beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi hədislər (Sədəqə verməyə həvəsləndirmə)

Əbu Hureyra (r.a) rəvayət edir ki, Allah Elçisi (s.a.v) demişdir: « Uca Allah buyurur: «(Malından Mənim yolumda) xərclə, Mən də sənə xərcləyəcəyəm». (Allah Elçisi ) demişdir: «Allahın Əli doludur. (Bu nemətlərin) səhər-axşam ardı-arası kəsilmədən xərclənməsi Onun Əlini boş qoya bilməz». Həmçinin demişdir: «Məgər Allahın göyü və yeri yaratdığı gündən bəri nə qədər xərclədiyini görmürsünüz?! Bu Onun Əlindəkilərin azalmasına (zərrə qədər) təsir göstərməmişdir. O zaman Onun Ərşi suyun üzərində idi, Əlində də tərəzi var idi. O, (bu tərəzini) aşağı endirir və yuxarı qaldırırdı».

(əl-Buxari 64. Kitəbut-Təfsir 204 (4316, 4407, 4684, 5352, 7496)

Adiyy ibn Hatim (r.a) demişdir: «Mən Allah Elçisinin (s.a.v) yanında ikən iki nəfər şikayətə gəldi. Onlardan biri kasıblıqdan, digəri isə yol kəsən quldurlardan şikayət etdi. Allah Elçisi (s.a.v) (onları dinlədikdən sonra) dedi: «Yol kəsən quldurlara gəlincə, az bir zaman keçdikdən sonra karvanlar yanlarında heç bir mühafizəçi aparmadan Məkkəyə yollanacaqlar. Kasıbçılığa gəldikdə isə, (bilin ki,) biriniz əlindəki sədəqə ilə gəzib-dolaşıb bunu ondan qəbul edəcək bir adam tapa bilməyəcəyi vaxt gəlməyincə Qiyamət qopmayacaq. Sonra siz Allahın hüzurunda duracaqsınız və sizinlə Onun arasında heç bir pərdə olmayacaq. (Dediklərinizi) tərcümə edəcək bir tərcüməçiniz belə olmayacaq. Sonra Allah Öz qulundan soruşacaq: «Mən sənə mal-dövlət verməmişdimmi?» O: «Vermişdin» - deyəcək. Sonra soruşacaq: «Mən sənə peyğəmbər göndərməmişdimmi?» O: «Göndərmişdin» - deyəcək. Bundan sonra o, əvvəlcə sağına, sonra da soluna baxacaq, lakin oddan başqa bir şey görməyəcək. Elə isə heç olmasa, yarım xurma (sədəqə) ilə özünüzü Oddan qoruyun. Bunu tapmasanız, onda gözəl söz danışmaqla (özünüzü Oddan qoruyun)».

(əl-Buxari 24. Kitəbuz-Zəkat 9 (1324, 1347, 1413)


Rəvayət edilir ki, Əbu Vaqid əl-Leysi (r.a.) demişdir: «(Bir gün) Peyğəmbər (s.a.v) ona nazil olduğunu söyləyərkən biz onun yanına gəldik. O gün o, bizə belə dedi: «Uca Allah buyurdu: «Biz namazın qılınması və zəkatın verilməsi üçün mal-dövlət nazil etdik. Adəm övladının bir vadisi olsa, ikincisini istəyər. Onun iki vadisi olsa, üçüncüsünü istəyər. Adəm övladının qarnını yalnız torpaq doldurar, sonra Allah tövbə edənin tövbəsini qəbul edər».

(Əhməd 20900, 21906, 21956, 22546. əl-Albani «Sahihul-Cəmiis-Sağir»də (? 1781) və «Silsilətul-Əhədisis-Sahiha»da (? 1639) səhih adlandırmışdır.)

Rəvayət edilir ki, Busr ibn Cəhhaş əl-Quraşi (r.a.) demişdir: «Peyğəmbər (s.a.v) ovucunun içinə tüpürüb şəhadət barmağını onun üzərinə qoydu və dedi: «Uca Allah buyurur: «Ey Adəm oğlu! Sən Məni necə aciz saya bilərsən ki, Mən səni bunun bənzərindən yaratdım». Allah elçisi hülqumunu göstərərək buyurdu: «Ruhun bura çatdıqda sən: «Sədəqə verəcəm» - deyirsən, - «O zaman sədəqə verməyin nə faydası vardır?!»

( İbn Macə 2707, 2811. əl-Albani bu hədisi həsən adlandırmışdır.)


Tarix: 24.04.2013 / 21:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 185 Bölmə: Hedisler