Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

F-15

F-15 Qartal (ing. McDonnell Douglas F-15 Eagle)- ABŞ istehsalı olan IV nəsil taktiki-qırıcı təyyarə. İstənilən hava şərtlərində fəaliyyət göstərmək imkanına malik olan təyyarə havada üstünlük əldə etmək üçün yaradılmışdır.

1976-cı ildə silahlanmaya qəbul edilən F-15 Eagle ABŞ-İraq müharibələri zamanı, Yaxın Şərqdə və keçmiş Yuqoslaviya ərazisindəki konfliktlərdə geniş istifadə edilmişdir. 2025-ci ilə kimi ABŞ Hava Qüvvələrinin silahlanmasında saxlanılması planlaşdırılan F-15 daha çox heç bir döyüşdə məhv edilməməsi ilə məşhurdur.

F-15 təcillənmə, silah təchizatı və inkişaf etmiş avionika avadanlığına (radar, istiqamət tapma sistemi və s.) görə, çox təkmil təyyarədir; elektronik sistem birdən çox düşmən təyyarəsini təsbit etmə, məlumat toplama, izləmə və hücum bacarığına malikdir.

ABŞ-la yanaşı İsrail, Səudiyyə Ərəbistanı və Yaponiya silahlı qüvvələri tərəfindən istifadə edilir.Mündəricat
1 Yaradılma tarixi
2 Konstruksiya
2.1 Avionika imkanları
3 Silahlanması
4 Taktiki-Texniki Xarakteristikası (F-15C Eagle)
4.1 Ümumi parametrlər
4.2 Uçuş keyfiyyətləri
5 Həmçinin bax
6 İstinadlar
7 Xarici keçidlər


Yaradılma tarixi

F-15 istifadə edən ölkələr:F15-açıq mavi, F-15E-qırmızı; hər iki təyyarədən istifadə edən ölkələr-tünd mavi rəngdə

1960-cı illərin sonlarında ABŞ Hava Qüvvələri tərəfindən (U.S. Air Force) aparılan tədqiqatlar, Vyetnam müharibəsində toplanılmış hava döyüşü təcrübələri nəticəsində havada üstünlük əldə edə biləcək qırıcı üçün tələblər hazırlandı. Yeni təyyarənin dizayn-konsepsiyasının hazırlanmasına başlayan 8 kompaniyadan 4-ü 500-ə yaxın dizayn konsepsiyası təqdim etdilər. Əksər konsepsiyalarda təyyarələrin qanadları dəyişkən bucaqlı, çəkisi 27,200 kq ətrafında, maksimal sürəti Mach 2.7, çəkmə gücünün çəkiyə nisbəti əmsalı 0,75-ə bərabər idi[5]. Bu şərtlər təyyarənin qırıcı kimi effektivliyini azaltdığı üçün ABŞ Hava Qüvvələri tərəfindən qəbul edilmədi[6]. 1967-ci ildə yeni, Enerji-manevrlilik nəzəriyyəsinin qəbulu bu parametrlərdə köklü dəyişikliklər etməyə imkan yaratdı: çəki 18,100 kq hüdudlarına düşdü, maksimal sürət Mach 2,3-2,5 və gücün çəkiyə nisbəti 0,97-ə bərabərləşdi[5].

Bu dövrdə MiQ-25-lə bağlı ABŞ-ın əldə etdiyi məlumatlar onun ciddi marağına səbəb oldu [7]. ABŞ MiQ-25-in təyinatının yüksək sürətli kəşfiyyat təyyarələrini tutmaq üçün hazırlandığını bilmədiyindən, onu havada üstünlük əldə etmək üçün hazırlanan qırıcı kimi qəbul etdi: MiQ-25-in xarici görünüşü bunu deməyə əsas verirdi. Lakin MiQ-25-də təyyarənin manevr qabiliyyətindən daha çox sürəti əsas götürülmüşdü. Belə təkmil təyyarələrə qarşı həmin dövrdə ABŞ Hava Qüvvələrinin (USAF) və Hərbi-Dəniz Flotunun (US Navy) silahlanmasında olan F-4 "Phantom II"lər qismən mübarizə apara bilərdilər.

Qısa müddətdə yeni qırıcı təyyarə hazırlanmalı idi; F-X proqramına start verildi. Bu proqrama kimi isə ABŞ Hərbi-Dəniz Flotu VFX proqramı üzrə F-14 Tomcat təyyarələrini hazırlamışdı. F-X proqramının nəticəsi kimi meydana çıxacaq təyyarə daha yüngül olub, F-4 Phantomları əvəzləməli idi.

Yeni qırıcıya tələblər bunlar idi: təkpilotlu, maksimal 18,100 kq çəki ilə qalxma, hava-hava döyüşlərində iştirak, maksimal sürət Mach 2,5 və çəkmə gücünün çəkiyə nisbəti 1 ətrafında. Dörd şirkət təkliflərini göndərsə də, ABŞ Hava Qüvvələri "General Dynamics"i kənarlaşdırıb, "Fairchild Republic", "North American Rockwell" və "McDonnell Douglas" şirkətlərini layihəyə cəlb etdi. Qalib 1969-cu il 23 dekabr tarixində "McDonnell Douglas" şirkəti elan edildi. Son dizayn F-14-ə bənzəsə də, stabil qanadlı oldu; Gözlənildiyindən fərqli olaraq F-4-ləri əvəz etmək üçün kifayət qədər yüngül çıxmadı.

İki versiya- təkpilotlu F-15A və ikipilotlu F-15B üzərində iş başladı. F-15A-nın ilk uçuşu 1972-ci ilin iyulunda, F-15B-nin ilk uçuşu 1973-cü ilin iyulunda oldu.[8]

Dövrünə görə inqilabi avionika cihazları, kompyuter texnologiyası F-15-in bir nəfər tərəfindən idarə edilməsinə, çəkinin nisbətən qorunmasına imkan verdi. F-14 və F-4-dən fərqli olaraq F-15 kabinəsinin bütöv şüşə örtüyü manesiz görünüş təmin edirdi. ABŞ Hava Qüvvələri F-15-i "F-86 "Sabre"dən sonra havada üstünlük əldə etmək üçün yaradılmış ilk ABŞ HQ qırıcısı" kimi təqdim etdi. [9]

Təyyarənin avionika imkanları qısa zamanda İsrail Hava Qüvvələrinin və Yaponiya Özünümüdafiə Qüvvələrinin diqqətini çəkdi. ABŞ-ın özündə isə iri (manevr imkanları gözlənildiyindən zəif) və bahalı (çoxlu sayda istehsala imkan verməmə) olmasına görə, ciddi tənqidə məruz qaldı. Narazılıqların nəticəsi olaraq, yüngül F-16 "Fighting Falcon" və orta çəkili F/A-18 "Hornet" (ABŞ Hərbi-Dəniz Flotu üçün) kimi yüksək manevrlilik qabiliyyətli qırıcıların hazırlanması proqramlarına start verildi.

Konstruksiya

F-15-in üçtərəfli görünüşü

F-15-in gövdəsi bütövlükdə metaldan (alüminium ərintilər-37%; titan ərintilər-26,7%; kompozisiya materialları-5-7%-dən az olmayaraq; yüksəkdavamlı metallar-5%) hazırlanmış və yarım-monokokdur (yarım-ramasız). Qanadlar stabildir. Təyyarənin idarə edilməsini təmin edən hava dayaqları metal və kompozisiya materiallarından hazırlanmışdır. Tormozlanması üçün bel hissəsindəki hava tormozu ilə təmin edilir. Təyyarə Pratt&Uitni F 100 (Pratt&Whitney F 100) tipli ox kompressorlu, turbovintli, forsaj imkanlı və gövdədə yanaşı quraşdırılmış iki mühərriklə təchiz edilmişdir.

Qanad sahəsinin iriliyi (çəkinin qanad sahəsinə nisbəti) və gücün çəkiyə nisbəti təyyarəni manevrli olmasına, qəfil dönmələr zamanı sürət itirməməsinə imkan verir. 10,000 m yüksəkliyə 60 saniyədə çatır. Mühərrikin gücü təyyarəyə dik-şaquli qalxmalar zamanı təcillənməyə imkan verir.

B və D modelləri ikiyerli, təlim üçündür. E-modelində ikinci pilot bombardmançı/naviqator üçün nəzərdə tutulmuşdur.

Əlavə yanacaq çənləri quraşdırılmış F-15 İraq səmasında döyüş növbəçiliyində

Altı yanacaq çəni mövcuddur. Bunlardan 4-ü füzelyajda, 2-si qanadlarda yerləşir. Qanadlarda yerləşən, sərt materialdan olan çənlər ilkin növbədə sərf edilir. Yanacaq çənləri 12,7 mm-lik güllələrdən qorunurlar. Partlamanın qarşısını almaq üçün isə çənlər xüsusi penopoliuretan poroplastla doldurulmuşlar.

C və D modifikasiyaları əlavə yanacaq çənləri daşımaq imkanına da malikdir. Bu çənlərdən hər biri 2840 l yanacaq daşıya bilir. Lakin bu cür çənlər çox da geniş istifadə edilmir.

Avionika imkanları

Avionika cihazlarına məlumatların ön şüşədə əks olunmasını təmin edən sistem (HUD), təkmil radarlar, inersial naviqasiya sistemi (INS), uçma avadanlıqları, ultra-yüksək tezlikli əlaqə vasitələri (UHF), Taktiki Hava Naviqasiyası Sistemi (TACAN) və təyyarənin avtomatik enməsini təmin edən sistem (ILS) daxildir. Bunlardan əlavə, dost-düşmən təyyarələri müəyyənləşdirən sistem (IFF), təyyarəni radioelektron dalğalar üçün görünməz edən sistem, mərkəzi kompyuter və digər sistemlər təyyarənin döyüşə yararlığını, imkanlarını genişləndirir.

Yerdən dəstək almadan F-15-in çoxtərəfli APG-63/70 puls-dopler RLS-i təyyarədən yüksəkdə və alçaqda uçan hədəfləri tapa bilər. Bu sistem ağac hündürlüyündə uçan təyyarələri, yüksəksürətli kiçik hədəfləri həm hədsiz yaxında, həm də görünüş məsafəsində olmayanda (max. 220 km uzaqlıq) təsbit edə və izləyə bilər. Mərmilərin hədəfi vurma effektivliyini artırmaq üçün radarın əldə etdiyi məlumatlar mərkəzi kompyuterə ötürülür. 90 km uzaqlığı hədəfəalma bacarığı AİM-120 AMRAAM tipli raketlərlə hədəfləri görmədən də məhv etməyə imkan verir. Yaxın məsafəli döyüşlərdə radar pilotun iştirakı olmadan rəqib təyyarəni hədəfə alır və məlumatları ön şüşədə əks etdirir. Bundan əlavə, qırıcının radarları avtomatik olaraq təhlükəni bildirməklə yanaşı, təyyarəni radioelektron dalğalar üçün də görünməz edir. [10]

Silahlanması

M61 "Vulcan" F-15-in sağ qanadında

F-15 Qartallar əsasasən aşağıdakı raketlərlə silahlana bilər:
AIM-7F/M "Sparrow" mərmiləri (orta məsafəli, hava-hava tipli);
AIM-120 AMRAAM (təkmilləşdirilmiş, orta məsafəli, hava-hava tipli) ,
AIM-9L/M "Sidewinder" (qısa məsafəli, istiliyə uçan, hava-hava tipli);

Bunlardan əlavə AGM-88 "HARM", CBU-52, CBU-59, CBU-71, CBU-87, CBU-89 və MK-20 yerinə yetirdiyi funksiyadan asılı olaraq F-15-in müxtəlif modifikasiyaları tərəfindən daşına bilər.

Qırıcının sağ qanadının gövdəyə birləşən hissəsində Qatlinq tipli 20 mm-lik M61 "Vulcan" pulemyotu quraşdırılmışdır.

Taktiki-Texniki Xarakteristikası (F-15C Eagle)

F-15 qalxma zamanı təcillənərkən

Ümumi parametrlər
Heyət: 1
Uzunluğu: 19,43 m
Qanad eni: 13,05 m
Hündürlük: 5,63 m
Qanad sahəsi: 56,5 m2
Boş çəki: 12,700 kq
Yüklü çəki: 20,200 kq
Maksimal qalxma çəkisi: 30,845 kq
Güc təminatçısı: 2x Pratt & Whitney F100 və ya forsaj imkanlı truboventilli mühərrik F-220 (hər birinin forsajsız gücləri:77,62 kN; F-220-də hər birinin forsajla gücü 111.2 kN)
Daxili yanacaq çənlərin tutumu: 6,100 kq

Uçuş keyfiyyətləri
Maksimal sürət: Mach 2.5+ (2660+ km/s); Alçaq hündürlüklərdə: Mach 1.2 (1450 km/s)
Döyüş radiusu(tam silahlı maksimal uçuş məsafəsi): 1,967 km
Maksimal uçuş məsafəsi: 5,550 km (əlavə yanacaq çənləri də dolu olduqda)
Uçuş tavanı: 20,000 m
Yüksəkliyə qalxma sürəti: 254 m/s;
Qanad yüklənməsi:358 kg/m2
Çəkmə gücünün çəkiyə nisbəti: 1.12


Tarix: 20.03.2013 / 16:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 563 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...