beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər

Həkim ibn Hizam (r.a) Peyğəmbərin (s.av) belə buyurduğunu rəvayət etmişdir: “Alıcı və satıcı bir-birindən ayrılanadək ixtiyar sahibidirlər (yəni ayrılanadək alıcı aldığını, satıcı da satdığını geri qaytara bilər). Əgər onlar düz danışar və aydınlıq gətirərlərsə, alış verişləri bərəkətli olar. Əgər nəyi isə gizlədər və yalan danışarlarsa, alış-verişlərinin bərəkəti gedər.” Buxari və Müslim rəvayət etmişlər.
(Buxari: Alış-veriş ? 2004. Müslim: Alış-veriş ? 1532. Tirmizi: Alış-veriş ? 1246. Nəsai: Alış-veriş ? 4464. Əbu Davud: Alış-veriş ? 3459. Əhməd: 3/402. Darimi: Alış-veriş ? 2547.)

ŞƏRH

Bu hədis, faydalı və zərərli müamilələrin bəyanında təməl rolunu oynayır. Düz danışmaq və aydınlıq gətirmək, bu iki növü bir-birindən fərqləndirən amildir.
Müamiləsində düz danışan, lazımi vəsflərin hamısını açıqlayan, malın eyib və nöqsanları barədə məlumat verən şəxsin bu işi, dünyada faydalı hesab olunar. Çünki o, Allahın və Onun elçisinin əmrinə riayət etmiş və günahdan uzaq dayanmışdır. Eyni zamanda onun alış-verişinə bərəkət verilər. Axirətdə isə savaba nail olar, əzabdan yaxa qurtarar.

Yalan danışan və razılaşma zamanı malın eybini gizlədən kəs, günah qazanması ilə yanaşı alış-verişinin də bərəkətindən məhrum olar. Alış-verişinin bərəkəti çəkilmiş adam isə, dünya və axirətdə ziyana uğrayar.
Bu təmələ əsasən dolandırıcılığın, eyibləri gizlətmənin, kələk gəlməyin, tərəzidə (süni yolla) dəyəri, ölçünü və çəkini azaltma və digər bu kimi işlərin haram olması söylənilmişdir. Çünki bütün bunlar yalan və gizlətmə sayılırlar. Həmçinin (hərraclarda) malın qiymətini qaldırmaq üçün özünü yalandan alıcı kimi təqdim edib qiyməti qaldırmaq, alış-verişdə hiylə işlədərək müştərini cəlb etmək də haram edilmişdir.
Dəyərin və dəyərləndirilənin miqdarında, həmçinin müqavilədə göstərilən malın vəsfi barəsində yalan danışmaq da haram hesab edilir.
Bunu belə izah etmək olar: Əgər sən müsəlman qardaşının, yaxud istənilən bir adamın sənə alacağın mal barədə məlumat verməməyindən xoşlanmırsansa, demək burada yalan, gizlətmək və aldatmaq vardır.
Bütün növ alış-veriş formaları, icarələr, şəriklik, bütün növ ödəmələr, onların müddətləri və aidiyyəti olan sənədlər bu qaydaya daxildir. İnsan bu işlərin hər birində düzgün danışmalı və açıqlama verməlidir. Yalan danışmaq və gizlətmək isə yolverilməzdir.
Hədisdə alış-veriş zamanı hər iki tərəfə ixtiyar verildiyi bildirilir. Belə ki, hər iki tərəfin alış-veriş yerində onu davam etdirməyə və ya ləğv etməyə ixtiyarları çatır. Ayrıldıqdan sonra alış-veriş qüvvəyə minir və icrası vacib olur. Bundan sonra tərəflərin seçim hüquqları yoxdur. Yalnız alış-verişi ləğv edə biləcək keçərli səbəbin olması müstəsnadır. Məsələn, (əvvəldən) şərt qoyulması, gizlədilmiş eybin üzə çıxması, dolandırıcılıq və ya qiymətdən xəbərsizlik və s.
Alış-veriş tez-tez baş verdiyi üçün seçim ixtiyarının verilməsi bir hikmətdir. Çünki insan çox vaxt aldığına və ya satdığına görə peşman olur. Bu səbəbdən şəriət ona seçim etməyə izn vermişdir. Bununla da o, vəziyyətini nəzərə alaraq alış-verişi davam etdirmək və ya ləğv etmək üçün götür-qoy edə bilər. Allah daha doğrusunu bilir.


Tarix: 22.04.2013 / 21:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 177 Bölmə: Hedisler