beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həsrət...
Həsrət...

Açıram qapını, qəlbimdə həsrət,
Həyət həmin həyət, eyvan o eyvan.
Bağça da o bağça, amma ki, heyrət!
Hər şey yad görünür baxdığım zaman.

Nənəm də qəmlidir, asta yeriyir,
Hanı o şuxluğu, o təravəti?...
Öpüb qucaqlayır, “xoş gəldin” deyir,
Ancaq qollarının yoxdur taqəti.

Gözləri yaşarır baxdıqca bizə,
Saçımı oxşayır titrək əliylə.
Dodağı altında danışır nəsə,
Baş-başa qalanda öz həsrətiylə.

Bükübdür qəddini sənin xiffətin,
Daha qalmayıbdır o abu-hava.
Sənsiz ona indi yaşamaq çətin,
Yoxluğun yamandır, baba, ay baba!

İçəri girirəm, sataşır gözüm
Sənin çarpayına, sənin kürsünə.
Güllü balınclardan tanış ətrini
Çəkirəm burnuma mən dönə-dönə.

Divar saatı da susub, işləmir,
Sənin qəlbinlə bir o da durubdur.
Nənəm də köksünü ötürüb deyir:
“Son dəfə rəhmətlik baban qurubdur”.

Basaraq bağrına: can, - deyən zaman,
Duyurdum sevginin dərinliyini.
Sənin nəvazişin doğmaydı yaman,
Özün də bilirdin sevildiyini.

İndi nə sən varsan, nə də o günlər,
Göz yaşım həsrətə axıb qarışır.
Onsuz da bilirəm hər axşam-səhər
Bu evdə nəfəsin, ruhun dolaşır!


Tarix: 25.05.2015 / 11:36 Müəllif: Aziza Baxılıb: 177 Bölmə: Afaq Şıxlı