beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

RAMAZAN AYI GETDI, IBADƏTIM AZALDI

Ramazan ayı getdi, bəs Ramazan ayından sonra nə edim? Ramazan ayında özümü Allahu Təalaya daha çox yaxın hiss edirdim. Nafilə namazlarımı artırmışdım, camaat namazından geri qalmırdım, hər gün Qu'rani Kərim oxuyurdum, harama baxmaqdan çəkinirdim, etdiyim ibadətlərdən mə'nəvi ləzzət alırdım. Lakin Ramazan bitdi, Ramazan ayında duyduğum o ləzzəti indi etdiyim ibadətlərdə hiss edə bilmirəm, namazlarımı güclə vaxtında saxlayıram, sabah namazını çox vaxtı keçirirəm, Qur'ani Kərimi hər gün oxuya bilmirəm, nə nafilə namazı nə də camaat namazlarım qalıb.
Görəsən bütün bunları necə düzəldim, necə müalicə edim özümü?
Çoxlarımız bu vəziyyət qarşısında qalmışıq və cavab axtarmışıq, özümüzü düzəltməyə can atmışıq.
Biz də sizlərə kömək olmaq üçün bəzi nəsihətləri burada yazırıq.

Birinci: Hər şeydən əvvəl və ilk olaraq Allahu Təalaya yönəlmək, Ona dua etmək və Ondan yardım diləmək. Ona dua edərək bizi hidayət yolundan azdırmamasını və bizi haqq uzərində sabit etməsini istəməliyik. Buna dair hətta Qur'ani Kərimdə bir çox dualar vardır. Əl-İmran surəsinin 8-ci ayəsində belə buyurulub: ((Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə (azğınlıq, əyrilik) salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən, həqiqətən, (bəndələrinə mərhəmət, ne'mət) bəxş edənsən!))

İkinci: Saleh və düzgün insanlarla oturub durmağa çalışaq, pis insanlardan uzaq olaq, Allahu Təala zikr olunan və elm məclislərində iştirak edək, dini mühazirələrə və dərslərə gedək.

Üçüncü: Keçmiş saleh qulların və sələflərin həyatlarına nəzər yetirək, onların həyatı haqqında bir az oxuyaq, əməlləri ilə yaxından tanış olaq ki, bu bizim daxilimizdə bir həvəs və istək yaratsın.

Dördüncü: Səsli olan dini dərslər varsa, kasetlərdə və ya CD-lərdə onları alıb qulaq dinləmək.

Beşinci: Fərz olan 5 vaxt namaza vaxtı vaxtında riayət etmək və çalışıb heç vaxtını keçirməmək. Çünki fərz əməllər həmişə başqa xeyir əməlləri görməkdə kömək olur.

Altıncı: Çalışaq nafilə namazları və bəzi nafilə əməlləri (sədəqə vermək, təbəssüm etmək, qonşuya kömək və sairə) arasıra edək, hər gün bir nafilə əməl etməyi proqramlaşdıraq. Çox olmasın az olsun, amma davamlı olsun. Peyğəmbərimiz (s.a.s) buyurmuşdurki: ((Allahu Təalaya əməllərin ən sevimlisi, az da olsa davamlı olanıdır))

Yeddinci: Çalışaq hər gün Qur'ani Kərimdən bir az əzbərləyək, bircə ayə olsa belə hər gün onu əzbərləməyə davam edək və əzbərlədiyimiz hər gün qıldığımız nafilə və sünnət namazlarında təkrar oxuyaq.

Səkkizinci: Musiqi, televizorda olan ədəbsiz proqram və kinolar, video kliplər, tərbiyəsiz şəkillər olan jurnallar və sairə kimi ürəyi söndürən və imanını öldürən əməllərdən uzaq durmağa çalışaq.

Doqquzuncu: Sonuncu olaraq hörmətli bacı və qardaşlarım, tövbə etməyi məsləhət görərdik. Pis əməllərimizdən və vərdişlərimizdən Allahu Təalaya doğru və geri dönməmək şərti ilə xalis tövbə edək. Bilinki Allah, tövbə edən quluna görə çox sevinir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 188 Bölmə: Maraqlı melumatlar