beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süngərlər tipi. Şirin su süngəri

Bədənləri bir hüceyrədən ibarət olan ibtidai heyvanlardan fərqli olaraq qalan heyvanların bədəni çoxlu sayda hüceyrələrdən təşkil olunmuşdur. Çoxhüceyrəlilərin bədənini təşkil edən hüceyrələr quruluşu və funksiyasına görə ixtisaslaşmışdır. Onların bir qrupu həzmi, digər qrupu hərəkəti, üçüncü qrupu ifrazatı və s. yerinə yetirir. Çoxhüceyrəli heyvanların orqanizmdən ayrılmış bir hüceyrəsi müstəqil yaşaya bilməz.
Çoxhüceyrəli heyvanın yaşayışı bədəndə olan bütün hüceyrələr qrupunun birgə fəaliyyətindən asılıdır.
Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri süngərlərdir. Əsl çoxhüceyrəli heyvanlardan fərqli olaraq süngərlərin orqan və toxumaları yoxdur. Süngərlərin kisəvari və ya qədəhvari bədəni iki qatdan: xarici dermal (ektoderma) və daxili qatdan (ektoderma) ibarətdir. Bu qatlar arasında yerləşən struktursuz hissə mezoqley adlandırılır. Mezoqleydə ayrı-ayrı hüceyrələr səpələnmişdir. Süngər bədənin qaidəsi ilə suyun dibinə və ya sualtı əşyalara hərəkətsiz yapışır. Bədənin digər ucunda yerləşən və osculum adlandırılan dəlik yuxarıya doğru istiqamətlənmişdir. süngərlərin mezoqleyində skelet inkişaf edir. Skelet kirəc (CaCO3), silisium (SiO2) və ya buynuz maddəsindən ibarət olur.

Süngərlərin bədən divarında çoxlu sayda məsamələr vardır. Məsamələrdən başlanğıc götürən kanallar paraqastral boşluğa açılır. Paraqastral boşluğa daxil olmuş su oskulumdan xaricə çıxır. Süngərlərin bədənindən süzülən su başqa maddələrdən təmizlənir. Bu baxımdan süngərlər biofiltrator kimi dəniz və şirin suların təmizlənməsində mühüm rol oynayır.

Süngərlərin xarakterik növlərindən biri şirin su süngəridir.
Şirin su süngəri göl və çayların sahilə yaxın yerlərində daşlar və suya düşmüş bulaqlar üzərində yaşayır (şəkil 15). Cavan süngərin oskulumu yuxarı tərəfə çevrilmiş kisə şəklindədir. Süngərin bədənində üç hissə ayırd edilir: döşənək, yan divarlar və oskulum («ağız»). Onun bədəninin xarici qatında yerləşən hüceyrələr yastıdır. Həmin hüceyrələrin bəzilərində bədənin daxilinə kanalcıqla açılan məsamələr vardır. Daxili qatın hüceyrələrinin hər biri süngərin daxili boşluğuna doğru yönəlmiş qamçıya malikdir. Qamçıların hərəkəti nəticəsində ətraf mühitdəki su məsamələrdən kanalcıqlara, oradan isə yalançı qastral (paraqastral) boşluğa daxil olur və oskulumdan xaricə çıxır. Süngərin qidasını təşkil edən bakteriyalar və digər mikroskopik orqanizmlər su cərəyanı ilə daxilə keçdikdə qamçılı hüceyrələr tərəfindən tutulur və həzm edilir.
Şirin su süngəri koloniyası (a) və onun quruluş sxemi (b)
Şirin su süngərinin skeletinin tərkibində mineral duzlar və buynuz maddəsinə bənzər üzvi maddələr vardır. Şirin su süngəri cinsi və qeyri-cinsi üsulla çoxalır. Qeyri-cinsi çoxalma tumurcuqlanma xarakteri daşıyır. süngərin bədən səthində qabarma əmələ gəlir, bədənin bütün qatları və paraqastral boşluq onun daxilinə doğru davam edir. Qabarmanın zirvəsində yeni oskulum əmələ gəlir. Əmələ gəlmiş fərdlər ana fərddən ayrılmadığından koloniya əmələ gəlir. Koloniyadakı fərdlərin sayını oskulumların sayı ilə müəyyən etmək olar. Şirin su süngəri yay fəslində adi tumurcuqlanma və cinsi üsulla çoxalır. Yay fəslinin əvvəllərində süngərin mezoqleyində yumurta əmələ gəlir. Mayalanmış yumurtadan çoxhüceyrəli sürfə çıxır. Sürfə suda bir neçə saat üzür və suyun dibindəki əşyalara yapışır və cavan su süngərinə çevrilirlər.


Tarix: 08.12.2014 / 15:56 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Biologiya