beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanların razılaşması icazəlidir. Haramı halal, halalı haram edən razılaşma isə icazəli deyil.

Amr ibn Avf əl-Muzəni (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu rəvayət etmişdir: “Müsəlmanlar arasında razılaşma icazəlidir. Yalnız haramın halal, halalın haram olduğuna razılaşmaq istisna edilir. Müsəlmanlar (istənilən) şərtlər kəsə bilərlər. Yalnız haramı halal və ya halalı haram saymaq müstəsnadır”. “Sünən” sahibləri rəvayət etmişlər, Nəsai istisnadır. ( Tirmizi: Hökmlər ? 1352. İbn Macə: Hökmlər ? 2353. Əlbani hədisin səhih olduğunu demişdir.)

ŞƏRH

Bu hədisdə razılaşmanın və şərtlərin növləri cəm edilmiş, düzgün və fəsadlı tərəfləri olduqca aydın şəkildə bəyan olunmuşdur.
Orada razılaşmanın əslən icazəli və eyibsiz iş olduğu deyilir. Yalnız halalı haram, haramı halal edən razılaşma qadağandır. Bu ifadə, geniş anlama malikdir. Buraya razılaşmanın bütün növləri aid edilir. Razılaşma xeyirli bir işdir. Onun vasitəsilə ədavətə son qoyulur, qəlblər salamat qalır və nəfslər bəraət qazanır.
Bura mülki məsələlərlə bağlı razılaşmalar, məsələn, borcu etiraf etmək, sonra alıcı ilə bu barədə razılığa gəlmək və borcun bir hissəsini ödəmək, yaxud onunla başqa bir razılığa gəlmək də aid ola bilər.

Narazılıqdan irəli gələn razılaşma da bura daxildir. Bu, bir nəfərin ona borclu olmasını və ya nəyinsə ona məxsus olduğunu iddia etməsi, qarşı tərəfin isə bunu inkar etməsidir. İddia qaldırılandan sonra onlar razılığa gəlirlər ki, bir tərəf nəyisə digər tərəfə verir və ya borclu olduğunu etiraf edir. Yaxud da ortaq məxrəcə gəlirlər. Ola da bilər ki, borcun bağışlanması barədə razılaşsın və ya başqa bir qərara gəlsinlər. Bunların hər hansı birini etmək icazəlidir.
Həmçinin kimin haqlı olması bəlli olmadıqda razılaşmaya gəlinməsi də buraya aiddir. Məsələn, tərəflər arasında uzun müddət alış-veriş olmuş və sonradan onlardan birinin, yaxud hər ikisinin haqqının nədən ibarət olması haqqında şübhə yaranır. Yaxud mülkiyyətin hansı hissəsinin kimə aid olduğu bəlli olmur. Belə hallarda tərəflər ədalət prinsipini əsas tutub aralarında baş verən mübahisə ilə əlaqədar qarşılıqlı razılığa gəlirlər.

Bunun ən yaxşı həll yolu tərəflərin qarşılıqlı güzəştə getmələri və ya müvəqqəti olaraq miras, vəqf, vəsiyyət, borc və digər məsələlərini birgə idarə etmələridir. Sonra onlar həmin işlərin ədalətə və savaba daha yaxın hesab etdikləri cəhətlərində razılığa gəlməlidirlər.
Bura ərlə arvadın hüquqları ilə bağlı məsələlərdə, məsələn, keçmiş və ya gələcək xərclər, geyimlə və evlə təmin etmək və digərlərində razılığa gəlinməsi də aid edilə bilər. Vəziyyətə uyğun olaraq hansısa tərəf digər haqlarını əldə etmək, ailəsini dağıtmamaq, yaxud alicənablıq üçün bəzi haqlarından keçə bilər. Bütün bunlar yaxşı haldır. Necə ki, uca Allah onların hüquqları barədə buyurur: “Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir...”. (Nisə, 128).

Həmçinin nəfsə və ya əzalara görə qanbahası ödəməklə qisas məsələlərində barış əldə etmək mümkündür. Eynilə can və əza qanbahasının ödəməsinin başqası ilə əvəz edilməsini də razılaşdırmaq olar. Hakim mübahisə edən tərəflərin qarşılıqlı xeyrini əsas tutub vəziyyətə uyğun ortaq qərar çıxara bilər.

Bütün bunlar Peyğəmbərin (s.a.v): “Müsəlmanlar arasında razılaşma icazəlidir.” kəlamının tərkibinə daxildir.
Əgər razılaşma halalın haram və ya haramın halal edilməsini özündə ehtiva edərsə, bu hədisə əsasən o, pozulmuş sayılır. Məsələn, azad adamların qul kimi istifadəsi, yaxınlıq edilməsi haram olanı icazəli saymaq və ya zülmlə bağlanan razılaşma bura aiddir. Buna görə də uca Allah barışı bu əsasla məqbul saymışdır: “...(Təcavüzkarlıq edən Allahın əmrinə) qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, Allah insaflıları sevər!” (əl-Hucurat, 9).
Məcburiyyət qarşısında qalaraq razılaşmaq da bura aiddir. Məsələn, boşamaq üçün əri tərəfindən qəsdən sıxışdırılan qadın, yaxud başqasının haqqı olan bir iş barədə onun icazəsi olmadan razılığa gəlinməsi və sairə. Bu növ barışlar haram sayılır və düzgün deyildir.

Şərtlərə gəlincə, bu hədisdə xəbər verilmişdir ki, müsəlmanlar şərt kəsə bilərlər. Yalnız haramı halal və ya halalı haram edən şərt müstəsnadır. Bu, böyük bir əsasdır.
Müqavilə, bir tərəfin öz maraqlarını nəzərə alıb qarşı tərəflə razılığa gəlməsidir. Bu icazəlidir. Əgər qarşı tərəf bunu qəbul edib razılaşarsa, yerinə yetirilməsi lazımlı bilinər.
Məsələn, alış-veriş zamanı müştəri, yazmağı bacaran qul, filan işin ustası, süd verən heyvan, ova yararlı şahin və sairə bu kimi xüsusi vəsfləri şərt kəsə bilər.
Müştərinin malın qiymətinin hamısını və ya bir hissəsini müəyyən müddətə ödəyəcəyini şərt kəsməsi və ya malı satan şəxsin maldan məlum bir müddətdə istifadə edəcəyini şərt kəsməsi bura daxildir. Necə ki, Cabir ibn Abdulla əl-Ənsari öz dəvəsini Peyğəmbərə  satarkən Mədinəyə qədər onun belində getməyi şərt kəsmişdi.
Evin, dükanın, məişət əşyalarının və digərlərinin müəyyən müddətə icarəyə götürülməsinə dair şərtləşmək də bura aiddir.
Girov qoymaq, zəmanət vermək və vəkillik işlərində də lazımi və düzgün şərtlər kəsilə bilər.
Həmçinin ortaq işləri və ya mülkləri olan tərəflərin də razılığa gəlmələri icazəlidir. Yalnız haramı halal, yaxud halalı haram edən şərtlər keçərsizdir. Bu kimi şərtlər əsasən naməlumluğa və riskə görə haramdır.
Vəqf və vəsiyyət edənlərin kəsdikləri şərtlər də keçərlidir. Bunların hamısı haram qatışmadıqca icazəlidir.

Ərlə arvadın arasında kəsilən şərtləri də qeyd etmək olar. Məsələn, yaşayacağı ev, yaxud şəhər, müəyyən xərclər və digər işlər barəsində qadının şərt kəsməsi icazəlidir. Yerinə yetirilməyə ən layiqli razılıq bu növdur.


Tarix: 22.04.2013 / 21:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 326 Bölmə: Hedisler