Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cümə məscidi (Ərdəbil)

Ərdəbil Cümə məscidi (جمعه مسجد اردبیل) – Güney Azərbaycanın Ərdəbil şəhərində yerləşən və unikal memarlıq quruluşuna malik olan məscid. Məscidin dövrümüzə xarabalıqları çatıb.

Ərəbdilli qaynaqlarda bu məscidin adı X yüzildən çəkilsə də, məscid bizə bəlli olan plan məkan quruluşunu 1078 – ci ildə almışdır.

Came məscidi (bəzi qaynaqlarda Adına məscidi kimi qeyd edilir) bulağı olan təpə üstündə inşa edilmişdir. Vaxtilə bu təpə Ərdəbilin böyük bazar meydanının ortasında yüksəlirmiş.

Ərdəbil came məscidinin düzbucaqlı planı kvadrat ibadət salonu və dərin eyvandan əmələ gəlmişdir. Onun qalın divarları içərisində dövrləmə dəhliz sistemi quraşdırılmışdır. Bu xüsusiyyət, eləcə də plan biçimi Ərdəbil məscidini Səlcuqlular dövrünün başqa Azərbaycan məscidlərindən fərqləndirir. Belə quruluşa və bir sıra rəvayətlərə əsaslanan bəzi araşdırmaçılar Ərdəbil came məscidinin əski atəşgah qalıqları üzərində inşa edildiyini güman edirlər. Cəfər Qiyasi isə qeyd edir ki, bu məscid binası bəzi plan-məkan özümlüklərinə görə Güney Azərbaycanın Qazaka şəhərindəki Azərgüşnasp məbədi ilə tutuşdurula bilər.[1]

Məscidin eyvanı (uzunluğu 15, 5 m, eni 10 m) ilk halında tağbəndlə örtülü olmuşdur. Gümbəzli ibadət salonunun qapalı cənub divarının ortasında mehrab taxçası düzəldilmiş, qalan üç divarının hər birində (ortadakı enli, yanlardakı ensiz) verilmişdir. Belə plan quruluşu köşk tipli Səlcuqlu məscidlərinin çoxu üçün səciyyəvidir.

Came məscidinin iri günbəzi (diametri 13 m) bayır səthi büzməli olan hündür boyun (baraban) üzərində ucalırdı. İbadət salonunun kub şəkilli tutumunun üst qatında da dəhliz (qalereya) olmuşdur. Bu xüsusiyyətlərinə görə də Ərdəbil məscidi nəinki Azərbaycan memarlığında, eləcə də dünya memarlığında bənzərsizdir. Abidənin günbəz və tağbəndi uçmuşdur.

XVII yüzilə aid bir rəsmdə Ərdəbil Came Məscidinin qapapalı həyət ətrafında salınmış memarlıq kompleksinin baş tikilisi olduğu görünür. Onun tutumunun cənub-şərq bucağında bir minarə ucalırmış. Minarənin bu şəkildə, tutumdan ayrı tikilməsi də XI-XII yüzillərin tikinti gələnəkləri ilə uzlaşır. Yığcam plan-məkan quruluşu və bitkin mühəndis həlli olan Ərdəbil Came Məscidi Azərbaycanın klassik memarlıq əsəridir.


Tarix: 25.02.2013 / 22:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 270 Bölmə: Məscidlər
loading...