Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

: ƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 151-170

(7.151) “(Musa) dedi: “Ey Rəbbim! Məni də, qardaşımı da bağışla. Bizi Öz mərhəmətinin altına al. Sən rəhm edənlərin ən rəhmlisisən!”

Musa (ə) tələsik nəticə çıxartmasına və qardaşı ilə pis davranmasına görə peşmançılıq çəkdi. O (ə) onun günahsız olduğunu bilmirdi və belə hesab etmişdi ki, Harun (ə) öz vəzifəsini yerinə yetirməmişdir. Həqiqət ona (ə) məlum olduqdan sonra, o (ə) dedi: “Ey Rəbbim! Məni və qardaşım Harunu bağışla! Bizi Öz mərhəmətinin altına al və belə et ki, o bizi hər tərəfdən əhatə etsin. Həqiqətən, Mərhəmətin – alınmaz qala və hər hansı şərdən etibarlı müdafiə vasitəsidir. Əgər biz şərdən qorunmağa nail olsaq, bizə ancaq böyük nemətindən zövq almaq qalır. Ey Rəbbim! Sən bizə bütün məxluqlarından daha çox rəhm edirsən. Sən bizə ata və analarımızdan, övladlarımızdan və bizim özümüzdən daha çox qayğı bəsləyirsən”.


(7.152) “Şübhəsiz ki, buzovu (tanrı) qəbul edənlərə Rəbbindən bir qəzəb yetişəcək və onlar dünyada zillətə düçar olacaqlar! Biz (Allaha) iftira yaxanları belə cəzalandırırıq!”

Fövqəluca Allah, buzova ibadət edən və onu bütə çevirənlərin taleyi haqqında xəbər verir. Onlar öz Rəbbini qəzəbləndirdilər və Onun hökmlərinə etinasız yanaşdılar və onlar elə bu dünyada olduqları zaman alçaldılmaya məruz qaldılar. Allaha böhtan atanların, Onun dininin qanunlarını yalandan təhrif edənlərin və Onu yalanlamağa cəhd göstərənlərin hər biri belə qisasa layiq görülür.
Belə insanlar Allahın onlara qəzəblənməsinə özləri səbəbkar olmuşlar. Onlar dünya həyatında nifrətə layiqdirlər və buna görə Fövqəluca Allah İsrail oğullarına bir-birini öldürməyi əmr edir və bildirir ki, ancaq bu yolla onlar Onun lütfkarlığını əldə edə bilərlər.

(7.153) “Pis əməllər etdikdən sonra tövbə edib iman gətirənlərə gəldikdə isə Rəbbin tövbədən sonra Bağışlayandır, Rəhmedəndir!”

İsraillilər bir-birilərini öldürməyə başladılar və onların çoxu qətlə yetirildikdən sonra, Qüdrətli Allah onları bağışladı.
Bu ayə İsrail oğulları barədə nazil edilmişdi, lakin onun mənası müşrikliyə düşənlərin, böyük və kiçik günahlar işlədənlərin, sonra isə etdiklərinə peşman olaraq Allaha itaətsizlikdən əl çəkən və bu günahlara bir daha qayıtmayacağına qəti qərar verənlərin hamısına aiddir. O, Allaha və iman gətirilməsinə Onun əmr etdiyi qeybə iman gətirənlərin; qəlbi və hərəkətləri ilə haqq dinin zəruri şərti olan və onlarsız kamil olmayan xeyirxah əməllər törədənlərin hamısına aiddir.
Həqiqətən də, əgər insan günahlarını tövbə edirsə və doğru yolu tutursa, onda Allah onun günahlarını, onlar yer kürəsi həcminə çatsalar da, bağışlayır və hətta onları silir. Bununla yanaşı O, onun tövbəsini qəbul edir, onu saleh əməllər işlətməyə ruhlandırır və onları ondan qəbul edir.

(7.154) “Musanın qəzəbi yatanda lövhələri götürdü. Onların birində: “Rəbbindən qorxanlar doğru yola və mərhəmətə nail olacaqlar!” - (deyə yazılmışdı)”.

Musa (ə) sakitləşdikdən və şəraiti dəyərləndirdikdən sonra, etməli olduğu ən mühüm məsələlərdən başladı. O (ə), hiddətləndiyi zaman yerə atdığı lövhələri götürdü. Bunlar haqq təlimatdan və mərhəmətdən ibarət olan böyük və dəyərli vəhylər idi. Onlar doğru yolla azğınlıq, haqla yalan, xeyirxah əməllə cinayət arasındakı fərqi izah edirdi. Onlar saleh əməllərə, yüksək əxlaqa və tərbiyəli davranışa düz yol göstərirdi. Onlar, bu lövhələrdə həkk olunmuş nəsihətləri yerinə yetirən, onlarda nazil edilmiş hökmləri öyrənən və onların dərin mənalarını dərk edən, sözü və əməli ilə Allaha itaət edən və Onun qarşısında qorxu hissi keçirən hər kimə mərhəmət və xoşbəxtlik gətirirdi. O ki qaldı Allahdan qorxmayanlara və Onun hüzurunda cavab verməli olacağından çəkinməyənlərə, nazil edilmiş vəhylər onları Haqqı daha təkəbbürlə inkar etməyə və ondan uzaq qaçmağa məcbur edirdi. Bununla belə, o vəhylər onları həm də Allah qarşısında öz cahilliklərinə görə bəraət əldə etmək imkanından məhrum edirdi.

(7.155) “Musa Bizim (Sina dağında) təyin etdiyimiz vaxt üçün öz tayfasından yetmiş (mötəbər) adam seçmişdi. Onları sarsıntı yaxalayanda (ildırım vuranda Musa) dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan qabaq onları da, məni də məhv edərdin. Aramızdakı səfehlərin törətdiyi günahlar üzündən bizi məhvmi edəcəksən? Bu (baş verən işlər) Sənin sınağından başqa bir şey deyildir. Sən onunla (bu sınaqla) istədiyini zəlalətə düçar edər, istədiyini doğru yola salarsan. Sən bizim hamimizsən (ixtiyar sahibimizsən). Bizi bağışla və rəhm et. Axı Sən bağışlayanların ən yaxşısısan!” (İlk öncə ayənin (7.155) bu tərcüməsi ilə (Z.B. və V.M.) qarşınızda olan şərhin mətni arasında bir sıra cüzi də olsa fərqlər mövcuddur (“sarsıntı yaxalayanda (ildırım vuranda...”). Təfsir müəllifi bu sarsıntının “zəlzələ” olduğunu konkretləşdirmiş və “ildırım” haqqında məlumat verməmişdir. Tərc. F.S. )


İsrail oğulları tövbə edərək doğru yola qayıtdıqda, Musa (ə) onların arasından yetmiş nəfər kişi seçdi. Bunlar onun (ə) xalqının ən yaxşı nümayəndələri idi ki, Allaha, öz həmtayfalarının əməllərinə görə, üzrxahlıq etməliydilər. Allah onlar üçün yer və vaxt müəyyən etdi. Lakin müəyyən olunmuş vaxtda təyin olunmuş yerə gəldikdə, onlar peyğəmbərə (ə) dedilər: “Ey Musa! Bizə Allahı öz gözümüzlə görməyə imkan ver”. Onlar kobud bir hərəkətə cəsarət etdilər və Böyük Rəbbə hörmətsizlik göstərdilər. Elə bu zaman zəlzələ onları sarsıtdı və günahkarlar ölüb yerə sərildilər.
Musa (ə) isə Allaha dua etməyə və Onun qarşısında acizanə yalvarmağa başladı. O (ə) dedi: “Ey Rəbbim! Əgər Sən istəsəydin, onlar Sənin yanına öz xalqının cinayətlərinə görə üzrxahlıq etməyə gəlməmişdən və günahkar zalımlar olmamışdan öncə onları məhv edərdin. Doğrudanmı Sən bizi aramızdakı düşüncəsiz səfehlərin törətdiyi günahlara görə məhv edəcəksən?” Allaha dua etdikdən sonra o (ə), öz həmtayfalarının qaba hərəkətini onların belə işlərdən və sözlərdən çəkindirə biləcək kamil təfəkkürə malik olmamaları ilə doğrultmağa cəhd göstərdi.
Musa (ə) onların günahkar olmalarını doğruldaraq deyirdi ki, onlar azğınlığa düçar olmuşlar və bu azğınlıq insanı böyük təhlükəyə sala və hətta onu imandan məhrum edə bilər. O (ə) belə deyirdi: “Sən onları, istədiyini azğınlığa saldığın və istədiyini də doğru yola yönəltdiyin vasitənlə sınağa çəkdin. Bizi bağışla və rəhm et, axı Sən – bağışlayanların ən Yaxşısı, rəhmlilərin ən Rəhmlisi və bəxş edənlərin ən Səxavətlisisən!”
Bu sözlərin mənası belə idi: “Ey Rəbb! Əzəldən bizim hamımızın Sənin hökmlərini yerinə yetirməyə və Sənə iman gətirməyə qəti niyyətimiz vardı. Əgər insan sağlam təfəkkürə malik olur və düzgün biliklərə yiyələnirsə və maneəsiz olaraq Sənin doğru öyüd-nəsihətlərinə istinad edirsə, ona doğru yolla getmək müyəssər olur. Lakin əgər insan püxtələşməmiş ağıl sahibidirsə, onda o, yanlış qərarlar qəbul edir və azğınlığa düçar olur və bu iki amilin təsiri altında müxtəlif günahlar törədir. Sən isə rəhmlilərin Ən Rəhmlisi və bağışlamaqda – Ən Səxavətli Olansan!”
Allah Musanın (ə) duasını qəbul etdi və onun (ə) həmtayfalarını diriltdi və onların günahlarını bağışladı.


(7.156) “Bizə bu dünyada da yaxşılıq yaz. (Dünyada yaxşı əməllər, axirətdə Cənnət qismət elə). Biz (tövbə edib bağışlanmağımızı diləyərək), Sənə tərəf (hüzuruna) döndük!” (Allah) buyurdu: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim hər şeyi əhatə edir. Onu Allahdan qorxub pis əməllərdən çəkinənlərə, zəkat verənlərə, ayələrimizə iman gətirənlərə yazacağam,”
(7.157) “o kəslərə ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri elçiyə – oxumağı-yazmağı bilməyən peyğəmbərə tabe olurlar. (O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!”

Musa (ə) dua edib qurtardıqdan sonra, dedi: “Bu dünyada bizə faydalı biliklər, bol ruzi və saleh əməllər, Axirət həyatında isə Öz mömin dostların və mömin qulların üçün hazırladığını qismət et! Biz yol verdiyimiz qüsurları etiraf edir və bütün niyyətlərimizi Sənə doğru qayıtmaqda görürük!”
Allah ona (ə) cavabında belə buyurdu: “Mən, özləri özlərini məşəqqətlərə məhkum edən bədbəxt günahkarlara Öz cəzamla zərbə endirirəm, Mənim Mərhəmətim isə göyləri və yeri, möminləri və günahkarları, iman gətirənləri və kafirləri əhatə edir. Elə bir məxluq yoxdur ki, Mənim Mərhəmətim ona toxunmasın, Mənim Səxavətimə qərq olmasın. Lakin heç də hər kəsə xüsusi mərhəmətə layiq olmaq nəsib olmur. Xüsusi mərhəmətin nəticəsi – həm bu dünyada və həm də ölümdən sonra səadətə nail olmaqdır. Mən bunu, böyük və kiçik günahlardan çəkinənlərin, vacib zəkatlarını ödəyənlərin və ən kamil surətdə ayələrimizə inananların, onların həqiqi mənasını bilən, işlərində onları əsas tutanların, qəlbən və bədən əzaları ilə dinin əsas və fərdi hökmlərini yerinə yetirərək Peyğəmbərin yolu ilə gedənlərin qismətinə yazacağam”.
Bu ayələrdə söhbət oxumağı və yazmağı bilməyən peyğəmbər barəsindədir. Bu – Abdullahın oğlu və Əbdülmütəllibin nəvəsi – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) idi. İsrail oğulları haqqında nazil edilmiş bu ayələrdən aydın olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman israillilərin haqq dinə gəlməsinin vacib şərti idi. Onlardan həm də məlum olur ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirənlər və ardınca gedənlər Allahın mərhəmətinə ən geniş mənada layiqdirlər.
Allah Muhəmmədi (ona Allahın salavatı və salamı olsun!) savadsız peyğəmbər kimi səciyyələndirir, çünki o (ona Allahın salavatı və salamı olsun!) ərəb idi və nə yazmağı və nə də oxumağı bilməyən savadsız bir icmaya məxsusdu. Quran nazil edilənə qədər ərəblərin heç bir Müqəddəs Kitabı olmamışdı. Onların arasından peyğəmbər çıxacağı barədə öncəgörüm Tövratda və İncildə nazil edilmişdi. O Kitablarda onun (ona Allahın salavatı və salamı olsun!) adı və xüsusiyyətləri xatırlanırdı, həm də bu xüsusiyyətlərdən biri onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatı və qadağaları idi. (“...həm də bu xüsusiyyətlərdən biri onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatı və qadağaları idi” ifadəsi növbəti abzasda (“O (ona Allahın salavatı və salamı olsun!), insanları gözəlliyi, salehliyi və faydası tamamilə aydın olan əməllər etməyə çağırırdı.” ) cümləsi ilə başlayaraq geniş şərh edilir.)
O (ona Allahın salavatı və salamı olsun!), insanları gözəlliyi, salehliyi və faydası tamamilə aydın olan əməllər etməyə çağırırdı. O (ona Allahın salavatı və salamı olsun!), pisliyi ağıl və fəhm ilə müəyyən olunan əməllərin icrasını qadağan etdi. O (ona Allahın salavatı və salamı olsun!), namaz qılmağı və zəkat verməyi, oruc tutmağı və həccə getməyi, qohumluq əlaqələri saxlamağı və valideynlərə yaxşılıq etməyi, qonşular mərhəmət göstərməyi və qullara yardım etməyi, yerdə qalan bütün məxluqlara kömək etmək və həqiqəti deməyi, bakirəliyə və möminliyə riayət etməyi və ətrafdakılara səmimi qəlblə yaxşılıq etməyi və həmçinin digər xeyirxahlıqlar göstərməyi əmr etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), Allaha şərik qoşmağı və haqqı olmadan insanları öldürməyi, zinakarlıq etməyi və məstedici içkilər içməyi, məxluqları incitməyi və yalan danışmağı, əxlaqsızlıq etməyi və başqa cinayətlər törətməyi qadağan etdi.
Onun (ona Allahın salavatı və salamı olsun!) hökmləri və qadağaları onun (ona Allahın salavatı və salamı olsun!) həqiqətən də Allahın Elçisi olmasının əzəmətli dəlillərindəndir. Bunun sübutu həm də onun (ona Allahın salavatı və salamı olsun!) halal və haramı elan etməsidir. O (ona Allahın salavatı və salamı olsun!), yeyilməsi üçün ən yaxşı qida maddələrini, faydalı içkilərin içilməsini və qadınlarla evlənməyi halal etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), zərərli ərzaq yeməyi, zərərli içki içməyi, bəzi qadınlarla nikah bağlamağı, əxlaqsız sözlər işlətməyi və yaramaz hərəkətlərə yol verməyi qadağan etmişdir. O (ona Allahın salavatı və salamı olsun!), yüngül və asan bir din gətirmişdir ki, o ona etiqad edənləri çətinə salmır və onları gücləri çatmayan hökmləri yerinə yetirməyə məcbur etmir.
Möminlər ona (ona Allahın salavatı və salamı olsun!) inanır və ehtiramla yanaşırlar, ona kömək göstərir, cahillik və şübhələr zülmətində yolu nurlandıran və istənilən ziddiyyətləri həll edən Müqəddəs Quranın ardınca gedirlər. Onlar hökmən həm bu dünya həyatında və həm də ölümdən sonra uğur və böyük nemət qazanacaqlar və hər cür şərdən xilas olacaqlar, çünki onlar ən əzəmətli bir səbəbdən bərk-bərk yapışmışlar ki, bunun nəticəsi də – böyük müvəffəqiyyətdir. O kəslər ki, oxumağı və yazmağı bilməyən Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən, ona (ona Allahın salavatı və salamı olsun!) ehtiram bəsləməkdən və ona (ona Allahın salavatı və salamı olsun!) yardım göstərməkdən boyun qaçırırlar, ona (ona Allahın salavatı və salamı olsun!) nazil edilən Nurun ardınca getmək istəmirlər, mütləq zərərə uğrayanlardan olacaqlar.



(7.158) “De: “Ey insanlar! Şübhəsiz ki, mən sizin hamınız üçün Allahın elçisiyəm. Göylərin və yerin hökmranlığı Ona məxsusdur, Ondan başqa ilah yoxdur. O həm dirildir, həm də öldürür. Elə isə Allaha, Onun yazıb-oxumaq bilməyən elçisinə və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz”.( Ayənin tərcüməsinin mətni qismən redaktə edilmişdir. F.S.)

Bundan əvvəlki ayədə Allah bildirir ki, İsrail oğullarına Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getmək əmr olunmuşdu və belə bir yanlış təsəvvür yarana bilər ki, onun (ona Allahın salavatı və salamı olsun!) yolu ilə getmək təkcə onlara aid edilmişdir. Bunun belə başa düşülməməsi üçün Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, özünün (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin ərəblərə və qeyri-ərəblərə, Kitab əhlinə və bütün qalan xalqların nümayəndələrinə şamil edilən ümumbəşəri bir vəzifə olması barədə hamıya bəyan etsin.
O (ona Allahın salavatı və salamı olsun!), göyləri və yeri yaradan və onları Kainat və dini qanunları ilə idarə edən Allah tərəfindən göndərilmişdir. Onun dininin qanunlarından biri bəşəriyyətə böyük bir Elçinin gəlməsini tələb edirdi ki, onun (ona Allahın salavatı və salamı olsun!) vəzifəsi bəşəriyyəti Allaha və Allahın mərhəmət diyarına dəvət etməli, onları Ondan və Onun mərhəmət diyarından uzaqlaşdıra bilən hər şeydən xəbərdar etməli idi.
O (ona Allahın salavatı və salamı olsun!), şəriki olmayan və Özündən başqa digər haqq ilah olmayan Allah tərəfindən göndərilmişdi. Ona insanların necə ibadət etməli olduğunu öyrənmək isə ancaq Onun elçiləri vasitəsilə həyata keçirilə bilər. O (Allah) ölüləri dirildir və diriləri öldürür və heç kim Onunla bu hakimiyyətini bölüşdürə bilməz. O, ölümü hər kəsin keçməli olduğu və əbədi aləmə aparan körpü etmişdir. Əgər insan o biri aləmə iman gətirirsə, o hökmən Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməlidir.
Allaha bütün qəlbinizlə iman gətirin və öz imanınızı qəlbiniz və vücudunuzla yerinə yetirdiyiniz saleh əməllərinizlə təsdiq edin. Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) – oxuyub-yazmağa öyrədilməmiş peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirin, o (ona Allahın salavatı və salamı olsun!) düzgün baxışlara etiqad etmişdir və saleh əməllər sahibi olmuşdur. Onun (ona Allahın salavatı və salamı olsun!) ardınca gedin və siz məhz onda düzgün yola çıxarsınız və dünyəvi və mənəvi aləminizi abadlaşdırmağı bacararsınız. Lakin siz onun (ona Allahın salavatı və salamı olsun!) ardınca getməyi rədd etsəniz, onda hökmən dərin azğınlığa düşmüş olarsınız.

(7.159) “Musanın ümməti arasında bir dəstə də vardır ki, onlar (insanları) haqq yola aparır və haqqı rəhbər tutaraq (onlar arasında) ədalətlə hökm edirdilər”.

Onlar insanlara həqiqəti öyrədir, düzgün qərarlar qəbul edir, mübahisələri və anlaşılmazlıqları ədalətlə həll edirlər. Fövqəluca Allah buyurur: “(Çətinliklərə) səbir etdikləri və ayələrimizə ürəkdən inandıqları üçün Biz onlardan (İsrail oğullarından) əmrimizlə (insanlara) haqq yolu göstərən rəhbərlər təyin etmişdik” (Səcdə, 32/24).
Bu vəhylər təsdiq edir ki, Musa peyğəmbərin (ə) xalqı arasında Allahın iradəsi ilə ətrafdakıları öyüd-nəsihətləri ilə düz yola yönəldən rəhbərlərin olması bu xalqın üstünlüyünü göstərir. Bu hikmətli ayə İsrail oğullarının kamillik və doğru yola bağlılığı ilə bir araya sığmayan qüsurlarını göstərən əvvəlki ayələri tamamlayır. İnsanlarda sadalanan nöqsanların bütün israillilərə məxsus olması kimi yanlış baxışların yaranmaması üçün (Həmin fraqmentin qalın şrift və kursivlə verilməsi mənimdir. F.S.)Allah bildirir ki, onların arasında doğru yolla gedən və onu başqa insanlara göstərənlər də var idi.

(7.160) “Biz onları (İsrail oğullarını) on iki qəbiləyə - ümmətə böldük. Camaatı (Tih səhrasında) ondan (Musadan içməyə) su istədiyi zaman ona: “Əsanı daşa vur!” – deyə vəhy etdik. (Əsanı daşa vuran kimi) ondan on iki çeşmə qaynayıb axmağa başladı. Hər qəbilə özünün su içəcəyi yeri bildi. Biz buludları onların üstündə kölgəlik etdik, onlara qüdrət halvası və bildirçin endirdik. Onlara: “Sizə ruzi olaraq verdiyimiz pak nemətlərdən yeyin!” dedik. Onlar (naşükür olmaqla, əmrlərimizi yerinə yetirməməklə) Bizə deyil, ancaq özlərinə zülm edirdilər!”

Allah İsrail oğullarını on iki nəslə bölmüşdü. Bunlar sülh və razılıq şəraitində birgə yaşayan on iki qəbilə idilər. Onların hər biri Yaqub peyğəmbərin (ə) bir oğlundan törəmişdi. Allah bildirir ki, israillilər Musaya (ə) yalvarırlar ki, o (ə), Allaha dua etsin ki, onlara və heyvanlarına içməli su versin. Yəqin ki, bu əhvalat onlar, demək olar ki, içməli suyu olmayan ərazidə ikən baş vermişdi, amma bu barədə ən doğrusunu bilən Allahdır. O, onların yalvarışını qəbul etdi və əlindəki əsanı daşa vurmağı Musaya (ə) təlqin etdi. Belə bir rəy mövcuddur ki, həmin daş müəyyən olunmuş bir daş idi. Amma başqa bir şərhə görə bu, istənilən daş ola bilərdi.
Musa (ə) əsası ilə daşa vurduqda, ondan on iki çeşmə fışqırdı. Onlar İsrail oğullarının on iki qəbiləsi arasında bölüşdürüldü və hər qəbilə kimin haradan su içəcəyini artıq bilirdi. Onlar narahatçılıqdan asudə oldular, istirahət etməyə imkan tapdılar və daha bir yerə yığışmırdılar. Bütün bunlar Allahın onlara qarşı kamil mərhəmətinin təzahürü idi.
Allah buludlara hökm etdi ki, yandırıcı günəşin qabağını kəsərək onları kölgələndirsin və sonra onlara qüdrət halvası və bildirçinlər nazil etdi. Bu quşların əti çox dadlı və xoşməzə idi. Bütün deyilənlərdən aydın olur ki, Allah İsrail oğullarına sərinlədici kölgə, xoşagələn içki, ət yeməyi və şirniyyat bəxş edir. Onlara, öz taleyi üçün heç bir narahatlıq keçirmədən, bu nemətlərdən ancaq ləzzət almaq qalırdı. Lakin onlar Allaha şükür etməkdən və Onun qarşısında öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırdılar. Bu rəftarları ilə onlar Allahı incitmədilər – təkcə özlərinə qarşı zalımcasına davrandılar. Onlar bütün nemətlərdən məhrum oldular və özlərini müsibətlərə və məşəqqətlərə məhkum etdilər ki, bu da, onlar səhrada didərgin dolaşdıqları zaman qismətlərinə düşməklə özünü göstərdi.


(7.161) “(Ey Elçim!) Yadına sal ki, o zaman onlara (yəhudilərə) belə deyilmişdi: “Bu şəhərdə (Qüdsdə) sakin olun, ondan (onun meyvələrindən) istədiyiniz yerdə yeyin, “hittə” (“bizi bağışla”) deyin və qapıdan (Beytülmüqəddəsin qapısından) səcdə edərək daxil olun ki, günahlarınızı bağışlayaq. Biz yaxşı işlər görənlərin mükafatını artıracağıq!”
(7.162) “Lakin (İsrail oğullarından Allahın əmrlərini yerinə yetirməməklə) özlərinə zülm edənlər onlara deyilən sözü dəyişdirib başqa şəklə saldılar. Etdikləri haqsızlığa görə Biz də onlara göydən əzab göndərdik”.

İsraillilər Qüdsə yaxınlaşdıqda onlara şəhərə daxil olub orada məskunlaşmaq tapşırıldı. Orada çoxsaylı meyvə ağacları və kolluqlar boy atmışdı və Fövqəluca Allah onlara imkan verdi ki, istədikləri yerdə meyvələrdən yesinlər. Qüdsdə həyatın rahat və ehtiyac duyulmadan keçəcəyi vəd edilirdi.
Onlara tapşırılmışdı ki, nazil etdiyi nemətlərə minnətdarlıq əlaməti kimi şəhərə Allahın qüdrəti qarşısında itaətkarcasına, müti olaraq girsinlər. Allah onlara əmr etmişdi ki, özlərini dinc və sakit aparsınlar, bağışlanmaları haqqında dua etsinlər və onlara günahlarını bağışlayacağını və onları həm bu dünyada və həm də ölümdən sonra mükafatlandıracağını vəd etmişdi.
Lakin israillilər Rəbbin əmrini yerinə yetirməyib, Ona qulaq asmadılar. Onlar Ona elə bir saymamazlıqla yanaşdılar ki, bağışlanma duası olan “xitta” əvəzinə, “xinta” dedilər ki, bu da “bir arpa giləsi” deməkdir. Onlar sadə və mürəkkəb olmayan bir sözü təhrif etdilər. Hələ bir bununla da qane olmayaraq, onlar şəhərə yanları üzərində oturduqları halda hərəkət edərək (Bu hərəkət, hələ ayaq üstə durmağa alışmamış körpə uşağın yanları üstə bardaş quraraq yanları üstə hərəkət etməsinə bənzərdir. F.S) girdilər və elə bu zaman onları göydən gələn sərt cəza haqladı. Bu – taun xəstəliyi və ya hər hansı təbii fəlakət ola bilərdi. Allah onlara zalımlıq etmədi – öz əməlləri ilə layiq olduqlarının əzabını daddılar.


(7.163) “(Ey Peyğəmbərim!) Onlardan (yəhudilərdən) dəniz kənarında yerləşən qəsəbə haqqında xəbər al. O zaman onlar şənbə günü (balıq ovlamaqla Allahın əmrini pozub) həddi aşırdılar. O vaxt şənbə günü (işləmək, ov etmək qadağan edildiyi, ibadətlə məşğul olmaq buyurulduğu üçün) balıqlar (hər tərəfdən suyun üzərində görünüb) dəstə-dəstə onlara tərəf axışır, şənbədən başqa günlərdə isə gəlmirdi. İtaətdən çıxdıqları (günah işlədikləri) üçün Biz onları belə imtahana çəkirdik”.

İsrail oğullarından dəniz sahilində olan kənd haqqında soruş. Onun sakinləri hədlərini aşmışdılar və Allahın cəzasına layiq idilər. O, onlara şənbə gününü əziz tutmağı əmr etmiş və həmin gün balıq ovuna çıxmağı yasaqlamışdı. Bununla yanaşı O, onları sınağa çəkmiş və tamaha salmışdı: şənbə günləri külli miqdarda balıq suyun üstündə üzür və həftənin qalan günlərində tora gəlmirdilər.
Allah onları beləcə azdırırdı, çünki onlar fasiq idilər. Amma onlar dinin hökmlərinə itaətsizlik etməsəydilər, onda Allah onlara xoş gün bəxş edər və onları imtahana çəkməz və bədbəxtliklərə düçar etməzdi. Həmin kəndin sakinləri böyük balıq torunu və balıqçıların torlarını dənizdə şənbə gününədək qururdular və balıqlar onların toruna düşürdü. Sakinlər şənbə günü tora düşən balıqları tordan götürməyib, bazar gününü gözləyirdilər. Bu hərəkət həmin kəndin sakinləri arasında geniş yayılmışdı və onlar üç qrupa bölünmüşdülər.


(7.164) “Onlardan (dəniz kənarındakı qəsəbədə yaşayan İsrail oğullarından) bir dəstə: “Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?” – dediyi zaman, (nəsihət verənlər) onlara cavab olaraq: “(İnsanları yaxşı işlərə sövq etmək, pis işlərdən çəkindirmək bizə vacib olduğundan) bu, Rəbbiniz qarşısında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar (bu öyüd-nəsihətdən nəticə çıxarıb) pis əməllərdən çəkinsinlər!” – dedilər”.

İnsanların əksəriyyəti hökmləri kobudcasına pozardılar və bu barədə ucadan hamıya danışardılar. Onlardan bəziləri açıqcasına bildirirdilər ki, belə etmək haramdır və itaətsizlik göstərənləri qınamağa başlamışdılar. Qalanları isə günahkarları məzəmmət etmir və şənbə günü balıq ovunun haram olması haqqında aşkarda danışmırdılar. Onlar deyirdilər: “Allahın qadağalarını açıqcasına pozanlara, xeyirxah nəsihət verənlərə qulaq asmayanlara, azğınlıqlarında davam edənlərə və cinayət törədənlərə nəsihət vermək faydasızdır. Allah belə günahkarları ya məhv edəcək, ya da onları sərt cəzaya məhkum edəcəkdir”.
Onlara nəsihət verən iman sahibləri deyirdilər: “Biz onları cəzalandırılacaqlarından xəbərdar edir və Rəbbimizin qarşısında bəraət qazanmaları üçün günahdan əl çəkməyə çağırırıq. Ola bilsin ki, onlar günahlarından əl çəksinlər. Biz onların düz yola gələcəklərinə ümidimizi kəsmirik. Bizim təbliğatımız və məzəmmətlərimiz onlara təsirə göstərə və fayda verə bilər”.
Bu ayədə günahlardan əl çəkməyə çağırışın böyük fayda gətirməsindən bəhs edilir. Birincisi, möminlər fasiqlərə görə məsuliyyəti öz üzərlərindən götürürlər. İkincisi, öyüd-nəsihət verilən insanlar həqiqəti öyrənirlər və öz cahilliklərinə görə bəraət qazana biləcəkləri imkanından məhrum olurlar. Üçüncüsü, Qüdrətli Allah onları doğru yola yönəldə bilər və onda onlar dəvət etdiyimizdən və nədən xəbərdar etdiyimizdən yararlana bilərlər.


(7.165) “Onlar (balıq ovlayanlar) özlərinə verilən öyüdü unutduqları zaman Biz də (onları) pislikdən çəkindirənlərə nicat verdik, zülm edənləri isə itaətdən çıxdıqları, günah işlətdikləri üçün şiddətli bir əzabla məhv etdik”.

Öyüd-nəsihətlərə etinasızlıq göstərərək, onlar Allahın qanunlarını pozmaqda davam edirdilər və elə o məqamda onları sərt bir cəza haqladı, halbuki Allah bütün zamanlarda Öz qullarından yaxşılıq etməyə çağıranları və pislikləri qınayanları belə cəzadan xilas edərdi. Təbliğatçılara: “Allahın onsuz da amansız cəzaya düçar edəcəyi kimsələrə öyüd-nəsihət verməyə dəyməz” – deyən insanların üçüncü qrupuna gəldikdə isə Quran təfsirçiləri onların taleyi barədə müxtəlif rəy söyləyirdilər.
Bəziləri belə hesab edirdi ki, onlar məhv edilmişdilər, digərləri isə onların xilas olduqlarını söyləyirdilər. Ayələrin aydın mənasından məlum olur ki, onlar xilas edilmişlər, çünki Allah təkcə zalımların məhv edildiyini xüsusilə vurğulayır. Eyni zamanda, Allah deməmişdi ki, bu üçüncü qrup insanlar zalımlara aid idilər. Buradan aydın olur ki, ancaq şənbə qadağasını pozan günahkarlar məhv edilmişdi.
Bəyənilən işlər görməyə və bəyənilməyəndən çəkinməyə çağırış elə bir vacib hökmdür ki, onun yerinə yetirilməsi dini icma nümayəndələrinin hamısına şamil edilmir. Onu möminlərin ancaq bir hissəsi yerinə yetirdikdə, digərləri həmin vəzifədən azad edilirlər. Mömin israillilər, onların bir qisminin günahkarları qınamasından razı qalmışdılar. Üçüncü qrupun qınamasına gəldikdə isə, bu qınaq onların aşağıdakı sözləri ilə ifadə edilmişdi: “...“Allahın məhv edəcəyi və ya şiddətli əzab verəcəyi bir tayfaya nə üçün öyüd–nəsihət verirsiniz?...” (Əraf, 7/164). Onlar günahkarların əməllərinə qarşı öz nifrətamiz narazılıqlarını bildirmişdilər və bəyan etmişdilər ki, Allah günahkarları ən dəhşətli cəzaya məhkum edə bilər.


(7.166) “Qadağan olunduqları işə (balıq ovuna) saymazyana münasibət bəslədikləri vaxt onlara: “Həqir (zəlil) meymunlar olun!” – deyə əmr etdik”.

Fasiqlər əməllərindən dönmədilər: onlar Allaha itaət etməkdən və nəsihətlərə qulaq asmaqdan boyun qaçırdılar. Belə olduqda, Qüdrətli Allah Öz ilahi qədərinə uyğun olaraq, onları mənfur meymunlara çevirdi və Öz mərhəmətindən uzaqlaşdırdı.


(7.167) “(Ey Elçim!) O zaman Rəbbin onlara (yəhudilərə) Qiyamət gününədək şiddətli əzab verəcək kimsələr göndərəcəyini xəbər vermişdi. Həqiqətən, Rəbbin (günahkarlara) tezliklə əzab verəndir. Sözsüz ki, O, həm də (tövbəkarları) Bağışlayandır, Rəhmedəndir!”

Fövqəluca Allah xəbər verir ki, bundan əvvəlki ayədə xatırlanan cəzaya məruz qalmayan İsrailin zalım oğullarını alçaldılma və rüsvayçılıq həmişə izləyəcəkdir. Allah itaətindən çıxanları tez cəzalandırandır və onları hələ bu dünyada yaşadıqları halda amansız cəzaya məruz qoya bilər. Amma bununla yanaşı O, tövbə edib düz yola qayıdanlara Lütfkarlıqgöstərəndir. O, belə qullarının günahlarını bağışlayır və onların nöqsanlarını ört-basdır edir. O, onları Öz Böyük Mərhəməti sayəsində himayəsinə götürür, onların xeyirxah əməllərini qəbul edir və onlara cürbəcür mükafatlar verir.
Allah Öz vədini yerinə yetirmişdir və buna görə də fasiq israillilər həmişə alçaldılmış və təhqir edilmiş halda qalırlar. Onlar başqa xalqlardan asılıdırlar və heç vaxt ayaq üstə qalxa bilməyəcəklər.


(7.168) “(Yəhudiləri) yer üzündə (ayrı-ayrı) dəstələrə parçaladıq. İçərilərində əməlisaleh olanlar da, olmayanlar da var idi. Onları yaxşı-yamanla imtahan etdik ki, bəlkə, (haqq yola) dönsünlər”.

İsrail oğulları vahid bir xalq idi, lakin Qüdrətli Allah onları yer üzərinə yaydı və dağınıq icmalara çevirdi. Onların arasında Allahın qarşısında və Onun qulları qarşısında öz vəzifələrini yerinə yetirən əməlisaleh insanlar da var. Amma onların arasında elələri də var ki, onları əməli saleh olan adlandırmaq olmaz. Onlardan bəziləri öz vəzifələrini sadəcə yerinə yetirərək, bəzən günaha yol verirlər, bəziləri isə özlərinə qarşı zalımlıq edirlər. Allah isə fasilə vermədən onları xeyir və şərlə sınayır. Uca Rəbb bütün xalqlarla belə rəftar edir ki, onlar öz naqis xasiyyətlərindən əl çəksinlər və xəlq edilmələrinin məqsədi olan doğru yola gəlsinlər. Bütün bu deyilənlərdən aydın olur ki, İsrail oğulları arasında həmişə möminlər də, günahkarlar da və sadə iman sahibləri də olacaq.


(7.169) “Onlardan sonra yerlərinə kitaba (Tövrata) sahib olan xələflər keçdilər. Onlar fani dünya malını alıb deyirdilər: “Biz (Allah tərəfindən) bağışlanacağıq!” Onlara bunun misli qədər (kimi) daha bir haram gəlsəydi, onu da alardılar. Məgər Allaha dair yalnız haqqı demək barədə kitabda (Tövratda) onlardan əhd alınmamışdımı?! Halbuki orada (kitabda) olanları oxuyub öyrənmişdilər. Axirət evi Allahdan qorxanlar üçün daha xeyirlidir. Məgər dərk etmirsiniz?”
(7.170) “Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!”

Qədim israillilərin ardınca onların Kitaba varis çıxmış nəsilləri dünyaya gəldilər. Onlar onu mühafizə edənlər oldular və onun əsasında istədikləri kimi sərəncam verməyə başladılar. Onların ədalətsiz qərarlar qəbul etməsi və ədalətsiz hökm çıxarması üçün insanlar onlara haqq ödəyirdilər. Onların arasında rüşvətxorluq yayıldı, onlar dəyərsiz dünyəvi nemətlərə bağlanmışdılar, öz günahlarını dərk edirdilər, özlərini günahkar sayırdılar, amma Allahın bağışlayacağına ümid bəsləyirdilər. Lakin onların ümidləri haqdan sonsuzluğa qədər uzaq idi, çünki onların işlətdikləri sözləri bağışlanmaq barədə dua adlandırmaq olmazdı. Əgər bu belə olmasaydı, onda onlar törətdikləri barədə təəssüflənər və belə günah əməlləri bir daha təkrarlamayacaqlarını qəti olaraq düşünərdilər. Amma qarşılarında dünyəvi nemətdən bir də yapışmaq və növbəti rüşvəti almaq imkanı yarandıqda, onlar hökmən onu edirdilər.
Onlar Allahın ayələrini ucuz qiymətə satır və yaxşını pislə əvəz edirdilər. Sanki onları belə davranışlarına görə qınayaraq və onların qanacaqsızlığını izah edərək, Uca Rəbb buyurur: “Məgər onlarla Allah haqqında həqiqətdən başqa heç nə danışmamaq barəsində əhd bağlanmamışdımı? Bəs onda niyə onlar öz istəklərinə uyaraq Ona böhtan atırlar?”
Onlar Kitabı öyrəndilər və onu çətin və dolaşıq hesab etmədilər. Lakin sonra onlar cinayətlərinin ağırlığını dərk edərək, şüurlu surətdə günah işlətməyə başladılar. Bu şərtlər onların cinayətlərini ağırlaşdırır və onları daha sərt qınaqlara və daha ağır cəzaya məhkum edirdi. Onlar axmaq və düşüncəsiz adamlar olduqlarına görə, dünyəvi həyatı gələcək həyatdan üstün tutduqlarına görə özlərini belə aparırdılar. Lakin Axirət həyatı məskəni Allahın qanunlarını pozmaqdan və günah işlətməkdən, haram edilmiş ovu yeməkdən və rüşvət almaq məqsədilə Allahın nazil etdiyinə zidd olan hökmlər çıxarmaqdan qorxan insanlar üçün üstündür.
Doğrudanmı siz, üstünlük verilməsi zəruri olan şeylərə üstünlük verməyə və ona can atmağa imkan verən dərrakəyə malik deyilsiniz? Yadınıza salın ki, sağlam təfəkkürün özəlliyi hər bir atılan addımın verə biləcəyi nəticələri üzərində düşünmək bacarığı ilə səciyyələnir. O kəslər ki, ancaq yaxın gələcək üzərində düşünürlər, onlar böyük və əbədi səadətdən mütləq məhrum olurlar. Məgər belə insanları ağıllı adlandırmaq olarmı?! Əsil ağıllı olanlar saleh insanlardır ki, hökmlərini öyrənərək Kitaba sadiq qalır və işlərində onu əsas tuturlar.
Onlar Kitabla nazil edilmiş qanunları və hekayətləri öyrənir və şərəfli biliklərə sahib olurlar. Bununla yanaşı onlar öz Rəbbinin onlara məmnunluq bəxş, edən böyük sevinc gətirən, onların dünyəvi və Axirət həyatını sahmana salan hökmlərini qüsursuz yerinə yetirirlər. Əlbəttə ki, ən vacib hökmlərdən biri qəlbən və bədən hərəkətləri ilə namaz qılmaqdır.
Allah namazı dinin bütün digər hökmlərindən fərqləndirmişdir, çünki o, ən şərəfli və ləyaqətli əməldir. Bundan başqa, namaz – imanın meyarıdır və əgər insan onu nöqsansız qılırsa, onda bu onu bütün digər ayinləri kamilliklə icra etməyə səbəb olur. Belə insanlar əməlləri qayda-qanunun rəhnidir və buna görə Uca Rəbb buyurur ki, qayda-qanun yaradanlar mükafatlarını itirmirlər. Onlar öz sözləri, əməlləri və niyyətləri ilə həm özlərini və həm də ətrafındakıları xeyirxahlığa dəvət edirlər.
Bu və digər oxşar ayələr ona dəlalət edir ki, Allah elçilərini yer üzündə qayda-qanun yaratmaq üçün göndərmişdir. Onlara əmr olunmuşdu ki, insanlara fayda versinlər və onlara zərər vurmasınlar. Onlar göndərilmişdilər ki, yerdə və ölümdən sonra həyatı sahmana salsınlar və buna görə ən xeyirxah və vicdanlı insanlar onların öyüd-nəsihətlərinə qulaq asanlardır.


Tarix: 20.04.2013 / 14:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 562 Bölmə: Sureler
loading...