beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azərbaycan gəlinlərinin açıq-saçıq gəlinlik seçimi

Hər bir xalq özünün milli dəyərləri ilə fərqlənir, eləcə də toy mədəniyyətilə. Toylar Azərbaycan milli mənəviyyatının çox geniş sahəsini əhatə edən ciddi bir hadisədir. Bu hadisənin iştirakçısı olmaq, ağ gəlinlik paltarı geyinmək və həyatın ən yaddaqalan günündə gözəl görünmək hər bir gənc qızın arzusudur. Amma son vaxtlar toylarımızda milli xüsusiyyətlət tədricən aşınmağa başlayıb. Bu aşınma toylarla bağlı bir sıra məsələlərdə özünü qabarıq biruzə verir. Məsələn gəlinlik paltarlarında...
Son illər Azərbaycan toylarında gəlinlərin geyimi ilə bağlı milli dəyərlərdən, mentalitetdən uzaqlaşma hiss olunur. Gəlinlik seçərkən qızlar ən çox açıq-saçıq geyimlərə üstünlük verirlər, yəni DEKOLTEYƏ. Bu, xüsusilə Bakıda özünü biruzə verir.

Sumqayıt, Gəncə kimi böyük şəhərlərimizdə də keçirilən toy mərasimlərində bəzi gəlinlər avropasayağı libaslar geyinməklə diqqəti cəlb edir.
Açıq-saçıq gəlinlik paltarlarının getdikcə dəbə minməsi göz qabağındadır. Bəzən toylarda gəlinlərə elə paltar geyindirirlər ki, onların çiyni, sinəsi, beli açıq qalır. İş o yerə çatıb ki, belə toy mərasimində qonaqlar bəy və gəlinə tərəf baxmağa utanırlar. Bir evdən digər evə abır, həya aparmalı olan gəlinin həddindən artıq açıq-saçıq geyimi ciddi diqqət yetirilməli məsələdir. Belə paltarları gəlinlik adlandırmaq olarmı?! Açıq-saçıq gəlinlik paltarı geyinmək, bədəninin bir hissəsini bayırda qoymaq bizim ən azından mentalitetimizə ziddir.

Azərbaycanda toy ənənələri həmişə bir sıra ali dəyərlərlə fərqlənib. Bu dəyərlər sırasına gəlinin geyimi də daxildir. Əvvəllər gəlinlik paltarları bağlı və uzun, gəlinin üzündə isə örtük olurdu. Bəzi bölgələrdə hətta gəlinin başına ipək yaylıq da örtürdülər ki, onun üzü görünməsin. İndi o günlər çox geridə qalıb. Doğrudur, müasirliyin əleyhinə çıxmaq da olmaz, amma müasirliyin də həddi-hüdudu olmalıdır axı...

İndi mağazalarda satışa çıxarılan, kirayə verilən gəlinlik paltarları gündən-günə həm açıq-saçıqlaşır, həm də ətəyi qısalır.

Modern.az-ın əməkdaşı cəmiyyətin müxtəlif kəsimlərini təmsil edənlərdən bu məsələyə münasibət öyrənib.
Təfəkkür Universitetinin tələbəsi Xədicə Məmmədli:
“21-ci əsrdə yaşayırıq, 19-cu əsrdə yox. Keçmişdə gəlin bəyi ancaq toy günü görə bilərdi. Amma indi valideynlər sonda məsləhət verir. Həmçinin əvvələr gəlinlərin geyimi də hicabdan heç fərqli deyildi, amma indi zaman dəyişib, təbii ki, zaman dəyişdiyi üçün gəlin toya çılpaq getməli deyil. Amma yenə də keçmiş vaxtlardakı kimi geyinməyə yaxşı baxmıram. Açıqlığın dərəcəsi var, normal qaydada geyinilsin. Əsas odur ki, kim olduğunu unutmayasan, yalnız bir gündür deyə, soyunub tökmək, toydan sonra isə hicaba keçmək lazım deyil. Adi həyatda necəsənsə, toyda da elə geyin, bir gün üçün gül kimi açılmaq yaxşı deyil”.

“Yeganə yol” qəzetinin əməkdaşı Günel Məmmədova: “Açıq-saçıq gəlinliklərə mənim münasibətim o qədər də yaxşı deyil. Gəlinlik çox da yox, nisbətən örtülü olsa, daha yaxşı olar, qadın bədənini gərək ucuz etməyə. Qadın gərək bədəninin dəyərini bilsin, istər gəlin, istərsə də adi qadın soyunursa, demək bədənini nümayiş etdirir. Gərək həm gəlinliklər həm də ki, adi günlərdə geyimimiz normal olsun”.

“Mənəvi saflığa dəvət” İctimai Birliyinin sədri, fəlsəfə doktoru hacı Elşən Mustafayev deyir ki,
geyim mövzusu özü-özlüyündə cəmiyyətin mental təzahür nümunələrindən hesab edilə bilər.
“Amma əslində hər kəs, hər bir fərd özü müəyyən edir necə toy etsin, necə geyinsin və s. Odur ki, fərqliliklərin şahidi oluruq - bu insanların öz seçimidir. Məsələyə İslam prizmasından yanaşsaq, burada İlahi kriteriyalar əsas götürülür - toy məclislərinin halal süfrə, ilahi dəyərlərə uyğun keçirilməsi, yaxud geyim qaydalarına riayət kimi. Bu halda gəlinlər üz və əllər istisna olmaqla, örtülü geyinirlər, bədənlərini göstərmirlər. Bu əsrlərdən bəri bizim mentalitetimizə də oturuşub.
Hətta toyda mentalitetimizə görə, fata ilə gəlin üzünü də örtərmiş.
Amma hazırda milli geyim qaydaları yalnız bəzi rəqqasların timsalında gözə dəyir. Yəni geyim tərzi tamamilə dəyişib”.
Müsahibimiz bildirib ki, İslama uyğun geyim qaydalarına cəmiyyətin inanclı təbəqəsi tərəfindən riayət olunur. Digərləri də öz seçimlərini edirlər - istədikləri kimi geyinirlər.
”Nəticədə belə bir rəngarəng mənzərənin şahidi oluruq və görürük ki, son dövrlərdə əksər toylardakı geyim milli mentalitetimizlə uzlaşmır. Amma bu da bir seçimdir və insanların şəxsi həyatına müdaxilə edə bilmərik ki. Əgər birisi bunu yanlış hesab edirsə, özü doğru saydığını təqdim etsin, təbliğ etsin və s. Amma zorla insanları buna vadar etmək mümkün deyil.
Gerçəkliyimiz bunu deyir ki, getdikcə gəlinlər, belə demək olarsa, daha açıq geyinirlər. Əlbəttə, bu heç də yaxşı hal deyil. Amma əsas məsələ budur ki, cəmiyyətimiz öz milli mədəniyyətini bu sahədə lazımınca qoyub saxlaya bilmir.
Gözümüz qarşısında hər şey kimi, gəlinlərin geyimi də, musiqimiz də, digər ənənələrimiz də naməlum istiqamətdə dəyişir”.

“Celine” gəlinlik mağazasının satıcısı da Modern.az-ın müsahibi olub. O, gəlinlik alan müştərilərin seçimi haqda bunları deyib: “Zövqlər müxtəlif olduğu üçün hər cür geyimə müraciət olunur. Kimi örtülü istəyir, kimi isə açıq. Amma ən çox istək açıq paltarlardır. Gəlinlər daha çox belə paltarlar üstünlük verirlər”.

Bizim də müşahidələrimiz göstərdi ki, hazırda Bakıda ən dəbdə olan gəlinlik paltarları dekolte formalı (açıq-saçıq) geyimlərdir. Əksər gəlinlər bu formaya üz tutur. Görəsən niyə?

Axı Azərbaycanın toy mədəniyyəti onu başqa millətlətdən fərqləndirən, milli sima aşılayan bənzərsiz xüsusiyyətlərə malikdir. Bəzi gəlinlər ifrata varıb bu xüsusiyyətlərin həddini çox aşırlarsa, buna ancaq təəsüflənmək olar.


Tarix: 18.05.2013 / 12:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 971 Bölmə: Geyim/Moda/Deb