beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Robert Fişer

Heç bir dünya çempionu haqqında Robert Fişer qədər yazılmayıb. Yaxşı da yazırdılar, pis də. Onun heyrətamiz qələbələrindən və şıltaqlıqlarından yazırdılar. Lakin hər hansı bir görkəmli şahmatçını qiymətləndirmək üçün başlıca meyar onun idman nəticələridir. «Fişerin nəticələri isə çox şeydən xəbər verir:bu, misilsiz hadisədir».—A. Karpov öz sələfi haqqında 1980-ci ildə belə yazmışdır. Bəs, bu Fişer kimdir?

Robert Fişer-şahmat çemiponu,chess champion

Robert Ceyms Fişer 1943-cü il martın 9-da Çikaqoda (ABŞ); anadan olmuşdur. Onu tibb bacısı işləyən anası tərbiyə etmişdir. Bobbinin (uşaqlıqda Fişeri belə çağırırdılar) 6 yaşı tamam olanda böyük bacısı Coan ilk dəfə olaraq onu şahmatla tanış etdi. Həmin vaxtlar Bobbidən arzuladığı şey barəsində soruşanda o, belə demişdir: «Yeganə arzum şahmat oynamaqdır». Bobbi elə bil ki, şahmat üçün doğulmuşdu. Şahmata dair əlinə düşən bütün kitabları birnəfəsə oxuyur, bu qədim müdrik oyunun sirlərinə tezliklə bələd olurdu. Biləndə ki, şahmata aid ən çox kitab rus dilində nəşr edilir, o, sovet şahmat ədəbiyyatını orijinaldan oxumaq üçün müstəqil olaraq rus dilini öyrənir. Dünyanın ən güclü şahmatçılarının görüşlərini təhlil edə-edə o özü də öyrənirdi.
1953-cü ildə Fişerlər ailəsi Nyu-Yorka köçür. Bobbi yaşadığı rayonun ərazisindəki şahmat klubuna gedərək, gündə 10—12 saat şahmatla məşğul olurdu. Iki ildən sonra o, klubun birinciliyində çıxış edərək, 3-cü yeri tutdu. Tezliklə balaçanın yaşına uyğun olmayan yetkin oyun nümayiş etdirməsi barədə söz-söhbət yayıldı. 1956-cı ildə onu qrossmeysterlər Reşevski, Bisqayer, D. Birn və digər güclü amerikalı ustaların iştirak etdeyi turnirdə oynamağa dəvət etdilər. 13 yaşlı şahmatçının debütü uğurlu oldu. O, 11 mümkün xaldan 4,5 xal topladı. Bobbinin D. Birnlə görüşü isə dünyanın şahmat mətbuatında geniş işıqlandırıldı. Bu görüşdə o, gözəl kombinasiya quraraq, vəzirini qurban vermiş və 41-ci gedişdə adlı-sanlı rəqibini məğlubiyyətə uğratmışdır.
1957-ci ildə sensasiya baş verdi: Fişer ölkənin gənclər, açıq və rəsmi çempionatında dalbadal qalib gəldi. Özü də rəsmi çempionatda bir görüşü belə uduzmadan Amerikanın ən güclü şahmatçısı qrossmeyster Reşevskini bir xal qabaqladı. Sonra isə iddiaçıların zonalararası turnirində uğurla çıxış edərək şahmat tarixində ən cavan qrossmeyster oldu.
Robert Fisher-american chess chapion

Bu vaxtdan etibarən o, dünya çempionu olmağı qarşısına məqsəd qoydu. Əlbəttə, yaxın illərdə bu arzu həqiqətə çevrilə bilməzdi. Birincisi, yaşı və təcrübəsi az idi, ikincisi isə həmin illər Tal öz qarşısına çıxan maneələri bir qayda olaraq darmadağın edirdi. Ona görə də Fişer təcrübə toplamaq üçün fasiləsiz olaraq turnirlərdə çıxış edir. Uğurları müvəffəqiyyətsizliklər əvəz edir. Lakin qələbələr daha çox idi. 1960-cı ildən 1972-ci ilədək o, 25 mötəbər beynəlxalq turnirdə çıxış edərək 20-də birinci mükafatı qazanır.
Qəfildən Bobbi şahmat oynamaqdan əl çəkir. Lakin o, heç vaxt şahmatı atmamışdır. Indi Bobbi debütün qədim və yeni variantlarını, yaşlı və müasir ustaların oyunlarını, mittelşpili və endşpili dərindən öyrənir. Təsadüfi deyil ki, 1970-ci il başlayanda o, artıq tam döyüş hazırlığına malik idi.
Həmin il şahmat tacı uğrunda mübarizəyə qoşulanda Bobbi artıq yetkin şahmatçı idi. Ispaniyada keçirilən zonalararası turnirdə Fişer rəqiblərini 3,5 xal (!) qabaqlayaraq, parlaq qələbə qazanır. Sonra isə iddiaçıların matçında Taymanov və Larseni 6:0, Petrosyanı isə 6,5:2,5 hesabı ilə ağır məğlubiyyətə uğradır. Nəhayət, şahmat tacı uğrunda mübarizədə Spasskiyə qalib gələrək arzusuna nail olur—şahmat üzrə 11-ci dünya çempionu adına layiq görülür.
Bəs Fişerin şahmat dəst-xətti necədir? O, nə ilə belə fenomenal nəticələr qazanıb? Axı, 16 il ərzində Fişer keçirdiyi 576 görüşün 327-də qalib gəlmiş, 189-nu heç-heçə başa çatdırmış və yalnız 61-də məğlub olmuşdur.
Hər şeydən əvvəl, onun qeyri-adi işgüzarlığını qeyd etmək lazımdır. Böyük zəhmətlə cilalanmış nadir istedad misilsiz bir qüvvə yaratmışdır. Fişeri fərqləndirən xüsusiyyət Kapablankanı xatırladan aydın təfəkkür və nadir idman mübarizliyi idi. O, ancaq qələbəyə can atırdı. Əgər Fişerin bəzi görüşləri heç-heçə nəticələnirdisə, deməli, qələbə üçün lazım olan bütün ehtiyatlar tükənmişdir. Təsadüfi demirlər ki, onu udmaq heç-heçə oynamaqdan çox asandır.
Bu barədə dünya çempionu A. Karpov özünün «Doqquzuncu şaquli xətt» kitabında yazırdı: «Petrosyanın və Spasskinin vaxtlarında şahmat «yumşalmışdı». Şahmatçılar həm yarışlar, həm də görüşlər zamanı özlərinə dinclik verirdilər. Fişerin gəlişi onları əvvəlkitək oynamağa—bütün 5 saatı gərgin mübarizədə keçirməyə məcbur etdi. Bunu heç kim gözləmirdi....»
Fişer şahmata kəskinliyi qaytardı, onu daha da gərginləşdirdi, tək qalmış şaha qədər mübarizə aparmağa məcbur etdi. O, şahmatın universallığını daha da yuxarı qaldırdı, üstünlüyü həyata keçirmək üçün valehedici texnika, əla kombinasiyalı və mövqeli oyun nümayiş etdirdi. Ona xas olan ən böyük xarakterik cəhət mübarizədə bütün imkanlardan axıradək istifadə etmək kimi idman mətinliyi idi.


Tarix: 04.12.2014 / 17:37 Müəllif: Aziza Baxılıb: 209 Bölmə: Şahmat