beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həcc əməlləri!!!

Təməttü həccinin ikinci vacib əməli Zilhiccə ayının doqquzu günündə Ərəfat adlanan məntəqədə qalmaqdır. Zəvvar bura çatdıqda belə bir niyyət etməlidir: "Allaha yaxınlaşmaq və təməttü həcci üçün zöhr azanından şam azanına qədər Ərəfatda qalıram".

Ərəfatın əhatə dairəsi xüsusi işarələrlə müəyyən edilmişdir və oradan kənara çıxmaq olmaz. Ərəfatda qalmaq həccin əsas hissələrindən birini təşkil etdiyi üçün oranı bilərəkdən tərk etmək həcci bütünlüklə batil etir. Günün müəyyən hissəsində oranı tərk etdikdə isə insan günah etmiş olsa da, həcci batil olmur. Qeyri-ixtiyari tərk etdikdə də günah etməmiş olur. Amma bilərəkdən Ərəfatda qalmağı unudub orada qalma vaxtı da qurtararsa, həcc düzgün hesab olunur. Belə olduqda zəvvar Məşərdə qalmalıdır. Vaxt imkan verdiyi halda isə dərhal Ərəfata qayıdıb müəyyən edilmiş müddət qurtarana qədər orada qalmalıdır.
Əgər zəvvar unutqanlıq üzündən gün çıxmazdan əvvəl Ərəfatı tərk edərsə, dərhal oraya qayıtmalıdır. Əksinə, buna diqqət yetirməsə, yaxud yadına düşməsə, bu halda boynuna hec bir kəffarə düşmür, həcci də düzgündür.

Məşər
Təməttü həccinin üçüncü vacib əməli Muzdəlifədə (Məşərul-həram) qalmaqdır.Burada da eyni qaydada niyyət edilir. Zəvvar bayram gecəsi Ərəfatdan çıxdıqdan sonra Muzdəlifəyə getməlidir.Yaxşı olar ki, gecəni Məşərdə qalsın və ertəsi səhər belə niyyət etsin: "Allaha yaxınlaşmaq və təməttü həcci üçün sübh azanından gün batana qədər Məşərul-həramda qalıram". Məşərul-həramın (Muzdəlifənin) da sərhədləri işarələrlə müəyyən edilmişdir və oradan bilərəkdən çıxmaq həcci batil edir. Məşərdə qalmaq iki hissəyə bölünür:

1.Qurban bayramının sübh namazından gün batana qədər. Buna ixtiyari qalma deyilir. Əgər sübh namazından bir neçə dəqiqə sonra oranı bilərəkdən tərk edib gün batana qədər qalmazsa, həcci düzgün olsa da, günah etmiş olur
2.İztirarın (məcburi) qalma. Bunun özü də iki hissəyə bölünür - bayram gününün məğrib namazından sübh namazına qədər və Qurban günü gün çıxandan zöhr namazına qədər.

Böyük Şeytanın daşlanması

Təməttü həccinin dördüncü vacib əməli Böyük Şeytanın daşlanmasıdır. Niyyət etdikdən sonra, Zilhiccənin onuncu günü Minada yalnız Böyük Şeytan daşlanmasıdır.

Qurbanlıq

Təməttü həccinin beşinci vacib əməli qurbanlıq kəsməkdir. Qurbanlıq heyvan Qurban bayramı günü kəsilməlidir. Bunun üçün bir neçə vacib göstərişlər var:
1.Niyyət edilməlidir;
2.Qurbanlıq heyvan ya dəvə, ya inək ya da qoyun olmalıdır;
3.Hər bir heyvan özünəməxsus yaşda olmalıdır;
4.Nöqsansız olmalıdır;
5.Bayram günü kəsilməlidir;.
6. Minada kəsilməlidir;.
7. Ardıcıllığa riayyət olunmalıdır;
8.Qurbanlıq heyvan hərəmin (ziyarətgahın) əhatə dairəsindən çıxarılmadan kəsilməlidir;
9. Zəvvar qurban kəsməzdən əvvəl niyyət etməlidir. Heyvanı onun yerinə başqa birisi kəsdikdə hər iki şəxs niyyət etməlidir. Tək zəvvarın niyyət etməsi də, həmçinin kifayət edər;
Vacib həcc ziyarətində kəsilən bir qoyun, və ya bir keçi bir nəfərə aid olur;
10. Qurbanlıq dəvənin beş yaşı, inək və keçinin iki, qoyunun isə bir yaşı tamam olmalıdır. Qoyun 7 aylıq olarsa da, kifayət edər;
11. Zəvvar qurbaqlıq heyvan kəsə bilmədikdə onun əvəzinə on gün oruc tutmalıdır. Onlardan üç gününü həccdə, qalan yeddi gününü isə vətəndə tutmalıdır.

Bundan başqa, həccdə tutulan oruc Zilhiccə ayında tutulmalıdır. Bu zaman aşağıdaki şərtlərə riayət etmək vacibdir:
1.Üç gün ardıcıl oruc tutulmalıdır.
2. Oruc Zilhiccə ayının 10,11 və 12-ci günlərində tutulmalıdır. Zilhiccə ayının 12 və 13-cü günləri Minada olduqda isə oruc tutmaq olar. Həccdəki kəffarə orucunu Zilhiccə ayının sonuna qədər tutmaq olar.
Əgər Ərəfə və Tərviyə günlərində oruc tutularsa, Minadan qayıtdıqdan dərhal sonra, üçüncü günü təxirə salmadan oruc tutmaq lazımdır. Orucun Minada, və ya Məkkədə tutulması vacibdir.
Oruc tutmağa imkan olmadıqda, yaxud yolda da tuta bilmədikdə vətənə qayıtdıqda tutmalıdır. Üzürsüz olaraq Mina və Məkkədə oruc tutmayan şəxs günah etmiş olur. Lakin vətəndə tutulan oruc düzgündür.
Yaxşı olar ki, kəsilən qurbanlıq üç hissəyə bölünsün. Zəvvar qurbanlıq ətinin üçdəbirini özünə götürə bilər, amma üççdəbirini yoxsullara, üçdəbirini isə başqalarına verməlidir. Lakin hazırda həcc ziyarətindəki tünlükdə belə bölgü aparmaq çox çətindir.
Zəvvarın qurbanı özü kəsməsi vacib deyil, bunu başqasına da həvalə edə bilər. Qurbanlıq bayram günü və ya təşriq günləri (Zilhiccənin 10,11,12-ci günləri) kəsilməli və bundan gec təxirə salınmamalıdır.
Qurbanlıq mütləq Minada kəsilməlidir. Lakin hazırda yer azlığından Minadan xaricdə də qurban kəsilir.
Qurbanın Şeytanın daşlanmasından sonra və saçla dırnaqların qısaldılmasından əvvəl kəsilməsi vacib deyil.

Təqsir (saç və dırnaqların qısaldılması)
Təməttü həccinin altıncı vacib əməli saç və dırnaqların qısaldılmasıdır.
Kişi zəvvarlar qurban kəsdikdən sonra başlarını təmiz qırxdırmalı və dırnaqlırını qısaltmalıdırlır. Yaxşı olar ki əvvəlcə baş qırxılsın, sonra dırnaqlar qısaldılsın.

Təqsirin vacibatları:
1.Niyyət etmək (hər bir əməl üçün);
2. Minada olmaq;
3. Ardıcıllığa riayət etmək;
Təqsir işıqlı havada olmalıdır. Amma imkansızlıq üzündən axşam da bu işi görmək olar. İstər məlumatsızlıq, istərsə də unutqanlıq üzündən təqsir etmədən Minadan xaric olan şəxs dərhal geri qayıdıb əməli yerinə yetirməlidir. Təqsirdən sonra (ətir iyləmək və qadınla ünsiyyətdə olmaq istisna olmaqla) ehram halında olan zəvvara haram olan əməllər halal olur. Bu iki şey isə nisa təvafından sonra zəvvara halal olur.

Minada qalmaq
Təməttü həccinin yeddinci vacib əməli gecəni Minada qalmaqdır.
Gecəni yatmaq da, oyaq qalmaq da olar. Zilhiccə ayının 11,12 və 13-cü gecələrini isə Minada qalmaq vacibdir. Burada belə niyyət edilir: "Allaha yaxınlaşmaq və təməttü həcci üçün bu gecəni Minada qalıram".

Üç halda 13-cü gecəni də Minada qalmaq vacibdir.
1.Ehram halında ov etdikdə;
2.Ehram halında qadınla yaxınlıq edikdə;
3.Zilhiccə ayının 12-nə qədər Minadan xaric olmadıqda.
Minada qalmaq üçün gecənin yarısı kifayətdir. Bilərəkdən Minada qalmayan şəxs günah etmiş olur və həmin gecənin əvəvizinə kəffarə olaraq bir qoyun verməlidir.

Dörd halda Minada qalmamaq günah və kəffarəyə səbəb olmur:
1.Məkkədən Mina məqsədilə çıxıb yolda yuxu tutan şəxsə;
2.Gecənin yarısına qədər Məkkədə qalıb ibadətlə məşğul olan şəxsə;
3 Minada yer olmadıqdva, xəstəlik və bu kimi üzürlü səbəbləri olan şəxsə;
4.Məsələnini vacibliyi barədə məlumatsız olan, və ya bunu unudan şəxsə.
Əgər bir şəxs 12-ci günün şam namazına qədər Minada qalarsa, 13-cü günün də bir hissəsini orada qalmalı və hər üç Şeytanı 13-cü gün daşlamalıdır. Bilərəkdən yerinə yetirməsə, günah etmiş olur və kəffarə olaraq bir qoyun verməlidir.
Həccə birinci dəfə gələn və ehrama haram olan bəzi işlər görən şəxslər yaxşı olar ki, Zəilhiccə ayının 13-cü günü də Minada qalsınlar.
Zəvvar Minada qalmaq əvəzinə, gecənin yarısını Məkkə şəhərində qalıb ibadətlə məşgul ola bilər.


Şeytana daş atma
Təməttü həccinin səkkizinci əməli Şeytana daş atmaqdır.
Zilhiccə ayının 12 və 13-cü günləri niyyət etdikdən sonra balaca, orta və böyük Şeytanın hər birinə yeddi daş atılır. Belə niyyət edilir: "Allaha yaxınlaşmaq və təmmətü həcci üçün Şeytana yeddi daş atıram".
Şeytanların daşlanması gün çıxandan sonra başlanmalı və bu zaman ardıcıllığa riayət olunmalıdır. Yəni əvvəlcə balaca, sonra orta, axırda isə böyük Şeytan daşlanmalıdır. Onların hər birinə yeddi və ümumilikdə iyirmi bir daş atılmalıdır.
Xəstə, qoca və bu kimi üzürlü şəxslər Şeytanı gecə də daşlaya bilərlər.
Zəvvarın Şeytanı ardıcıl daşlaması vacib deyil. Bu işi fasilə verməklə də yerinə yetirmək olar. Yəni böyük Şeytanı səhər, ortancılı günorta, kiçiyi isə axşam daşlamaq olar.
Şeytanı daşlamayan şəxs günah etmiş olur, lakin bu həcci batil etmir və kəffarəyə də səbəb olmur. Bu əməli unutqanlıq, və ya məlumatsızlıq üzündən yerinə yetirməyən şəxs günah etməmiş olur və boynuna kəffarə düşmür. Bununla belə, o, bütün vacib əməllərin qəzasını yerinə yetirməlidir. Şeytanı daşlamağı unudan və Məkkə şəhərinə gələn şəxs geri qayıdıb bu əməlin qəzasını yerinə yetirməlidir. Vətəninə gəldikdən sonra bunu xatırlayan şəxs ya növbəti ildə gəlib bu əməlin qəzasını yerinə yetirməli, ya da başqa birisini öz yerinə göndərib əməlin yerinə yetirilməsini ona həvalə etməlidir. Şeytanın daşlanmasının bir neçə vacibatı var:
1.Niyyət etmək - «Allaha yaxınlaşmaq və təməttü həcci üçün yeddi daşla Şeytanı daşlayıram» demək;
2.Şeytana yeddi daş atmaq lazımdır. Bununla belə, hər ehtimala qarşı, bir neçə artıq daş atmaq da olar.
3.Daşlar sütunabənzər tikiliyə dəyməlidir. Daş səmtini dəyişib başqa birinə dəyərsə, bunun eybi yoxdur.
4.Daşlar mütləq sütuna atılmalıdır və onların kənara qoyulması kifayət etmir.
5.Daşlar bir-birinin ardınca atılmalıdır.
6. Üzürlü səbəb olmadan Şeytana daş gün çıxandan şam namazına qədər atılmalıdır.
7. Zəvvar atdığı daşın hədəfə dəydiyinə şəkk etdikdə onun dəydiyinə ehtimal verməli və növbəti daşını atmalıdır. Sonradan şəkk etdikdə isə ümumiyyətlə, şəkkinə etina etməməlidir.
8.Daşlar orta böyüklükdə olmalı və ilk dəfə istifadə olunmalıdır.
9. Daşları fasilə ilə atmaq olar, amma fasilə çox olduqda yenidən başlamaq lazımdır.
10. Şeytan, hətta zərurət yarandıqda belə, yuxarıdan daşlanmamalıdır.

Təvaf
Həcc ziyarətinin vacib əməllərindən biri də Təvafdır. Bu əməlin özü də bir neçə hissəyə bölünür:
1.Ziyarət təvafı.
Ziyarət təvafının təməttü və ümrə təvafından fərqi yalnız niyyətindədir. Niyyət belə edilir: "Allaha yaxınlaşmaq üçün ziyarət təvafı edirəm".

İki rükətlik təvaf namazı
Məqam İbrahim adlanan yerdə, və ya onun arxasında iki rükət namaz qılınır və bu, namaz niyyətindən başqa ümrə və təməttü təvaf namazlarından heç nə il fərqlənmir. Belə niyyət olunur: «Allaha yaxınlaşmaq üçün iki rükət təməttü təvafı namazı qılıram».

Təvafın səkkiz vacibi

1-2 Qara daşın kənarından başlayıb Kəbənin ətrafına yeddi dəfə dolanmaq və təvafı elə oradaca sona çatdırmaq lazımdır.
3.Təvafa başlayarkən Kəbə evi sol tərəfdə qərar tutmalıdır. Təvafın sonuna qədər buna riayət etmək lazımdır. Əgər kütlənin təzyiqi nəticəsində, və ya Kəbənin dörd tərəfini öpmək məqsədilə üz, sağ, və ya arxa tərəf Kəbə evinə tərəf çevrilərsə, olunan təvaflar hesaba alınmır və onları yeniləmək lazımdır.
4.Hicri İsmaili təvaf dairəsinin içində qəar vermək lazımdır. Yəni təvafı Hicri İsmailin içində və divarının üzərində deyil, yalnız xaricində etmək lazımdır.
5.Təvaf Kəbənin əvvəlki binasındən kənarda yerinə yetirilməlidir.
6.Kəbə evinin ətrafına yeddi dəfə təvaf (dövr) etmək lazımdır. Təvaf 7 dəfədən az, və ya çox olmamalıdır. Bilərəkdən az, və ya çox təvaf etdikdə əməl batil olur.
7.Yeddi dövrə ardıcıl olmalı və onların arasında fasilə çox olmamalıdır.
8.Zəvvar təvafı özü yerinə yetirməlidir və əgər kütlənin sıxlığı nəticəsində qeyri-ixtiyari halda təvaf edərsə, onları yenidən təzələməlidir.
9. Təvaf Kəbə ilə Məqam İbrahimin arasında, yəni 12 metrlik məsafədə həyata keçirilməlidir.Bu məsafədən təvaf edə bilməyənlər ondan xaricdə də təvaf edə bilərlər.

Səfa və Mərva arasında yürüş
Təməttü həccinin doquzuncu vacib əməli Səfa və Mərva arasında yürüşdür.
Əvvəlcə niyyət edilir: "Allaha yaxınlaşmaq təməttü həccinin Səfa ilə Mərva arasındakı yürüşünü yerinə yetirirəm".
Təvaf, təvaf namazı və Səfa ilə Mərva arasındakı yürüş sona çatdıqdan sonra ehram halında haram olan hər şey zəvvara halal olur.

Nisa təvafı
Həccin onuncu və on birinci vacib əməli Nisa təvafı və təvaf namazıdır. Təməttü və çmra təvafı necə yerinə yetirilirsə, Nisa təvafı da həmin qayda ilə yerinə yetirilir və namazı da elə qılınır. Fərq yalnız niyyətindədir. Belə niyyət olunur: "Allaha yaxınlaşmaq və təməttü həcci üçün Nisa təvafını yerinə yetirirəm". Təvaf yerinə yetirildikdən sonra namaz qılınır. Bu namaz yaşından və cinsindən asılı olmayaraq hamı üçün vacibdir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 330 Bölmə: Maraqlı melumatlar