beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Simpsonlar

Bəzilərimizin yadında uşaqlıqdan baxdığımız ən uzun serial “Santa Barbara”, bəzilərimizin yadında isə “Simpsonlar” qalıb. İlk dəfə rus kanalı olan Ren Tv-dən bu seriala baxanda təxminən ibtidai sinifdə oxuyurduq. İllər keçdi, “Santa Barbara” belə bitdi, amma “Simpsonlar” bitmədi. Yaşıdımız olan bu multfilm dünyanın ən uzun mult-serialı olmaqla, həm də ən uzun sitkom və ən çox sayda ulduzların dəvət aldığı televiziya serialı kimi də Ginnesin Rekordlar Kitabına düşüb.

Bundan başqa, 2013-cü ildə ən yaxşı qısametrajlı animasiya filmi nominasiyasında Oskar, 4 müxtəlif kateqoriyada 27 dəfə “Emmi”, 3 dəfə British Comedy Awards və digər mükafatlar alıb. “Time” jurnalı onu, “yüzilliyin ən yaxşı televiziya serialı” “Empire” jurnalı isə “bütün dövrlərin ən yaxşı televiziya şousu” adlandırıb. Serialın şərəfinə Hollivudun “Məşhurlar Xiyabanı”nda ulduz da var. Hal-hazırda dünyanın yüzdən çox ölkəsində tanınır.

Bu multfilm kəskin satira ilə bir çox klişe və stereotipləri dağıdır, “orta statistik amerikalının” həyat tərzini əks etdirir. Serialın yaradıcısı Mett Qreyninq o vaxtlar məşhur olan “Cəhənnəmdə yaşamaq” komiksinin müəllifi kimi tanınırdı. O, əvvəlcə elə bu komiksi qısametrajlı animasiya seriyaları kimi davam etdirmək istəyirdi. Lakin komiks qaydalarını pozmamaq üçün birdən-birə fikrini dəyişdi və o, amerikan ailəsinin həyatı haqqında plan çəkməyə başladı.

Qreyninq personajları öz ailə üzvlərinin şərəfinə onların öz adı ilə adlandırdı və bu qəhrəmanları sarı rəngə boyadı ki, onlar digərlərindən seçilsinlər. Liza, Meqqi, Marc və Homer, müvafiq olaraq Qreyninqin bacılarının, anasının və atasının adıdır, Bart isə “brat” (“tərbiyəsiz uşaq”) sözünün anaqrammasıdır. Bu obraz altında isə Mett özünü və böyük qardaşı Markı yaradıb. Serialda hadisələr ABŞ-da yerləşən sənaye şəhərciyi Sprinqfilddə baş verir.

Qreyninq, realda ABŞ-da, demək olar ki, hər bir ştatda bu adda çoxlu şəhər var deyə, məhz bu adı seçdiyini bildirib. İqliminə, coğrafi quruluşuna və digər xüsusiyyətlərinəə görə, bu şəhəri reallıqda olan hansısa bir eyniadlı şəhərin eyni kimi müəyyən etməyə çalışsalar da, Qreyninq müsahibələrində bildirir ki, bu, tamamilə xəyali bir şəhərdir, ABŞ-dakı hansısa Sprinqfildin əksi deyil.

“Simpsonlar” ilk dəfə 1987-ci il 19 apreldə “Treysi Ulmanın şousu”nda “Goodnight” mini-seriyası ilə yayımlanmağa başlayıb. Tamhəcmli seriyalarla isə 17 dekabr 1989-cu ildən FOX TV-də ekranlara çıxıb. İlk əvvəllər personajlar çox kobud çəkilmişdi, belə ki, Qreyninqin onları daha yaxşı çəkməyə vaxtı yox idi. Mini-seriyalar təxminən iki dəqiqə davam etməklə, üç mövsüm FOX TV-nin efirində yayımlandılar. Efirə çıxan ilk tamhəcmli seriya «Simpsons Roasting on an Open Fire» oldu. “Simpsonlar” FOX Network-un ilk ən böyük hiti oldu. Multfilmin belə populyarlıq qazanmasından narahat olan Treysi Ulman, prodüsserləri məhkəməyə verdi, o hesab edirdi ki, serialın belə məşhurlaşmasında onun da xidməti var və buna görə kompensasiya almalıdır. Amma heç nəyə nail olmadı. Bu qədər məşhurluq qazanan bir tele-layihə təbii ki, tənqidçilər tərədindən də müxtəlif tənqidlərə məruz qalıb. Hətta Birləşmiş Ərəb Əmirliklərində qadağan olunduğu, Ukraynada baxılması məsləhət görülmədiyi, Braziliya, Venesuelada siyasətçilər tərəfindən tənqid olunduğu hallar da olub.

Şuluqluğuna, tərbiyəsizliyinə görə, serialın ən çox tənqidə məruz qalan personajı Bartdır. Bu xüsusiyyətlərinə və xüsusilə də serialın əksər seriyalarında buna görə cəzalanmamağına görə, valideynlər və mühafizəkar tamaşaçılar onu uşaqlar üçün pis nümunə hesab edirlər. Bart haqda olan tənqidlərə Mett Qreyninq belə cavab vermişdir: “Bəli, Bart haqda deyilənlər doğrudur. İnsanların əksəriyyəti normal insan olmağa çalışırlar, Bart isə hesab edir ki, normal olmaq darıxdırıcıdır və o elə hərəkətlər edir ki, başqaları onu edə bilmir, amma etmək istəyir.”1990-cı ilin sentyabrında Barbara Buş “People” jurnalına müsahibəsində “Simpsonlar”-ı “nə vaxtsa baxdığı ən axmaq şey” adlandırdı.
Bart Simpson
Altı il keçəndən sonra “Two Bad Neighbors” seriyasında Sprinqfildə gəlmiş Corc və Barbara Buş göstərildi. Corc, Bart və Homerlə mübahisəyə başlayandan dərhal sonra onlar buranı tez tərk edirlər. 1992-ci ilin yanvarında ABŞ prezidenti ata-Corc Buş özü nitqində “Simpsonlar” haqda qeyd edir ki; “Biz amerikan ailəsinin güclənməsi naminə çalışmağımızı davam etdirəcəyik, amerikan ailəsi daha çox “Uoltonlara” (70-ci illərdə Amerikada yayımlanan ailə serialı) oxşamalıdır, nəinki “Simpsonlara”. Çox keçmir ki, “Stark Raving Dad” seriyasında Bartın dilindən prezidentin bu tənqidinə ironik cavab gəlir: “Ey, biz məhz elə Uoltonlar kimiyik. Biz də Depressiyanın sona çatması üçün dua edirik.”

Bütün mövsümlər, seriyalar ərzində “Simpsonlar” qlobal problemlər, Ağ ev, Azadlıq abidəsi, Vatikan, eskimoslar, şamanlar, buddizm, musiqi, kino, iqtisadi böhran, din, tolerantlıq, eynicinslilərin nigahı, darvinistlərlə kreasionistlərin mübarizəsi, ekoloji mühit, incəsənət, vegetarianlıq, İraq mühabribəsi, məşhurlar, ABŞ prezidentləri – Nikson, Karter, Bill və Hillari Klintonlar, ata və oğul Buş, bundan başqa B.Yeltsin, Qorbaçov, Yanukoviç və s. ən müxtəlif mövzulara və şəxslərə toxunmuş, satiraya tutmuş və ironik yolla onları ifadə etmişlər. Bu “ailənin üzvlərindən” dünyanın ən məşhur reklamlarında istifadə olunmuşdur, elə təkcə onların təsviri olan maykalar, müəlliflərə 2 milyard dollar gəlir gətirmişdir. Simpsonlar məşhurlar xiyabanında

Dünyaya səs salan bu cizgi filminə nə qədər tənqidlər olunsa, araşdırılsa, haqqında danışılsa da, yenə də ortaya cürbəcür faktlar, məlumatlar çıxır. Nə qədər qəribə olsa da, “Simpsonlar” haqda deyilmiş ən layiqli fikir, 2009-cu ildə Vatikanın rəsmi qəzeti olan L’Osservatore Romano-nun bu serialın personajlarını xarakterizə edərək dediyi – “ağıllı və realistik” – ifadəsini hesab edirəm. Qəzet yazırdı ki, “Simpsonlar”-ın sayəsində yetişkin insanlar bir daha özləri üçün cizgi filmi kəşf etdilər.


Tarix: 28.11.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 211 Bölmə: Filimler