beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göyçə mahalı Kəsəmən: Bir kəndin tarixindən səhifələr (kitab)

Filologiya elmləri doktoru, yazıçı-publisist Almaz Ülvinin “Göyçə mahalı Kəsəmən: Bir kəndin tarixindən səhifələr” kitabı.

Kitab Qərbi Azərbaycanın Göyçə mahalının Kəsəmən kəndi ilə bağlı müəllifin elmi-tarixi qeydlərini, portretlərini, publisistik düşüncələrini, nəsil-şəcərə araşdırmalarını əhatə edir. Kəndin əsrlər arxasında qalan tarixi, etnoqrafiyası, əhalinin adət-ənənəsi, qaçqınlıq taleyi, inzibati ərazisi, tanınmış ziyalıları, ictimai-siyasi həyatı, nəsil-şəcərəsi bütün detalları ilə qələmə alınmışdır.

Kitabda “Göyçəm, göy çiçəyim”, “Dövlət xadimləri”, “Alimlərimiz, müdriklərimiz”, “Kənddə məktəb”, “Kənd soveti və kolxoz sədrləri”, “Yer üzü müharibə istəmir”, “Kəndin tibb həyatından”, “Dinsiz yerdə otur, imansız yerdə oturma”, “Könül dəftərinin tərcümanları”, “Publisistik düşüncələr”, “Nəsil-şəcərələr” bölmələri yer almışdır. Onları bir ideya: oxucunun diqqətini “Sənin Qərbi Azərbaycan, Göyçə mahalı, Kəsəmən adlı torpağın, yerin-yurdun, əsrlər boyu şölə saçan ocağın var” fikrinə yönəltmək birləşdirir.

Müəllif sovetlər imperiyasının xalqımıza vurduğu repressiya zərbələrini, II Dünya müharibəsinin Kəsəməndən apardığı çoxsaylı qurbanları, 1990-cı ilin 20 yanvar gecəsində nakam şair Ülvi Bünyadzadənin ölümün gözünə dik baxmasını, başından güllə yarası alan İrşad Kərimovun qorxmazlığını, Qarabağ müharibəsində şəhid olmuş Kamal Cabbarovun və başqalarının qəhrəmanlığını gənc nəslə çatdırmışdır. Kitabda Kəsəməndən çıxmış alimlərin, ictimai xadimlərin, saz-söz sahiblərinin həyat yolu izlənilir, əhalinin ən çətin dövrlərdə belə imanını itirmədiyi, müdrikliyi, tarixən qan düşmənçiliyinə yol vermədiyi nəzərə çatdırılır. Keçmiş və gələcəklə səsləşən kitab yaşlı nəsil üçün xatirə, gələcək nəsil üçün tanışlıq və örnəkdir.

Professor Ziyad Abbasov, fəlsəfə doktorları Mübariz Əliyev, Ələddin Ələkbərov, Əməkdar Müəllim Məhəmməd Bayramovun rəy yazdıqları kitab Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə nəşr olunmuşdur.


Tarix: 14.03.2013 / 20:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 231 Bölmə: Kitablar elm