beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yumruqla tərbiyə olarmı? (Araşdırma)

Fiziki zorakılıq körpədə valideynə qarşı nifrət yaradır
Son zamanlar mətbuatda azyaşlı, hətta bir neçə aylıq uşaqların dayələri tərəfindən vəhşicəsinə döyüldüyünə dair məlumatların şahidi oluruq. Belə dayələrin işgəncəsindən uşağı valideynlər xilas edərək körpəsinə şiddət tətbiq edən dayəni cəzalandırırlar. Bəs öz övladını döyməklə tərbiyə edən valideyndən körpəni kim xilas etsin?
"Tərbiyə etmək” adı altında balacaların döyülməsi, fiziki cəzalara məruz qalması, söz demək hüquqlarının pozulması uşaqların normal inkişafını zərbə altına qoyur. Körpə ikən uşağa gülərək söyüş söyməyi öyrədən valideyn, böyüdükdə nalayiq söz işlətdiyi üçün onu döyməklə cəzalandırır...

Döymək — tərbiyə üsuludurmu?
Psixoloq Hüseyn Xəlilov bizimlə söhbətində bildirdi ki, ailədə uşaqların şiddətə məruz qalması, ailədaxili zorakılıq, uşağa qarşı edilən aqressiv hərəkətlər gələcəkdə onun tərbiyəsində ciddi çatışmazlıqlar yaradır: "Valideyn övladını kəşf edib öyrənmək əvəzinə uşağın hər hansı adi hərəkətlərinə, davranışlarına dözə bilməyib onu təhqir edərək döyür, bu da nəticədə körpənin aqressiv şəkildə böyüməsinə və onda psixi xəstəliklərin yaranmasına təkan verir”. Psixoloqun sözlərinə görə, valideyn tərəfindən tez-tez döyülən uşaqlar natamam böyüyür: "Şiddətə məruz qalan uşaqların cəmiyyətə inteqrasiyasında müəyyən problemlər yaranır. Yəni uşaqlar sağlam ruhda olmurlar, gələcəkdə özünü bir şəxs kimi görməkdə çətinlik çəkirlər. Nəticədə ünsiyyət qurmaqda da ciddi problemlər yaranır. Onlar cəmiyyət içində, ailədə, məktəbdə rahat ünsiyyətə girə bilmirlər. Belə uşaqlar sağlam düşünə bilmədiyi üçün həmyaşıdlarına qarşı aqressiv, kobud hərəkətlər nümayiş etdirirlər”.

Ana bətnində tərbiyə
Uşağı düzgün tərbiyə etmək üsulları haqqında məlumat verən psixoloq ilk öncə valideynlərin bu sahədə maariflənməsinin önəmli olduğunu bildirdi: "Uşağın tərbiyəsi ilk olaraq ana bətnindən başlayır. Xüsusilə hamiləliyin 5-ci ayından sonra ana öz körpəsinə xoş sözlər deməklə onu nazlamalıdır. Uşaq dünyaya gəldikdən sonra isə təməl prinsip onu sosial mühitə hazırlamaqdır. Bunun üçün də ata və ana əvvəlcə öz münasibətlərini tənzimləməli, daha sonra övladları ilə düzgün münasibət qurmağı bacarmalıdır. Obrazlı desək, uşaqlar 5 yaşına qədər ömrünün 50-60 faizə qədərini yaşamış olur. Yəni bu yaşa qədər onlar ailədə nə görürlərsə, hər şeyi götürərək şüuraltına yığırlar. Buna görə də bu yaşa qədər valideyn uşağa verdiyi tərbiyənin əhəmiyyətini bilməlidir”.
Bəzən valideynlərin uşağa təzə dil açan zaman söyüş öyrətməsinə də münasibət bildirən psixoloq belə halların uşağın tərbiyəsində ciddi fəsadlar yaratdığını vurğuladı: "Uşaqlara söyüşün öyrədilməsi, valideynin uşağı söyüşlə danışdırması, öz ailədaxili münasibətlərində söyüşdən istifadə etməsi və qohum-əqrəba yanında xüsusilə də oğlan uşağını söyüş söyməklə əzizləmələri uşağın iffətində, ismətində, tərbiyəsində ciddi fəsadlar yaradır. Bu da onun əxlaqlı və abırlı fərd kimi yetişməsinə mane olur. Ona görə də valideyn uşağa tərbiyə verərkən bunları nəzərə almalıdır”.

Zorakılıq qurbanı sonradan özü də zorakılıq törədir
Məsələyə münasibət bildirən psixoloq Azad İsazadə, fərqi yoxdur azyaşlı körpə və yaxud yaşa dolmuş insan — hər bir döyülmə halının insana istər psixoloji, istərsə də fiziki cəhətdən mənfi təsir etdiyini bildirdi: "Böyüyün psixologiyası daha güclü olduğu üçün o, stressin altından daha tez çıxa bilir, körpədə isə bu hal ciddi fəsadlar yaradır. Azərbaycanın cinayət məcəlləsində konkret olaraq döyülmə bir arqument kimi qadağandır. Buna görə də məişətdə nə ər arvadı, nə də valideyn uşağı döyərək tərbiyə edə bilməz”.
Psixoloqun sözlərinə görə, psixologiyada belə bir anlayış var ki, hansısa təcavüzün qurbanı sonra həmin aqressiyanı özündən zəif insanın üzərinə tökür: "Zorakılıq qurbanı sonradan özü də zorakılıq törədən insana çevrilə bilər. Sözsüz ki, uşağın tərbiyəsində müəyyən qadağalar da olmalıdır. Fiziki təzyiqlə döyməyin arasında fərq var, bunu hər bir valideyn başa düşməlidir. Məsələn, uşaq barmağını işığa, qaza salırsa, buna əvvəlcə icazə vermək lazımdır ki, onun təhlükəli və ağrılı olduğunun özü fərqinə varsın. Uşağı döyərək tərbiyə etmək mümkün deyil. Döyülmək uşaqda ana–ataya qarşı nifrət yaradır. Yəni o, döyüldüyü üçün özünü günahkar saymır, əksinə, onu döyənə qarşı içində kin bəsləyir”.

Döyülərək böyüyən diktatorlar
Uşaqlıq dönəmində baş verənlərin insan həyatında fundamental rol oynadığını düşünən təkcə psixoloqlar deyil. Tarixdə öz qəddarlıqları ilə iz qoymuş məşhur diktatorların travmatik uşaqlıq illəri keçirdikləri tarixçilər tərəfindən araşdırılıb. Onların sözlərinə görə, diktator Səddam Hüseyn ögey atası tərəfindən hər gün döyülüb və evdəki zülmə dözə bilməyərək 10 yaşında Bağdada qaçmağa məcbur olub. Adolf Hitler də Səddam Hüseyn kimi ailəiçi şiddətə məruz qalan uşaqlardan olub. Araşdırmalara görə, sovet diktatoru İosif Stalin də evdə tez-tez döyülərmiş. Onu isə ögey yox, doğma anası Ketevan Geladze döyərdi. Sonradan Stalin anasından soruşanda ki, "Ana, məni niyə belə sərt döyürdün?” ananın cavabı belə olub: "Bax, ona görə də sən belə yaxşı çıxdın”.


Tarix: 06.01.2015 / 13:38 Müəllif: Aziza Baxılıb: 76 Bölmə: Uşaqlara tərbiyyə