beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Son anda gələn yardım

Qiyamət qopmuşdu. Qeyri-adi bir izdiham var idi. Hər yer insanlarla dolu idi. Kimisi çaşqın-çaşqın ətrafına baxır, kimisi sağa-sola qaçır, kimiləri də yerdə diz çökərək başını əllərinin arasında gizləyirdi.
Sanki ürəyi yerindən çıxacaqdı…. Soyuq tər basmışdı. Dünyada ikən qiyamət, sorğu-sual və tərəzi haqqında çox şey eşitmişdi. Ancaq məhşər meydanındakı ürpərti, qorxu və gözləməyin bu qədər dəhşət verəcəyini heç vaxt düşünməmişdi. Hər kəs öz növbəsini gözləyir və növbəsi çatınca hesaba çəkilmək üçün çağrılırdı. Növbə ona gəlib çatmişdı. Onun adını çəkmişdilər. Təşviş içində sağa-sola baxır. Dodaqları titrəyə-titrəyə:
-Məni çağırdınız? –deyir.
İzdiham birdən aralanır qarşısında bir yol açılır. İki nəfər qollarına girir. Bunlar məhşər meydanının xidmətçiləri idi. İzdihamın arasından çaşqın baxışlarla keçir. Meydanın mərkəzinə gəlirlər. Xidmətçilər yanından uzaqlaşırlar. Başı önünə əyilir… Bütün həyatı gözlərinin onundən gəlib-keçir. Öz-özünə:
- Şükür olsun, gözlərimi dünyaya açdığım evdə hər zaman dininə ən gözəl şəkildə əməl etməyə çalışan insaları gördüm. Atam ibadətlərinə həddindən artıq həssas yanaşır, dostları ilə dini söhətlər təşkil edir, malını İslam yolunda xərcləyirdi. Anam da onun kimi. Mən də hər zaman onlar kimi oldum. İnsanlığa xidmət etməyə çalışdım, onlara Allahdan danışdım. Namazımı qıldım, orucumu tutdum. Fərz olan nə varsa, yerinə yetirdim, haramlardan uzaq durdum…
Bunları düşünərkən yanaqlarından göz yaşları süzülürdü. Öz-ozünə:
- Rəbbimi sevirəm, heç olmasa sevdiyimi düşünürəm, -deyirdi. Amma bir tərəfdən də:
- "Onun üçün nə etsəm, yenə azdır, bu mənim cənnəti qazanmağıma kifayət etməz. Yeganə umidim Allahın bağışlaması və rəhmətidir,” – deyə düşünürdü.
Hesab çox uzun çəkdi. Qorxudan muncuq-muncuq tər tökür, tir-tir titrəyirdi. Gözləri tərəzinin millərində qalmışdı. Nəticənin nə olacağını gözləyirdi. Nəhayət, oradan onu çıxardaraq əvvəl olduğu yerə gətirirlər. Höküm veriləcəkdi. Öncə adı oxundu. Artıq ayaqlarının üstündə dayana bilmirdi. Gözlərini yumub həyacan içində hökmü gozləyirdi. Birdən məhşərdəki izdihamdan bir uğultu qopdu. Qulaqları səhvmi eşidirdi, nədir? Onun adi "Cəhənnəmliklər” siyahısında oxunmuşdu. Dizləri üstə çökdü, yıxıldı. "Ola bilməz” - deyə qışqırdı. Qalxıb sağa-sola qaçmağa başlayır. Hıçqıraraq: "Mən necə cəhənnəmlik ola bilərəm? Həyatım boyunca Allah yolunda qulluq edən insanlarla bir yerdə olmuşam. Onlarla bərabər insanlara Rəbbimi tanıtmağa çalışmışam”. - deyirdi.
Göz yaşları titrəyən vücudunu islatmışdı. Məhşər xidmətçiləri qollarından tutub izdihamı yararaq onu alovları göylərə yüksələn cəhənnəmə tərəf aparmağa başladılar.
Xidmətçilərin qolları arasında çırpınırdı… bir qurtuluş yox idimi? Bir yardım edın olmayacaqdımı? Dodaqlarından qırıq-qırıq yalvarışla qarışıq kəlmələr süzülməyə başladı… "Oruclarım… Oxuduğum Quranlar… Namazım… Heç biri xilas etməyəcəkmi?” Ağlaya-ağlaya yalvarırdı. Alova yaxınlaşmışdılar. Başını geriyə çevirdi. Son çırpıntıları idi.
Rəsulullah (sallallahu aleyhi və alihi səlləm): "Birinizin qapısının ağzından bir çay axsa və o çayda gündə beş dəfə yuyunsanız, üzərinizdə heç kir qalarmı? Namaz da belədir. Allah onun sayəsində bütün günahları silər” buyurmamışdımı? Son dəfə "Namazlarımdamı mənim dadıma çatmayacaq?” - deyə düşündü və "Namazlarım….” deyə hıçqırdı.
Xidmətçilər isə onu dibi görünməyən cəhənnəm çuxurunun başına gətirirlər. Alovların istisi üzünü qarsımağa başlamışdı. Sonuncu dəfə dönüb geriyə baxdı. Artıq gözlər də qurumuşdu. Ümidini tamam itirmişdi.
Qollarını sıxan əllərin boşaldığını hiss elədi. Qolları yanına düşdü. Xidmətçilərdən biri onu arxadan möhkəm bir şəkildə itələdi. Ayaqları yerdən üzüldü. Bədəni bir anda uçurumun dibinə yumarlandı. Alovların içərisinə doğru surətlə düşürdü. Bir neçə metr düşmüşdü ki, bir əlin onun qolundan tutduğunu hiss etdi. Başın qaldırıb yuxarıya baxdı. Onu xilas edən uzun və ağ saqqallı nurani bir qoca idi. Qoca onu yuxarıya doğru qaldırdı. O, üst-başının tozunu təmizlədikdən sonra soruşdu:
- Siz kimsiniz?
- Mən sənin Namazlarınam.!
- Bəs niyə bu qədər gec gəldin məni xilas etməyə? Lap son anda çatdın. Az qalmışdı alovların içinə düşəm.
Qoca acı-acı gülümsünərək başını yellədi:
- Sən məni həmişə axıra saxlayırdın, xatırladınmı??
Gözlərini açdığı zaman yatağında idi. Qan-tər basmışdı. Dərindən bir ah çəkdi və "Əlhəmdulillah, çox şükür ki, yuxu imiş” - dedi. Sonra çöldən gələn səsə qulaq asdı. Gecə əzanı oxunurdu. Ox kimi yerindən sıçradı: Dəstəmaz alacaqdı…


Tarix: 03.12.2014 / 16:42 Müəllif: Aziza Baxılıb: 104 Bölmə: Maraqlı melumatlar