beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mixail Tal

Heç bir dünya çempionu Tal kimi mübahisə doğurmamış və Tal kimi sevilməmişdir. Istedadı, riskli oyun tərzi, şahmat sənətində yaratdığı əsərlərə görə o, indi də şahmat həvəskarlarının sevimlisidir.
Mixail Tal (Михаил Таль) 1936-cı il noyabrın 9-da Riqada anadan olmuşdur. Uşaq yaşlarından bacarığı, fenomenal yaddaşı ilə hamıdan fərqlənirdi. Artıq 3 yaşında ikən o, oxumağı bacarır,yanında nə danışılırdısa, yadında saxlayırdı. Onun ən çox sevdiyi məşğuliyyət oxuduğu səhifəni əzbər danışmaq idi. Balaca Mişa birinci sinfə gələndə artıq üç ədədli rəqəmləri fikrən vurmağı bacarırdı. Iki gündən sonra onu üçüncü sinfə keçirdilər. 1952-ildə Latviya universitetinə daxil olmaq üçün ərizə verəndə Talı qəbul etmədilər: hələ 16 yaşı tamam olmamışdı, Maarif nazirliyindən xüsusi icazə almaq lazım gəldi.

Михаил Таль (Mixail Tal)O, sevdiyi hər hansı məşğuliyyətə hələ uşaqlıqdan özünü tam sərf etməyə öyrəşmişdi. Əvvəllər musiqiyə, riyaziyyata və futbola daha çox meyl göstərirdi. Atası şahmat oynamağı öyrətməsəydi, yəqin ki, yaxşı musiqiçi və ya riyaziyyatçı olacaqdı. Yeni oyun bütünlüklə onu ovsunladı. Riyaziyyat və musiqi artıq yaddan çıxdı. Günü ancaq şahmat oynamaqla keçirdi. 17 yaşında şahmat dərnəyinə üzv yazıldı, 18 yaşında isə usta normasını yerinə yetirdi. Gənc ustaya ölkə çempionu və qrossmeyster adını almaq üçün cəmi 3 il vaxt lazım gəlmişdir. Yeni çempion risk dolu gözəl oyunu ilə hamını heyran etmişdi. Steynits—Lasker—Kapablankanın uzun çəkən mövqeli oyun dövründən sonra Talın riskli oyunu hamını heyrətləndirdi. Andersen və Morfi dövrünün romantik küləklərinin ətri duyulurdu. Tal qorxusuz oynayır, düşünmədən qurban verir, mürəkkəb variantları dəqiq və səhvsiz hesablayırdı.
1958-ci ildə növbəti SSRI çempionatında onunla artıq ehtiyatla və diqqətli oynayırdılar. Buna baxmayaraq, o, yenə də birinci oldu.
1958-ci ilin avqustu. Yuqoslaviyanın Portoroje şəhərində dünya birinciliyi uğrunda seçmə yarışların mərhələlərindən biri—beynəlxalq turnir keçirilirdi. M. Tal, Smıslov , Keres, Petrosyan və Fişer kimi qrossmeysterləri arxada qoyaraq qalib adına layiq görülür.
Iki il sonra 24 yaşlı riqalı qrossmeyster şahmat tacı uğrunda mübarizədə M. Botvinniklə görüşürdü. Rəqiblərinin hamısına qalib gələn dünya çempionu bu dəfə gənc qrossmeysterin hücumlarına davam gətirə bilmədi. +6—2=13 hesabı ilə qalib gələn M. Tal səkkizinci dünya çempionu oldu.
Bir il sonra Botvinniklə təkrar matçda görüşərkən o, keçmiş dünya çempionunun az bir vaxt ərzində hazırlaşacağını ağlına belə gətirmirdi. Yarış qabağı böyrəklərində dözülməz ağrılar baş qaldıran Tal bir neçə günlüyə Praqaya yola düşür. Praqadan həkimin müşayiəti ilə qayıdarkən şahmat federasiyası matçın vaxtını dəyişməyi təklif edir. Lakin dünya çempionu nədənsə etiraz edir. Yeni oyun sistemi hazırlayan Botvinnik 13:8 hesabı ilə qələbə qazanır.
Михаил Таль-şahmat çempionu Mikhael Tal
Matçda məğlub olması Talın şahmat yaradıcılığına mənfi təsir göstərmir. Artıq 3 aydan sonra o, «əsrin turniri» adlandırılan beynəlxalq Bled turnirində birinci yeri tutur.
Riqalı qrossmeysterin dünya çempionu adına layiq görülməsindən çox vaxt keçir. Bu müddət ərzində o, bir sıra turnirlərdə, olimpiadalarda, Avropanın komanda birinciliklə-rində uğurla çıxış etməkdə davam edirdi. Şahmat taxtasında gözəl əsərlər yaradır, onun görüşləri əvvəlki tək şahmat aləmini heyran edirdi.


Tarix: 04.12.2014 / 17:36 Müəllif: Aziza Baxılıb: 173 Bölmə: Şahmat