beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşağa oyunda qalib gəlməyi öyrət

Autist uşaqlarla korreksiya işlərini uşağın diaqnozundan və real imkanlarından asılı olaraq qurmaq lazımdır.Korreksiya işi bir neçə istiqamətdə və eyni vaxtlarda aparılmalıdır. Bunlardan birinə oyun fəaliyyəti daxildir.

Normada oyun davranışının aşağıdakı formaları mövcuddur:
1. Manipulyativ oyunlar (uşaq oyuncaqları onların funksiyalarına diqqət yetirmədən atır, yellədir, fırladır)
2. Nizama salma (oyuncaqları və yaxud əşyaları müəyyən sırada düzmək, bir-birinin üstünə, bir sırada və s.)
3. Funksiyalı oyunlar (oyuncaqların funksiyasına uyğun əşyalardan və oyunlardan istifadə. Məsələn: gəlinciyin saçını oyuncaq daraqla daramaq və s.)
4. Simvolik oyunlar (uşaq əşyalardan başqa əşyanı əvəz edərək və yaxud təsəvvür edərək istifadə edir. Məsələn: uşaq çubuqda atılıb-düşür- at çapır, fincan boşdursa, suyla doldurulmuş kimi onunla oynayır və s.)

Autist uşaqların oyunları bir qayda olaraq qeyri-funksionaldır. Bu səbəbdən də belə uşaqlarla işi onların marağı olan oyuncağın funksiyasını öyrətməklə başlamaq və inkişaf etdirmək lazımdır. Birinci məşğələ üçün əvvəlcə uşağa tanış və sevilən oyuncaq götürülməlidir.
Uşaqlarda süjetli oyunun formalaşması üçün əvvəlcə ona başqa bir uşağın yanında oynamağı və sonra yavaş-yavaş öz yaşıdları ilə kiçik bir qrup şəklində oyunda birləşməyi öyrətmək lazımdır.
Kollektiv oyun vaxtı uşaqlar böyükləri təqlid edirlər və buna görə uşağın hər bir ailə üzvü haqqında təsəvvürlərini zənginləşdirmək və daim formalaşdırmaq lazımdır.

Autist uşaqlarla işi ən elementar məsələlərdən başlamaq lazımdır.
* Uşaqlara böyüklərin oyuncaqlarla oyun hərəkətlərini müşahidə etməyi, onlara böyüyün dəstəyi ilə yenidən yaratmağı öyrətmək.
* Uşaqlarda oyuncaqlara və hərəkətlərin icra edilməsinə böyük maraq tərbiyə etmək.
* Uşağa oyunda qalib gəlməyi, udmağı öyrətmək.
* Uşaqlarda udulan əşyaya və ya oyuncağa emosional münasibəti tərbiyə etmək.
* Uşaqlarda hərəkətli oyunlara marağı tərbiyə etmək.
* Uşaqlara tanış nağılların epizodlarının səhnələşdirilməsində iştirak etməyi öyrətmək.
* Uşaqlara bir-birinə mane olmadan oynamağı öyrətmək.

Autist uşaqlarla işi bir çox yoxlanılmış və təsdiq olunmuş proqramlardan istifadə etməklə qurmaq olar. Buna misal olaraq "More Than Words”, RDİ, həmçinin korreksiya və inkişaf etdirici təlim və tərbiyə proqramları, Mariya Montessorinin metodlarını göstərmək olar. Bu proqramlardan hər bir uşağın inkişaf səviyyəsini və xüsusiyyətini nəzərə alaraq istifadə etmək lazımdır. Sonda qeyd etmək istəyirəm ki, bütün bu korreksiya işlərini peşəkar mütəxəssis-psixoloq tərəfindən həyata keçirmək mümkündür.


Tarix: 06.01.2015 / 15:38 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Valideynə məsləhət