beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mixail Botvinnik

1925-ci il noyabrın 20-də dünya çempionu Kapablanka Leninqrad filarmoniyasının konsert zalında eyni vaxtda oyun seansı keçirirdi. O, taxtadan-taxtaya keçir, fikirləşmədən fiqurları döyüşə atırdı. Lakin bir görüş üzərində getdikcə daha çox düşünməyə məcbur olurdu. Çempionun rəqibi 14 yaşlı Leninqrad məktəblisi Botvinnik idi.33-cü gedişdə vəziyyətin çıxılmaz olduğunu görən Kapablanka məğlub olduğunu bildirdi. Leninqradlılarla vidalaşarkən dünya çempionu ona qalib gələnin kim olduğunu soruşdu. Balacanın adının Mişa Botvinnik olduğunu bilib əlavə etdi: Belə fikirləşirəm ki, onun böyük gələcəyi var.Mixail BotvinnikKapablankanın bu sözləri çox keçmədi ki, özünü doğrultdu. Botvinnik 2 ildən sonra usta normasını yerinə yetirdi. 6 ildən sonra ilk dəfə olaraq SSRI çempionu adını qazandı. 1948-ci il-də isə dünya çempionunun dəfnə çələnginə layiq görüldü.
Mixail Botvinnik 1911-ci il avqustun 17-də Leninqrad ətrafında anadan olmuşdur. Şahmatla 12 yaşında məşğul olmağa başlamışdır. Bir çox dünya çempionlarından və qrossmeysterlərdən fərqli olaraq onun şahmat müəllimi olmamışdır. Şahmat elminə o özü yiyələnmişdir. Botvinnik hər hansı bir şahmat kitabını təkbaşına öyrənər, öz görüşlərini təhlil edər və meydana çıxan məsələlərin cavablarını bir kimsənin köməyi olmadan tapardı.
14 yaşında ikən o, Leninqrad birinciliyinin yarımfinalında çıxış edərək əla nəticəyə nail olmuş, 12 mümkün xaldan 11,5 xal toplamışdır. 16 yaşı tamam olanda ölkənin beşinci çempionatında usta normasını ödəmişdir. Politexnik institutuna daxil olandan sonra da o, şahmatda qələbə estafetini davam etdirir və 1931-ci ildə 20 yaşında ikən ilk dəfə olaraq ölkə çempionu adını qazanır.
Botvinnikin şahmatda növbəti vəzifəsi beynəlxalq aləmdə şöhrət qazanmaq, mühəndislik fəaliyyətində isə elmlər namizədinin diplomunu almaq idi. Hər iki məqsədə o, rekord müddətdə nail oldu. 1935-ci ildə II Moskva beynəlxalq turnirində Lasker və Kapablankanı geridə qoyaraq Florla birlikdə 1—2-ci yerləri bölüşdürdü. Bir il sonra isə beynəlxalq Nottingem turnirində Alyoxini, Eyveni, Laskeri ötərək, Kapablanka ilə 1—2 yerləri bölüşdürdü. Turnirdən sonra Alyoxin yazırdı: «Onun Nottingemdəki nəticəsi göstərir ki, Botvinnik dünya çempionu adına ən real namizədlərdəndir. Mən şəxsən belə hesab edirəm ki, onun yaxın illərdə çempion olmaq üçün bütün imkanları var».
Lakin bu yaxınlıq əlçatmaz oldu. Hələ 1938-ci ildə Alyoxinlə görüşmək üçün danışıqlar aparılmışdı. Dünya çempionu oynamağa razılıq verdi. Yenicə başlanan Ikinci dünya müharibəsi hər şeyi yarımçıq qoydu. Müharibə qurtardıqdan sonra danışıqlar yenidən başlandı. Lakin Alyoxin qəflətən vəfat etdi. Şahmat aləmi ilk dəfə olaraq «şah»sız qaldı. 1947-ci ildə FIDE beş qrossmeysterin arasında çempion adını qazanmaq üçün turnir təşkil etdi. Bir ildən sonra keçirilən matç Botvinnikin əla qələbəsi ilə nəticələndi. Ilk dəfə olaraq dünya çempionu adına sovet vətəndaşı layiq görüldü. Beləliklə, Botvinnikin 15 illik «şahlığı» başlanır. Düzdür, bu müddət ərzində o, iki dəfə—1957-ci ildə Smıslova və 1960-cı ildə Tala öz tacını uduzmuşdu. Lakin hər dəfə bir il sonra keçirilən təkrar matçda çempion adını yenidən özünə qaytarmışdı.
1963-cü ildə Botvinnik Petrosyanla görüşdə məğlub olur. Həmin dövrdə FIDE haqsız olaraq çempion adı uğrunda təkrar görüş keçirməyi qadağan etdi. Buna etiraz əlaməti olaraq Botvinnik bir daha çempion adı uğrunda yarışmamağı qərara aldı.
SSRI şahmat tarixində Botvinnikin rolu böyükdür. 40 il ərzində dünya şahmat aləminin zirvəsinə doğru gedən yolda sovet şahmat məktəbinin qazandığı qələbələr demək olar ki, onun adı ilə bağlıdır.


Tarix: 04.12.2014 / 17:37 Müəllif: Aziza Baxılıb: 140 Bölmə: Şahmat