardıcıllığını qorumaq istəyi ilə, uzun müddət sözə başlamağa cəhd etmədim. Yuxulu olduğumdan, vacib bir dəlili unuda biləcəyimi ehtimal edir və olanları xəyalımda bir daha canlandırırdım…

- Baş verənləri anam mənə danışdığı andan, mənim bu hadisə haqqında ilkin təsəvvürüm artıq formalaşmışdı. – nəhayət, sözə başladım – Elmira xanımın danışığından hiss etdim ki, siz öz vahiməli əhvalatınızla, hətta onu da qorxutmağı bacarmısınız. Burada ağlasığmaz təsadüflər və ən əsası dəhşətli ölüm hadisələri var idi. Anamın bildikləri və mənim suallarıma cavab olaraq sizin söylədikləriniz isə, mənim bu işlə daha da maraqla və həvəslə məşğul olmağıma gətirib-çıxartdı… Hələ üstəlik, bu mənim ilk müstəqil işim olduğundan, mən öz üzərimdə böyük bir məsuliyyət də hiss edirdim. – çayımdan bir qurtum alıb, davam etdim – Keçək, əsas məsələyə… Siz mənə əhvalatı danışarkən, etiraf edim ki, mən konkret bir fikrə gəlməkdə çətinlik çəkirdim, amma ögey qızınız Lalənin yazdıqlarını bloknotumda oxuyarkən, ipin ucunun nə vaxtsa əlimə keçəcəyinə inanmağa başladım. Lalə mənə son olaraq, bir məlumat çatdırdı ki, anam itgin düşməzdən əvvəl atamla dalaşmışdı, biz də qonşuya getmişdik.

- Bunun axı məsələyə nə aidiyyatı var? – qadın sözümü kəsdi – Mən hələ ki, heç nə anlamıram.

- İndi sizə daha ətraflı başa salacam. – deyib, stulumda dikəldim – Həmin gün sizlə söhbət edərkən, sözarası meşəbəyidən bəhs etdiniz və mən Lalənin dediklərini ertələyərək, Salman kişi ilə görüşməyi qərara aldım. Doğrudur, son günlər baş verənlərin əksər hissəsində, siz mənim yanımda olmusunuz, amma mən yenə də hər detalı dəqiqliyi ilə söyləmək istəyirəm. Salman kişinin evinə də mənimlə birlikdə getdiniz və bizi onun oğlu Süleyman qarşıladı. Meşəbəyinin başına gələn hadisələrdən hətta siz də xəbərdar idiniz. Onun meşədə üzərinə ağac düşdüyünü Nəriman sizə demişdi və həmin gün Süleyman da bunu təsdiqlədi. Ancaq məlumatlı olmadığımız faktlar da az deyildi. Məsələn, Salman kişinin evinə oğru qiyafəsində girib, mənzili əliboş tərk edərək qaçan şəxsin varlığından xəbərsiz idik. Ev sahibləri vaxtsız gələn qonağın adi bir oğru olduğunu zənn etmişdi. Ancaq nədənsə mənə belə gəlmişdi ki, bu, təsadüf ola bilməzdi. Çünki Süleymanın özünün də təsdiqlədiyinə görə, atası Mahirənin paltarının bir hissəsini tapandan sonra, meşədə qadının cəsədini də axtarmağa cəhd göstərmişdi. Üç-dörd gün sonra isə, meşədə başına ağac düşmüşdü. Mənim fikrimcə, bu adi bir qəza deyildi. Meşədə kimsə gizlənirdi və hər an meşəbəyi tərəfindən aşkar olunacağından qorxurdu deyə, kişini aradan götürmək istəyərək, ona xəsarət yetirmişdi. Meşəbəyinin xoşbəxtlik nəticəsində sağ qalması isə, həmin insanın planını pozurdu və o, tez bir zamanda yarım qalmış işini tamamlamaq istəyirdi. Böyük ehtimalla kişi həmin şəxsi meşədə görmüşdü, çünki evdə onunla bir daha rastlaşanda, özündə güc taparaq qışqırmağı bacarmışdı. Artıq mənim üçün hər şey aydın idi, lakin məchul bir obrazı mühakimə etmək, hələ tez idi, çünki Süleyman atasının üzərinə düşən budağın həqiqətən də altında yıxıldığı ağaca aid olduğuna fikir verməmişdi. Ona görə də, vaxt itirmədən hadisə yerinə baxmağı qərara aldım və üçümüz birlikdə meşəyə yola düşdük. Orada baş verənləri isə, artıq özünüz də yaxşı bilirsiniz. – bu an bir neçə saniyə ara verdim – Mahirənin sağ olması şübhəsində yanılmamışdım. Doğrudan da, yerə iz olaraq basdırılan daşlar, bizi sığınacağa kimi apardı. Oradakı üzərində çiyələk şəkli olan fincan isə, mənimlə razılaşmağınız üçün yetərli oldu. Dediniz ki, bu fincanlar adətən altı ədəd olsalar da, siz Nərimanın evinə gəlin köçəndə, onların beş ədəd olduğunu görüb, sadəcə fikirləşmişdiniz ki, hər halda biri sına bilər. Ancaq həqiqət sübut etdi ki, bu heç də belə deyilmiş.

- Doğrudur… – Minarə xanım razılaşdı – Mən ancaq həmin an, Mahirənin sağ olduğuna tamamilə inandım.

- Amma sığınacaqdakı əşyaların üzərində toz qatı var idi. – qadına xatırlatdım – Böyük ehtimalla, son vaxtlar orada heç kim yaşamırdı. Belə olan halda da, kimisə gözləməyə ehtiyac qalmadı və meşədən qayıtmaq lazım gəldi. Kəndə çatanda isə, təsadüfən qonşunuzun açıq həyət qapısı diqqətimi çəkdi və mən dərhal Lalənin bloknota yazdığı sonuncu cümləni xatırladım. Nərimanla Mahirə dalaşandan sonra, qadın qızı ilə bərabər qonşuya getmişdi. – cibimdən bloknotu çıxarıb, Lalənin yazdığı səhifəni açaraq, onu Minarə xanıma uzatdım – Zivər xala sizə ən yaxın qonşu olduğundan, mən ehtimalımda yanılmadım. Mahirənin bu qadınla doğrudan da sıx ünsiyyətdə olması, Zivər xalanın elə ilk reaksiyasından bəlli oldu. Qadın mənim kimliyimi öyrənən kimi, mənimlə çox kobud rəftar etdi və Mahirənin vəfat etməsində, az qala hüquq-mühafizə orqanı əməkdaşlarını günahlandırdı. Məni də elə bu səbəbdən, əsəbi şəkildə evindən qovdu. Mən isə vidalaşmamışdan öncə ona, Mahirənin yaşaması ehtimalının böyüklüyündən danışdım və qapını arxamca bağlayıb oradan uzaqlaşdım. Ancaq Zivər xalanın bu cür aqressiv rəftarının səbəbini anlaya bilmədim. Nədənsə, mənə belə gəldi ki, qadın nə isə gizlədir…

- O, doğrudan nə isə gizlədirdi?

- Hə, bunu bir qədər sonra sizə deyəcəm. Hələlik isə, ardıcıllığı pozmaq istəmirəm. – deyib, bu məsləni bir kənara qoydum – Ertəsi gün yenidən sizə gəldim və sizdən iki şey istədim: Mahirənin fotoşəklini və evinizin telefon kitabçasını. Kitabçada Mahirənin ata evinin nömrəsini rahatlıqla tapsam da, zənglərimə heç kim cavab vermədi. Məcbur qalıb, oxşar nömrə axtarmağa başladım və qarşısında "Sənubər” adı yazılan nömrəni tapdım. Bu nömrə, son iki rəqəmi ilə Mahirənin ata evinin nömrəsindən fərqlənirdi. Qadının həmin mənzillə əlaqə saxladığını da düşünsək, anlamaq olurdu ki, bu ünvan heç də yad bir yer deyil. Ona görə də, mən "ATS” yalanını uyduraraq, həmin mənzilin ünvanını öyrənə bildim. Məqsədim təbii ki, Bakıya getmək idi, ancaq ilk öncə MirHəmidlə görüşməyi planlaşdırırdım. Elə sizin evdən çıxan kimi də, Səbuhi ilə birlikdə, birbaşa S. kəndinə yollandıq.

- Mən bunu bilmirdim. – Minarə xanım heyrətləndi – Görüşdünüz?

- Görüşdüm, – dərhal cavab verdim – amma bu görüş mənim fikirlərimi daha da qarışdırdı.

- Niyə ki?

- Mən MirHəmidin bu işdə əlinin olduğunu düşünürdüm. Ona görə də onun yanına getmişdim. Mən onun otağına girən kimi, kişi stolun üzərindəki kiçik güzgünü mənə tərəf çevirdi və gəlişimin səbəbini soruşdu. Mən onun bu güzgü jestini anlamadım və Mahirənin fotoşəklini görücüyə uzadaraq, qadını bibim qızı kimi təqdim edib, onun haqqında bir bilgi verməsini istədim. O isə, müxtəlif fəndlər edib, gözlərini qapadı və bir qədər sonra bayaqkı güzgünü özünə tərəf çevirərək, mənim "nə gördünüz?” – sualıma, sadəcə "qaranlıq” – deyə cavab verdi. O, mənimlə danışmaq istəmədi, çünki əslində bu cür fırıldaqlara inanmadığımı anlamışdı. Həmin an bunu necə anladığını başa düşməsəm də, sonradan mənə məlum oldu ki, böyük ehtimalla görücüyə bu haqda məlumat ötürən, mənə tərəf çevirdiyi müəmmalı güzgü imiş…

- Bəs o, Mahirə haqqında başqa heç nə demədi?

- Elə mənim fikirlərimi qarışdıran da, bu oldu… Mənə sadəcə maraqlı idi ki, MirHəmid Mahirənin fotoşəklini görərkən, buna necə reaksiya verəcək?! O isə, kifayət qədər soyuqqanlı davrandı.

- Nə olsun ki? Bu, o demək deyil ki, onlar əlbir deyil…

- Təbii ki, mən də o cür düşündüm, amma görücü mənim son sualıma da maraqlı cavab verdi.
O, mənim "Bibim qızı yaşayır?” – sualımı, "Bəli, yaşayır. Buna əmin ola bilərsiniz…” – deyə cavablandırdı. Məntiqlə düşünəndə isə söyləmək olar ki, əgər onlar əlbir olsalar, o, mütləq Mahirənin öldüyünü deməli idi.

- Belə çıxır ki, MirHəmid günahsızdır?

- Bunu da bir azdan biləcəksiniz. – yenə də ardıcıllığı pozmadım – Həmin gün mən Bakıya yola düşdüm və Sənubər xanımın mənzilini dərhal tapdım. Onlar doğrudan da Mahirənin atasıgil ilə qonşu idilər. Bu əslində çox böyük bir uğur sayılsa da, növbəti şanssızlığa da Bakıda rast gəldim. Sənubər xanım həmin axşam gecə növbəsində olduğundan, evdə yox idi. Belə olan halda da, mən onun qızı Ləmanla danışmaq məcburiyyətində qaldım. Ləman mənə qadının ümumi ailəsindən bəhs etdi və mən sözarası, Mahirənin Mahir adlı qardaşının olduğunu öyrəndim. Ancaq onunla ünsiyyətə girməyə ehtiyac qalmadı. Mahir həbsxana həyatı yaşamışdı deyə, hətta Lalə də, bu adlı dayısının olduğunu bilmirdi. Mahirə xəcalət çəkdiyindən, onun varlığını qızından gizlədirmiş. Ona görə də, Mahirin bütün bu yaşananlardan xəbərsiz olduğunu nəzərə alıb, onu axtarmağa lüzum görmədim və Bakıya getməyimin elə bir xeyirinin olmadığını anladım. – bir neçə saniyə ara verib, davam etdim – Ertəsi gün isə, uğursuz bir gün kimi yadda qaldı. Keçmiş həyat yoldaşınız Faiqlə görüşmək istəsəm də, onun intihar etdiyi məlum oldu. Daha sonra kəndinizə qayıdanda, sizin MirHəmidlə görüşməyinizi istədim, lakin razılaşmadınız. Belə olan halda, daha əlimdən heç bir iş gəlmədiyini anladım və öz kəndimizə qayıtmaq qərarına gəldim. Doğrudan da, o hissləri yaşamaq çox çətin idi. Çünki mən, nədənsə həddindən artıq əmin idim ki, bu işin öhdəsindən gələ biləcəyəm. Baş verənlərə görə isə, mənə sadəcə təəssüflənmək qaldı…

- Bəs, sonra nə baş verdi? – qadın, marağını gizlətmədi – Niyə qayıtdınız?

- Təəssüfləndiyimi, ümumiyyətlə son günlərdə yaşadıqlarımı, qarşılaşdığım uğursuzluğu Səbuhiyə danışanda, hələ evinizin həndəvərində idik. Beş-on dəqiqə Səbuhi ilə söhbət etdim və artıq evə qayıtmaq istədiyimiz vaxt, dostum məndən, bayaqdan arxadan bizə baxan qadının kim olduğunu soruşdu. Çevrildim baxdım…

- Kim idi?

- Zivər xala… – deyə həmin an cavab verdim – Qadın gözlərini mənə zilləmişdi. Maşından çıxıb ona doğru yaxınlaşdım. O isə, salamımı belə almadan, qəfildən sadəcə "O, əxlaqsız qadın deyildi” – söyləməklə kifayətləndi.

- Anlamadım, kim?

- Siz, Mahirənin Nərimanı başqa biri ilə aldatdığını bilirdiniz?

- Yox, – Minarə xanım heyrətləndi – amma…

Qadın sözünü kəsib, bir qədər susdu və gözlərini məndən çəkdi. Sanki nə isə xatırlamağa çalışırdı.

- Nəriman bir dəfə söyləmişdi ki… – Minarə xanım aramla dedi – "Mahirə məni atıb getdi”… İndi yadıma düşür. O, mənə belə bir söz demişdi, amma mən çox da fikir verməmişdim. Dəhşətdir… Ailəli bir qadının bu cür davranması sadəcə dəhşətdir! Bunları sizə Zivər xala dedi?

- Hə, qadın bu haqda danışmaq istəmirdi. Onun ilk dəfə mənimlə kobud rəftar etməsinin də əsl səbəbi bu imiş… O, Mahirənin ölümündə özünü günahlandırırmış. Çünki zamanında bu haqda heç kimə bir söz deməyib. Elə zənn edib ki, Mahirə nə vaxtsa qayıdıb, onu qınaya bilər. O, Mahirəni çox istəyirmiş… Bu arada, onunla söhbətimdə, Lalənin dediyi də öz təsdiqini tapdı. Mahirə Nərimanla dalaşandan sonra, onlar Zivər xalanın evində gecələmişdilər. Qadın deyir ki, Mahirə ağlayırdı və Nərimanı aldatmadığını söyləyirdi. Bu səbəbdən də, Zivər xala etiraf etdi ki, hər şeyi gözləri ilə görsə belə, bu həqiqətə inanmaq istəməyib.

- O, doğrudan hər şeyi görüb?

- Bəli, gecə ikən Mahirənin evin arxasında bir nəfərlə söhbət etdiyini, hətta həmin insanı da şəxsən görə bilib…

- Demək, Mahirə doğrudan da həmin adamla qaçıb… Biabırçılıqdır!

- Xeyr, belə olmayıb… Mahirə heç yerə getməyib.

- Bəs onda o, haradadır? – Minarə xanım maraqla soruşdu.

- Burada, – deyib azacıq ara verdim – sizin mənzilinizdə…

Endşpil



Qadın diksinib, özünü divanın söykənəcəyinə atdı.

- Siz mənimlə zarafat edirsiniz? Necə yəni burada, bizim evdə? Siz Mahirənin ruhunu nəzərdə tutursunuz?

- Bunları söyləmək, mənim üçün çox çətindir. Mən bu faktlarla qarşılaşanda, özüm öz düşüncəmdən vahimələnirdim. Mahirənin ruhu yox, cəsədi bu evdədir.

- Anlamadım… – qadın titrəyən əlini alnına qoydu – Mən ağlımı itirirəm?! Nicat bəy, siz nələr danışırsınız?

- Təəssüflə deməliyəm ki, bu, həqiqətdir…

- Axı, mən anlamıram… Necə yəni?! Yəni necə ola bilər?! O, haradadır?

- Zirzəmidə…

- Dünən gördünüz? – o, ayağa qalxıb, stulda əyləşdi – Nə bildiniz ki, zirzəmidədir?

- Yadınıza gəlir, sizin həyətinizə girən kimi, qapılarınızdakı qıfıllar diqqətimi çəkdi. – qadına xatırlatdım – Dediniz ki, Nəriman bir ara al-verlə məşğul imiş, bu qıfılları da Litvadan gətiribmiş.

- Aha, yadımdadır…

- Darvazanızdakı, Litva istehsalı olan o böyük qıfıl çox gözəldir. Hətta paslanmayan materialdan hazırlanıb. Zirzəminizdəki qıfılın isə, yağan yağış nəticəsində paslı olması diqqətimi çəkdi… Əslində isə o, o dərəcədə paslı olmamalı idi, çünki onun üzərinə yağış yağa bilməz. Belə çıxır ki, bu paslı qıfıl, əvvəllər darvazanızdan asılı olub. Sonradan Nəriman hər ehtimala qarşı, bu qıfılların yerini dəyişib və açarını da gizlədib. Çünki ilk baxışdan, açarı olmayan paslı bir qıfılın, uzun zamandır açılmadığını asanlıqla güman etmək olar.

- Bir dəqiqə… – qadın sözümü kəsdi – Siz nə demək istəyirsiniz?

- Minarə xanım, anlayıram ki, eşitdiklərinizi qəbul etmək sizin üçün elə də asan olmayacaq, amma bu, acı həqiqətdir. Mahirə öz əcəli ilə ölməyib. Onu həyat yoldaşı Nəriman qətlə yetirib…

- Mən sizə inana bilmərəm… – qadın gülümsəsə də, dəhşətli həyəcan keçirirdi – Nəriman qatil ola bilməzdi. – o, asta şəkildə əlini stola vurdu – Mən onu yaxşı tanıyırdım.

- Görünür, o qədər də yaxşı tanımamısınız… – əminliklə dedim – Mən bütün bu olanları özümdən uydurmuram. Əlimdə, hər şeyi sübut edəcək tutarlı dəlillər var.

Minarə xanım gözlərimin içinə baxdı. Etiraz etməyin lüzumsuz olduğunu dərk edənə qədər, susdu. Nə isə demək istəsə də, bir söz tapıb dinə bilmədi…

- Bəs, o çəhrayı zolaqlı varlıq nə imiş? – bir xeyli danışmağa özündə güc tapa bilmədikdən sonra, nəhayət asta səslə soruşdu – Mahirənin ruhu?

- Qonşunuz Bəhram kişini tanıyırsınız?

- Tanıyıram… – o, bir qədər də təəccübləndi – Dükanı olan Bəhramı deyirsiniz? Onun bu məsələyə nə aidiyyatı var?

- Xeyr, aidiyyatı yoxdur. – dərhal aydınlıq gətirdim – Məsələ burasındadır ki, Zivər xala Mahirə ilə görüşən o oğlanı, qadın itgin düşəndən sonra, kəndinizdə bir daha görüb. Oğlan, Bəhramın evində fəhlə kimi çalışırmış. Zivər xala deyir ki, onu görən kimi tanıdım və bilərəkdən, hər gün dükana getməyə başladım. Qadın nəhayət, oğlanı yanına çağıraraq təmirlə bağlı bir yalan uydurub, onunla söhbət etməyi bacarır və adının da Ruslan olduğunu öyrənir. Qadının dediyinə görə, oğlan kəkələyərək danışsa belə, həddindən artıq yaraşıqlı imiş… Bu məlumatları eşidəndən sonra, vaxt itirmədən Bəhram kişinin yanına getdim. O da Ruslan adlı fəhləsinin olduğunu təsdiqlədi və bizə, onun kirayə yaşadığı ünvanı söylədi. Həmin evə yollanarkən isə, qapını üzümüzə Xuraman adlı bir qadın açdı. Biz ondan da Ruslanı soruşduq. Qadın bizə bilirsiniz nə söylədi?! O, dedi ki, Ruslan həbsxanadan qaçdığı üçün bu yaxınlarda yenidən tutulub. Kənddə fəhləliklə məşğul olsa da, əslində cinayətkar qruplaşmalardan birinin üzvü imiş. O, hətta ələ keçməmək üçün, adını belə dəyişibmiş…

- Axı, bu nə deməkdir?! Mən heç nə başa düşə bilmirəm… – Minarə xanım çarəsizliklə üzümə baxdı – Nəriman Mahirəni qətlə yetirmişdi deyə, o axmaq da öz sevgilisinin qisasını almaq qərarına gəlmişdi?

- Sevgilisinin yox, bacısının… – asta səslə dedim.

- Nə? – qadın donub qaldı – Kimin bacısının?

- Öz bacısının… – bir daha əminliklə təsdiqlədim – "Lal Mahir”… Bu adı doğrudan da bir dəfə eşitmişdim…

- Ola bilməz… – Minarə xanım heyrətdən qurumuş dodaqlarını yaladı – Belə çıxır ki, Ruslan…

- Bəli, özünü Ruslan adı ilə qələmə verən şəxs, əslində Mahirənin doğma qardaşı Mahir imiş… – ayağa qalxıb, otaqda gəzişməyə başladım – Ləman mənə Mahir haqqında o qədər də pis şeylər danışmamışdı. Görünür, onun əsl kimliyindən xəbərdar olmayıb. Qız mənə demişdi ki, Mahir şərlənərək həbsxanaya düşüb. Cəzaçəkmə müəssisəsindən çıxarkən də, birbaşa Sənubər xanımgilə üz tutub və onları aldadaraq günahsızlığının sübut olunduğunu və vaxtından əvvəl azadlığa buraxıldığını deyib. Hətta guya, həqiqi cinayətkar da həbs edilibmiş… Ləman mənə dedi ki, Mahir ondan qisas alınacağından çox qorxurmuş. Ona görə də, Sənubər xanımgilə bərk-bərk tapşırıb ki, onu gördüklərini heç kəsə deməsinlər. Əslində isə Mahir, müəyyən səbəblərdən həbsxanadan qaçmağı planlaşdırıb və maraqlıdır ki, doğrudan da buna nail olub. Bir dəfə müəllimimiz bizə bu haqda danışmışdı. İki məhbus, əvvəlcədən çarpayının ayaqlarını söküb dəmir alətlərlə silahlanaraq cəzaçəkmə müəssisəsi nəzarətçilərinə kameranın kanalizasiya xəttində nasazlıq olduğunu deyib, onları aldatmağı bacarıblar. Nəzarətçilərə ağır bədən xəsarəti yetirəndən sonra, qaçmağa cəhd etsələr də, onlardan birini yaxalamaq mümkün olub. O vaxt KİV bu haqda bir məlumat işıqlandırmayıb, çünki həbsxana əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qaçaqlardan birini silah gücü ilə ələ keçiriblər, amma daha sonra həmin şəxs xəstəxanada dünyasını dəyişib. Digər məhbusu isə, ələ keçirmək mümkün olmayıb.

- Demək, qızımın və həyat yoldaşımın qatili odur, hə?! – qadın qəfildən ağlamağa başladı.

- Bəli, odur… – çətinliklə təsdiqlədim – Ləmanın dediyinə görə, Mahir onlarda olarkən, həyətdə onun anası ilə söhbət edibmiş… Hər halda bacısının artıq ərdə olduğunu da qonşusu Sənubər xanımdan öyrənir və dərhal kəndə gələrək, Mahirəni tapır. Qadın isə, böyük ehtimalla həqiqətdə onun kim olduğunu bildiyi üçün, Nərimana Mahir adlı qardaşından bəhs etməyib. Hətta Lalə də mənə dayısının və xalasının olmadığını demişdi… Belə olan halda, Mahirə onu evində saxlaya bilməzdi. Ona görə də, Mahir meşədə gizlənmək qərarına gəlir. O, biz aşkar etdiyimiz həmin sığınacaqda gizlənirmiş və təbii ki, ara-sıra bacısı ilə görüşürmüş. Fincanı xatırladınız? Siz doğrudan da yanılmamışdınız… Mahirin yaşaması üçün gərəkli olan bu kimi əşyaların hamısını ona, bacısı vermişdi. Xuraman xanımın sözündən sonra isə mən, Səbuhi ilə birlikdə yenidən meşədəki həmin sığınacağa yollandım. Qadın ilə kişinin yaşam tərzi arasında mütləq fərq olmalı idi. Mən də həmin sığınacaqda, ilk gedişimdə qaranlıq səbəbindən gözümdən yayınan ətrafdakı bir neçə siqaret kötüyünü dərhal tapdım və burada həqiqətən də Mahirin yaşaması təsdiqləndi. – cibimdən, özümlə götürdüyüm siqaret kötüyünü çıxarıb, masanın üzərinə qoydum – Demək, Nərimanın şübhələri doğrudan da əsassız deyilmiş. O, Mahirənin kimsəsiz olduğunu bildiyi üçün, onun həqiqətdə qardaşı ilə görüşdüyünə də inanmayacaqdı. Qadın da öz növbəsində, bu həqiqəti gizlətməyə məcbur idi…

- Nə deyəcəyimi bilmirəm… – Minarə xanım əlləri ilə üzünü örtmüşdü – Demək, çəhrayı zolaqlı paltar geyinən də Mahir imiş?!

- Təbii ki… – dərhal razılaşdım – Hər halda, Nəriman bir gün Mahirəni izləyib və onu görüş başındaca yaxalayıb. Böyük ehtimalla Mahir qaça bilib, çünki Nərimana elə gəlirmiş ki, onun bu qətl hadisəsini özündən qeyri bilən yoxdur. Ona görə də həyətdə çəhrayı zolaqlı varlığı görəndə, dərhal Mahirənin ruhundan şübhələnərək, evə girməyə qorxmuşdu. Ancaq Mahirə, çox güman ki, qardaşının gözü qarşısında öldürülüb. Nəriman isə qadının meyitini zirzəmidə basdırmazdan əvvəl, onun paltarının bir parçasını meşəyə atmağa müvəffəq olur. Təbii ki, bu vaxt o, valideynsiz qalacaq qızını, kənddəki hörmətini, eyni zamanda sizi düşünür və üzərinə düşəcək qatil damğasından qorxaraq, bu addımı atmaq qərarına gəlir. Hər kəsdə istədiyi fikri formalaşdırandan sonra isə, həyatını əvvəlki axarı ilə yaşamağa başlayır. Belə olan halda da, Mahir təbii olaraq, qisas haqda fikirləşir və işinə mane ola biləcək meşəbəyini də aradan götürməyi planlaşdırır. Əvvəlcə onun başına ağacla vurur, sonra da yarımçıq qalan işini tamamlamaq üçün gecə ikən Salman kişinin evinə girir. Ancaq sizin evdə baş verənlərlə müqayisədə, Mahirin bu dəfə bəxti gətirmir.

- Bəs, MirHəmid? – qadın ağlamsınaraq soruşdu – Onun bu işdə əli yoxdur?

- Onun haqda bir fikir yürütmək, doğrudan da asan deyil. – etiraf etməyə məcbur oldum – O, mənim ona inanmadığımı belə hiss edə bildi. Hərçənd ki, mən bu cür cəfəngiyyata inanmıram, ancaq o, Mahirənin yerini belə mənə demişdi.

- Axı o, Mahirənin sağ olduğunu bildirmişdi?!

- Yox, – gülümsəyərək etiraz edib, yenidən qadınla üzbəüz əyləşdim – O, Mahirə haqqında sadəcə qaranlıq gördüyünü demişdi. Mən qadının cəsədini qaranlıq zirzəmidə aşkarlayarkən, onun bu kəlməsini xatırladım və sonrakı dialoqumuz yadıma düşdü. Mən, MirHəmidə "Bibim qızı yaşayır?” – deyə sualı bu formada ünvanladıqda, çox kobud bir səhvə yol vermişdim. Görücü də "Bəli, yaşayır. Buna əmin ola bilərsiniz…” – deyə sualımı cavablandırarkən, əslində Mahirəni yox, mənim öz bibim qızını nəzərdə tutmuşdu. MirHəmid ona inanmadığımı anladığından, mənimlə ünsiyyətə girmək istəməmişdi.

- Nicat bəy, mənə yenə kömək edin… Mən o Mahir əclafı polisə şikayət edəcəyəm. Onun bu gizli cinayətlərini aşkara çıxaracağam…

- Minarə xanım, siz indi əsəbisiniz. Mən sizi başa düşürəm, – deyib, qadına yaxınlaşdım – amma nəbadə bu haqda polisə şikayət edəsiniz. Buna görə sizin başınız ağrıya bilər…

- Mənim niyə?

- Özünüz fikirləşin… Siz hər şeyi polisə danışsanız, məcbur olub, Nərimanın Mahirəni necə öldürdüyünü də söyləməli olacaqsınız. Mahirə sağ ikən, siz artıq Nərimanı tanıyırdınız. Qadın öldükdən sonra isə onunla ailə qurmusunuz və burada söhbət məhz, izi itirilmiş dəhşətli qətldən gedir… Siz mənim nə demək istədiyimi anlayırsınız?

- Mən heç nə etməmişəm. – o, qorxaraq dedi – Mənim bütün bu olanlardan xəbərim yox idi.

- Sizin günahkar olmadığınızı bilirəm, amma başqasına bunu izah etmək, sadəcə əlavə problem deməkdir.

- Bəs, mən indi nə edəcəm? – o, yenə sifətini ovucunda gizlətdi – Qızımın və həyat yoldaşımın qatili rahatca yaşasın, mən də durub baxım?

- Çətin də olsa, bunu etməyə məcbursunuz, həm də qatil rahatca yaşamır. O, həbsdədir…

Minarə xanım çevrilib, üzümə baxdı. Nə isə demək istədi, susdu, amma yenə də bu həqiqətlə barışmadı. Ağlayaraq, çarəsizliklə bir daha bu məsələdə məndən yardım istədi. Mən isə bu dəfə onu güclə də olsa, razı sala bildim və yaşanan qaranlıq məqamlara doğru aydınlıq gətirməyim məni, bataqlıqdan çətinliklə canını qurtarmış bir canlı tək sevindirdi. Ancaq dəhlizdə Lalə ilə qarşılaşanda, qeyri-ixtiyari olaraq gözlərim yaşardı. Yaxınlaşıb əlimi saçına çəkdim. Üzümə baxıb gülümsəsə də, mənə elə gəldi ki, qız hər şeyi anlamışdı. Onun simasında, indiyədək görmədiyim bir kədər hiss olunurdu. Elə bil, qız son illərdə anasının cəsədi üzərində yaşadığına peşiman idi və indi bu günahının necə bağışlanacağını məndən soruşmaq istəyirdi. Sualın səslənməyəcəyini bilirdim, ancaq bu baxışlara belə tab gətirmək çətin olduğundan, mən əyilib sadəcə qızın alnından öpərək, evdən çıxdım.

- Elə bil yuxu görürəm… – qadın məni yola salanda, pilləkənlərlə aşağı düşərkən dedi – Bəs, nəyə görə o alçaq qətlləri eyni gündə edib?

- Tarixlərə fikir vermədiniz?! Nərimanın bildirdiyinə görə, Mahirə iyul ayının 25-də itgin düşüb. Demək, həyat yoldaşınız qadının cəsədini iki gün gizlədəndən sonra polisə xəbər vermək qərarına gəlib. Mahir də, Nərimanı daha da qorxutmaq üçün, bacısının öldüyü tarixdə, yəni iyulun 23-də ilk olaraq qızınız Nigarı, daha sonra isə…

- Kifayətdir… – o, ağlamsınaraq sözümü kəsib, zirzəminin yarıaçıq qapısına baxdı – Mən artıq bu evdən qorxuram. Burada yaşaya bilmərəm…

- Haqlısınız. Kim olsa, bu cür davranardı. Evin satılmasında sizə kömək edərəm… – qorxmuş qadına təsəlli verdim – Bu vaxt ərzində də, əgər istəyirsinizsə, Lalə ilə bizdə qala bilərsiniz…

Minarə xanım çətinliklə gülümsünərək təşəkkür edib, evdən bəzi əşyalar götürəcəyi üçün, gözləməyimi xahiş etdi. Fürsətdən istifadə edib, pilləkənləri aşağı düşərək, bağa keçdim və buradakı böyük xurma ağacına söykəndim. Bu an, yayın bu qızmar günəşli havasında içimə soyuq yağış kimi yağan sevinc hissinin bəlkə də yeganə bir səbəbi var idi: İllərdir vicdan əzabından gecəsini-gündüzünə satan Zivər xalaya baş verənləri detalları ilə danışa bilməsəm də, əslində Mahirənin Nərimana xəyanət etmədiyini söyləyərək, qadının çiyinlərindəki bu yükü götürəcəkdim… Amma bu uzun cümlənin sonuna qoyduğum cəsarətli "nida”nın da əhvalımı müsbət istiqamətdə dəyişdiyini qeyd etməliyəm. "Doğrudanmı, mən bu cür çətin işin öhdəsindən gələ bildim?! – deyə ağır-ağır düşündüm – Yoxsa bu, yatmağı özündən çox sevən bir insanın gördüyü növbəti bir yuxu idi?!” Başımı azca yuxarı qaldırıb, mavi səmaya baxdım və hər iki əlimlə xurma ağacına toxundum. Yox, əgər nəyinsə varlığı səndə əminlik yaradırsa demək, gerçəklik çəkidə daha ağırdır. Mən də həmin an, bu ağır reallığı asanlıqla hiss edirdim.

Üzərinə söykəndiyim ağac isə, sanki mənim varlığımı duyaraq, gecə yuxusuz qaldığımı hiss etmişdi. Ağac, elə bil bir qədər yumşalmışdı…

Endşpil (Hər şeyin sonu).


Tarix: 29.04.2015 / 10:24 Müəllif: Aziza Baxılıb: 2630 Bölmə: Maraqli Hekayeler