Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xaç atası

XX əsrin əvvələrindən dünyanın kino mərkəzinə çevrilən Hollivud sonradan “şedevr” adlandırılacaq və kinematoqrafiyanın gələcək inkişafına əsaslı təsir göstərəcək filmlər istehsal etdi. Əvvəla onu qeyd edim ki, şedevr ifadəsi (fr.hərfi mənası “ən yaxşı iş” “zəhmətin zirvəsi”) incəsənətin hər hansı bir sahəsində, o cümlədən kinematoqrafiyada yaradılan ən möhtəşəm, təkrarolunmaz əsərlərə aid edilir. Odur ki, daşıdığı məna şedevr epitetini filmlərə aid etməyi tələb edir. Bu mənada, dünya kinosunda istisna təşkil edənlərin sayı elə də çox deyil. Belə nadir istisnalardan biri də təbii ki, “Xaç atası” filmidir. Ən önəmli kino hadisələrindən biri sayılan bu möhtəşəm sənət əsəri haqqında kinotənqidçilər çox yazıb, fox fikirlər söyləyib. Amma əsl qiyməti tamaşaçı auditoriyası – özü də hələ filmin ekranlara çıxdığı uzaq 1972–ci ildə vermişdi. Belə 6 milyonluq büdcəyə malik olan “Xaç atası” 250 milyon dollar qazanmışdı.

İndi film barədə... Bu sənət əsəri haqqında ilk dəfə eşidən hər bir kəsin özlüyündə bir sıra suallar yaranacaq: filmin yaradılma tarixi, mövzusu, aktyor heyəti barədə ideyaları və s. Və ən əsas sual niyə qeyd-şərtsiz bu filmin şedevr sayılmasıdır. Suallar məlum oldu, indi də cavablar barədə “Xaç atası” film eyniadlı romanın motivləri əsasında çəkilib. Mario Puzonun 1969-cu ildə yazdığı və qısa zamanda bestsellerə çevrilən “Xaç atası” romanında İtaliyanın Siciliya adasından mühacirət edən və Nyu-York şəhərində fəaliyyət göstərən Karleone klanı və onun üzvlərinin həyatı ətraflı şəkildə əks olunub. Bədii əsərin uğuru Hollivud başbilənlərinin diqqətini çəkir. Onlar doğru ehtimal edirlər ki, böyük oxucu kütləsinə malik əsərin ekranlaşdırılması filmin maliyyə uğurunu təmin edəcək. Lakin onlar ehtimal edə bilməzdilər ki, filmin məşhurluğu romanı kölgədə qoyacaq.

Filmin çəkilməsi yolunda atılan ilk addım rejissorun təyin edilməsi olur. Hadisələr İtaliya mafiyasından bəhs edəcəyi üçün rejissor kimi bu mühitə yad olmayan italyan mənşəli bir şəxs seçilməli idi və seçildi də. Bu, böyük perspektiv vəd edən Frensis Ford Koppola idi. Bədii əsərin əsasında filmin ssenarisi işlənərkən Koppola Pyuzo ilə birgə çalışdı və romanın filmə ağırlıq gətirəcək hissələrini ixtisar edərək yeni motivlər əlavə etdi. Məqsəd filmin tamaşaçıya maksimal emosional təsirini təmin etmək idi. Kopolla-Pyuzo tandemi isə bu vəzifənin öhdəsindən maksimum gəldi. Ssenarinin yazılması ilə bərabər rollara aktyorların seçilməsi də davam edirdi. Əslən italyan olan Frensis Koppola filmdə də yalnız italyanların çəkilməsinin tərəfdarı idi. Onun fikrincə, Italyanı yalnız ityalyan oynaya bilərdi. Lakin bu fikir filmi maliyyələşdirən studiya tərəfindən narazılıqla qarşılandı. Onlar tanınmış Amerika aktyorlarının da filmə çəkilməsi ilə daha çox tamaşaçı cəlb etmək fikrində idilər.

Karleoni klanın başçısı don Vito Karleonu (iki əsas roldan biri) roluna məşhur Hollivud ulduzu Marlon Brando seçilir. Onun üç övladı Santino, Frederikovə Maykl rollarına müvafiq olaraq Ceyms Kaan, Con Kazale və Al Paçino dəvət olunur. Maykl obrazı filmin əsas qəhrəmanı hesab olunurdu və studiya bossları bu rolda tanınmış aktyor (onların arasında – Cek Nikolson, Dastin Hoffman, Alen Delon, Robert Redford və s.) görmək istəyirdilər. Yalnız rejissor Frensis Ford Kopollanın buna qəti etirazından sonra Amerikada italyan ailəsində anadan olan və buna qədər yalnız ikinci dərəcəli filmlərdə rol alan Al Paçino dəvət olunur. Filmdə hadisələr 1945-1955-ci illəri əhatə edir.

Ekranlara çıxdığı ilk günlərdən böyük maraqla qarşılanan “Xaç atası” filmi qanqster filmlərin özünəməxsus etalonuna çevrilir. Film həmin il “Oskar” mərasiminin əsas favoriti kimi 11 nominasiya üzrə 3 Oskar əldə etdi. “Ən yaxşı ssenari”, “ən yaxşı aktyor” (Marlon Brando) və ilin “ən yaxşı filmi” nominasiyalarında qalib oldu. “Xaç atası”ndakı dialoqlar, Marlon Brandonun özünəməxsus ustalıqla yaratdı Vito Karleone obrazı və bəstəkar Nino Rotun film üçün bəstələdiyi unudulmaz musiqi filmin şedevr sayılması üçün bəs edəcək atributlardır. Əldə etdiyi uğurların fonunda “Xaç atası”nın 1974 və 1990-cı illərdə növbəti seriyaları çəkilib. Lakin həmin filmlər ilk hissənin əldə etdiyi uğuru təkrarlaya bilmədilər.

Müəllif: Vüqar İSMAYILOV
Mənbə: 525-ci qəzet

UPD.

Mario Puzonun 1969-cu ildə çap olunmuş “Xaç atası” romanı onu bütün dünyada məşhurlaşdırdı. Əslən Siciliyalı olan Vito Korleone klanı haqqında yazılmış bu roman indiyə kimi də mafiya haqqında ən yaxşı əsər sayılır. Onun balaca oğlu Maykl professor olmaq istəyir, lakin şərait elə gətirir ki, atasının varisi olur. İkinci Dünya müharibəsindəki döyüşlərdə bərkimiş, savadlı Maykl Karleone qüdrətli mafiya başçısına çevrilir.


Tarix: 28.11.2014 / 11:10 Müəllif: Aziza Baxılıb: 224 Bölmə: Filimler
loading...