beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Plüralizm nədir? Tolerantlıq nədir?

Plüralizm sözü axır on il ərzində cəmiyyətimizdə, ictimai həyatımızda tez-tez işlənən sözlərdəndir. Çox vaxt bu sözün əsl mənasına varmadan ondan istifadə edirik. Çox vaxt, onu yalnız istədiyimiz mənada səsləndiririk. Gəlin, ABŞ-ın Kolumbiya Universitetinin professoru Covanni Sartorinin «plüralizm» və onun ayrılmaz hissəsi bildiyi «tolerantlıq» anlayışını necə başa düşdüyünə bir nəzər salaq.

Tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəldi. Tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir. Bunların arasında fərq ondan ibaratdir ki, tolerantlıq dəyərlərə hörmət edir, plüralizm isə fərqli dəyərlərin mövcudluğunu təsdiq edir. Çünki plüralizm fərqlərin və müxtəlif mövqelərin şəxsləri, siyasətləri və cəmiyyətləri zənginləşdirən dəyərlər kimi qiymətləndirir.

17-ci əsrə qədər adamlar fərqli mövqelərin, dinlərin və s. mövcudluğun dövlətlərin dağılmasına səbəb olan qeyri-sabitliyə və münaqişələrə gətirəcəyinə inanırdılar. Yekdillik isə dövlətin zəruri şərti sayılırdı. Tədricən əks mövqe bərqərar olmağa başladı, və əksinə, yekdilliyə şübhə ilə yanaşmağa başladılar. Və elə bu yolla gedə-gedə biz bu günkü demokratiyaya çatdıq. Qədim imperiyalar, avtokratiyalar, despotizmlər, köhnə və yeni tiraniyalar — bütün bunlar birrəngli dünyalardır, demokratiya isə çoxrənglidir.Plüralizmdən və plüralist cəmiyyət yaratmaq niyyətindən danışanda, biz püralizmin ayrılmaz hissəsi olan tolerantlığı (özgə fikrə, mövqeyə dözümlük) da nəzərdə tuturuq.

Tolerantlıq qətiyyən laqeydlik demək deyil. Laqeyd olmaq maraq göstərməmək deməkdir, bu isə tolerantlığa aid oluna bilməz. Tolerantlıq relyativizm də demək deyil. Relyativist baxış bəsləyəndə, biz bütün mövqeləri qəbul etməyə üstünlük veririk. Tolerantlıq isə o deməkdir ki, bizim öz mövqelərimiz olduğu və biz bu mövqeyi düzgün hesab etdiyimiz halda, biz bununla belə digərlərinə səhv, yanlış mövqe tutmaq hüqutunu veririk.

Tolerantlıq həmişə gərginlik altında olur və heç vaxt tamamlanmır. Çünki əgər bir kəs nəyəsə doğrudan da ciddi münasibət bəsləyirsə, o, həmin o «nəyisə» reallığa çevirmək üçün cəhd göstərəcək. Əks təqdirdə, onun münasibətini doğrudan da «can yandıran» adlandırmaq çətin olar. Lakin digər tərəfdən, tolerant olan kəs bunu etmək üçün əlində olan bütün vasitələrdən istifadə etməyəcək.

Onda, tolerantlığın çərçivələri haradan keçir? Bunları demək çətindir. Lakin onu deyə bilərik ki, burada üç meyar mövcuddur. Birinçi meyar ondan ibarətdir ki, biz nəyisə qəbuledilmöz hesab ediriksə, biz həmişə bunun səbəbini göstərməliyik (doqmatizm yolverilməzdir). İkinci meyar zərər prinsipi üzərində əsaslanır: zərərli davranış dözülməz, yolverilməzdir. Üçüncü meyar isə qarşılıqlıdır: tolerant (dözümlü) olaraq, biz əvəzində özümüzə qarşı tolerant münasibət gözləyirik.

Konsensus məsaləsinə gəldikdə isə onu qeyd etmək lazımdır ki, konsensus heç də razılıq demək deyil: burada hər bir kəsin hansısa məsələyə fəal şəkildə razılıq verməsi tələb olunmur. Konsensusun əsas mənası nəyinsə qəbul olunmasıdır — lakin qeyri-müəyyən və passiv formada. Bununla belə, konsensus müəyyən mənada birləşdirən şəriklik hissidir.


Tarix: 10.12.2014 / 18:22 Müəllif: Aziza Baxılıb: 89 Bölmə: Maraqlı Melumatlar