beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aleksandr Alyoxin

MƏĞLUBEDILMƏZ ÇEMPION

«Şahmatla yanaşı mən öz xarakterimi tərbiyə etmişəm. Şahmat ən əvvəl obyektiv olmağı öyrədir. Həyatda olduğu kimi, şahmatda da səhvlərini və çatışmazlıqlarını başa düşdükdən sonra böyük usta olmaq mümkündür».
A. Alyoxin.

Dahi rus şahmatçısı A, Alyoxinin şahmat tacına yiyələnməsi şahmat tarixində ən parlaq səhifələrdən biri olmuşdur. O 1892-ci il noyabrın 1-də Moskvada anadan olmuşdur. Şahmatla uşaq yaşında ikən tanış olmuş və həmin vaxtdan başlayaraq onun cazibəsindən çıxa bilməmişdir. Alyoxin uşaqlıqdan təmizkar və əməksevər idi. Onun uşaq yaşlarında oynadığı görüşlərin gedişləri yazılmış dəftəri indi də saxlanılır. O, yazışma ilə oyuna da xeyli vaxt sərf edirdi. Variantları bir qayda olaraq yaddaşında hesablamağa çalışırdı. Alexander Alekhin (Aleksadr Alyoxin)Bununla o, sonra hamını heyrətə salan şahmat yaddaşını inkişaf etdirirdi. Alyoxin ilk dəfə olaraq 1907-ci ildə rəsmi yarışlarda çıxış etmişdir, «Moskva şahmat həvəskarları cəmiyyəti»nin ilk iki turnirində o, axırıncı yeri tutmuşdur. Bu, bir daha onu göstərir ki, yüksək nəticələr qazanmaq üçün təkcə istedad kifayət deyildir. Xoşbəxtlikdən Alyoxin öz yaradıcılığını obyektiv qiymətləndirməyi bacarırdı. Məhz bu keyfiyyət az bir vaxt ərzində ona Rusiyanın ən güclü şahmatçılarından biri olmaqda kömək etdi.
Artıq bir ildən sonra o, birinci yeri tutur. Daha bir il sonra isə həvəskarların Ümumittifaq turniri 16 yaşlı Alyoxinin qələbəsi ilə başa çatır və o, usta adına layiq görülür. Indi xarici şahmatçılarla görüşmək onu daha çox maraqlandırır. Lakin 1910—1911-ci illərdə keçirdiyi beynəlxalq görüşlərdə müvəffəqiyyət qazana bilmir. Öz üzərində daha çox işləmək, görüşləri təhlil etmək və çatışmazlıqları aradan götürmək üçün o, gecə-gündüz çalışır. Məhz əməksevərliyi nəticəsində Alyoxin 8 ildə Rusiyada və xaricdə keçirilən 10 turnirdə müvəffəqiyyətlə çıxış edərək, 9 dəfə 1-ci yerə layiq görülür.
1921-ci ildə o, Parisə köçür. Şahmat fəaliyyətinə başının çox qarışmasına baxmayaraq, hüquq elmləri doktoru diplomunu almağa da vaxt tapır. 1921—1927-ci illər ərzində Alyoxin 22 turnirdə iştirak edərək, 13 turnirin qalibi olur. O, əla kombinasiyaları, geniş fantaziyası və incə bədii zövqü ilə şahmat həvəskarlarını heyran edir. Bu müvəffəqiyyətlərlə Alyoxin şahmat tacı uğrunda mübarizədə qələbəyə bir nömrəli namizəd olduğunu göstərir.
1927-ci ili şahmat həvəskarları böyük səbirsizliklə gözləyirdilər. Iki şahmat dahisi—Kapablanka və Alyoxin—kimin güclü olduğunu sübut etməli idilər. Sentyabrın 16-da Argentinanın paytaxtı Buenos-Ayresdə dünya çempionu adı uğrunda mübarizə başlandı. Yarışların qaydasına görə birinci olaraq 6 qələbə qazanan şahmatçı dünya çempionu adına layiq gerülürdü. Qalibi aşkar etmək üçün iki ay yarım ərzində 34 görüş oynanıldı. Alyoxin +6—3=25 hesabı ilə qalib gələrək şahmat tacına yiyələndi. Argentinalılar yeni çempionu alqışlaya-alqışlaya əlləri üstündə şəhərin küçələrində gəzdirirdilər. Avropa qəzetləri yazırdı: «Coşğun rus ağlagəlməz iş görmüşdür—məğlubedilməz nəhəngə qalib gəlmişdir».
Bu müvəffəqiyyətdən sonra Alyoxin dünya çempionu adını yeni qələbələrlə təsdiq etməyi qərara alır. Tez-tez müxtəlif turnirlərdə iştirak edir. Uğurlar bir-birini əvəz edir. 10 beynəlxalq turnirdə qalib gəlir. Xüsusən, onun Bled (1931-ci il) turnirindəki qələbəsi təkrarolunmaz rekord olur. Alyoxin 26 turu məğlubiyyətsiz keçərək, yaxın rəqibindən 5,5 xal (!) Aralanır. Onunla oynamağı arzulayan Nimtsoviç belə deyirdi: «Alyoxin bizə ağzından süd iyi gələn uşaq kimi baxır».
1935-ci ildə Alyoxin qəfildən hollandiyalı qrossmeyster Maks Eyveyə uduzur. O, startda rəqibini ağır məğlubiyyətə uğradaraq, hesabda irəli çıxır. Lakin xəstəlik və içkiyə meyl etməsi nəticəsində bir neçə görüşü uduzur. M. Eyve (xal üstünlüyü ilə) qalib gələrək dünya çempionu adını qazanır.
Şahmat dahisinin ağır günləri başlanır. Çoxları, hətta ən yaxın yoldaşları belə ondan üz döndərirlər. Təkcə Lasker ona inanır: «Belə düşünürəm ki, onun üçün çox vacib olan istirahətdən sonra Alyoxin dünyaya hələ çox maraqlı görüşlər bəxş edəcəkdir». Və Alyoxin dünya çempionu adını özünə qaytarmağı qət edir.
1937-ci ildə tac uğrunda mübarizənin təkrar matçında Eyveni rekord hesabla məğlubiyyətə uğradır.
Şahmat dahisinin yaradıcılıq inkişafının və görkəmli idman nəticələrinin yeni səhifəsi başlanır. 1938-ci ildən başlayaraq, ölümünə qədər o, bir qayda olaraq həmişə birinci yeri tutur.
1946-cı il martın 26-da böyük rus şahmatçısı Alyoxin vəfat edir. O, ömrü boyu məğlubedilməz olmağı arzulamışdı. Alyoxinin kədərli arzusu—məğlubedilməzliyi həyata keçmişdi...


Tarix: 04.12.2014 / 17:40 Müəllif: Aziza Baxılıb: 120 Bölmə: Şahmat