beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Noxudlu dovğanın resepti

Yaz-yay fəsillərində tez-tez hazırlanan yeməklərdən biri də dovğadır. O həm tez hazırlandığı, həm də doyumlu olduğu üçün çoxumuzun sevimli yeməyidir. Elə biz də bu dəfə sizə bu yeməyin hazırlanma qaydası haqqında məlumat vermək istəyirik.

Noxudlu dovğa bişirmək üçün bizə lazım olan ərzaqlar:
Gecədən islağa qoyulmuş yarım stəkan noxud
2 dəstə keşniş
2 dəstə şüyüd
1 dəstə ispanaq
yarım dəstə nanə (yalnız yarpaqları)
1 dəstə cəfəri
3 stəkan qatıq
4 stəkan su (qatığın duruluğundan asılı olaraq su və ya qatıq əlavə edə bilərik)
1 xörək qaşığı un
1 ədəd yumurta
Stəkanın üçdə biri qədər yumru düyü
Zövqə görə duz
İndi isə işə başlaya bilərik
Axşamdan islağa qoyduğunuz noxudu yumuşalanadək bişirib kənara qoyun. Bütün göyərtiləri doğrayıb aşsüzəndə yuyun, suyunun tam çəkilməsi üçün 15-20 dəqiqə kimi gözləyin. Yeməyi bişirəcəyiniz qazana qatıq, su, un və yumurtanı töküb qarışdırın. Daha sonra düyünü də bu qarışığa əlavə edin. Qaynayana qədər onları yaxşıca qarışdırın. (Əks halda dovğa çürüyə bilər). Qaynamağa başlayanda göyərtini əlavə edin. Təxminən 7-8 dəqiqə kimi qarışdırın. Düyünün tam bişdiyinə əmin olduqdan sonra noxudu da əlavə edib, qazanı sobadan kənara çəkin. Soyuduqdan sonra ona duz əlvə edin. Və budur, yemək süfrəyə təqdim edilməyə hazırdır. Nuş olsun!


Tarix: 07.01.2015 / 12:11 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Aşbaz Abbas