beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“ƏZ-ZƏLZƏLƏ” SURƏSİNİN TƏFSİRİ

Məkkə surələrindəndir.

İmam Əhməd deyir: Bizə Əbu Əbdürrəhman Abdulla ibn Amrdan belə nəql edir ki, bir nəfər Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib dedi: “Oxut mənə, ey Allahın elçisi!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona dedi: “Əlif, Ləm, Ra ilə başlayan üç surə oxu!” Həmin adam Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) dedi: “Yaşım adlayıb, qəlbim yab gətirmir, dilim də ağırlaşıb”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Hə-mim hərfləri olan surələrdən oxu!” Həmin adam əvvəlki sözlərini bir daha təkrarladı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: “Təsbehat ilə başlayan üç surə oxu!” Həmin kişi yenə də əvvəlki kimi cavab verdi, sonra isə dedi: “Ey Allahın elçisi, mənə içərisində hamısı cəmləşmiş bir surə oxut!” Belə olan halda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona “Yer titrəyib lərzəyə gələcəyi zaman!” surəsini oxutdurdu. Surə sona çatdıqda həmin kişi dedi: “Səni haqq peyğəmbər olaraq göndərənə and olsun ki, bundan artıq heç nə oxumayacam”. Adam çıxıb gedəndə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) “Adamcığaz qurtuldu! Adamcığaz qurtuldu!” – deyə buyurdu, sonra “Ona yanıma qaytarın!” deyə göstəriş verdi. Kişi qayıdıb gəldikdə Allahın elçisi (ona Allahın salavatı və salamı olsun!) ona dedi: “Mənə qurban bayramı əmr edildi. Allah onu bu ümmətə bayram qılmışdır”. Həmin adam soruşdu: “Dişi bir qoyundan başqa bir şey tapmasam, onu qurban kəsimmi?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Xeyr! Lakin sən saçını qılsatsan, dırnaqlarını tutsan, bığını gödəltsən və qoltuqaltlarını təmizləsən, bax bu, Allah qatında sənin qurbanının tamamlayıcı ünsürü olar”. Hədisi Əbu Davud və Nəsai Əbu Əbdürrəhmanın rəvayət etdiyi hədisdən götürmüşlər.

Tirmizi qeyd edir: Məhəmməd ibn Musa, Həsən ibn Silm vasitəsilə Sabit əl-Bənnanidən, o da Ənəsdən nəql edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Kim “Yer titrəyib lərzəyə gələcəyi zaman!” surəsini oxuyarsa, bu onun üçün Quranın yarına bərabər olar”. Daha sonra Tirmizi deyir ki, hədis qərib hədisdir, bunun yalnız Həsən ibn Silmin vasitəsilə nəql olunduğunu bilirik. Bu hədisi əl-Bəzzar, Məhəmməd ibn Musadan, o da Həsən ibn Silm vasitəsilə Ənəsdən nəql etdiyi rəvayətə görə, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “De ki, O Allah təkdir!” surəsi Quranın üçdə birinə, “Yer titrəyib lərzəyə gələcəyi zaman!” surəsini isə Quranın dörddə birinə bərabərdir”. Həmçinin Tirmizi qeyd edir ki, Əli ibn Hicr Yezid ibn Harun vasitəsilə İbn Abbasdan nəql edir və deyir: Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Yer titrəyib lərzəyə gələcəyi zaman!” surəsini Quranın yarısına, “De ki, O Allah təkdir!” surəsi üçdə birinə, “De ki, ey kafirlər!” surəsi isə Quranın dörddə birinə bərabərdir”. Tirmizi daha sonra yenə də birdirir ki, bu hədis qəribdir və onun Yəmən ibn Muğirədən başqa rəvayət olunduğunu bilmirik.
Tirmizi başqa bir rəvayət qeyd edərək bildirir ki, Uqbə ibn Mukrim Ənəs ibn Malikdən nəql etdiyinə görə, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) səhabələrdən birinə dedi: “Ey fılankəs, sən evləndinmi?” Səhabə cavab belə cavab verdi: “Xeyr! Allaha and olsun ki, evlənmədim. Evlənməyə bir şeyim də yoxdur”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: “Sən “De ki, O Allah təkdir!” surəsini bilmirsənmi?” Səhabə dedi: “Bilirim!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) “O, Quranın üçdə biridir” deyə buyurdu. Daha sonra “Sən “Allahın köməyi və zəfər gəldiyi zaman” (ən-Nəsr) surəsini bilmirsənmi?” Səhabə dedi: “Bilirəm!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: “O, Quranın dörddə biridir”. Daha sonra dedi: “De ki, ey kafirlər!” surəsini bilirsənmi?” (səhabə yenə də “bilirəm, ey Allahın elçisi” deyə cavab verdi) O, dörddə biridir. Bəs “Yer titrəyib lərzəyə gələcəyi zaman!” surəsini bilirsənmi?” (“bilirəm, ey Allahın elçisi” deyə səhabə cavab verdi) O, Quranın dörddə biridir. Elə isə evlən!” Tirmizi deyir ki, hədis həsəndir. Tirmizi bu üç hədisin üçünü də yalnız özü rəvayət etmişdir. Ondan başqa “kutubu-sittə” hədis ravilərindən heç biri bu hədisi rəvayət etməmişlər.

Bismilləhir-Rahmənir-Rahim!

1) Yer titrəyib lərzəyə gələcəyi zaman;
2) Yer öz yükünü çıxardıb atacağı zaman;
3) İnsan: “ona nə olub?” – deyəcəyi zaman -
4) Məhz o gün öz xəbərlərini danışacaqdır -
5) Çünki Rəbbin ona vəhy edəcəkdir!
6) O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə çıxacaqlar!
7) Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir
8) Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir.

İbn Abbas “Yer titrəyib lərzəyə gələcəyi zaman” ayəsi barəsində deyir ki, yer kökündən qopub hərəkət edəcəkdir. “Yer öz yükünü çıxardıb atacağı zaman” – Bir çox sələf alimləri qeyd edirlər ki, Yerin yükü dedikdə orada olan ölülər nəzərdə tutulur. Allah təala başqa bir ayədə buyurur ki, “Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, Qiyamət gününün (axır saatın) zəlzələsi dəhşətli şeydir!” (əl-Həcc, 1) Həmçinin, Uca Allah buyurur: “Yer dümdüz olacağı; Üzərində olanları tullayıb boşaldacağı gün...” (əl-İnşiqaq, 3-4) Muslim özünün “Səhih” kitabında deyir: Vasil ibn Əbdüləla, Əbu Hazim vasitəsilə Əbu Hüreyrədən rəvayət edir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: “Yer ciyər hissələrini qızıl və gümüş sütunlar kimi qusar. Qatil gəlib deyər: “Mən buna görə öldürdüm”. Qohumları ilə əlaqələri kəsə gəlib deyər: “Mən buna görə qohumlarım ilə əlaqələri kəsdim”. Oğru gəlib deyər: “Buna görə əlim kəsildi”. Sonra onu çağırarlar. Ancaq ondan heç nə almayacaqlar”.
Daha sonra izzət və cəlal sahibi Allah buyurur: “İnsan: “ona nə olub?” – deyəcəyi zaman...” İnsan yerin sabit, sakit, hərəkətsiz vəziyyətini dəyişib bu hala düşməsini əcaib qarşılayacaq. Axı vəziyyət tamamilə dəyişəcək və yer hərəkətə gəlib lərzəyə gələcək. Çünki yerə qaçılması mümkün olmayan lərziyə gəlmə əmr ediləcəkdir. Sonra da Yer, öz üzərində olan əvvəlki və sonuncu ölüləri bayıra atacaqdır. O vaxt insanlar baş verənləri həzm edə bilməyəcəklər. Yer və göylər tamamilə başqa şəkil alacaqlar. Daha sonra hər kəs tək və yenilməz olan Allahın hüzuruna çıxacaqdır.
“Məhz o gün öz xəbərlərini danışacaqdır”. Yəni, o gün Yer öz üzərində iş görən hər kəsin nə etdiyini danışacaqdır. İmam Əhməd deyir: Bizə İbrahim Əbu Hüreyrədən nəql etdi ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) “Məhz o gün öz xəbərlərini danışacaqdır” ayəsini oxumuş və demişdi: “Yerin xəbərlərinin nə olduğunu bilirsinizmi?” Səhabələr dedilər: “Allah və rəsulu daha yaxşı bilir”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Yerin xəbərləri hər bir qulun və ümmətin, onun üzərində etdiyi əməllərə şəhadət edərək “bu və bu əməlləri bu və bu vaxt etdi” – deməsidir. Yerin xəbərləri məhz bunlardır”. Tirmizi deyir ki, bu, səhih-qərib hədisdir. Təbəraninin “əl-Mucəm”¬ində İbn Luheyə Haris ibn Yeziddən nəql edir ki, Rəbia əl-Curəşi Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini eşitmişdir: “Yerdən qorunun! Çünki o sizin ananızdır. Onun üzərində olarkən etdikləriniz istər xeyir olsun, istərsə də şərr, o bunun barəsində mütləq xəbər verəcəkdir”.
Növbəti ayədə uca Allah buyurur: “Çünki Rəbbin ona vəhy edəcəkdir!” Buxari deyir ki, “أوَحَى لَهَا” , “أَوْحَى إلَيْهَا” , “وَحَّى لَهَا” və “وَحَّى إِلَيْهَا” ifadələrinin mənası eynidir. İbn Abbas da bu görüşdədir. Bütün bunların ümumi mənası: Yəni Allah ona izn – icazə vermişdir. Şubeyb ibn Bişr İkrimədən nəql edir ki, İbn Abbas “Məhz o gün öz xəbərlərini danışacaqdır” – ayəsi haqda belə demişdir: Rəbbi ona “danış!” – deyəcək, o da danışacaqdır”. Mucahid isə deyir ki, yəni Rəbbi ona əmr edəcəkdir”. Qurazi demişdir: Rəbbi yerə onları öz üzərindən çıxardıb atmağı əmr edəcəkdir.
“O gün insanlar əməllərinin özlərinə göstərilməsi üçün dəstə-dəstə çıxacaqlar!” Onlar sorğu-hesab məqamından dəstə-dəstə, sinif-sinif dönərlər. Aralarında sevincli halda Cənnətə gedənlər də olacaq, rüsvayçı və bədbəxtlik içərisində Cəhənnəmə gedənlər də. İbn Cüreyc deyir ki, hissə-hissə parçalanacaqlar və getdikləri yolun axırında birləşməzlər. Suddi ayədə olan “أَشْتَاتًا” (əştətən) sözünün “dəstə-dəstə” mənasında təfsir etmişdir. Bunlar insanların dünyada etdikləri pis və ya yaxşı əməlləri Qiyamət günü öz gözləri ilə görmələri üçündür. Ona görə də Allah təala buyurur ki, “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir”.
Buxari belə nəql edir: İsmail ibn Abdulla Əbu Hureyrədən Allah elçisinin (ona Allahın salavatı və salamı olsun!) belə dediyini rəvayət etmişdir: “At üç qism insanlar üçündür. Biri üçün savab, digəri üçün müdafiə, başqa birisi üçün isə yükdür. Savab olan atını Allah yolunda bir baxçaya və ya təpəyə bağlamış, ipini də həmin baxça və ya təpə boyunca uzatmışdır. O hərəkət əsnasında baxçada və ya təpədə hara dəyərsə, ona savab yazılar. Əgər atın ipi kəsilərsə və o, olduğu yerdə o yana, bu yana qaçarsa, onun ayaq izləri və pislikləri də sahibinə savab qazandırar. Əgər o, bir çeşməyə yaxınlaşar, ancaq ona su verilməzsə, yenə də ona savab yazılar. Bu at həmin insan üçün savab və mükafatdır. Digər biri atını ehtiyacını bildirməmək üçün iffət və namusu ilə bağlayıb, atın boynunda və çiynindəki Allah haqqını unutmazsa, bu da sahibi üçün müdafiə olar. Başqa birisi isə atını öyünmək, təkəbbürlük etmək və düşmənçilik üçün bağlayarsa, həmin at ona yük olar”. Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) minik heyvanları barəsində soruşulduqda, o dedi: “Allah təala bu barədə bu qəti və əhatəli ayədən başqa heç nə nazil etməmişdir: “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir”. Hədisi Muslim Zeyd ibn Əsləmdən nəql etmişdir.
İmam Əhməd belə nəql edir: Yezid ibn Harun Fərəzdəqin əmisi Sasə ibn Muaviyədən nəql etdi ki, o, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlmiş və Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir” – ayəsini oxumuşdu. O, bu ayəni dinlədikdən sonra demişdi: “Bu mənə bəs edər. Bundan başqasını eşitməsəm də, fikir etmərəm”. Nəsai də bu rəvayəti təfsir fəslində İbrahim ibn Yunis vasitəsilə Həsən əl-Basridən nəql etmişdir. Buxarinin “Səhih”ində Adiyydən mərfu olaraq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) belə buyurduğu rəvayət edilir: “Bir xurma ilə, hətta bir gözəl söz ilə də olsa, oddan qorunun!” “Səhih”də qeyd olunan başqa bir hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, “Yaxşı əməllərin heç birini kiçik hesab etməyin! Yaxşı əməlin öz qabından su istəyənin qabına az miqdarda su tökmək və ya qardaşını gülərüzlə qarşılamaq olsa belə”. “Səhih”də qeyd olunan digər hədisdə isə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: “Ey möminə qadınlar! Heç bir qonşu öz qonşusuna qarşı diqqətsiz qalmasın! Hətta bir qoyunun dırnağı belə əhəmiyyətlidir”. Başqa bir hədisdə Allahın rəsulu belə buyurmuşdur: “Dilənənə yanmış bir dırnaq belə olsa, verin!”
İmam Əhməd nəql edir ki, bizə Məhəmməd ibn Abdulla əl-Ənsari Aişədən rəvayət etdi ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona belə demişdi: “Ey Aişə, bir xurma dənəsi ilə də olsa, oddan qorun! Çünki o, toxu doydurduğu kimi, acı da doyurar”. Bu hədisi Əhməd ibn Hənbəl mufrəd olaraq rəvayət etmişdir. Aişənin (Allah ondan razı olsun!) haqqında rəvayət olunur ki, o, bir üzüm dənəsi sədəqə vermiş və demişdi: “Onda nə qədər də zərrələr var!”. Əhməd ibn Hənbəl belə nəql edir: Bizə Əbu Amir Aişədən rəvayət etdi ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona demişdi: “Ey Aişə, heç vaxt günahları gözündə kiçiltmə! Çünki Allah tərəfindən onları izləyən var”. Nəsai və İbn Macə də bu hədisi Səid ibn Muslim vasitəsilə rəvayət etmişlər.
İbn Cərir belə nəql edir: Bizə Əbul Xəttab əl-Həssani Ənəs ibn Malikdən rəvayət etdi ki, Əbu Bəkr (Allah ondan razı olsun!) Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) birgə yemək yeyərkən bu ayə nazil oldu: “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir”. Əbu Bəkr əlini qaldırıb dedi: “Ey Allahın elçisi, zərrə qədər ağırlığında olsa belə, etdiyim şərr əmələ görə cəzalandırılacağam?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Ey Əbu Bəkr, dünyada etdiyin zərrə qədər şərr əmələ nifrət edib ondan çəkinərsən, Allah təala sənin hesabına zərrə qədər xeyir artırar və sən Qiyamət günü onu görərsən”. İbn Əbu Hatim bu hədisi atası vasitəsilə Əbul Xəttabdab nəql etmişdir. Həmçinin, İbn Cərir başqa bir rəvayət nəql edərək deyir ki, bizə İbn Bəşşar Əbu İdrisdən nəql etdi ki, Əbu Bəkr Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) birgə yemək yeyirdi... Əbu İdris də yuxarıdakı hədisi danışmışdı. İbn Cərir həmin hədisi Yaqub vasitəsilə Ubədədən də nəql etmişdir.
İbn Cərir başqa bir hədisi belə nəql etmişdir: Yunis ibn Əbdüləla, Abdulla ibn Amr ibn Asdan rəvayət edir ki, “əz-Zəlzələ” surəsi nazil olduğu vaxt Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun!) oturuqlu idi. Surə nazil olanda o ağladı. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ona dedi: “Ey Əbu Bəkr, səni ağladan nədir?” Əbu Bəkr “Məni ağladan nazil olan bu surədir” – deyə cavab verdi. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Əgər siz xata və günah edib, sonra da Allahın bağışladığı kimsələr olmasaydınız, sözsüz ki, Allah, xata və günah edib, sonra da Allahın bağışladığı bir ümmət yaradardı”.
}Başqa bir hədis{ İbn Əbu Hatim deyir: Bizə Əbu Zəra və Əli ibn Əbdürrəhman Əbu Luheyə vasitəsilə Əbu Səid əl-Xudrinin belə dediyini nəql etmişlər: “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir” – ayəsi nazil olan zaman Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) soruşdum: “Ey Allahın elçisi, mən öz əməlimi görəcəmmi?” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dedi: “Bəli!” Dedim: “Böyük olanları da?” Dedi: “Bəli!” Soruşdum: “Kiçikləri də?! Dedi: “Bəli!” Öz-özümə dedim: “Vay anam!” Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) buyurdu: “Ey Əbu Səid, müjdələnin ki, hər bir yaxşı əməlin mükafatı onun on mislindən yeddi yüz mislinə qədər veriləcək. Allah dilədiyi kimsələrin mükafatının mislini daha artırar. Pis əməlin qarşılığı isə ya onun bir misli, ya da Allah tərəfindən bağışlanmadır. Sizlərdən heç kim öz əməli ilə qurtuluşa çatmayacaqdır”. Soruşdum: “Səndəmi, ey Alahın elçisi?” “Hətta mən də. Lakin Allah məni Öz mərhəmətinə qovuşdurarsa, müstəsnayam”. Əbu Zəra deyir ki, bu hədisi Əbu Luheyədən başqa heç kim rəvayət etməmişdir.
İbn Əbu Hatim deyir: Bizə Əbu Zəra Səid ibn Cübeyrdən nəql etdi ki, o, Allah təalanın “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir” – ayəsi haqda belə demişdir: “Onlar öz iştahaları çəkdiyi halda yeməyi yoxsula, yetimə və əsirə yedirərlər” (əl-İnsan, 8) ayəsi nazil olduğu ərəfədə müsəlmanlar kiçik şeyləri sədəqə verdikləri zaman mükafata nail olmayacaqları düşüncəsində idilər. Qapılarına dilənçi və ya ehtiyacı olan gəldiyi zaman onlara bir xurma, qoz, qırıntı və sair bu kimi şeylər verməz və “bunlar heç nəyə dəyməz, biz yalnız bizə əziz olan şeylərdən sədəqə versək, mükafat qazana bilərik” düşüncəsi ilə onları əliboş qaytarardılar. Həmçinin, bir qrup insanlar da var idilər ki, onlar kiçik günahlara görə məzəmmət olunmayacaqlarını düşünürdülər. Məsələn, yalan, göz zinası, qeybət və bu kimi günahlara dırnaqarası baxırdılar və deyirdilər ki, Allah yalnız böyük günah sahiblərinə Cəhənnəmi vəd etmişdir. Ona görə də Allah insanları kiçik xeyir əməllərin yerinə yetirilməsinə təşviq etmiş və həmin kiçik əməllərin çoxalacağını vildirmişdir. Həmçinin, onları kiçik günahlar etməkdən də çəkindirmiş, kiçik günahların böyük günahlara vəsilə olacağını xəbərdar etmişdir. Ona görə də uca Allah “Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onu görəcəkdir. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu görəcəkdir” – deyə buyurmuşdur. İnsan öz kitabında ən kiçik qarışqa boyda savab da görsə, ona sevinəcəkdir. Səid ibn Cübeyr deyir ki, “Hər kəs etdiyi şərr əməlin müqabilində bir şərr, hər xeyir əməlin müqabilində isə on xeyir görəcəkdir. Qiyamət günü, Allah təala möminlərin yaxşılıqlarını qat-qat artırar. Hər bir yaxşılığı on qat artırar və hər bir yaxşılığa müqabil on günahı silinər. Zərrə qədər savabı günahından ağır olan kəs Cənnətə daxil olar”.
İmam Əhməd deyir: Bizə Süleyman ibn Davud Abdulla ibn Abbasdan nəql etdi ki, Allahın elçisi (ona Allahın salavatı və salamı olsun!) belə demişdir: “Kiçik günahlardan qorunun! Həqiqətən, onlar toplaşaraq insanı həlaka qədər aparır”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bu haqda bir misal çəkmiş və bunu boş bir ərazidə qonaqlayan bir qrup insanın halına bənzətmişdi. Belə ki, “bir qrup insan səfər əsnası boş bir ərazidə qonaqlayırlar. Onlardan biri od qalamaq üçün gedib bir çöp gətirir. Daha sonra başqa biri, daha başqası və belə-belə odun qalamağa kifayət edəcək çör-çöp yığılır. Belə olan halda onlar odunu qalayıb, üzərində yeməkərini bişirirlər”.
“Əz-Zəlzələ” surəsinin təfsiri başa çatdı. Həmd və səna Allaha məxsusdur.


Tarix: 20.04.2013 / 15:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 600 Bölmə: Sureler