beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pirotexniklər

Hər bir ekran əsərinin ərsəyə gəlməsi kollektiv əməyin məhsuludur. Tamaşaçı həmin kollektivin üzvlərindən bir qismini (aktyorları) ekranda görür, digərlərinin - ssenarist, rejissor, operator, bəstəkar və s. yaradıcı şəxslərin kimliyini ilk titrlərdən öyrənir. Filmin çəkilişində yer alan əksər şəxslərin adları isə ya əvvəldə, ya da sonda “qaçan” sətirlərlə təqdim olunduğundan çoxları üçün onlar naməlum qalır.
Kadr arxasında qalan bu insanların əməyi zəncirvarı halqanı xatırladır. Bir-birindən asılı olan və nəticə olaraq ekran əsərini ərsəyə gətirən işçi “zəncir”lərdən biri də pirotexniklərdir. Bu maraqlı, eyni zamanda kifayət qədər təhlükəli peşənin sahiblərinin kinoda öz yeri, sənət yolu var.
“Azərbaycanfilm” kinostudiyasının pirotexniki Əlibala Məmmədov 30 ildən çoxdur ki, bu sahədə çalışır. Onunla kinostudiyanın silah-sursatlı, barıt qoxulu pirotexnik otağında görüşdük.
Əlibala Məmmədov kino ilə tanışlığını belə xatırladı: “1977-ci ildə “Mosfilm” kinostudiyası film üçün pirotexniklər axtarırdı. Mən hərbi xidmətdə silah-sursatla davranmağı, partlayış törədilməsi və s. işləri yaxşı mənimsəmişdim. Odur ki, müəyyən təcrübəyə malik olduğumu nəzərə alıb məni işləməyə dəvət etdilər. Bir müddət Moskvada işləyəndən sonra Bakıya - “Azərbaycanfilm” kinostudiyasına gəldim. Burada ilk işim rejissor Rasim İsmayılovun “Şir evdən getdi” filmi ilə başladı. Moskvada müəyyən təcrübə əldə etdiyim üçün “Azərbaycanfilm” kinostudiyasında işə başlamaq o qədər də həyəcan yaratmadı. Sonralar “Qətl günü”, “Ağ atlı oğlan”, “Yük”, “Fəryad”, “Tələ”, “Sarı gəlin”, “Özgə vaxt”, “Güllələnmə təxirə salınır”, “Cavad xan”, “Dronqo” və bir çox başqa Azərbaycan və xarici filmlərdə işləmişəm ”.

Pirotexnik təhlükəli peşədir
pirotexnika
Kinonun ilkin dövrlərində pirotexnika işini xüsusi təhsili olmayan, sadəcə hərbçi kimi təcrübəyə malik şəxslər gördüyündən film çəkilişində təhlükəli olaylar daha çox olurdu. Sonralar bu sahə üzrə təhsil alan mütəxəssislərin sayı artdı. Lakin bütün bunlara baxmayaraq, ən kiçik səhv insan ölümü ilə nəticələnə bilər. Məsələn, bu yaxınlarda Çində kiçik bir səhv ucbatından filmdə qurulmuş səhnədə bomba vaxtından tez partlayaraq 8 nəfərin ölümünə səbəb olmuşdu. Belarusda isə film çəkilişləri zamanı vaxtından əvvəl basılan düymə və aktyorun yanlış manevri onun faciəli şəkildə ölümü ilə nəticələnmişdi.
Əlibala Məmmədov bu vaxta qədər işlədiyi filmlərdə heç bir təhlükəli anın olmadığını deyir: “Adətən rejissorun, aktyorun göstərişləri ilə yox, öz bildiklərimlə hərəkət edirəm. Çünki bu elə bir sahədir ki, ən kiçik yanlışlıq faciə ilə nəticələnə bilər. Ən çox bəyəndiyim uğurlu işim rejissor Ceyhun Mirzəyevin “Fəryad” filmində olub. Burada biz döyüş səhnəsini Goranboyda çəkirdik. Hazırda isə Oqtay Mirqasımovun “Qisas almadan qayıtma” filmində işləyirik”.

Partlayış, tüstü-duman ...və xoş təəssüratlar
Söhbət əsnasında otaqdakı silah növləri, kimyəvi maddələr, orta əsrlər dövrünün mühitini yaradan silahlarla, qılınc və xəncərlərə nəzər yetiririk. Hətta butadakı kiçik tirdə tüfənglə atıcılıq bacarığımızı da yoxlamağa cəhd etdik. Hələ üstəlik Əlibala Məmmədovun qurduğu mini partlayış səhnəsi ilə də əyani olaraq tanış olduq. O, bizə filmlərdə istifadə olunan köhnə və yeni barıtlardan da danışdı. Partlayan barıt bu yerdə mənə “Dərviş Parisi partladır” filmindəki məşhur səhnəni və dərviş Məstəli şahın “Ayə, bu qədər də barıt qoymaq olar” sözlərini xatırlatdı. Qeyri-ixtiyari “Çəkiliş zamanı belə hal olubmu ki, qədərindən çox barıt qoyub partladasınız?” deyə soruşuram. Əlibala müəllim “Dərviş Parisi partladır” filmindəki məşhur kəlamın pirotexniklər arasında az qala zərb-məsələ çevrildiyini bildirir: “Amma şəxsən mən bu vaxtadək heç bir filmin çəkilişində qədərindən çox barıtdan istifadə etməmişəm”.
Bu arada üstünü mamır, göbələk bürümüş tüfənglər də gözümdən yayınmadı. Bunu görən Ə. Məmmədov deyir: “Burada olan vəsaitlərin əksəriyyəti ötən əsrin 40-50-ci illərindən qalmış silahlardır”.

Adətən filmlərdən bir qədər də həyəcanla izlədiyimiz döyüş epizodları, qəhrəmanların yaralanması və s. səhnələrin qurulduğuna da qismən şahid oluruq.
Qliserin, şirniyyatda istifadə olunan rəngli maddələr qanın hazırlanmasında köməyə yetir. Qan isə adətən 2 rəngdə hazırlanır: al qırmızı (yenicə qanı tökülən insan) və tünd qaraya çalan (laxtalanmış, yəni filmdə ölmüş adamın qanı). Güllələnmə, bıçaqlanma və s. bu kimi qan tökülən səhnələrdə isə aktyorun bədəninə kiçik zirehli jilet qoyulur ki, ona dəyəcək yalançı güllə aktyoru incitməsin.
Əlibala Məmmədov xaricdə aktyorlarla işləməyin daha asan olduğunu da söylədi: “Xaricdə aktyoru müəyyən fikirlə istiqamətləndirib istədiyin səhnəni rahat qura bilirsən və heç bir problem yaşanmır. Bizdə isə çəkiliş zamanı aktyorlarla anlaşmaq bir qədər çətin olur”. Ə. Məmmədov gələcəkdə onun yolunu davam edəcək gənc mütəxəssislərin olmamasından təəssüfləndiyini də qeyd edir: “Gənclər nədənsə pirotexnik olmaq istəmir. Bu da görünür işin məsuliyyətindən irəli gəlir. Həm də bu, o qədər də qazanclı peşə sayılmır. Yəqin ona görə gənclərin bu işə marağı yoxdur”.


Tarix: 28.11.2014 / 11:18 Müəllif: Aziza Baxılıb: 198 Bölmə: Filimler