beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Görüntüsü gözəl olan ən yaxşı 30 film

1. Tarkovski- «Stalker»
Disident rejissorun dünya kinosuna bəxş etdiyi sənət əsəri. Film ustalıqla və incəliklə lentə alınıb. Tarkovski öz ampulasında tamaşaçıları simvollarla çaş-baş salır. Film yüksək səviyyədə yaradılıb.


2. Nuri Bilge Ceylan- Uzak
Nuri Bilge Ceylan Tarkovski üslubu davamçısıdır. Professional fotoqraf olması filmlərindən bilinir. Filmləri ilk baxışdan çox sıxıcı və sönük görünür, amma müasir kinonun ən yaxşılarından hesab olunur. Bu filmi rejissorun ən uğurlu filmlərindən biridi. Filmin görüntüsü insanı heyran edir.


3. Vonq Kar Vai- 2046
Şərq kinosunun usta rejissorlarından olan Vonqun “Sevgi” trilogiyasına daxil olan hər üç filmi özlüyündə gözəldi. Amma məhz “2046” filmini seçdik. Filmdə yaşıl və sarı rənglər üstünlük təşkil edir. Rejissor bununla dramatizmi özünəməxsus yumşaqlığı ilə təqdim edib.


4. Takeşi Kitano- Kuklalar (Dolls)
Takeşidən gözlənilməyən film olsa da usta rejissor bu filmin öhdəsindən gözəl gəlib. Olduqca rəngli və mənalı bir film meydana gəlib. Fəsillər və fəsillərə uyğun geyimlər, rənglərin qamması filmin nə dərəcədə gözəl olduğunu təsdiq edir.


5. Mel Gibson- Apokalipsis (Apocalypto)
Rejissor işinə görə bu filmi ayaq üstə alqışlamaq lazımdı. Mel Gibson qeyri-peşəkar aktyor heyəti ilə bu cür film yaradıb. Dialoqu az olan filmlərdə tamaşaçı darıxır adətən. Amma rejissor bu filmdəki sujeti və görüntünü elə ustalıqla qurub ki, heç bir an da olsa gözlərini yayındırmaq istəmirsən.


6. Stenli Kubrik- Portağal mexanizmi (A Clockwork Orange)
Kostyumlar, aktyorlar, avanqard üslub və möhtəşəm bir film. Kubrik hər şeyi mümkün olandan da daha gözəl etməyi bacarıb. Filmin mahiyyəti ilə görüntü əla uyğunlaşdırıb.


7. Kim Ki Duk- Yaz, yay, payız, qış və yenə yaz… (Spring, Summer, Fall, Winter… and Spring)
Adından göründüyü kimi rejissor fəsillərin adı altında sujet qurub və buddizm dini, onun fəlsəfəsi haqda çox gözəl bir film çəkib. “Kuklalar” filmindəki kimi burda da rənglər heyranedicidi. Hadisələr isə bir qədər şərqə xas aqressiya və kobudluqla izah olunur.


8. Vim Venders- Berlin üzərindəki səma (Wings of Desire)
Mələklər və insanlar. Film olduqca parlaq və gözəl alınıb. Venders bütün detallara qədər filmi nəzarətdə saxlamağı bacarıb. Həm sepiya, həm rəngli lentə çəkilib film.

9. Tarsem Sinqx- Düşüş (The Fall)
Fentezi janrında ən uğurlu filmlərdən biri. Tarsem elə də tanınmış rejissor olmasa da, bu filmi ilə sözünü deyə bilib. Nağıllar və xəyallar aləminə olunan səyahətdə obrazlar, onların kostyumları və bütövlükdə filmin görüntüsü əla alınıb.

10. Qilyermo Del Toro- Favnın labirinti (Pan’s Labyrinth)
Fentezi üslubunda daha bir gözəl film. Rejissorun zövqü əladı. Filmdə istifadə olunan kostyumlar, effektlər, dekorasiyalar və rənglər bir-birini gözəl tamamlayıb. Görüntü heyranedicidi. Filmin uğrunda başlıca səbəblərdən biri və elə birincisi budu.

11. Frenk Miller və Robert Rodriqes- Günahlar şəhəri (The Sin City)
Komikslərdən ssenari baxımından istifadə etmə heç də həmişə uğurlu alınmır. “Günahlar şəhərini”-nin yaradıcısı və rejissoru Miller gözəl gediş və tapıntı etdi. Filmi jurnal komiksi üzərində canlandırdı. Effekt deyərdim ki, super alındı. Tarantino və Rodriqes də bu kreativ işdə öz absurd ideyaları ilə Millerə dəstək oldular və ekranlara fərqli və çox professional bir film çıxdı.

12. Jan Pyer Jene- Ameli (Amelie)
Ameli filmi elə tip filmlərdəndir ki, bu filmə hamı baxmalıdı. Jene bu filmdə Fransanı, Parisi, mədəniyyəti, insanları, əşyaları, hətta hissləri belə yüksək həssaslıq və incəliklə təsvir edə bilib.


13. Lars Von Trier- Antixrist (Antichrist)
Dəli rejissorun qalmaqallı filmi. Trier valeh edir bu filmi ilə. İlk dəfə xüsusi effektlərdən istifadə edən rejissor elə ilk dəfədən Amerika rejissorlarına örnək alınası gedişlər göstərdi. Filmdə olan ağır auranı bir qədər də rənglər və görüntü ağırlaşdırır.


14. Cim Carmuş- Ölü adam (Dead Man)
Carmuş sepiya effekti ilə çəkib bu filmi. Vestern janrının fentezi ilə qarışığı rejissorun təxəyyülüdür. Rejissor isə usta olduğundan işinin öhdəsindən tam gələrək həm özünün, həm də kino sənətinin ən fərqli filmlərindən birini yaradıb.


15. Qas Van Sent- Fil (Elephant)
Qas Van Sentin bu filmi kadr ixtisarı ilə 20 dəqiqədir. Amma rejissor müxtəlif rakurs və kameralarla tammetrajlı və ela bir film çəkib. Filmin vacibliyi və sujet xətti də öz yerində.


16. Mixael Heneke- Ağ lent (The White Ribbon)
Henekenin bu filmi şedevrdi. Buna baxmayaraq film elə də çox ajiotaj yaratmayıb. Bəlkə də rejissorun səhvi onda oldu ki, film üzərində vasvasılıqla işləyib, demək olar ki, səhvsiz bir iş ortaya qoyub. Bütövlükdə ağ-qara lentə çəkilən filmdə görüntü həqiqətən gözəldi.


17. Yan Şvankmayer- Odun (Little Otik)
Çexiyalı sehirbaz Yanın növbəti hoqqası “Odun” filmi oldu ki, tənqidçilər tərəfdən müsbət qarşılandı. Rejissor adət üzrə yenə sürreallığına sadiq qalıb növbəti absurd ideyasını çəkib. Düzdür, bu dəfə ona milli nağıl kömək edib, amma o nağılı da özününküləşdirməyi bacarıb.


18. Vinsent Uord- Arzular hara gətirir (What Dreams May Come)
Görüntüsünə görə Oskar da qazanmağı bacarıb. Robin Uilyamsın ən gözəl filmlərindən biri. Filmdəki gedişlər və uyğunluq, bütövlükdə montaj və rejissor işi gözəl alınıb. Baxanlar bilir ki, bu filmdə qeyri adi bir sakitlik aurası var. İnsan baxdıqca rahatlaşır.


19. Vaçovski qardaşları- Matriks (Matrix)
Matrits haqda nə yazmaq olar ki?! 28 mükafat və 4 oskar… Məncə bu kifayət edər.


20. Piter Uir- Truman şousu (The Truman Show)
“Truman şousu” kimi filmi heç kim Uir-dən gözləmirdi. Amma rejissorun bu filmini alqışlamağa dəyər. İlk növbədə büdcə elə də çox deyil. Sonra ssenari ilk baxışdan fövqəl istedadlı rejissura tələb edir və üstəgəl bir aktyor bu filmi çiynində daşımalıdı. Uir bütün bunları bacardı. Kastinqlərdən Cim Kerri əsas aktyor kimi seçiləndə çoxu filmin fiaskoyla üzləşəcəyini proqnoz verirdi. Amma məhz Cim Kerri sayəsində film daha da uğurlu alındı. Ed Xarris isə filmə şarm qatdı. Beləliklə, mümkünsüz dedikləri film mümkünə çevrildi.


21. Stiven Spilberq- Şindlerin siyahısı (The Schindler’s List)
-Niyə ağ-qara çəkmisiz filmi?-Səhvlərim görünməsin deyə.Bunu filmin rejissoru Spilberq etiraf edib. Buna baxmayaraq heç nə və heç kim bu filmə kölgə salmaq iqtidarında deyil.


22. Devid Aranofski- Qaynaq (The Fountain)Aranofski olduqca darıxdırıcı və sönük bir film çəkib. Hətta filmə baxanda elə təəssürat yaranır ki, sanki rejissor filmi başlayıb və yarıdan sonra necə yekunlaşdırmaq haqqında düşünə-düşünə acı bağırsaq kimi uzadıb. Heç nə maraqlı deyil filmdə görüntüdən başqa. Devid bundan qat-qat güclü çəkə bilən rejissordu.


23. Semih Kaplanoğlu- Bal
Semihin “Yusuf” trilogiyasından olan filmi Berlin ayısını da qazana bilib. Film sakit başlayır və elə sakit də başa çatır. Baxa-baxa mürgüləmək adi haldı. Heç bir soundtrack yoxdu. Təbiət və onun səsi var. Bir də Yusuf və onun dünyası. Olduqca rəngli filmdi. Semihin fotoqraf olması qurulan kadrlardan bəlli olur.


24. Deyv Makkin- Güzgülü maska (Mirror Mask)
Daha bir fentezi janrlı film. Bu dəfə rəssam, fotoqraf və rejissor Deyv Makkin-in təqdimatında. Sürrealizm çalarları və foto kadrlarla zəngin çox gözəl işlənmiş bir filmdi. Geniş tamaşaçı kütləsi üçün nəzərdə tutulmasına baxmayaraq filmdə olan illüstrasiyaları daha çox orta nəsil sevdi.


25. Aleks De La İqlesia- Boru üçün qəmli ballada (Sad Trumped Ballad)
Film 2010-cu il Venetsiya festivalında nümayiş olunanda münsiflər heyətində olan Tarantino filmi ayaq üstə alqışlamışdı. Həmin festivalda Aleks De La İqlesia “ən yaxşı ssenari” və “ən yaxşı film” nominasiyasında ikincilik qazandı. Film elə də tutarlı olmasa da, görüntüsünə söz ola bilməz. Fikrimizcə son illərin ən uğurlu rejissor işi olan filmdi.


26. Kşiştof Keselevski- Qırmızı (Red)
Polyak rejissor Keselevskinin “Rənglər” (Trilogy of Colours) trilogiyasının sonuncu “rəngi” olan “Qırmızı” filmi. Filmdə qırmızı rəng məzmun olaraq işlənilib. Rejissorun dahiliyi filmdə olan görüntünü möhtəşəm edib.


27. Mişel Qondri- Təmiz düşüncənin əbədi parlaqlığı (Eternal Sunshine of the Spotless Mind)
Filmdə komputer qrafikasından demək olar ki, istifadə olunmayıb. Necə? Bəli, bəli düz oxudunuz. Filmdə gördüyünüz effektlər və keçidlər rejissor Qondrinin biclikləridi. Qondri güzgü və montaj sayəsində sehrbazlıq edib.

28. Culian Şnabel- Skafandr və kəpənək (The Diving Bell and the Butterfly)
Məhşur “Elle” jurnalının redaktoru Jan Dominik Bobinin həyatına həsr olunan filmdə Culian hadisələri Bobinin baxışından göstərir. Bununla da tamaşaçı sanki filmin qəhrəmanı ilə birgə eyni rolu bölüşür. Məhz bu baxımdan filmin dəyəri çoxdu.

29. Kristofer Nolan- Başlanğıc (Inception)
Nolanın “Başlanğıc” filmi bütün zamanların da ən yaxşısı olmağa layiq olardı, əgər rejissor döyüş səhnələrindən aşırı istifadə etməsəydi. Filmdə uzunçuluq var. Buna baxmayaraq ssenari və rejissor işi baxımından ən uğurlu filmlərdən biridi. Filmə baxanlar yuxu ilə reallığı da bəzən səhv salırlar.


30. Devid Finçer- Benjamin Battonun sirli həyatı (The curious case of Benjamin Button)
Finçer Benjamini xüsusi zövqlə və səliqə ilə çəkib. Hər şey öz qaydasındadı filmdə. Hətta ən xırda detallara da fikir verilib. Mükəmmələ yaxın olan rejissor işi görülüb. Çatmayan yeganə bir şey var, o da filmin sonunu əvvəldə görə bilməkdi. Bu bir az marağı azaldır.


Tarix: 28.11.2014 / 11:37 Müəllif: Aziza Baxılıb: 190 Bölmə: Filimler