beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Steynits-ilk şahmat çempionu

Şahmat mənən zəif adamlar üçün deyil. Şahmat adamdan varlığını bütünlüklə ona verməyi tələb edir...
V. Steynits.

1859-cu ildə şahmat səmasında meteor kimi çaxıb-sönən Morfidən sonra Andersen yenidən ən güclü şahmatçı adını qazanır.1862-ci ildə ikinci beynəlxalq London turnirindəki qələbəsi onun şöhrətini daha da artırır. Lakin dörd ildən sonra Andersen heç kimin tanımadığı usta V. Steynitsə gözlənilmədən məğlub olur. 8:6 hesabı ilə qalib gələn Steynits(Wilhelm Steinitz) özünü dünya çempionu elan edir. Lakin şahmat həvəskarları Morfiyə qalib gəlməyən yeni çempion barəsində eşitmək belə istəmirlər. Ona görə də London turnirinin yeni qalibi 1883-cü ilin yanvarında Morfi ilə oynamaq üçün Yeni Orleana (ABŞ) getmək qərarına gəlir. O, Morfinin evi ətrafında gecə-gündüz dolaşaraq, bu sirli şahmatçını görmək istəyir. Ancaq Morfi onunla cəmi 10 dəqiqə görüşməyə razılıq verir. Özü də belə bir şərt qoyur: söhbət zamanı şahmat haqqında bir kəlmə belə danışılmamalıdır.


1883-cü ilin yayında şahmat həvəskarları yeni bir «ulduz»un peyda olmasından xəbər tutdular: Londonda keçirilən beynəlxalq turnir Iohann Sukertortun inamlı qələbəsi ilə başa çatmışdır.Onün turnirdə göstərdiyi nəticə Steynitsin nətiçəsindən 3 xal çox idi.Bir il sonra Morfi vəfat edən kimi, hamı başa düşdü ki, «Ən güclü şahmatçı kimdir?» sualına Steynitslə Sukertort arasında keçirilən görüş cavab verməlidir. Qərara alındı ki, 1885-ci ildə bu iki şahmatçı arasında bir ildən sonra dünya çempionu adı uğrunda keçiriləcək birincilikdə iştirak etmək üçün rəsmi müqavilə bağlansın. Bununla da dünya şahmat həvəskarlarının çoxdan gözlədiyi birincilik start götürdü.
1886-cı il yanvarın 11 -də Nyu-Yorkda şahmat tacı uğrunda yarış başladı. Matçın şərtinə görə yarış 10 qələbəyə kimi davam etdirilirdi, heç-heçələr hesaba alınmırdı. Matçda hadisələr dramatik vəziyyətdə keçirdi. Startda idman xoşbəxtliyi Sukertortun tərəfində idi. Birinci görüşü uduzsa da, o, oyunda dönüş yaradaraq, dalbadal 4 qələbə qazandı. Görüşün qalan hissəsi San-Lui şəhərində davam etdirildi. Burada Steynits daha yaxşı çıxış etdi. O, bir görüşdə heç-heçəyə nail olaraq, dalbadal 3 dəfə qələbə qazandı. Rəqiblərin imkanı bərabərləşdi.
Vilhelm Steynits-ilk şahmat çempionu10-cu görüşdən etibarən Steynits matçda üstünlüyü ələ alır. O, 6 görüşdə qələbə qazanaraq, cəmi bir oyunda məğlub olur. 4 görüş heç-heçə ilə başa çatır. Beləliklə, +10—5=5 hesabı ilə qalib gələn Steynits rəsmi olaraq dünya çempionu adına layiq görülür. Bununla da çempionlar dövrünün inamlı yürüşü başlandı...
Vilhelm Steynits 1836-cı il martın 14-də Praqada anadan olmuşdur. 12 yaşında ikən şahmat oynamağı öyrənmişdir. 1858-ci ildə politexnik institutunda oxumaq üçün Vyanaya köçən gənc Vilhelm buradakı şahmat klubunda əla təcrübə məktəbi keçir. 4 il sonra o, London turnirində çıxış edərək, 6-cı yeri tutur. Turnirdən sonra Steynits peşəkar şahmatçı olmaq qərarına gəlir. Beləliklə, onun 40 il davam edən şahmat karyerası başlanır. Bu müddət ərzində o, bir çox turnirlərdə çıxış edərək qələbələr qazanır. 1870-ci ildə Baden-Baden turnirində 2-ci, 1873-cü və 1882-ci ildə Vyana turnirində 1-ci və 2-ci, 1882-ci il London turnirində 2-ci yerləri tutur.
Dünya çempionu olduqdan sonra Steynits dəfələrlə çempion titulunu qorumaq üçün yarışlarda iştirak etmişdir. 1894-cü ildə isə o, şahmat tacı uğrunda mübarizədə Emmanuil Lasker tərəfindən məğlub olunur. Steynits 1900-cu ildə vəfat etmişdir.
Vilhelm Steynitsin şahmatın inkişafında böyük xidmətləri olmuşdur. Mövqeli oyun məktəbinin yaranması onun ən böyük xidmətlərindən biridir. Steynitsin fikrincə şahmatçı plan üzrə oynamalıdır. Plana əsasən şahmatçı mövqe üstünlüyünə malik olandan sonra kombinasiya quraraq, hücuma keçməlidir. Əgər bu imkan əldən buraxılsa, oyun uduzula bilər və ya əksinə, mövqe üstünlüyü fiqurların inkişafı, mərkəzin ələ keçirilməsi, iki filin üstünlüyü, şah cinahının zəiflədilməsi və s. amillərdən asılıdır.Steynits tərəfindən işlənilmiş strategiya bu qədim müdrik oyunun inkişafında böyük rol oynamışdır.


Tarix: 04.12.2014 / 17:41 Müəllif: Aziza Baxılıb: 96 Bölmə: Şahmat