beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədəninizin eyibini ört-basdir edən geyimlər

Bir insan geyimdə öz stilini tapmaq üçün öz xarici görünüşünə tənqidi yanaşmağı bacarmalıdır. Bunun üçün güzgü ən yaxşıməsləhətçidir. Çox zaman nöqsansız bədən quruluşuna malik olduğunu sandığımız insanların qüsurlarını ustalıqla seçilmiş paltar biçimi və dərzinin məharəti ört-basdır edir. Hər bir geyimin gözəlliyi onun biçimindən və tikilişindən çox asılıdır.
Bel hissəsi qısa olan qadın və ya qıza böyük koketkalı, ya da iri yaxalıqlı paltar və ya kostyum yaraşmaz. Bu cür bədən quruluşuna malik insanlar paltarının belinə xırda büzmə vursalar, daha gözəl görünərlər.
İri döşlü qadınlar gen və düz tikilmiş paltar və jaket geyməlidirlər. Onlar çox vaxt paltar-kostyum geysələr, yaxşıdır. İri döşlü qadınlar tarım, döşü büzməli və ya cibli, yaxası düyməli paltarlardan qaçmalıdırlar. Bəzəyi yaxaya və ya çiyinə qoya bilərlər. Sinəsi batıq qadınlar isə paltarın kofta hissəsinə büzmə, bant, cabo, qırçın, iri cib, eninə qırçın və ya qatlama vurmalıdırlar. Məlumdur ki, bədənin bəzi qüsurlarını toxunma sviter, sıx toxunmuş kofta ilə örtmək olmur, bu zaman gizlətməyə çalışdığınız həmin qüsurlar daha aydın seçilir.
Arıq və hündürboy qadınların seçim etməsi daha asandır. Çünki müasir moda jurnalları, ilk növbədə, ucaboy, arıq insanları nəzərdə tutur. Arıq və hündürboy qadınların əynində qısa və enli jaket, gödəkçə yaxşı görünür. Amma uzun və çox dar paltar və ya palto, habelə uzunqol geyim bədənin arıqlığını daha çox qabardır. Uzun və arıq boyunlu insanların paltarının yaxası kiçik və girdə vurulmalı, əgər modaya uyğun gəlirsə, hündür yaxalığa bant bağlanmalıdır.
Balacaboy qadınlar bəzək kimi balaca bantlardan, kiçik ciblərdən, xırda düymələrdən, ən xırda və incə bəzək əşyalarından istifadə etməlidirlər. Həddindən böyük yaxalıq, xüsusilə çox böyük və girdə biçilmiş yaxalıq bəstəboy qadını daha da kiçik göstərir. Paltarda köndəlinə tikilmiş qatlama və qırçın da məsləhət görülmür. Balaca boy qadına müxtəlif rəngli parçadan haşiyəli paltar tikdirmək və enli kəmər bağlamaq da yaramaz.
Yanları enli olan xanımlar bədənlərinin beldən yuxarı hissəsini enliləşdirən, fiqurasını münasib göstərən fasonlu paltar geyinməlidirlər. Bədənləri belə olan qadınlar paltarlarının qolunu gen və qısa tikdirirlər. Düz biçilmiş yubka yanların enini örtür. Yubkanın aşağı hissəsi qırçınlı olan paltar lap yaxşı görünür. Kəmər bərk çəkilib bağlanarsa, onda yanların eni daha tez gözə çarpar.
Döşləri iri olan qadınlar gen və düz tikilmiş paltar və jaket geyinməlidir. Belə fiquralı qadınlar adətən paltar-kostyum geysə yaxşıdır. Onlar heç vaxt bədənlərinə tarım, döşündə çoxlu büzmə, cib, düymə olan paltar, kofta geyinməməlidirlər.
Əgər siz yavaş-yavaş təknəli olduğunuzu hiss edirsinizsə (bu, özünü çox kök hesab edən qadınlara da aiddir), mütləq pəhriz saxlayın, idmanla məşğul olun. Bu, qısa vaxt ərzində sizi artıq çəkidən xilas edər. Lakin əgər siz hələ düz yeriməyi öyrənməmisinizsə, onda paltar tikdirəndə nəzərə alın ki, reqlan biçimli paltar təknəli adama heç yaraşmır. Qol dibinin vurulması kürəyə tərəf çox, önə tərəf az olarsa, bu da təknəli bədən quruluşunu gizlətməyə kömək edər. Əgər paltar tamamilə yaxalıqsız olarsa, yaxud yaxalıq balaca və hündür biçilərsə, təknəlilik lap aydın nəzərə çarpar.


Tarix: 26.12.2012 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1336 Bölmə: Geyim/Moda/Deb