Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi geyimləri

Kişi geyimləri, əsasən, daha sadə və ciddi formada tikilir, rənginin müxtəlifliyi, bəzəyi çox az olur. Kişi paltarlarının modası qadınlarınkına nisbətən az dəyişkəndir. Kişi geyimi ümumi görünüşünü uzun illər saxlayır. Yalnız ayrı-ayrı detallar: pencəyin yaxalıqlarının eni və böyüklüyü, bu yaxalıqların şəkli və düymələrin düzülüşü, şalvarın eni, çiyinlərin biçimi və s. dəyişir.
Kişi geyiminin gözəlliyi tamamilə paltarın biçimindən, kişi bədənini nə dərəcədə nəzərə çarpdırmasından asılıdır. Bəzən isə parçanın keyfiyyətindən, seçilmiş fasona uyğunluğundan da asılı olur. Parçanın yüksək keyfiyyətli olması bayır paltarı üçün, təntənəli günlərdə geyilən kişi kostyumu üçün ən əsas şərtlərdən biridir. Kişi paltarı yalnız o vaxt həqiqətən gözəl olur ki, nə modeli, nə də rəngi ilə dərhal diqqət çəkmir. Lakin bu, heç də o demək deyil ki, kişi kostyumu yalnız standart biçimdə tikilməlidir. Kişi kostyumu və paltosu üçün də müxtəlif forma və müxtəlif rəngli parça seçmək olar. Müasir moda yazlıq-yaylıq kişi kostyumunun müxtəlif açıq rəngli parçadan tikilməsinə imkan verir. Kişi kostyumu üçün şit rəngli parça seçmək düzgün olmazdı. Məsələn, yazlıq kostyum üçün yaşıl rəngli parçadan istifadə etmək olar. Seçilmiş rəng göz oxşamalıdır. Yalnız bir dəst palto və ya kostyum tikdirə bilən kişi və ya qadın da bu prinsipi əsas götürməlidir. Əgər kostyum hər gün və hər şəraitdə geyilirsə, onun rəngi tünd olmadıdır. İki dəst kostyum tikdirmək imkanı olduğu təqdirdə birini açıq rəngli parçadan, yaraşıqlı tikdirmək olar.
Kişi paltosu və kostyumu
Kişi paltosu və kostyumu üçün müxtəlif cür parça almaq olar. Yumşaq və qalın parça modelin şəklini yaxşı saxlamasına, yaxşıbiçilməsinə kömək edir, az qırışır və bədənə gözəl oturur. Şalvarın eni və uzunluğu da bəzən modadan asılıdır. Lakin moda dəyişsə belə, nəzərə almaq lazımdır ki, çox gen və uzun şalvar nəinki narahatlıq törədir, həm də əlverişli deyildir. Çünki şalvar gen və uzun olanda hərəkət etməyə mane olur və onun balaqları tez yırtılır. Dar şalvarın öz üstünlüyü var: o, həm rahatdır, həm də bədən quruluşunu yaxşı göstərir. Lakin dar şalvar heç də hamıya yaraşmır, xüsusən həddindən artıq dar tikiləndə.

Pencək necə biçilirsə biçilsin, siz onun yaxasının duruşuna fikir verin. Yaxanın düzgün kəsilməsi, biçimin gözəl olması əsas şərtdir. Yaxalıq boyuna yaxşı oturmalı, çox hündür olmalıdır ki, bilavasitə bədənə toxunmayıb, köynəyin yaxalığı üzərinə düşsün.
Pencəyin yaxasının eni və uzunu modadan asılı olaraq, kostyumun başqa hissələrinə nisbətən daha tez-tez dəyişir. Əlbəttə, yaxanın modanın tələb etdiyi kimi tikilməsi yaxşıdır, amma başqa məsələlərdə olduğu kimi, burada da çərçivədən çıxmayıb, zövqlə seçim etmək lazımdır.
Kişi geyimləri içərisində bu və ya başqa əlavə və aksessuarların olması, təbii ki, hər kəsin həyat tərzindən, arzu və zövqündən, maddi imkanından asılıdır.
Hər kəsin ən azı, iki dəst qalın üst geyimi – yazlıq-payızlıq paltosu və plaşı olmalıdır. Qış paltosu, əlbəttə, olsa yaxşıdır, lakin onsuz da (qışda yazlıq-payızlıq paltoya sırınmış qalın astar tikməklə) keçinmək mümkündür. Həmçinin yüngül paltoya düymələnən xəz yaxalıq da taxmaq olar. Ölkəmizin qışı daha sərt keçən dağlıq rayonlarında isə qış paltosu mütləq lazımdır. Lakin qeyd edək ki, gənclərin geyimi, ümumiyyətlə, çox ağır və isti olmamalıdır.

Yazlıq-payızlıq palto o qədər gen olmalıdır ki, onun altından ya sırıqlı qalın astar, ya gödəkçə, ya da pulover və ya başqa isti paltar geymək mümkün olsun. Bu məqsəd üçün cibləri üstdən tikilən kəmərli və ya idman stilli gen palto daha əlverişlidir. Belə palto üçün ya neytral (boz, sarıya çalan açıq-qəhvəyi) rəngli, ya da tünd-abı, qəhvəyi, tünd-yaşıl rəngli parça seçmək yaxşıdır.
Qara kişi paltosu daha çox rəsmi geyimi xatırladır. Buna görə qara palto üçün ən gözəl keyfiyyətli parça seçib, onu ciddi tərzdə tikdirmək lazımdır. Məsələn, palto belə yaxşı gəlməlidir, iki yandan düyməli, kəmərsiz, cibləri üstdən tikilmə deyil, yandan kəsilmə olmalıdır.

Qalın yun parçadan tikilmiş plaş həm yaz, həm də yay paltosunu əvəz edir Əgər belə plaşdan əlavə bir ucuz yağış plaşınız da varsa, o zaman plaş-paltonu daha açıq rəngli, yaraşıqlı parçadan tikdirin.
Gənc kişinin qarderobu üçün 3 dəst kostyum kifayətdir
Bunlar bayırlıq, iş kostyumu və yay kostyumundan ibarətdir. Çox kostyum da tikdirmək olar. Lakin gənc kişinin, xüsusən gənc oğlanın geyim üçün çox israfçılıq etməsi lazım deyil. Həmin pulu başqa şeyə xərcləmək daha yaxşı olar. Birdən-birə üç dəst kostyum almağa imkan olmaya da bilər, lakin çalışıb, buna nail olmaq lazımdır. Kostyum say etibarı ilə çox olarsa, gec də köhnəlib sıradan çıxar.

Qış kostyumu üçün bir qayda olaraq, tünd rəngli qalın yun parçadan istifadə edilir. Kişilərin indi həvəslə geydikləri toxunma jilet, pulover və cemper öz yaraşığı, gözəl rəngi ilə kişi kostyumuna lazımi müxtəliflik verir.

Kişi yay kostyumu üçün açıq rəngli nazik yun parçadan başqa, ştapel, reps, kətan və çesuçadan da istifadə edilir. Demək lazımdır ki, açıq rəngli yun parçadan tikilmiş yay kostyumu o qədər də əlverişli deyildir. Bu cür kostyum tez çirklənir və təmizlənməyə ehtiyacı olur. Bu da yalnız bir dəst kostyumu olan adam üçün çətinlik törədir.
Bayırlıq və gündəlik kişi kostyumları, adətən, forma etibarı ilə bir-birinə çox oxşayır. Onlar əsasən, parçanın keyfiyyəti baxımından fərqlənir. Lakin müasir moda xüsusən gənc kişilərə işə geyinmək üçün daha çox müxtəlif gödəkçələr, bluzalar, koketkalı və üstdən tikilmə cibli idman pencəyi məsləhət görür. Bu gödəkçə və bluzalar həm rahat, həm də münasib olur. Onların modelləri də çox və müxtəlifdir. Belə geyimlər, adətən, qış üçün yun parçadan, mahuddan, flaneldən, yay üçün isə reps, çesuça, ştapel və pambıq parçadan hazırlanır.

Gödəkçənin bir çox üstünlükləri vardır. O, pencəkdən xeyli ucuz başa gəlir, qışda onun altından qalın toxunma sviter də geymək olar. Sviteri pencəyin altından geymək olmaz. Çünki o, qalstuku və köynəyi tamam örtər ki, bu da görünüşü pozar. Yay gödəkçəsi və bluza ona görə rahatdır ki, onları üst köynəksiz və pencəksiz də geymək olar.
Müxtəlif rəngli parçadan tikilmiş şalvar və pencəkdər ibarət kişi kostyumu da dəbdədir. Bu yenilik, demək olar ki, çox münasibdir. Çünki paltar az olsa belə, zövqlə seçib uyğunlaşdırmaq bacarığınız geyimə müxtəliflik qata bilər. Əgər sizin bir şux göy rəngli pencəyiniz varsa, onunla gah boz, gah da göy rəngli şalvar geyə bilərsiniz. Beləliklə, sizin iki dəst müxtəlif kostyumunuz olar. Çox yayılmış rənglərdən sayılan qəhvəyi (şokolad rəngi, qəhvəyi rəng, qırmızıya çalan rənglər) və sarıya çalan qəhvəyi, tünd-göy, boz və ya tünd-mavi və s. rəngləri seçmək olar. Amma bircə şərtlə: gərək bu rənglər bir-birini tamamlasın. Məsələn, abı rənglə mavi rəngli parçanı seçmək yaxşıdır: bu rənglər bir-birinə uyğun gəlir. Amma elə abı və mavi rəngli parça vardır ki, onlar əsla bir-birinə yaraşmır.

Kişilərin ev geyimi
İstər qadınlar, istərsə də kişilər evə gələn kimi mütləq iş paltarını, xüsusən bayırlıq kostyumu çıxarıb ev paltarı geyməlidirlər. Evdə geymək üçün müxtəlif bluzalar, gödəkçələr, yuxarısı koketkalı gen, kəmərli, üstdən tikilmə cibi olan yüngül pencək daha əlverişlidir. Bunları adicə şalvarın, yaxud məhz evdə geyimi kimi nəzərdə tutulmuş idman tərzli şalvarın üstündən geymək olar.
Açıq rəngli nazik parçadan tikilmiş pijama həm gecə paltarıdır, həm də onu səhər geyimi hesab etmək olar. Belə pijamanı geyib ictimai yerdə: vaqonda, istirahət evində, öz evində yad adamların qarşısına çıxmaq ədəbsizlik sayılır. Lakin elə pijamalar da vardır ki, onlar ev paltarını əvəz edir. Belə pijamalar bir rəngli parçadan tikirlir, biçiminə görə pencəyə və ya gödəkçəyə oxşayır.
Bütün bu saydıqlarımız əsas etibarilə qış geyimidir. Çünki yayda, xüsusən şəhərdən kənar yerlərdə gənclər və gənc kişilər üçün ən yaxşı geyim idman şalvarı və qısa qollu köynək hesab olunur.
Bayırlıq və rəsmi mərasimlər üçün nəzərdə tutulmuş kişi kostyumu, adətən, qara rəngdə olub, gözəl və keyfiyyətli parçadan ciddi formada tikilir. Belə kostyumu ançaq ağ rəngli (sadə və heç bir naxışı olmayan) köynəklə geymək ənənə halını almışdır. Bəzən bu məqsədlə geyinilən köynəyin manjetini və yaxalığını nişastaya da salırlar.


Tarix: 26.12.2012 / 19:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1436 Bölmə: Geyim/Moda/Deb
loading...