beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kişi kimi bayram plovu

Bu vaxta qədər “Aşbaz Abbas” bölməsində əsasən asan hazırlanan yemək reseptlərini sizinlə bölüşürdük. Bu dəfə isə müəyyən qədər dəyişiklik etmək istəyirik. Oxucularımız arasında subay, tək yaşayan, öz mədəsinin qayğısına qalmağa məcbur olan kişilərin sayının kifayət qədər çox olduğunu bilirik. Bayram günlərində həmin oxucularımızın plova həsrət qalmasına qətiyyən razı ola bilmərik. Elə buna görə də bu dəfə sizinlə döşəmə plovun reseptini paylaşmaq istəyirik. Plovun hazırlanması çoxumuza çətin proses kimi görünə bilər, amma aşağıdakı reseptimizlə tanış olanda siz də görəcəksiniz ki, burada çətin heç nə yoxdur.

Bunun üçün bizə lazımdır:

Yarım kq mal ya da qoyun əti;

Dörd stəkan düyü;

Yarım kq təmizlənmiş şabalıd;

Dörd xörək qaşığı əridilmiş kərə yağı;

Bir stəkan kişmiş;

Yeddi ədəd qaysı;

Üç xörək qaşığı alça turşusu;

Dörd ədəd baş soğan;

Bir çay qaşığı sarıkök ya da zəfəran;

Duz;

İstiot.

Plovun əsas hissəsi olan qazmaq üçün isə bizə üç xörək qaşığı qatıq, bir ədəd yumurta lazım olacaq.

İndi isə aş qarasının hazırlanmasına diqqət yetirək:

Əvvəlcə əti çox xırda olmamaq şərti ilə doğrayıb yuyuruq. Doğradığımız ətləri duzlu suda bişirir, qaynamağa başlamazdan əvvəl isə onun kəfini yığırıq. Ət suda nə qədər çox qaynasa, bişsə, bir o qədər dadlı olur, buna görə də əti suda saat yarım kimi qaynadırıq. Ət qaynadığı zaman isə soğanları soyur, lay-lay doğrayırıq. Daha sonra suda bişirdiyimiz ətin bir hissəsini ayırararq onu alça turşusu, duz, istiot və soğan ilə birlikdə yaxşı qarışdırırıq.

Şabalıdı, kişmşi, qaysını təmizləyib yuyur, kişmiş ilə qaysını tavaya yağ töküb bişiririk. 10-15 dəqiqə kimi qazda bişirdikdən sonra götürürük.

İndi isə iş çatır asan, amma bir o qədər də diqqət tələb edən işə- aş dəmləməyə.
Qazanı yarıya qədər su ilə doldurub, qaynadırıq. Qaynayana yaxın suya duzu, qaynadıqdan sonra isə düyünü əlavə edirik. 5 dəqiqə kimi gözlədikdən sonra düyünü ocaqdan götürürüb süzür, zövqə görə üzərinə sarıkök və ya zəfəran tökürük.

Qazmağı hazırlamaq üçün isə qazana yağ əlavə edib qızdırır, sonra az miqdarda düyü və yumurta ilə qatığın qarışığını buraya əlavə edirik. Onları yaxşı qarışdırıb bir santimetr qalınlığında yayırıq. Yenidən düyü əlavə edib onun üzərinə suda bişirdiyimiz ətin yarısını və şabalıdı əlavə edirik (bir-birinə qarışmamaq şərti ilə).
Daha sonra isə düyünün qalan hissəsini qazana əlavə edir, düyünün üstünə yağ tökərək orta temperaturda bişiririk. Plov 1 saata yaxın dəm aldıqdan sonra onu qazın üzərindən götürürük. Düyünü böyük, dayaz boşqaba təpəcik formasına yığıb onun üzərinə yağ, turşulu ət, kişmiş, şabalıd və qayısını əlavə edirik. Son olaraq isə plovumuzu qazmaqla bəzəyirik.
Gördüyün kimi plov dəmləmək o qədər də çətin iş deyil. Sadəcə bu yemək daha diqqətli olmağı tələb edir.

NUŞ OLSUN!


Tarix: 07.01.2015 / 12:13 Müəllif: Aziza Baxılıb: 123 Bölmə: Aşbaz Abbas