Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Came məscidi (Naxçıvan)

Came məscidi — Naxçıvan şəhərində memarlıq abidəsi.

Tarixi

Memarlıq konstruktiv quruluşuna görə məscid XVIII əsrə aid edilir. Giriş qapısının baş tərəfində kitabə qoyulmuşdur. Əvvəli dini mətndən ibarət olan gözəl nəstəliq xətti ilə ərəb və fars dillərində mərmər lövhə (87x57 sm) üzərində həkk edilmiş kitabədə deyilir ki, bu Cəfəriyyə məscidi 1311-ci ildə (1894) naxçıvanlı mərhum Hacı Novruzun oğlu Xeyrül-Hac Məhəmməd Cəfər ağanın səyi ilə bərpa edilmişdir. Həmçinin, kitabədə Hacı Məhəmməd Cəfər ağanın məscidin məsrəflərini ödəməkdən və mücavirlərdən ötrü çay yuxarısında 2 dükan ayırdığı da qeyd olunmuşdur. "Çay yuxarısında" – deyərkən vaxtilə şimal-şərqdən axaraq, cənub-qərbdə Araza qovuşan və Naxçıvan şəhərinin ortasından keçən Bazar çayı nəzərdə tutulur. Bu çay 20-ci yüzilliyin 60-cı illərinədək Naxçıvan şəhərinin içərisindən axırdı. 1960-cı illərdə çayın üstü beton plitələrlə örtüldü və görünməz oldu. Kitabədə məscidin memarı zünü "əgər məndən sonra məscidin memarını axtarsalar, səkkizinci imamdan sonrakı adla adlanıram"-deyə təqdim etmişdir. Məlumdur ki, şiələrin əkkizinci imamı Rza, doqquzuncu imamı isə Məhəmməd Təqidir. Deməli məscidin memarının adı Məhəmməd Təqi imiş. Kitabə vasitəsilə başqa mənbələrdən məlum olmayan iki görkəmli sənətkarın adı elmi dövriyyəyə daxil edilmişdir. Onlardan biri məscidin memarı Məhəmməd Təqi (həmçinin, o, kitabənin mətnini mərmər lövhə üzərində yazmışdır), ikincisi isə kitabəni həkk edən Məhəmməd Salehdir. Məscidin ümumi sahəsi təqribən 1000 m2-dir. Bir minarəlidir. 1918-ci ildə ermənilər Naxçıvanda yerli əhaliyə qarşı soyqırım tətbiq edərkən top atəşi ilə minarəni zədələmişlər. Sonralar minarə bərpa olunmuşdur. Sovet hakimiyyəti illərində Naxçıvan şəhərində, ümumiyyətlə muxtar respublikada fəaliyyət göstərən yeganə məscid olmuşdur. 2007-ci ildə məsciddə əsaslı bərpa işləri aparılmışdır.


Tarix: 25.02.2013 / 22:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 245 Bölmə: Məscidlər
loading...