beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEÇİLMİŞ QÜDSİ HƏDİSLƏR (6-15)

6.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Adəm övladı məni təkzib etdi, halbuki onun buna haqqı yox idi, məni təhqir etdi, yenə də onun buna haqqı yox idi. Onun məni təkzib etməsi “Başlanğıcım Ondan olduğu kimi qayıdışım Ona olmayacaq”, təhqir etməsi isə “Allah Özü üçün övlad götürmüşdür” – deməsidir. Halbuki, mən (heç kəsə və heç nəyə) möhtac deyiləm! Nə doğmuş, nə də doğulmuşam və mənim heç bir tayım, bərabərim də yoxdur”.
(əl-Buxari (8/4975), Əhməd (16/8204), əl-Bəğəvi, Şərhus-sünnə (1/81). Hədis səhihdir.)

7.Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Adəm övladı zəmanəni söyərək məni incidir. Zəmanə də mənəm, hər şey mənim əlimdədir. Gecəni gündüzə, gündüzü də gecəyə çevirirəm”.
(əl-Hümeydi (2/1096), əl-Buxari (8/4826), əl-Beyhəqi (3/365), Müslim (4/2), Əbu Davud (4/5274). Hədis səhihdir.)

8.Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Adəm övladı “Uğursuz zəmanə” – deyərək məni incidir. Sizlərdən heç biriniz “Uğursuz zəmanə” – deməyin. Zəmanə də mənəm, onun gecəsini gündüzə, gündüznü də gecəyə çevirən və istədiyimdə onları yox edən də mənəm”.
(Müslim (4/3), Əhməd (14/7669). Hədis səhihdir.)

9. Ömər ibn əl-Xəttabdan (Allah ondan razı olsun!) rəvayət olunur ki, o, Cabiyada xütbə verərkən Allaha həmd-sənalar oxuduqdan sonra demişdir: “Həqiqətən, Allahın doğru yola yönəltidiyi kəsi heç kəs azdıra bilməz və Allahın azdırdığı kəsi heç kim haqq yoluna yönəldə bilməz”. Bu zaman onun qarşısında dayanan bir keşiş farsca nəsə demiş, Ömər də tərcüməçidən onun nə söylədiyini soruşmuşdur. Tərcüməçi də: “O iddia edir ki, Allah heç kəsi azdırmır” – deyə cavab vermişdir. Bu zaman Ömər ona: “Yalan danışırsan ay Allahın düşməni. Allah səni yaratmışdır, O səni azdırmışdır, inşaallah o da səni Cəhənnəmə atar. Əgər saziş olmasaydı sənin boynunu vurardım” – demiş və belə davam etmişdir: “Allah Adəmi yaradarkən onun zürriyyətni də yaymış, Cənnət əhlini və onların əməllərini, eyni zamanda Cəhənnəm əhlini və onların əməllərini də yazmışdır. Sonra isə “Bunlar cənnətlik, bunlar isə cəhənnəmlikdirlər” – deyə onları bölüşdürmüşdür”.
Ömərin bu xütbəsindən sonra insanlar qədər barəsində mübahisə etmədən dağılışmışlar.
(Əbu Davud. Hədis səhihdir.)

10.Übadə ibn Samitdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Allahın ilk yaratdığı qələmdir. Allah ona: “Yaz!” – deyə əmr etmiş, o da: “Nə yazım?” – deyə soruşduqda Allah belə cavab vermişdir: “Qədəri, olub bitənləri və sonadək (həmişəlik) olacaqları yaz!”(ət-Tirmizi (4/2155), Əbu Davud, ət-Tayalisi (577). Hədis səhihdir.)

Hədisin rəvayətində belə bir hekayə də vardır. Belə ki, hədisin ravisi Abdulvahid ibn Səlim belə deyir: “Məkkəyə gəldim və Əta ibn Əbu Rəbahla görüşdüm. Mən:
– Ay Əbu Məhəmməd, bəsrəlilər qədər haqqında bəzi fikirlər yürüdürlər, – dedim. O da:
– Ay oğul, sən heç Quran oxuyursanmı? – deyə soruşdu. Mən də:
– Bəli, oxuyuram, – deyə cavab verdim. Dedi:
– əz-Zuxruf surəsini oxu.
Mən də əz-Zuxrufdan "Ha, Mim! (Haqqı batildən ayıran) açıq-aydın Kitaba and olsun ki, Biz onu, anlaya biləsiniz deyə, ərəbcə Qur’an etdik. Şübhəsiz ki, o, dərgahımızdakı əsl kitabda (lövhi-məhfuzda) mövcuddur. O, çox ucadır, çox hikmətlidir" – ayələrini oxudum.(əz-Zuxruf, 1-4.) O:
– Sən əsl kitabın nə olduğunu bilirsənmi? – deyə soruşdu. Mən də:
– Allah və rəsulu daha yaxşı bilir, – deyə cavab verdim. Dedi:
– O, Allahın göyləri və yeri yaratmazdan öncə yazdığı kitabdır. Orada “Həqiqətən, Firon Cəhənnəm əhlindəndir”, "Əbu Ləhəbin əlləri qurusun, qurudu da!" kimi sətirlər qeyd olunur.
Sonra Rəsulallahın (s) səhabəsi Valid ibn Übadə ibn Samitlə qarşılaşdım və ondan:
– Atan ölərkən nə vəsiyyət etmişdir? – deyə soruşdum. Belə cavab verdi:
– Atam ölüm ayağında olarkən məni yanına çağırıb dedi: “Ay oğul, Allahdan qorx və bil ki, Allaha iman gətirmədikcə Ondan qorxmayacaqsan. Qədərin hamısına – xeyrinə və şərinə inan. Əgər sən canını bu halda tapşırmasan, cəhənnəmlik olarsan. Mən Rəsulallahdan (s) belə deməsini eşitmişəm” – deyib hədisi danışdı”.

11.Yenə də Übadə ibn Samitdən (Allah ondan razı olsun!) oğluna belə nəsihət etməsi rəvayət olunur: “Ay oğul, sənə qədərin xeyrinə də, şərinə də inanmağı nəsihət edirəm. Əgər sən inanmamış olsan, uca və böyük Allah səni cəhənnəmlik edəcəkdir. Mən Rəsulallahdan (s) belə deməsini eşitmişəm: “Allahın ilk yaratdığı qələmdir. Allah ona: “Yaz!” – deyə əmr etmiş, o da: “Nə yazım?” – deyə soruşduqda Allah belə cavab vermişdir: “Qədəri, olub bitənləri və qiyamət qopanadək olacaqları yaz!”
(Əhməd (5/317). Hədis səhihdir.)

12.Üqba ibn Amirdən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Bu gündən Rəsulallahın (s) demədiyi heç bir sözü onun adından söyləməyəcəyəm. Çünki mən Rəsulallahın (s) belə deməsini eşitmişəm: ”Kim mənim demədiyim bir sözü mənim ünvanıma çıxarsa, bilsin ki, bununla Cəhənnəmdə özünə bir ev hazırlamış olur”. Allah elçisinin (s) həmçinin belə deməsini də eşitmişəm: “Ümmətimdən iki kişi var ki, onlardan biri gecə duraraq dəstamaz almağa gedir. Onun üzərində düyünlər vardır. Dəstəmaz alır, əllərini yuduqda bir düyün, üzünü yuduqda bir düyün, başına məsh çəkdikdə bir düyün, ayaqlarını yuduqda isə bir düyün açılır. Uca və böyük Allah isə pərdə arxasında olanlara belə deyir: “Mənim bu quluma baxın, özünü müalicə edir, məndən istəyir. Qulum məndən nə istəyirsə, o da ona veriləcəkdir”.
(Əhməd (4/201, 159), İbn Hibban (1049), ət-Təbərani (17/843). Hədis səhihdir.)

13.Ənəs ibn Malikdən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “İsra gecəsi Peyğəmbərə (s) əlli vaxt namaz vacib buyurulmuşdur. Sonra beş vaxtadək azaldılmışdır. Daha sonra isə ona belə deyilmişdir: “Ey Məhəmməd, mənim sözüm dəyişilməzdir. Sənin üçün bu beş vaxt namazda əlli vaxt namazın savabı vardır”.
(ət-Tirmizi (1/213), Əbu Əvanə (1/135). Hədis səhihdir.)


14.Ənəsdən, o da Əbuzərdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Mən Məkkədə olarkən bir gün evimin tavanı açıldı və Cəbrayıl endi. Ürəyimi çıxarıb zəmzəm suyu ilə yudu. Sonra içi müdriklik və imanla dolu bir qızıl teşt gətirib sinəmə boşaltdı və sinəmi bağladı. Bundan sonra əlimdən tutub məni göyə qaldırdı. Ən yaxın səmaya çatdıqda Cəbrayıl səmanın mühafizəçisinə:
– Aç.
– Kimdir? – deyə dilləndi.
– Mənəm, Cəbrayıl.
– Yanında kimsə var?
– Yanımdakı Muhəmməddir.
– O, çağrılıb?
– Bəli, aç.
Qapı açıldıqdan sonra səmanı keçib yüksəyə ucaldıq. Bu zaman sağında və solunda camaat olan bir nəfərə rast gəldik. O sağına baxıb gülür, soluna baxıb ağlayırdı. Məni görən kimi “Saleh peyğəmbərə və saleh övlada salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu Adəmdir. Sağındakı, solundakı camaat isə onun övladlarının ruhudur. Sağındakılar Cənnət, solundakılar isə Cəhənnəm əhlidir. Sağına baxdıqda gülür, soluna baxdıqda isə ağlayır.
Sonra Cəbrayıl məni ikinci səmaya çatana kimi qaldırdı. Səmaya çatdıqda mühafizəçiyə qapının açılmasını əmr etdi, o da birinci səmanın mühafizəçisinin soruşduqlarını soruşduqdan sonra qapını açdı. (Burada Ənəs qeyd edir ki, Peyğəmbər (s) səmalarda İdris, Musa, İsa və İbrahimlə qarşılaşdığını söyləsə də, onların konkret olaraq hansı səmada olduqlarını xatırlamır. Lakin Adəmin birincidə, İbrahimin isə altıncıda olduğuna əmindir). Cəbrayıl İdrisin yanından keçərkən “Saleh peyğəmbərə və saleh qardaşa salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu İdrisdir, – deyə cavab verdi.
Sonra Musanın yanından keçdim. O da “Saleh peyğəmbərə və saleh qardaşa salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu Musadır, – deyə cavab verdi.
Sonra İsanın yanından ötüb keçərkən o da “Saleh peyğəmbərə və saleh qardaşa salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu İsadır, – deyə cavab verdi.
Sonra İbrahimin yanından keçdim. O da “Saleh peyğəmbərə və saleh oğula salam olsun” – deyə məni salamladı. Mən:
– Ya Cəbrayıl, bu kimdir? – deyə soruşdum.
– Bu İbrahimdir, – deyə cavab verdi.
İbn Şihab İbn Həzmdən nəql edir ki, İbn Abbas və Əbu Həbbə əl-Ənsari Peyğəmbərdən (s) belə rəvayət edirlər:
Sonra mən müəyyən yerədək qaldırıldım və orada qələmlərin cırıltısını eşitdim. Allah-taala mənə əlli vaxt namazı vacib buyurdu. Bu əmrlə qayıdarkən Musanın yanından keçdim. O soruşdu:
– Allah-taala sənin ümmətinə nə vacib buyurdu?
– Əlli vaxt namaz.
– Rəbbinə geri dön. Ümmətinin buna gücü çatmayacaq.
Rəbbimə qayıtdım. Yarısını azaltdı. Musanın yanına gəlib ona xəbər verdim.
– Rəbbinə geri dön. Ümmətinin buna da gücü çatmayacaq, – dedi.
Yenə Rəbbimin hüzuruna qayıtdım. Bir az da azaltmasını istədim. Rəbbim belə cavab verdi: “Bu beşdir, bu da əlli. Mənim sözüm dəyişilməzdir. Sənin üçün bu beş vaxt namazda əlli vaxt namazın savabı vardır”. Yenidən Musanın yanına gəldim.
– Rəbbinə geri dön, – dedi.
– Artıq Rəbbimdən utanıram, – dedim. Sonra Cəbrayıl çıxdı və məni Sidr əl-Müntəhənin yanına gətirdi. Onun üzərində nə olduğunu bilmədiyim rənglər var idi. Sonra mən Cənnətə gətirildim. Orada mirvari günbəzlər gördüm. Torpağı da müşkdən idi”.
(əl-Buxari (6/3342), Müslim (1/263), Əbu Əvanə (1/133), Əhməd (5/143). Hədis səhihdir.)


15.Üqba ibn Amirdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Sizin Rəbbiniz dağın kəlləsində qoyun otaran sürünü çox sevir. Belə ki, çoban azan verib namaz qılır. Bunu görən uca və böyük Allah buyurur: “Mənim bu quluma baxın. Azan oxuyur, namaza durur, məndən qorxur. Artıq bu qulumu bağışlamışam və onu cənnətlik etmişəm”.
(Əbu Davud (2/1203), ən-Nəsai (2/20), İbn Hibban (səh. 88/26), Əhməd (4/58). Hədis səhihdir.)


Tarix: 25.04.2013 / 18:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 403 Bölmə: Hedisler