beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədr gecəsi haqqında

Eləcə də Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin) Qədr gecəsi insanları ibadətlərə səsləyərək belə deyərdi: »Ey ömrünü bada vermiş, xeyirdən məhrum olmuş! Qədr gecəsindən itirdiklərini qazanmaq üçün istifadə et, çünki bu Gecə bir ömrə bərabərdir».
Lətaiful-maarif, 191.
Qədr gecəsinin fəziləti
Uca Allah buyurmuşdur:
»Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! Sən haradan biləsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə (yerə) enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur».
(Quran, Qədr, 1-5)
AbdurRəhman əs-Saadi (Allah ona rəhmət etsin) öz təfsirində »həqiqətən qədr gecəsi min aydan xeyirlidir»ayəsini şərh edərək bildirmişdir: »Bu, həmin gecənin min gecədən daha xeyirli, ondan görülən əməllərin isə min ayda görülənlərdən daha xeyirli olduğunu göstərir. Həqiqətən düşündükdə, ayə adamı heyrətə salır. Belə ki, xüsusi bir gecə olan Qədr Gecəsində əməllərin hesabı minə aya vurulur, bu isə 80 ildən çox uzun ömür yaşayan insanın həyatını yalnız xeyir iş görməklə keçirməsinə bənzəyir».

İbn Kəsir (Allah ona rəhmət etsin) öz təfsirində bildirir ki, Qədr Gecəsində yer üzünə enən mələklərin sayı başqa gecələrdən daha çox olur ki, bu da xüsusi bərəkətin göstəricisidir. Onlar öz qanadlarını hər bir Quran oxuyanın, Allahı zikr edən məclisin və elm tələb edən bəndələrin üzərinə xeyir və bərəkətlə əyərək, yaxşı işlər görənləri Allahın əmri ilə ucaldırlar.
Eləcə də Əbu Hureyrədən (Allah razı olsun) rəvayət edilən hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) buyurmuşdur:’ ‘Qədr gecəsi yer üzündə mələklərin sayı, çınqıldan (xırda daşlar) daha çoxdur».
İbn Huzeymə. Şeyx Albani hədisin həsən-səhih olduğunu bildirir.
Həmçinin:
»And olsun (bu) aydın Kitaba! Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. Hər bir hikmətli iş o (gecədə) ayırd edilir – dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, (kitabları və elçiləri) Biz göndəririk».
(Quran, Duxan, 2-5)
Qatadə (Allah ona rəhmət etsin) demişdir: »Bu gecədə gələn ilin qədəri təyin olunur».
»Təfsir ət-Təbəri».
Eləcə də bilmək gərəkdir ki, Qədr gecəsi öz adını Allah qatında olan öz yüksək mövqeyinə, fəzilətinə görə almışdır. Belə ki, həmin gecə qarşıdakı bir il ərzində ömürlərinin uzunluğu və ruziləri, habelə baş verəcək işlər yazılır.
»Taysirul Kərimi Rəhman», 1017
İbn Abbas (Allah ondan da, atasından da razı olsun) rəvayət etmişdir: »Allah təala bütün Quranı Lövhi Məhfuzdan dünya səmasında olan ulduzların batma yeri olan İzzət evinə nazil etmiş və iyirmi üç il ərzində müxtəlif hadisələrlə əlaqəli olaraq Cəbrayıl (əleyhi salam) vasitəsi ilə hissə-hissə Peyğəmbərə (səllallahu aleyhi və səlləm) göndərmişdir».
Hakim. Hədisi İbn Həcər, şeyx Albani və şeyx Arnaut təsdiqləmişdir.
Şeyx Albani (Allah ona rəhmət etsin) əlavə olaraq bildirmişdir ki, İbn Abbas (Allah ondan da, atasından da razı olsun) bu kimi qeybi məsələlərdə öz fikirini söyləməz, yalnız Allah Rəsulunun(səllallahu aleyhi və səlləm) sözlərini çatdırardı».
«Silsilətil huda və-n-nur», 410.

Necə keçirməli?
Qədr gecəsini xüsusi çalışqanlıq və ibadətlə keçirmək lazımdır.
Allah Rəsulu (səllallahu aleyhi və səlləm) demişdir: »Qədr gecəsini ibadət edərək və mükafatını Allahdan diləyərək keçirən bəndənin bütün keçmiş günahları bağışlanar». Buxari, Müslim
Aişə (Allah ondan razı olsun) Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) “Qədr gecəsinin hansı gecə olduğunu bildikdə necə dua edim?” – deyə soruşduqda, Peyğəmbər (səllallahu aleyhi və səlləm) «Allahım, Sən Bağışlayan, kərəm Sahibisən, bağışlamağı sevirsən, məni bağışla”(Allahummə, innəkə afuun, tuhibbul afua fa`fuanni) – deyə cavab verdi.
Tirmizi, şeyx Albani səhihləmişdir.
Hafiz ibn Rəcəb (Allah ona rəhmət etsin) deyərdi: »Allah Rəsulu (səllallahu aleyhi və səlləm) Ramazan ayında gecə namazlarında Quran qiraət edərkən, rəhmət ayələrini oxuduğu zaman, Allahdan bunu istəyər, əzab ayələrində isə Ona sığınaraq dua edərdi. Beləliklə də, namaz, Quran oxumaq və dua kimi əzəmətli ibadətləri bir yerə cəmləmiş olardı».
Lətaiful-maarif, 204.
Nə vaxt?
Qədr gecəsinin dəqiq vaxtına dair İslam alimləri arasında bir çox ixtilafların olmasına baxmayaraq, onların hamısı bu gecənin Ramazan ayının son on gecəsinə təsadüf etdiyi fikrində həmrəydirlər.
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) belə rəvayət edir: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Qədr gecəsini ona hələ bildirilmədən öncə Ramazan ayının orta on günündə etikaf etdi. Etikaf günləri bitdiyində çadırının sökülməsini əmr etdi. Sonra ona onun axır on gündə olması bildirildi. Çadırının yenidən qurulmasını əmr etdi və quruldu. Sonra insanların yanına çıxıb belə buyurdu: “Ey insanlar! Mənə qədir gecəsi bildirilib. Mən bunu sizə xəbər vermək üçün çıxmışdım. Yanıma haqlarını tələb edən iki kişi gəldiyində yanlarında olan şeytan mənə onu unutdurdu. Onu Ramazan ayının axır on günündə axtarın. Onu doqquzuncu, yeddinci və beşinci günündə axtarın.” Mən Əbu Səidə (Allah ondan razı olsun) belə dedim: “Ey Əbu Səid! Ədədi sən bizdən daha yaxşı bilərsən.” O: “Bəli, biz buna sizdən daha haqlıyıq” deyə cavab verdiyində, Ondan: “doqquzuncu, yeddinci və beşinci nədir?” deyə soruşdum. O belə cavab verdi: “Iyirmi birinci gecə keçdikdə ondan sonra gələn iyirmi ikinci gecə doqquzuncudur. İyirmi ücüncü gecə keçdikdə ondan sonra gələn yeddincidir, iyirmi beşinci gecə keçdiyində ondan sonra gələn beşincidir” deyə cavab verdi. Müslim.
Aişədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Allah Rəsulu (səllallahu aleyhi və səlləm) buyurmuşdur:»Qədr gecəsini Ramazanın son on günün tək gecələrində axtarın». Buxari, Müslim
Tirmizi (Allah ona rəhmət etsin) demişdir:»Allah Rəsulundan (səllallahu aleyhi və səlləm) Qədr gecəsinin 21, 23, 25, 27 və 29 cu gecələrə təsadüf etməsinə dair rəvayətlər gəlmişdir» Tirmizi, «Sünən».
İbn Huzeymə (Allah ona rəhmət etsin) Qədr Gecəsinin hansı gecə olması barədə bütün səhih rəvayətləri cəmləyərək, bildirmişdir ki, o, hər il dəyişərək müxtəlif gecələrə təsadüd edir.
«Səhih ibn Huzeymə» 3/329.
İbn Həcər (Allah ona rəhmət etsin) də bu rəyə üstünlük verərək demişdir:»Racih rəyə əsasən, Qədr Gecəsi Ramazanın son on gününün hər il fərqli vaxtlarda tək gecələrinin birinə təsadüf edir».
«Fəthül Bari.»
İbn Teymiyyə (Allah ona rəhmət etsin) isə bildirmişdir ki, Əbu Səid əl-Xudridən (Allah ondan razı olsun) rəvayət edilən «Səhih Müslim»dəki hədisdəki Qədr gecəsinin hesablanma qaydasına əsasən getdikdə, ay 29 deyil, 30 gün olduğu təqdirdə, tək günlərə yox, cüt günlərə də düşə biləcəyini qeyd edir»
«Məcmu əl-Fətəva.»
Həqiqətən də Allah Rəsulunun (səllallahu aleyhi və səlləm) bu günlərdə ibadətlərinə baxdıqda görmək olar ki, o son on günün heç birini ayırd etmədən vaxtını daim ibadətə həsr edərdi.
Aişədən (Allah ondan razı olsun) rəvayət olunur ki:“Ramazan ayının son 10 günü daxil olarkən, Rəsulullah əyninə geydiyi paltarı bərk sıxardı (bir işə ciddi başlamağa və qadınlara yaxın durmamağa kinayədir), gecələri yaşadardı (oyaq qalardı) və ailəsini oyadardı” . Buxari
Alimlər Qədr gecəsinin dəqiq hansı gecəyə düşməsinin bilinməməsində Uca Allahın hikmətinin olduğunu qeyd edərək bildirirlər ki, bu ona görədir ki, müsəlman hansısa bir gecəyə ümidini bağlayıb rahatlaşmasın, ümidlə Rəbbindən o gecənin axtarışına çıxsın, bağışlanma istəsin.
Əlamətləri.
Ubadə ibn Samitdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Muhəmməd (səllallahu aleyhi və səlləm) Qədr Gecəsinin əlamətlərini belə bildirmişdir:»Gecənin təmiz və işıqlı olması, ayın parıldaması əlamətlərdəndir. Həmin gecə sakit, nə isti nə də soyuq olur, ulduz sürüşməsiniə səhər açılıncayadək icazə verilmir. Bu gecənin əlamətlərindən biri də günəşin düz, şüasız, sanki bütöv ay kimi doğmasıdır, şeytanlara isə onunla birlikdə çıxmaq qadağandır.»
İmam Əhməd, bütün ravilər etibar ediləndir. İbn Kəsir hədisin isnadını yaxşı hesab etmişdir.
Şeyx Useymin (Allah ona rəhmət etsin) demişdir:»Həmin gecə itlərin hürməməsi yaxud nadir hallarda hürməsinə gəldikdə isə, bu haqda səhih heç bir şey yoxdur.
«Şərh əl-Mumti.»


Tarix: 03.12.2014 / 16:49 Müəllif: Aziza Baxılıb: 222 Bölmə: Maraqlı melumatlar