beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İMAM CƏFƏR SADİQİN (Ə) SEÇİLMİŞ KƏLAMLARI

(İslami saytlara istinadən)

Ömür keçicidir.

“Cavanlıq - yaxşı fürsət və rəhmət mehidir ki, ondan yaxşı bəhrələnmək lazımdır. Allahın verdiyi bu neməti ki, keçicidir, zay etmək sonrakı illər üçün qəm və qüssədən və peşmançılıqdan başqa bir şey miras qoymayacaqdır. Həyat çox qısadır, iş yolu uzun və fürsət keçicidir. Bizim ən qiymətli sərmayəmiz vaxtdır ki, geri qayıtmır. Ona görə də yaxşı yaşamağın ən yaxşı üsulu bizə rast gələn əvəzsiz fürsətlərdən bəhrələnməkdir”.

“O kəsə ki, fürsət rast gələr və o da daha kamil fürsət əldə etmək üçün onu təxirə salar, ruzigar həmin fürsəti də ondan alar”.

Nəfsin gündəlik mühasibəsi.

“Bizi tanıyan hər bir müsəlman yaxşı olar ki, gecə və gündüz gördüyü işləri hər gün özü üçün gözdən keçirsin və özü-özünə hesabat versin. Əgər yaxşı olsa, o əməlini artırsın, əgər günah edərsə, bağışlanma istəsin ki, Qiyamət günü rüsvay olmasın”.

Mətanət.

“Əgər bizim Əhli-Beyt (ə) davamçılarımız mətanət göstərsələr, mələklər ona əl verərdilər. Buludlar ona kölgə salardılar. Gündüz çağı nur saçardılar, başlarının üstündən və ayaqlarının altından ruzilərini yeyərdilər. Allahdan heç bir şey istəməzdilər, çünki Allah onlara hər şeyi verərdi”.

Paxıllıq və hiylənin aqibəti.

“Hər kim öz din qardaşına hiylə işlədər və onu alçaldarsa, onunla vuruşarsa - Allah onun yerini atəş edər. Hər kim möminə paxıllıq edərsə, imanı qəlbində suya çevrilər. Necə ki, duz suda həll olar”.

Dindarlıq və möminə kömək.

“... Allaha and olsun ki, bizim vilayətimizə dünyada möminlik və çalışmaqla, Allaha xatir qardaşlarına yardım etməklə çatmaq olar. O kəs ki, insanlara zülm edir, bizim Əhli-Beyt (ə) davamçımız deyildir”.
Başqaları ilə necə olmalıyıq.

“Səninlə əlaqəsini kəsənə yaxın ol, sənə qarşı xəsis olana hədiyyə ver, sənə pislik edənə yaxşılıq et, səni söyənə salam ver, sənə düşmənçilik edənə qarşı insaflı ol, sənə zülm edəni bağışla, necə ki, istərdin ki, sənə o cür güzəşt etsinlər. Allahın əfvindən ibrət al. Məgər görmürsənmi ki, günəş həm yaxşı insanlara, həm də pis insanlara eyni cür nur saçır?! Yağış layiqlilərə və nalayiqlərə eyni cür yağır?!”.

Allahı necə səsləyək?

“Səsini alçaq et, çünki Allah gizli və aşkarı bilir və sual verməmiş bilir ki, nə istəyirsən”.

Behişt və cəhənnəm, həqiqi xeyir və şər.

“Bütün xeyir və bütün şər sənin qarşındadır. Xeyir və şəri görmürsən. Ancaq axirətdən sonra görəcəksən. Belə ki, Allah Təala bütün xeyirləri behiştdə və bütün şərləri cəhənnəmdə qərar vermişdir. Çünki, bu ikisi qalıcıdır”.

İslamın siması.

“İslam çılpaqdır, paltarı - həya və bəzəyi - vüqar, alicənablığı - saleh əməl və sütunu - möminlikdir. Hər şey üçün binövrə vardır. İslamın bünövrəsi isə biz Əhli-Beyt (ə) ilə dostluqdur”.

Axirət üçün əməl.

“Bu gün dünyada elə bir iş gör ki, onun vasitəsilə axirətdə xoşbəxtliyə ümidin olsun”.

Riyadan və düşmənçilikdən çəkinmək.

“Riyadan çəkin ki, əməlini aradan aparar, mübahisədən çəkin ki, səni həlak edər, düşmənçilikdən çəkin ki, səni Allahdan uzaqlaşdırar”.

Allahdan afiyət istəmək.

“Allahdan afiyət istəyin, yumşaqlığınızı, vüqarınızı və həyanızı hifz edin”.

Dua, özü bir əməldir.

“Çoxlu dua edin, çünki Allah dua edən bəndələrini sevir. Mömin bəndələrinə onu yerinə yetirəcəyini vəd etmişdir. Allah Qiyamət günü duanı möminin rəftralarından hesab edəcəkdir. Savabını behiştlə artırar”.
Yoxsul müsəlmanları sevin.

“Yoxsul müsəlmanlarla dostluq edənlərə eşq olsun. Çünki o kəs ki, onları kiçik hesab etsə və onlara təkəbbür göstərsə, həqiqətən Allahı görəndə titrəyər. Allah onu zəlil edər. Atamız Allahın Rəsulu (s) buyurmuşdur: “Allahım mənə əmr etmişdir ki, yoxsul müsəlmanları çox istəyim”.

Küfr ilə paxıllığın rabitəsi.

“Bir-birinizə paxıllıq etməkdən çəkinin, çünki küfrün kökü paxıllıqdır”.

Sevgi bəxş edən əməl.

“Üç şey sevgi gətirər: borc vermək, təvazökarlıq və bəxşiş”.

Düşmənçilik yaradan əməl.

“Üç şey düşmənçilik yaradar: ikiüzlülük, zülm və xudbinlik”.

Nifaqın nişanələri.

“Üç xüsusiyyət vardır ki, kimdə olsa, o, münafiqdir. Baxmayaraq ki, namaz qılır və oruc tutur. Danışdığı söz yalan olarsa, vədinə əməl etməzsə, əmanətdar kimi tanınıb, xəyanət edərsə”.

Üç insandan çəkinmək.

“Axmaqla məsləhətləşmə, yalançıdan kömək istəmə, hakimiyyət başında olanların dostluğuna etimad etmə”.

Böyüklük nişanəsi.

“Üç xüsusiyyət vardır ki, hər kimdə olarsa, o, xoşbəxt olar. Qəzəbini boğmaq, pis rəftara güzəşt etmək, can və mal ilə sileyi-rəhm etmək.”

Böyüklüyün başqa nişanələri.

“Üç xüsusiyyət həmin şəxsin böyüklüyünü bildirir. Xoşxasiyyət, qəzəbi boğmaq, gözü aşağı sallamaq”.

Bəlağətin nişanəsi.

“Üç şeydə bəlağət vardır: məqsədinin mənasını çatdıra bilmək, boş sözdən uzaq olmaq, az sözlə geniş mənanı çatdırmaq”.

Nicat üç şeydədir.

“Nicat üç şeydədir: dilini saxlamaq, evində qalmaq və səhvindən peşman olmaq”.

Üç şey ziyan gətirər.

“Üç nəfər həyatı zülmət edər: zalım hökmdar, pis qonşu və həyasız və söyüşcül qadın”.

Salamatlıq nədədir?

“Salamatlıq üç şeydən qaçmaqdadır: pis danışıq, pis əl və pis iş”.
Hazırladı: Məşhədi Xanım


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 123 Bölmə: Maraqlı melumatlar