beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir dirəyin macərası

19-cu əsrin ortalarında yaşayan Edvard Mott Robinsonun böyük bir balıqçı gəmisi donanması var idi. Ancaq Robinson təkcə donanması ilə yox, hiyləgərliyi və hərisliyi ilə də məşhur idi. Ancaq bir dəfə nə hiyləgərliyi, nə də hərisliyi onu xilas edə bilmədi...


“Meri L.” adlı balıqçı gəmisi iki illik səfərdən sonra Nyu Bedfor limanına qayıtmışdı. Robinson gəmi heyətinin maaşını verməzdən əvvəl gəmi dəftərini nəzərdən keçirməyə başladı. Bu vaxt “Meri L.” gəmisi səfərdə olanda Tommi adlı 15 yaşlı bir matrosun ana dirəyə adının və soyadının baş hərflərini yazdığını öyrəndi. Robinson qaşlarını çatdı və:

— Tommi, — dedi, — Duzlu su və hava bu yazdığın yerə girib taxtanın çürüməsinə səbəb olacaq. Aylıq maaşın 5 dollar olduğu üçün iki illik maaşın 120 dollar olmalı idi. Yeni dirəyin qiyməti də elə 120 dollardır. Sən mənim gəmimə ziyan vurduğun üçün, təəssüf ki, sənə maaş verə bilməyəcəyəm…

Bunu eşidən başqa matroslar Tommiyə Batler adlı bir vəkilə müraciət etməyi məsləhət gördülər. Vəkil Tomminin “macərasını” dinlədikdən sonra ona:

— Get, “Meri L.” gəmisinin olduğu limanda gəz və gördüklərini mənə xəbər ver, — dedi.

Tommi ona deyiləni etdi. Çox keçməmiş Tommi Batlerin yanına gəldi və “Meri L.” gəmisinin iki illik səfərə hazırlaşdığını xəbər verdi.

Vəkil:

— İndi mənə de görüm, gəmi əsaslı təmir edildimi? — deyə soruşdu.

Tommi:

— Yox, sadəcə olaraq, bir neçə nasos dəyişdirildi, — deyə cavab verdi.

Bunu eşidən Batler Tommini də götürüb bir yerdə Robinsonun yanına getdilər. Batler gəmi sahibinə dedi:

— Müştərimə “Meri L.” gəmisinin ana dirəyini satmısınız, ancaq pulu aldığınız halda, malı verməmisiniz. İndi biz dirəyimizi istəyirik. Çünki gəminin iki illik səfərə hazırlaşdığını eşitmişik.

Bu sözlər qarşısında Robinson nə deyəcəyini bilmədi və əlacsız qalıb:

— Yaxşı, elə isə mən dirəyi yenidən alıram, — dedi və pul qabını çıxararaq Batlerə 120 dollar uzatdı. Ancaq Batler pulu almadı və:

— Biz dirəyi satmırıq, ancaq bu dirəyi sizə ayı 10 dollardan 240 dollara icarəyə verə bilərik, — dedi.

Və artıq Robinsonun Batlerə bu pulu ödəməkdən başqa çarəsi qalmadı…


Tarix: 03.12.2014 / 13:44 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Maraqli Hekayeler