beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gülağa Məmmədov

Gülağa Məmmədov - tanınmış Azərbaycan müğənnisi, Azərbaycan SSR Xalq Artisti.Mündəricat
1 Həyatı
2 Lənkərandakı həyətlərini Bakıda axtarır
3 Gülağa sevdiyi qızı özündən xəbərsiz nikah elətdirib.
4 Yeganə övladları Gülarə
5 Yaradıcılığı
6 Nəriman Əzimovun xatirələri
7 Yaqub Zurufçunu Azərbaycana Gülağa Məmmədov tanıdıb
8 Həyat yoldaşı Aliyə xanımın xatirələri
9 Ölümündən sonra
10 Filmoqrafiya
11 Canlı ifasindan nümunələr
12 Həmçinin bax


Həyatı

Gülağa Məmmədov 1925-ci il iyunun 28-də Lənkəranın Kiçik Bazar adlanan məhəlləsində anadan olub. Bakıda boya-başa çatıb. Çox kasıb ailədə böyüyüb. Atası çəkmətikən, anası evdar qadın olub. Kirayədə yaşayıblar, ailə atasının cüzi qazancı ilə dolanıb.

Uşaqlıqdan musiqiyə böyük marağı olan Gülağa tez-tez qonşu uşaqları başına yığıb, onlara mahnılar oxuyarmış. 12 yaşında olarkən, təsadüfən küçələrindən keçən bəstəkar Üzeyir Hacıbəyov məlahətli uşaq səsi eşidərək ayaq saxlayır. Üzeyir bəy Moskvada keçiriləcək Azərbaycan Mədəniyyəti və İncəsənəti ongünlüyünə Koroğlunun ariyasını ifa etmək üçün elə bu yaşda istedadlı uşaq axtarırmış. Gülağanın səsinə valeh olan bəstəkar həyətə keçir və balaca istedadla tanış olur. Onu Opera Teatrında keçiriləcək müsabiqəyə dəvət edir. Azyaşlı Gülağa Üzeyir Hacıbəyov, Bülbül, Səid Rüstəmov kimi görkəmli sənətkarların münsiflər heyətinin tərkibində olduğu müsabiqədə iştirak edir və səsi bəyənilir.

Gülağa Məmmədov 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünün iştirakçısı olur. Böyük Teatrın səhnəsində Maestro Niyazinin müşayiəti ilə ifa etdiyi Koroğlunun "Səni gördüm, aşiq oldum" ariyası böyük alqışlarla qarşılanır.

Üzeyir Hacıbəyov onun ailəsi, yaşam tərzi haqqında bütün məlumatları da öyrənibmiş. Moskvadan gümüş medal və fəxri fərmanla qayıtdığını eşidəndə isə Gülağanı anasıyla birgə yanına çağırırır və tapşırır ki, ev seçmək üçün xoşlarına gələn ünvanı göstərsinlər. Mirzəağa Əliyev küçəsində yerləşən ikiotaqlı həyət evi onların xoşuna gəlir. Üzeyir hacıbəyovun dəstəyi ilə Gülağa Məmmədovun ailəsinə ikiotaqlı mənzil və aya 250 manat təqaüd ayrılır.

Lənkərandakı həyətlərini Bakıda axtarır

Lənkərandakı Kiçik Bazar məhəlləsi üçün darıxan Gülağa Bakıda yaşadığı həyətlə təskinlik tapır. Yenə həyətdəki tay-tuşlarını başına yığıb, onlar üçün müxtəlif mahnılar ifa edir. Bəzən səsinə həyətdən, küçədən böyüklər də gəlib ona qulaq asırlar. O zaman Gülağanın çıxışları konsert proqramına dönür.

Gülağa 15 yaşında Səid Rüstəmovun ansamblına qəbul edilir. Sonra Konservatoriyada həhsil alır. O, 20 yaşından Musiqili Komediya Teatrında çalışmağa başlayır. "Arşın mal alan", "Beşmanatlıq gəlin" və digər tamaşalarda baş rolları oynayır. Lakin bir neçə ildən sonra teatrdan ayrılır. Konservatoriyada oxuduğu illərdə Gülağa vokal dərsini Bülbüldən, muğamın sirlərini isə Sarabskidən öyrənmişdi. Oxuduğu mahnıların çoxu isə Səid Rüstəmova məxsus olurdu. Çünki, Səid Rüstəmov mahnılarının əksəriyyətini xüsusi olaraq Gülağa üçün yazırdı. Tofiq Quliyevin də, Cahangir Cahangirovun da əsərlərini ilk səsləndirən Gülağa Məmmədov olub.

Gülağa sevdiyi qızı özündən xəbərsiz nikah elətdirib.

Həm məktəbdə oxuyan, həm də işləyən bu yeniyetmə oğlan bir həyətdə böyüdüyü Aliyə adlı qonşu qıza meylini salır. Amma qızın valideynləri onların evlənməyinə razı olmur. Deyirlər ki, Gülağa hələ ali savad alsın, sonra evlənsin. Uşaqlıqdan çox zirək, həm də inadkar olan Gülağa arzusuna çatmağın yollarını axtarır.

15 yaşına çatanda Böyük Vətən müharibəsi başlayır. Şövkət Ələkbərova ilə birgə döyüşçülərin qarşısında konsert proqramlarıyla çıxış edir. Başlarına od-alov yağa-yağa oxuyurlar. Müharibə qurtarandan sonra Gülağa evlənmək qərarına gəlir. Amma gənclərin sevdasından duyuq düşən Aliyənin dayısı onlara göz verib, işıq vermir. Çarəsiz qalan Gülağa hiyləyə əl atır. Bir gün sevdiyi qızdan pasportunu istəyir. Deyir ki, "bütün qonşuların pasportlarını yığıram. Evlər idarəsinin müdiri tapşırıb. Sən də öz pasportunu mənə ver". Vaxt keçir və Aliyə öz pasportunu geri alanda heyrətdən donub qalır. Görür ki, pasportuna evlənmələri barədə möhür vurulub. Sən demə, Aliyənin hərisini ala bilməyən Gülağa köhnə məhəllələrinə gedir. Oradan Aliyəyə oxşayan bir qızla danışıb razılığını alır. Onun başına yaylıq da bağlayır ki, nikah mərasimində heç kim şübhələnməsin. Nikah qeydiyyatından keçib, Aliyə ilə onun özündən xəbərsiz ailə qurur. Möhür vurduqdan sonra pasportu geri qaytarır.

Evlənirlər. Bir yerdə uzun, xoşbəxt günlər yaşayırlar. Bu illər ərzində Gülağa heç zaman həyat yoldaşına qarşı münasibətini dəyişmir. Həmişə ailəsinin qayğısına qalır. Olduqca qısqanc olan Gülağa həyat yoldaşının Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsil almasını heç istəmirmiş.

Yeganə övladları Gülarə

Gülağa Məmmədovla Aliyə xanım uzun illər övlad həsrəti çəkiblər. Hətta həkimlər onlara Aliyənin uşaq dünyaya gətirə bilməyəcəyini deyiblər. 1956-cı ildə - evləndikləri vaxtdan on il keçəndən sonra taleləri üzlərinə gülüb. Onların yeganə övladları - Gülarə dünyaya gəlir. Gülarə xanım atasıyla bağlı xatirələrini danışarkən belə deyir: "Atam sürpriz etməyi xoşlayırdı. Onun bu ailədə ən böyük sürprizi, anama ən böyük, ən qəribə, gözlənilməz hədiyyəsi, söz yox ki, pasportuna vurdurduğu evlənmələri barədə möhür olmuşdu. Sonralar da anama həmişə sürprizlər edib. Heç nə demədən evdən anamın şəklini, pasportunu aparıb, bir müddət sonra "Hazırlaş, xaricə gedirik" - deyə aldığı putyovkanı ona uzadıb. Onlar birlikdə, demək olar, dünyanın az qala yarısını gəziblər. Anam özü deyərdi ki, Ərəbistan, İtaliya, Almaniya, hətta Afrikayadək gedib çıxıblar. Atamı xatırlayanda tez-tez uşaqlıq illərim yadıma düşür. Məni özü ilə iş yerinə aparırdı. Artıq orada hamı məni yaxşı tanıyır, hər gəlişimi sevinclə qarşılayırdılar. Orkestrdə bir kamançaçalan vardı. Mən qapıda görünən kimi kamançada adımı səsləndirərdi. Bu elə xoşuma gəlirdi ki. Atam iş yerində məni dahi sənətkarlarla tanış edərdi. Onların çoxunu evimizdə də dönə-dönə görmüşəm. Bizə atamın sənət yoldaşları - müğənnilər, musiqiçilər, bəstəkarlar tez-tez gələrdilər. Evimiz çox qonaq-qaralı olardı. Anam evdar qadın idi. İki gündən bir atamın başına bu qədər adamın toplaşmasından narazılıq eləməzdi. Əslində, biz buna alışmışdıq. Elə bilirdik, belə də olmalıdır".

Sənətkarın qızı atası ilə bağlı xatirəsində həm də bunları söyləyib: "Müğənnilik sənəti atama dostlar qazandırdı. Şövkət Ələkbərovayla çox yaxın idilər. Onlar səhnəyə bir gündə gəliblər. Atam həddindən artıq uşaqcanlı idi. Balaca olanda məni necə sevib-əzizləyərdisə, sonralar nəvələrinə də elə meyil göstərərdi. Onun həyatda iki amalı vardı: ailəsini, balalarını xoşbəxt görmək, bir də Tanrının qismət etdiyi səsinin qədrini bilmək. Tez-tez qastrol səfərlərinə gedərdi. Evimizə qayıdanda elə bil dünyanın naz-nemətlərini ona verərdilər. Sevinərdi, fərəhlənərdi. Səhər tezdən evdən çıxardı, çəkilişlərdə, səsyazma studiyasında, məşq zalında çalışardı. Gecəyarı gəlsə də, gileylənməzdi. Çünki sənətindən həzz alardı. Əziyyəti də hədər getməmişdi. Xeyli mükafatlar almışdı. Əvvəl əməkdar, az keçmiş xalq artisti fəxri adlarına layiq görülmüşdü".

Yaradıcılığı

Gülağa Məmmədov şirin, lakonik səsi ilə 600-dən artıq xalq və bəstəkar mahnıları oxuyub. 15-dən çox bədii filmdə, teatr tamaşalarında xarakterik musiqi nömrələri ifa edib. Respublikada fəaliyyət göstərən əksər xalq çalğı alətləri ansambllarıyla, simfonik orkestrləriylə birgə çıxışlar edib. Müslüm Maqomayev adına Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblında, Dövlət Musiqili Komediya Teatrında işləyib. 1952-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin (hazırda Səid Rüstəmov adına) xalq çalğı alətləri ansamblının solisti olub. "Ay qız", "Ana Kür", "Oxu, gözəl", "Şeir deyilmi", "Mənim qızım" kimi mahnıların hər birini özünəməxsus tərzdə ifa edib.

Gülağanın həmçinin yaxşı muğamat oxumağı olub. Ancaq efirdə muğam oxumayıb. Bu barədə ona sual verəndə "oxuyacağam" - deyə cavab verərmiş. Tez-tez qastrollarda olan sənətçi rahatlığı ancaq öz vətənində taparmış.Ümumiyyətlə, çox ölkələrə səfər etmişdi. Nədənsə, Gürcüstan və İrəvanda daha çox sevilirdi. Hətta İrəvanda konsert verən zaman qalmaqal da əskik olmurdu. Belə ki, bütün biletlər satıldığından onun səsini eşitmək istəyən camaat biletsiz içəri daxil olur, ya da konsert salonunun qabağına toplaşırdı. Milislər onları uzaqlaşdırmağa çalışanda isə böyük səs-küy qopurdu.

Gülağanın bir xasiyyəti də var imiş - haqsızlığa, ədalətsizliyə dözən olmayıb. Hansısa işi irəli getsin deyə, kiməsə yalvarmaq, minnətçi düşmək istəməyib. Deyirlər ki, o, düzgünlüyü sevirdi. 1942-ci ildən radionun Bədii Şurasının üzvü idi. Şit, bayağı mahnı olanda öz fikrini qəti şəkildə bildirərmiş: "Efirə buraxmaq olmaz!" Şuranın digər üzvləri də "baş üstə" deyib onun fikrilə razılaşırdılar. Lakin bir az keçəndən sonra həmin mahnını eşidirdi. Bu cür hallar tez-tez təkrarlandığından o, bu vəzifədən imtina edir.

Nəriman Əzimovun xatirələri

Xalq artisti, bəstəkar və dirijor Nəriman Əzimov Gülağa Məmmədovu görən son sənətçi dostu olub: "Onunla bir çox xarici ölkələrə getmişik. Səfərlər zamanı çalışardıq ki, xalqımızın adına, musiqi sənətimizin şərəfinə hörmət, nüfuz qazandıraq. Uğurumuzun əsas səbəbkarı Gülağa olub. Onu həmişə alqışlarla qarşılayardılar. Çoxlu dostu vardı. Səid Rüstəmov, Cahangir Cahangirov, Tofiq Quliyev, Fikrət Əmirov, Hacı Xanməmmədov və başqa bəstəkarlar onunla işləməkdən həzz alardılar. Yaxşı xatırlayıram: şair Rəfiq Zəkanın sözlərinə yazdığı "Ana Kürüm" mahnısı lentə alınan vaxt unudulmaz bəstəkar Cahangir Cahangirov kövrəldi. Onun bu sözləri indiyə qədər yaddaşımda qalıb: "Ay Gülağa, sən avazınla, şirin səsinlə məcrasına sığmayan dəli Kür çayını ovsuna saldın". Həmin mahnı məşhur "Dəli Kür" bədii filmində səslənir.

Yaqub Zurufçunu Azərbaycana Gülağa Məmmədov tanıdıb

Həyat yoldaşı Aliyə xanım xatirələrində deyib: "Bir dəfə xalam qızının dəvəti ilə Almaniyaya getmişdik. Yaqub Zurufçu gəlməyimizi eşidib yanımıza gəldi. Bir gün də xalam qızının evində qaldı. Yaqub Gülağadan xahiş etdi ki, Bakıya qayıdanda onun üçün dəvətnamə göndərsin. Biz onun kasetini gətirdik. O vaxta qədər Zurufçunu heç kim tanımırdı. O vaxt televiziyada "Ayrılıq" verilişi gedirdi. Gülağa da kaseti apardı ki, mahnı verilişdə səslənsin. Mahnı lap yerinə düşdü. Bu mahnıdan sonra çox adamlar bizə zəng vurub onunla maraqlanırdı. Gülağa Yaquba verdiyi sözü yerinə yetirib ona dəvətnamə göndərdi. Yaqub Zurufçu ailəsi ilə Bakıya gəlib bir ay burda qaldı. Bu müddətdə Gülağa ona xeyli köməklik göstərdi, öz mahnılarını öyrətdi. Şövkət, Gülağa və Yaqub Zurufçu birlikdə sarayda konsert verdilər. Ona görə də Yaqub Zurufçu hər yerdə deyir ki, məni Azərbaycana tanıdan Gülağa olub."

Həyat yoldaşı Aliyə xanımın xatirələri

"Gülağa həm yaxşı ailə başçısı, həm də gözəl ata idi. Qoymazdı ki, biz nəyəsə ehtiyac hiss edək. Ailə qurduqdan 10 il sonra qızımız Gülarə doğuldu. Övladımız olanda çox sevinirdi. Hələ uşaq dünyaya gəlməmişdən, qastrolda olduğu şəhərlərdən uşaq üçün çoxlu "importnı" pal-paltar alıb gətirirdi. Gülağanın çox yumşaq, həlim, şən xasiyyəti vardı. Evimizə qonaq gələn kimi o, dərhal piano arxasına keçərdi. Evdə olan zaman daha çox Səid Rüstəmovun "Bənövşəm" mahnısını, "Sənsiz", "Sevgili canan" romanslarını zümzümə edərdi. Yeganə övladı Gülarəyə isə həmişə Tofiq Quliyevin "Mənim qızım" mahnısını oxuyurdu. Gülağanın konsertlərinin repertuarını mən tərtib edirdim. Ancaq onunla qastrol səfərlərinə getmirdim. Evdə oturub qayıtmağını gözləyirdim.

Sənətinə layiqli qiymət vermədilər. Bu laqeydlik ona çox toxundu. Ən böyük ədalətsizliklərdən biri 60 illik yubileyi ərəfəsində oldu. Yubileyinin qeyd olunması üçün xüsusi komissiya yaradılmışdı. Afişalar asılmış, dəvətnamələr paylanmışdı. Oktyabrın 24-də Filarmoniyada keçiriləcək yubiley tədbirinə digər respublikalardan da qonaqlar gələcəkdi. Lakin son anda Mərkəzi Komitədən xəbər gəldi ki, tədbir keçirilməsin. O zaman bunun səbəbini Gülağa Məmmədovun Filarmoniyanın işçisi olmaması ilə əlaqələndirmişdilər. Sonra qərara gəldilər ki, tədbiri Aktyorlar evində keçirsinlər. Oranın da pərdələri cırıq, oturacaqları sınıq idi. Gülağa buna razı olmadı. Dedi, əgər məni Filarmoniyaya layiq bilmirlərsə, qoy, ümumiyyətlə, tədbir keçirilməsin. "Məgər mən ölmüşəm? Ölənləri Aktyorlar evindən götürürlər" - dedi. Bu haqsızlıq ona çox pis təsir elədi. Dedi ki, mən Filarmoniyada o qədər zəhmət çəkmişəm. Bircə gün mənə vaxt sərf oluna bilməz? Gülağa da əsəbiləşib gecə ilə bütün afişaları çıxardı. O biri respublikalara da teleqram vurdu ki, qonaqlar gəlməsin."

Aliyə xanım həyat yoldaşı barədə xatirələrini söyləyib: "Sağlığında bircə dəfə də yubileyi keçirilmədi. Öləndən sonra isə bir dəfə Muğam Teatrında xatirə gecəsini təşkil ediblər. Gördüyü diqqətsizlik Gülağa üçün ağır zərbə oldu. O, bu haqsızlıqlara dözə bilməyib şəkər xəstəliyinə tutuldu. Xəstəliyinə baxmayaraq, son günə qədər yeni mahnılar üzərində çalışırdı. Rəhmətə gedən günə qədər orkestrlə mahnı yazdırmağa gedirdi.

Bir gün isə - iyunun 7-də (1994-cü il) səhər yeməyini yedikdən sonra halı pisləşdi. Ancaq təkidimə baxmayaraq, işə getdi. Çünki orkestrin 60 nəfərlik kollektivi onu gözləyirdi. Yeni mahnıların məşqini etməliydilər. Həyətə təzə düşmüşdü ki, evə zəng gəldi..."

Qızı Gülarə xanım o anı belə xatırlayır: "Atamı çətinliklə pilləkənlərdən qaldıraraq evə aparıblar. "Təcili yardım" gəlib, ona infarkt diaqnozu qoyulub. Həkimlər anamla oğlum Ramizi palatadan çıxarıblar. Deyiblər ki, siz bizə mane olursunuz. Palatada çoxlu həkim, tibb bacısı olduğundan anam görüb ki, doğrudan da onlara maneçilik törədə bilərlər. Ramizlə birgə qapıdan çıxmaq istəyəndə atam onu səsləyib: "Aliyə getmə, sən yanımda qal". Amma həkimlər etiraz ediblər. Anam otaqdan çıxa-çıxa onu arxayın edib: "Heç yerə getmirəm. Buradayam, qapının ağzında gözləyirəm". Xeyli vaxt keçəndən sonra anam içəridən çıxan tibb bacısından atamın vəziyyətini soruşub. Tibb bacısı da qəfildən - anamı bu acı xəbərə hazırlamadan - "o vəfat etdi", deyib.

Ölümündən sonra

Sağlığında gördüyü haqsızlıqlar ölümündən sonra da davam edir. Aliyə xanım bu günə qədər G.Məmmədovun adının əbədiləşdirilməməsindən şikayətçidir. Deyir ki, yaşadığı binaya adicə bir xatirə lövhəsi də vurulmayıb. Elə sənətkarı yada salmaq üçün ailəsi müraciət etməməlidir.

Ölümündən sonra, 2002-ci ildə "Azərbaycantelefilm" şirkəti Gülağa Məmmədov haqqında Qısametrajlı Sənədli Televiziya Filmi çəkib. Bakıda çəkilən Filmdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətinin videoarxiv materiallarından istifadə olunmuşdur. Filmdə "Dəli Kür" filmindəki kadrlardan istifadə edilmişdir. Filmin ssenari müəllifi Kamil Şahverdi, rejissor Elçin Musaoğlu, operator Elxan Nəbiyevdir. Filmdə bəstəkar Vaqif Mustafazadənin musiqisindən istifadə olunub. Filmdə Gülağa Məmmədovun həyat yoldaşı Aliyə Məmmədova, qızı Gülarə, nəvəsi Ramiz də iştirak edib. [1] http://www.sherg.az/2011/04/06/get=36428 [2]

Filmoqrafiya
Səadət yolu ilə (film, 1956)
Sən niyə susursan? (film, 1966)
İyirmialtılar (film, 1966)
Dəli Kür (film, 1969)
Payız melodiyaları (film, 1974)
Azərbaycan elləri (film, 1976)
Evlənmək istəyirəm (film, 1983)
Gülağa Məmmədov (film, 2002)
Qəmbər Hüseynli (film, 2007)





Canlı ifasindan nümunələr
Oxu gözəl
Şeir deyilmi
Vətənimdir
Gülərəm gülsən
Telli
Bənövşə


Tarix: 21.01.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1253 Bölmə: Bəstəkarlar Və Müğənnilər