beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İnternet insanları necə öldürür?

Kitabla internetin eyni funksiya daşıdığını, hətta internetin kitablardan üstün olduğunu söyləyənləri anlaya bilmirəm. Gəlin kiçicik bir müqayisə aparaq. Kitab oxuyanların beyni daha yaxşı inkişaf edər, düşüncələri dərin olar, ətrafda baş verənləri rahat qavrayar, söz xəzinəsi artar, fikirlərini daha sərbəst, təsirli ifadə edərlər. Bəs internet necə, bütün bunlara qadirdirmi? Deyərdim ki, xeyr. Çünki internetdə yazılanlar hər zaman ciddi, nizamlı, dəqiq, qərəzsiz, səliqəli, səlis olmur. Kitab müəllifinin daşıdığı məsuliyyəti, internetdəki "yazarlar”ın əksər hissəsi dərk etmir və ya önəmsəmir.

Lakin bu da bir həqiqətdir ki, internet həyatımıza daxil olduğu gündən bəri bizi özünə bağlamaqda davam edir. Günün çox hissəsini internet qarşısında keçirənlərin sayı günbəgün artmaqdadır. Əslində isə internetdən gündə 4 saatdan artıq istifadə etmək təhlükəlidir. Bu, mütəxəssislərin fikridir. Amma əksəriyyətimiz günümüzün çox hissəsini internetə həsr edirik. Artıq bir çoxlarımız internetdən istifadəyə o qədər aludə olmuşuq ki, nəticədə sosiallaşmaq əvəzinə doğmalarımıza münasibətlərimiz belə dəyişib. Depressiya və psixi xəstəliklərə, ailədə soyuqluğun, söz-söhbətlərin yaranmasına və bəzi ailələrin dağılmasına səbəb olan internet cəmiyyətdə neqativ halların yaranma və yaşanma mənbəyinə çevrilib.

Bəziləri internetlə kitabı müqayisə edərkən üstünlüyü birinciyə verirlər.Digər mənfi hal isə artıq azyaşlı uşaqların da bunun qurbanlarına çevrilmələridir. Böyüklərin internet asılılığından xilas olmaqda çətinlik çəkdiyi bir dönəmdə azyaşlıların bu "xəstəliy”ə tutulmaları çox təhlükəlidir. Xüsusilə də saatlarla internet qarşısında oyunlar oynayan uşaqlar əsəb gərginliyi keçirir, yaxınlarına qarşı laqeyd münasibət sərgiləyir, eyni zamanda öz sağlamlıqlarını da təhlükə altında qoyurlar.

Dünya KİV-nə nəzər salsaq, bunun fəsadlarının daha aydın şəkildə şahidi ola bilərik. Tailandlı bir gəncin səhərə qədər oyun oynadıqdan sonra kompüterin qarşısında ölü tapılması, Tayvanda 18 yaşlı bir gəncin fasiləsiz 40 saat oyun oynaması nəticəsində haldan düşərək həyatını itirməsi kimi nümunələr gələcəkdə hər birimizin qarşılaşa biləcəyimiz faciələrə bir xəbərdarlıq deyilmi?!

Şəxsən mən ətrafımda bir çoxlarının internetdən həddindən artıq istifadə etmələri nəticəsində psixi cəhətdən narahatlıq keçirmələrinin şahidiyəm. Onlar ailələrindən, yaxınlarından, real həyatdan demək olar ki, ayrılıblar. Sadə, həll edilə biləcək məsələlərə belə aqressiv münasibət sərgiləyirlər. Əhatələrindəkilərdən günbəgün uzaqlaşaraq, bir növ robot həyatı sürürlər.

Yəqin ki, bir çoxlarınız tez-tez internetin zərərləri barədə yazılarla qarşılaşmısınız. Amma mən "kitab oxumağın zərərləri” haqqında fikirlərə heç rast gəlməmişəm. Demək ki, internet heç vaxt kitabı əvəz edə bilməz. Əksinə internet bir çox insanları cahilləşdirən vasitədir. Gəlin özümüzü bu vasitədən qoruyaq. Ondan istifadə edək, ancaq qədərində. Ümumiyyətlə, istifadə etdiyimiz hər bir vasitədən qədərindən artıq yararlanmağa çalışmayaq. Dahi Nizami Gəncəvi doğru deyib ki, "Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir o da...”


Tarix: 26.11.2012 / 19:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 647 Bölmə: Maraqlı melumatlar