Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vaşinqtona yürüş

İş və azadlıq uğrunda Vaşinqtona yürüş (ing. March on Washington for Jobs and Freedom) — ABŞ-ın paytaxtı Vaşinqton şəhərində, Linkoln memorialının ətrafında 28 avqust 1963-cü ildə 200-300 min insanın iştirakı ilə baş tutan dinc nümayiş.

Nümayişdə Martin Lüter Kinq özünün məşhur "Mənim bir arzum var" nitqini səsləndirmiş, bir sıra digər siyasi və ictimai fəal şəxslər, sənətçilər iştirak və çıxış etmişlər. Yürüş iştirakçılarının 80%-ni qaradərililər, 20%-ni isə ağlar və digər irqlərin nümayəndələri təşkil edirdilər. Yürüş təşkilatçılarından 10 nəfər elə həmin gün ABŞ prezidenti Con Kennedi tərəfindən qəbul edilərək onların tələbləri dinlənilmişdir.

Yürüş hüquq-müdafiə və fəhlə təşkilatları, dini qurumlar tərəfindən təşkil edilmişdi. Yürüşün nəticəsi olaraq ABŞ Konqresi ictimai yerlərdə seqreqasiyanı qadağan edən "Vətəndaş hüquqları haqda qanun" (1964) və qaradərililərə ağlarla eyni seçki hüquqları verən "Seçki hüquqları haqda qanun"u qəbul etdi.

Hər 5 ildən bir Vaşinqtona yürüşün yubileyi münasibətilə yürüşlər təşkil edilir. Onlardan ən məşhuru 1988-ci ildə "Bizim hələ də bir arzumuz var!" şüarı ilə keçirilən 25 illik yubiley yürüşü olmuşdur. 2013-cü ildə yürüşün 50 illik yubileyi münasibətilə prezident Barak Obama 1963-cü ildəki yürüşün 16 nəfər iştirakçısını "Prezident Azadlıq medalı" ilə təltif etmişdir.


Tarix: 26.02.2015 / 18:33 Müəllif: Feriska Baxılıb: 150 Bölmə: ABŞ tarixi
loading...