Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 30-70 Ayələr

(31) “Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə daxil edərik”.

Allah vəd edir ki, əgər qulları ağır günahlardan çəkinsələr, onda O, onların qalan günahlarını və xətalarını bağışlayar və onları şərəfli bir məkana daxil edər. Bu məskən orada bir yerə toplanmış böyük nemətlərə görə belə adlandırılmışdır. Bunlar, gözlərin heç vaxt görmədiyi, qulaqların heç vaxt eşitmədiyi, hətta insan təsəvvürünə belə gətirə bilməyəcəyi nemətlərin mövcud olduğu Cənnət bağlarıdır.
Ağır günahlardan çəkinmək dedikdə, dinin vacib hökmlərinin nöqsansız yerinə yetirilməsi nəzərdə tutulur, çünki onların icra edilməməsi artıq ağır günahdır. Belə hökmlərə aid olanlar: bir gün ərzində beş dəfə namaz qılınması, cümə namazları, ramazan ayında oruc tutmaq və bir-çox başqa şeylərdir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Beş namaz, cümə namazları və ramazan ayında oruc onların arasında işlədilən günahları (ağır günahlardan başqa) yuyur”.
Ən dəqiq ifadəyə uyğun olaraq, ağır günahlar o günahlar sayılır ki, onlara görə bu dünyada cəza tədbirləri təyin edilmişdir və ya ölümdən sonra cəza müəyyənləşdirilmişdir ki, onlar günahkarı iman sahibi adlanmaq haqqından məhrum edir və onu Allahın lənətinə və ya qəzəbinə düçar edir.


(32) “Allahın birinizi digərinizdən üstün etdiyi şeyə tamah salmayın. Kişilərin qazandıqlarından öz nəsibi, qadınların da qazandıqlarından öz nəsibi vardır. Allahdan, Onun lütfünü diləyin. Həqiqətən, Allah hər şeyi Biləndir”.

Uca Allah möminlərə, onların bir qisminin başqa qismi üzərində üstün olmasını arzu etmələrini, bu arzuların yerinə yetirilməsinin mümkün olub olmamasından asılı olmayaraq, qadağan etmişdir. Qadınlar, kişilərin onların üzərində malik olduqları üstünlük kimi, üstünlük xüsusiyyətlərinə sahib olmağı arzulamamalıdırlar. Çatışmazlıqları olan kasıb adam, bu çatışmazlıqları olmayan varlının əldə etdiyini istəməməlidir. Mömin, Allahdan bir başqasının nemətini kəsərək, o neməti ona verməsini arzu etməməlidir, çünki bu, əsil paxıllıqdır. İnsan belə etdikdə, Allahın qədərindən qəzəbləndiyini büruzə verir, tənbəlliyə düçar olur və bütün vaxtını intəhasız xülyalarla keçirir ki, bunlar faydalı fəaliyyət və əməllərlə bağlı deyildir. Lakin qul üçün daha yaxşı olardı ki, o, öz imkanları daxilində, ona dünyəvi və dini məsələlərdə fayda verən əməllərlə məşğul olaydı və nə özünə, nə bir başqasına ümid bəsləmədən ancaq öz Rəbbinə təvəkkül etməklə Uca Allahdan xahiş edəydi ki, onu Öz səxavəti ilə mükafatlandırsın.
Bax buna görə Allah buyurur ki, kişiyə və qadına onların qazandıqlarından pay düşür. Hər kəsin payı, ona müqəddəs məqsədə nail olmağa kömək edən əməllərindən ibarətdir və hər kəs özünün xüsusi səyləri sayəsində nəyə nail olursa, onu da əldə edir. Qul səy göstərməli, dində və bu həyatda fayda gətirə bilən nə varsa ona bəxş etməsini Allahdan istəməlidir. Məhz belə qul kamilliyə nail olur və bu onun xoşbəxtliyinin rəhninə çevrilir. Əgər qul zəhmət çəkməkdən boyun qaçırırsa və ya ancaq özünə güvənərək, Rəbbinə ehtiyac duymursa və ya özündə bu iki pis xüsusiyyəti cəmləşdirirsə, onda o, Allahın yardımından məhrum edilir və ziyana düşür.
Sonra Allah bildirir ki, mövcud olan hər şey Ona məlumdur. Allah Öz biliklərinə əsaslanaraq, səxavəti ilə layiq olanları mükafatlandırır, layiq olmayanları isə nemətlərindən məhrum edir.

(33) “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik. Siz də əhd bağladığınız kəslərin paylarını özlərinə verin. Həqiqətən, Allah hər şeyə Şahiddir”.

Hər bir insanın onu sevən və onun sevdiyi yaxın qohumları vardır. Onlar ona kömək edir və onun müxtəlif işlərində yardım göstərirlər. Yüksələn, enən və yan xətlər üzrə olan bu qohumlar insanın doğmaları arasından yaxın olanlarıdır. Hər insana yaxın olan adamların başqa bir dərəcəsinə isə, onun bir-birinə kömək etmək, ümumi işə vəsait qoymaq (və s.) andı ilə bağlı olduğu şəxslər daxil edilir. Bu, Allahın lütfündəndir. Məhz yaxın adamlar insana, onun müstəqil surətdə qadir olmadığı məsələlərdə kömək edirlər.
Sonra Uca Allah yaxın şəxslərə verilməli olanları onlara verməyi əmr edir. Bu, insanın yol verilən işlərdə göstərməli olduğu kömək və yardıma, həmçinin mirasa aiddir ki, o, insanın ən yaxın qohumuna çatmalıdır. Allah bütün hər şeyə Şahiddir, axı O, baş verən hər şey haqqında bilir, qullarının bütün hərəkətlərini görür və istənilən səsi eşidir.


(34) “Allahın onlardan birini digərindən üstün etdiyinə və öz mallarından xərclədiklərinə görə kişilər qadınlar üzərində himayəçidirlər. Əməlisaleh qadınlar Allaha itaət edər və qorunması lazım gələn şeyləri Allahın himayəsi sayəsində qoruyub saxlayarlar. Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Həqiqətən, Allah Ucadır, Böyükdür”.

Uca Allah xəbər verir ki, kişilər qadınlara görə məsuliyyət daşıyırlar və onları Allah qarşısında öz vəzifələrini icra etməyə, dinin vacib hökmlərini nöqsansız yerinə yetirməyə və nalayiq hərəkətlərdən uzaq olmağa yönəltməlidirlər. Kişilər həmçinin onları geyimlə, mənzillə və bütün zəruri şeylərlə təmin etməlidirlər.
Sonra Allah kişilərin qadınlara himayəçi olmalarının səbəbini xatırladır. Allah kişilərə onların üzərində müxtəlif formalarda təzahür edən üstünlük vermişdir. Ancaq kişilər peyğəmbər, elçi və hökumət başçısı ola bilərlər. Bəzi ibadət mərasimləri, məsələn, cihadda, bayram və cümə namazlarında iştirak etmək ancaq kişilərə əmr edilmişdir. Allah onlara, qadınlara nisbətən, daha yüksək dərəcədə sağlam düşüncə, tədbirlilik, səbir və mətinlik vermişdir. Bununla yanaşı Allah onlara öz vəsaitlərini qadınlar üçün xərcləməyi əmr etmişdir. Bundan başqa, maddi ianələrin verilməsi əksəriyyətcə kişilərin vəzifəsidir və qadınlara həvalə edilməmişdir. Aydındır ki, məhz bu səbəblərə görə, Allah buyurur ki, kişilər öz əmlakından xərcləyir və bu ifadəyə başqa əlavə etməmişdir. Bu isə o deməkdir ki, kişilər öz vəsaitlərini ən müxtəlif məqsədlərə sərf edirlər və qadınların himayəçisi və hamisidirlər.
Arvad öz ərindən asılı vəziyyətdədir və Allahın qorumağı və mühafizə etməyi ona həvalə etdiyi şəxs haqqında qayğı çəkmək ərin vəzifəsinə daxildir. Qadın isə Rəbbinə və ərinə müti olmalıdır. Elə buna görə, sonra deyilir ki, mömin arvad həmişə Uca Allaha itaət edir və öz ərinə hətta o (evdə) olmadıqda belə itaətkarlıq göstərir. Qadın ərinin namusunu və əmlakını mühafizə edir və Allah da arvadı qoruduğu və yardım etdiyi üçün, o, bunun öhdəsindən gələ bilir. Arvad bu vəzifəni özbaşına yerinə yetirməyə qadir deyil, çünki insanın nəfsi ona pislik etməyi əmr edir. Amma insan Allaha sığındıqda və təvəkkül etdikdə, Rəbbi ona bütün dini və dünyəvi işlərində zəruri kömək göstərir.
Sonra Allah buyurur ki, əgər ər arvadının itaətsizliyindən ehtiyat edirsə, əgər o, ərinə itaət etməkdən boyun qaçırırsa, sözdə və işlərində ona qulaq asmırsa, ər tərbiyəvi üsullara əl atmalı, sadə üsullardan daha mürəkkəblərinə keçməlidir. Əvvəlcə o, zövcəsinə nəsihət verməli, yəni, Allahın ərlərinə itaət edən və itaətsizlik göstərən qadınlara olan münasibətini izah etməli; ərə itaətə görə mükafat və ona itaətsizliyə görə cəzalandırılma haqqında arvadına danışmalıdır. Əgər arvad itaətsizlikdən əl çəksə, o, istədiyinə nail olmuşdur. Əks halda isə, o, arvadı ilə o vaxtadək bir yorğan altına girməməli və onunla cinsi yaxınlıq etməməlidir ki, bu, istədiyi nəticəyə gətirsin. Belə tərbiyə vasitəsi də heç bir fayda vermədikdə, onda ərə arvadını, ağır əzab-əziyyətə düçar etmədən, döyməyə icazə verilir.
Sadalanan tədbirlərdən biri faydalı bəhrələr verərsə və arvad ərinə itaət etməyə başlayarsa, o, istədiyini əldə etməsi ilə qane olmalı və əvvəllər etdiyi günahlara görə zövcəsini qınamamalı, ürək ağrısına səbəb ola və ədavət yarada bilən xatirələr oyadan hadisələri yada salmamalıdır.
Allahın gözəl adları arasında – Uca və Böyük adları haqqında. Allah bu sözün bütün əsil mənalarında Ucadır, çünki O, ən yüksək məqam Sahibidir və ən yüksək məziyyətlərə və ən yüksək hakimiyyətə malikdir. Allahdan daha böyük, daha şərəfli və daha qüdrətli bir kimsə yoxdur, Onun mahiyyəti və sifətləri ən böyük və ən əzəmətlidir.


(35) “Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, onda kişinin ailəsindən bir hakim və qadının ailəsindən bir hakim göndərin. Əgər bunlar islah etmək istəsələr, Allah da onları barışdırar. Həqiqətən, Allah Biləndir, hər şeydən Xəbərdarolandır”.

Əgər siz ər-arvadın aralarının soyumasından narahatçılıq keçirirsinizsə, hətta sonradan bir-birilərindən uzaqlaşacaqlarından qorxursunuzsa, onda onların öz ailələrindən həddi-buluğ yaşına çatmış və onların arasında yaranmış vəziyyətdən xəbərdar olan, onları havaxt yaxınlaşdırmaq və havaxt ayırmağı bilən, ədalətli və ağıllı iki nəfəri münsif kimi dəvət edin. Bu, ayədəki ərəb tərkibi olan “həkəm” (“hakim”) sözünün mənasından irəli gəlir, çünki insanı, sadalanan keyfiyyətlərə malik olduqda, bu adla çağırmaq olar. İki hakim ər-arvadın bir-birini nədə günahlandırdıqlarını nəzərdən keçirməli və onların hər ikisini bundan sonra müvafiq şəraitdə məhz necə davranmalı olduqlarına əmin etməlidirlər. Əgər ər-arvaddan biri öz vəzifələrini bütövlüklə yerinə yetirmək qabiliyyətinə malik olmasa, onda hakimlər digər tərəfi inandırmalıdırlar ki, o, onun nəsibi olanla və yaxud ərə və ya arvada məxsus məziyyətlərlə qane olsun. Hakimlər bütün imkanlardan istifadə etməklə ər-arvadı barışdırmağa çalışmalı və qarşıya qoyulan məqsəddən yayınmamalıdırlar.
Buna baxmayaraq, əgər ər-arvad arasında ziddiyyət barışığı imkansız etmək dərəcəsinə çatmışsa, əgər onların bundan sonrakı yaşayışı bir-birinə qarşı düşmənçilik münasibətləri və Allaha itaətsizliklə müşayiət ediləcəksə, əgər hakimlər görsələr ki, ər-arvadın boşanması məqsədəuyğundur, onda onları boşamalı, özü də bu zaman boşanmaya ərin razılıq verməsi hökmən deyil, çünki Allah həmin iki şəxsi hakim adlandırmışdır və hakimlər hökm çıxarmaq haqqına malikdirlər ki, onların qərarı cavabdehin xoşuna gəlməyə bilər. Əgər onlar ər-arvadı barışdırmağı məqsədəuyğun saysalar, Allah onlara düzgün qərar qəbul etməyə lazım olan və ər-arvadı cəzb edə bilən və onların yenidən birləşməsinə kömək göstərən sözlər tapa bilər.
Allahın gözəl adları arasında – Bilən və Xəbərdarolan adları da vardır. Ona aşkar və gizli olan hər şey, sirlər və xəlvətlər haqqında da hər şey məlumdur və Özünün kamil biliyi sayəsində O, insanlara şərəfli hökmlər və gözəl qanunlar nazil etmişdir.


(36) “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir”.

Uca Allah Öz qullarına, şərik qoşmadan, təkcə Ona ibadət etmələrini buyurmuşdur. Bunun üçün insanlar öz Rəbbinin qulları olmalı və Onun hökm və haramlarına riayət etməli, Onu sevməli, Onun qarşısında müti olmalı və özünün qəlbi və bədəni ilə etdiyi bütün ibadət ayinlərini təkcə Ona həsr etməlidir. Allah hər hansı kiçik və böyük şirk təzahürlərini yasaqlamış və mələkləri, peyğəmbərləri, əməlisaleh möminləri və fayda verməyə və ya hətta özünə belə ziyan verməyə qabil olmayan, həyat, ölüm və ya diriliş üzərində heç bir hakimiyyətə malik olmayan bütün başqa məxluqları Özünə şərik qoşmayı qadağan etmişdir. Elə buna görə, hər bir məxluq səmimiyyətlə təkcə Allaha ibadət etməlidir, çünki O, hərtərəfli və mütləq Kamilliyəmalik olandır, bütün varlığa Sərəncamçəkəndir, şəriklərə və köməkçilərə Ehtiyacolmayandır!
Rəbbə ibadət etməyə və öz vəzifələrini Onun qarşısında yerinə yetirməyə hökm verdikdən sonra, Uca Allah qullarına bir-birinin qarşısında tədricən, daha mühümlərdən az əhəmiyyətlilərə keçməklə, öz vəzifələrini yerinə yetirməyi əmr edir. Hər şeydən əvvəl, Allah valideynlərə, onlara xoş sözlər söyləyərək və onlarla nəzakətlə rəftar edərək, onların iradəsini yerinə yetirərək, qadağan etdikləri hər şeydən çəkinərək, onlar üçün maddi vəsait xərcləyərək və onlarla bağlı olan insanlara ehtiram göstərərək, qan qohumları ilə münasibət saxlayaraq, yaxşılıq etməyi tapşırır. Qul sonuncularla ancaq öz valideynləri vasitəsilə bağlı olur. Xoş münasibətlərin əksi – pis rəftar və yaxşılıq etməkdən boyun qaçırmaqdır. Valideynlərə münasibətin bu hər iki forması qəti olaraq qadağan edilmişdir.
Allah həm yaxın və həm də uzaq qohumlara iltifat göstərməyi əmr edir. Müsəlman onlara sözlə və əməllə yardım etməli və nə sözü ilə və ya nə də əməli ilə qohumluq əlaqələrini kəsməməlidir.
Allah atasını itirib yetim qalmış uşaqlara xeyirxahlıq göstərməyi buyurur. Müsəlmanlar onları himayələrinə götürməli, onlara şəfqət göstərməli, onlara təsəlli verməli, onları maarifləndirməli və ən kamil şəkildə onların mənəvi və maddi təhlükəsizliyinə qayğı çəkməlidirlər.
Müsəlmanlara əmr edilmişdir ki, onlar, ehtiyac üzündən çoxsaylı imkanlardan məhrum olan kasıblara yaxşılıq etsinlər. Bu kasıblar nə özlərini və nə də onların himayəsində olanları zəruri şeylərlə təmin etmək imkanına qadir deyillər. Uca Allah əmr edir ki, belə insanların ehtiyacdan xilas olması üçün onlara kömək edilməli, başqaları da buna cəlb edilməli və bu hökm imkan daxilində yerinə yetirilməlidir.
Allah yaxın qohumlardan olan qonşulara yaxşılıq etməyi əmr edir. Onlar ikiqat yaxşı münasibətə layiqdirlər, çünki onlar eyni zamanda həm yaxın qohum və həm də qonşudurlar və müsəlmanlar, qəbul edilmiş ənənələrə uyğun olaraq, onlara yardım göstərməlidirlər. Onlar həmçinin qohumluq əlaqələri olmayan qonşulara da kömək etməlidirlər. Qonşunun qapısı müsəlmanın qapısına nə qədər yaxındırsa, onun onlara yaxşı münasibət bəsləməsinə daha çox haqqı var. Buna görə, müsəlmanlar qonşularına hədiyyələr bağışlamalı, ianələr verməli, onları qonaq çağırmalı, onlara xoş sözlərlə və əməllərlə diqqət göstərməli və onları nə bir söz və nə də bir hərəkətlə özlərindən narazı salmamalıdırlar.
Allah, müsəlmanın yanında olan yoldaşına yaxşılıq göstərməsini əmr etmişdir. Bir təfsirə görə, burada söhbət səfər zamanı yanında olan yoldaşdan gedir. Başqa bir şərhə görə, burada söhbət həyat yoldaşından gedir. Amma üçüncü bir təfsirə görə isə, söhbət ayədə yol yoldaşlığının bütün mənalarına aiddir. Aydındır ki, sonuncu açıqlama daha məqbuldur, çünki o, eyni vaxtda həm səfər yoldaşlarına, həm yaxın dostlara və həm də ər-arvada şamil edilə bilər. Hər bir müsəlmanın onun yaxın adamı qarşısında vəzifələri, onun qalan müsəlmanlar qarşısındakı vəzifələrdən daha üstündür, buna görə, möminlər dini və dünyəvi işlərində öz yaxınlarına kömək etməli, onlara səmimi qəlbdən yaxşılıq arzu etməli, həm xoşbəxt anlarda və həm də müsibət anlarında, həm çətinlikdə və həm asan olan məqamlarda onlara sadiq dost olaraq qalmalıdır. Onlar özləri üçün arzuladıqlarını öz yaxınları üçün də istəməlidir, özü üçün istəmədiyini, onlar üçün də istəməməlidirlər. Dostlar arasında qarşılıqlı əlaqələr nə qədər yaxın olarsa, onlar daha çox yaxşı münasibətlər saxlamaq haqqına malikdirlər.
Müsəlmanlar yad ölkəyə düşmüş və maddi çətinliklərə ehtiyac duyan və ya hətta duymayan qərib yolçulara yaxşılıq etməlidirlər. Belə müsafirlər müsəlmanlar tərəfindən yaxşı qarşılanmaq haqqına malikdirlər, çünki onlar özgə ölkəsindədirlər və belə vəziyyətdə insan köməyə çox ehtiyac hiss edir. Möminlər onlara onların öz məqsədlərinə tam və ya qismən nail olması üçün yardım etməli, onlara hörmət göstərməli və onlar üçün səmimi qəbul təşkil etməlidirlər.
Allah həmçinin müsəlmanların mülkiyyəti olan insanlara və heyvanlara mərhəmət göstərilməsini əmr etmişdir. Müsəlmanlar onları zəruri olan hər şeylə təmin etməli, onlara bacardıqlarından ağır iş tapşırmamalı, onlara həvalə edilmiş vəzifələri yerinə yetirməkdə kömək etməli, onlarda özlərinə xeyir gətirən keyfiyyətlər tərbiyə etməlidirlər.
İnsan bu hökmlərə riayət edirsə, o, öz Rəbbinə itaət edir, Allahın qulları qarşısında vəzifələrini mütiliklə yerinə yetirir, Allahın hökmlərinə və qanunlarına tabe olur və beləliklə, bol mükafata və gözəl tərifə layiq görülür. Əgər qul belə etmirsə, onda o, Rəbbindən üz döndərir, Onun hökmlərinə itaət etmir və məxluqlar qarşısında da öz vəzifələrini itaətkarlıqla yerinə yetirmir. Bundan başqa, o, özünü Allahın qullarından üstün tutur, öz-özünü aldadır, öz nitqi ilə lovğalanır. Özlərindən məmnun olan və başqalarına ikrahla baxan təkəbbürlü insanlar və Onun qulları qarşısında təşəxxüs sataraq özünü tərifləyən lovğalar Allahın xoşuna gəlmir.


(37) “O kəslər ki, xəsislik edir və insanları da xəsisliyə sövq etdirirlər, Allahın Öz lütfündən onlara verdiyini gizlədirlər. Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq”.

Belə insanlara onların təkəbbürü və lovğalığı öz vəzifələrini yerinə yetirməyə mane olur və buna görə də Allah onları xəsisliklərinə görə qınayır. Onlar simicdirlər və etməli olduqları şeyləri etmirlər. Bundan əlavə, onlar öz nitqləri və hərəkətləri ilə ətrafdakıları da onlar kimi rəftar etməyə çağırırlar. Onlar həm də yolunu azmışların düz yola gələ biləcəkləri, nadanların isə dərk edə biləcəkləri bilikləri gizlədirlər. Onlar həqiqəti azmışlardan və nadanlardan gizlədir, onlara haqq yolunda maneəyə çevrilən yalanları öyrədirlər. Onlar insanlara nəinki var-dövlətlərindən və biliklərindən verməkdə xəsislik edir, həm özlərinə və həm də ətrafdakılarına zərər vururlar. Nəzərə alaraq ki, bu sifətlər kafirlər üçün səciyyəvidir, Uca Allah buyurur ki, kafirlər üçün alçaldıcı cəza hazırlanmışdır. Onlar Allahın qullarına təkəbbürlə yanaşırdılar, Onun qarşısında öz vəzifələrini yerinə yetirmirdilər və ətrafdakıları da simicliyə və azğınlığa təhrik edirdilər və buna görə Allah da onları dözülməz cəza və əbədi rüsvayçılıqla alçaldacaqdır. Ey Allah, bizi hər cür bəlalardan xilas et!



(38) “Və o kəsləri ki, öz mallarını insanlara göstərmək məqsədilə xərcləyir, Allaha və Axirət gününə inanmırlar. Kimin yoldaşı şeytandırsa, necə də pis yoldaşdır o!”

Allah, özlərini göstərməyin, şöhrətpərəstliyin və Ona qarşı inamsızlığın məhsulu olan ianələri xatırladır. Münafiqlər belə sədəqələr verdikləri zaman başqa insanların onları görməsini, tərifləməsini və onlara hörmətlə yanaşacaqlarını istəyirlər. Onlar Allaha və Qiyamət gününə inanmırlar və buna görə də öz əmlaklarını Allah xatirinə və Onun verəcəyi mükafata ümid bəsləməyərək qeyri-səmimi xərcləyirlər. Onların əməlləri – şeytanın atdığı addımlar və fəaliyyətidir. O, öz tərəfdarlarını bu yola çağırır ki, onlar şölələnən alovun sakinləri olsunlar. Onların belə hərəkət etmələrinin səbəbi şeytanın daima bir an belə əl çəkmədən onların ardıyca getməsi və onları bu əməllərə sövq etməsidir. Şeytan – onların yoldaşı və həmrahıdır. Öz yol yoldaşının məhv olmasını arzulayan və bunun üçün əlindən gələn hər şeyi edən həmrahı necə də pis yoldaşdır!
Əgər kimsə Allahın ona bəxş etdiyi nemətləri insanlarla bölüşməyə xəsislik edir və Onun bəxş etdiyini gizlədirsə, o, öz Rəbbinə qarşı itaətsizlik edir və günahkardır, o şəxs ki, Onun xatirinə həsr edilməmiş ianələr verir və başqa ibadət ayinləri icra edir, o da həmçinin cəzaya layiq günahkardır və itaətdən çıxmışdır, çünki Allah ancaq Ona itaət etmək və Onun əmrlərini səmimiyyətlə Onun xatirinə yerinə yetirmək hökmü vermişdir.
Uca Allah buyurur: “Halbuki onlara, dini məhz Allaha məxsus edərək, həniflər kimi ibadət etmək, namaz qılmaq və zəkat vermək əmr olunmuşdu. Doğru din də elə budur!” (Beyyinə, 98/5). Ancaq belə əməllər Allah tərəfindən qəbul edilir və insana tərifə və mükafata layiq olmağa imkan verir. Məhz buna görə, daha sonra Allah insanları belə etməyə çağırır və buyurur:

(39) “Məgər onlar Allaha və Axirət gününə iman gətirib Allahın onlara verdiyi ruzidən Onun yolunda xərcləsəydilər, nə itirərdilər? Allah onların hər bir işini bilir”.

Əgər insanlar Allaha iman gətirsələr və təkcə Ona səmimi ibadət etsələr və Onun onlara verdiyi və bəxş etdiyi öz əmlaklarından sədəqə verməyə başlasalar onlar özlərini çətin vəziyyətəmi salarlar? Nəzərə alaraq ki, qulun səmimiliyi onunla onun Rəbbi arasında qalan sirdir və ancaq tək Ona məlumdur, Allah bütün məxluqat haqqında ancaq Onun məlumatı olduğunu xatırladır.


(40) “Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər”.

Uca Allah Onun ədalətliliyinin və mərhəmətinin kamilliyi və bütün böyük və kiçik hadisələrin təzahür hallarında ədalətsizliyin Ona tamamilə yad olmasını bildirir. Allah hətta zərrə qədər də olsa, zülm etmir. O, qullarının yaxşı əməllərini əskiltmir və onların günahlarını da artırmır. Uca Allah buyurur: “Zərrə qədər yaxşılıq edən əvəzini alacaqdır. Zərrə qədər pislik edən də əvəzini alacaqdır” (Zəlzələ, 99/7-8).
Allah yaxşı əməllərə görə mükafatı on dəfə və, hətta, xeyirxahlığın özündən, məxluqlara verdiyi faydadan, onu icra edənin səmimiliyindən, Allahı necə möhkəm sevməsindən və nə dərəcədə kamil sifətlərə malik olmasından asılı olaraq, daha çox artırır. Bununla yanaşı, Allah əməlisaleh insanları Özünün mükafatı ilə təltif edir. O, onları elə bir şeylə təltif edir ki, o, onların layiq olduqları mükafatdan üstün olur, onları yeni xeyirxah əməllərə ruhlandırır və onlara böyük mərhəmət və şərəfli mükafatlar nazil edir.
(41) “Biz hər millətdən bir şahid gətirəcəyimiz və səni də onlara şahid gətirəcəyimiz zaman onların halı necə olacaq?”

Kamil biliklərə, kamil ədalətə və kamil hikmətə malik olan Hakimin hökm çıxaracağı və ən pak məxluqlardan olan alicənab elçilərin öz millətlərinə qarşı şəhadət verəcəkləri və insanların isə onların şəhadətini ancaq təsdiq edəcəkləri misilsiz məhkəmə necə olacaqdır?!! Allaha and olsun ki, bu hərşeyiəhatəedən, ədalətli və əzəmətli məhkəmə olacaqdır və hətta cəzaya məhkum edilmiş qullar Onun qüsursuz lütfkarlığını və ədalətini etiraf edəcək və Onu tərifləyəcəklər. Bu məhkəmədə bəziləri xoşbəxtlik, uğur, böyük müvəffəqiyyət və əzəmət əldə edəcək, digərləri isə bədbəxt, rüsvay olacaq və şərəfsizliyə və qaçılmaz cəzaya məhkum ediləcəklər.

(42) “Küfr edib Peyğəmbərə asi olanlar o gün yerin altına girməyi arzu edəcəklər. Onlar heç bir sözü Allahdan gizlədə bilməyəcəklər”.

Həmin gün, Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) iman gətirməkdən boyun qaçırmış və onun hökmlərinə itaətsizlik göstərmiş insanlar arzulayarlar ki, yer aralanıb onları udsun və onlar heçliyə çevrilib yox olsunlar. Uca Allah bildirir ki, kafirlər deyəcəklər: “Kaş mən torpaq olaydım!” (Nəbə, 78/40). Onlar Allahdan heç bir hadisəni gizlədə bilməyəcəklər. Əksinə, onlar törətdikləri əməlləri etiraf edəcəklər, onların dilləri, əlləri və ayaqları özlərinin əleyhinə törətdikləri bütün hərəkətlər haqqında şahidlik edəcəklər. Həmin gün onlar etdiklərinin əvəzini tamamilə alacaqlar və biləcəklər ki, Allah – Gerçək Həqiqətdir.
Qeyd edilməlidir ki, bəzi nasslarda imansızların kafirliklərini gizlədəcəkləri bildirilir. Qiyamət günü ərzində hər dəfə kafirlər güman edəndə ki, öz kafirliklərini inkar etməklə əziyyətdən xilas ola bilərlər, bu gizlətmə meyli, bir-neçə dəfə yaranacaqdır. Amma onlar əsil həqiqətdə nə baş verdiyini dərk etdikdə, onların öz bədən üzvləri onlara qarşı şahidlik etdikdə və hər şey tamamilə aydınlaşdıqdan sonra, onlar anlayacaqlar ki, törətdikləri cinayətləri gizlətmək mümkünsüzdür və bu onlara heç bir fayda verməyəcək.

(43) “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah Əfvedəndir, Bağışlayandır”.

Uca Allah mömin qullarına sərxoş olduqları halda, onlara deyilən sözləri anlayana qədər namaza yaxınlaşmağı qadağan etmişdir. Bu qadağa həmçinin məscidlərə və digər ibadət yerlərinə yaxınlaşmağı da nəzərdə tutur və buna görə sərxoş adamlara məscidə girmək qadağandır. O, həm də sərxoş halda namaz qılmağın qadağan olduğunu əks etdirir və buna görə sərxoş adamlara təfəkkür qabiliyyəti qayıdanadək və onlara deyilənləri başa düşənədək namaz qılmaq və Allaha ibadət etmək qadağan edilmişdir. Bu hökm insana sağlam düşüncəsi qayıdanadək qüvvədə qalır.
Bu gözəl ayə insan şüurunu dumanlandıran hər hansı bir şeyin qəbul edilməsinə qoyulmuş qəti qadağanla ləğv edilmişdir. İslamın yayıldığı ilk illərdə çaxır qadağan edilməmişdi, lakin sonradan Uca Allah qullarını onun içilməsinin qəti qadağan edilməsinə hazırlaşdırdı: “Səndən sərxoşedici içki və qumar barəsində soruşurlar. De: “İkisində də həm böyük günah, həm də insanlar üçün mənfəət var. Amma günahları mənfəətlərindən daha böyükdür” (Bəqərə, 2/219).
Sonra Uca Allah müsəlmanlara namazdan əvvəl çaxır içməyi qadağan edir və təfsir etdiyimiz ayəni göndərir. Bundan sonra isə hər hansı bir vaxtda çaxır içilməsini qəti qadağan edir və buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?” (Maidə, 5/90-91).
Buna baxmayaraq, namazdan qabaq çaxır içilməsinin qadağan edilməsi daha sərt idi, çünki bu hərəkət namaz qılana hədsiz dərəcədə zərər vurur. Onun namazı mənasını itirirdi, axı o, namazı, namazın qəlbi olan Allaha itaət hissi duymadan qılırdı. Çaxır insanın qəlbini sərxoş edir, ona Allahı xatırlamağa mane olur və onu namazdan yayındırır.
Bu vəhyin mənasından aydın olur ki, insanı qarşısıalınmaz mürgü tutanda və ona dediyini və ya etdiyini dərk etməyə imkan verməyəndə ibadət etmək olmaz. Bundan başqa, ayə həm də ona işarə edir ki, namaza başlamazdan öncə müsəlman namaz zamanı onu yayındıra biləcək hər cür fikir və hissləri özündən uzaqlaşdırmalıdır. Buna misal, təbii ehtiyacı təmin etmək və yaxud yemək istəyi ola bilər ki, bu barədə səhih hədisdə bildirilmişdir.
Daha sonra, Allah cinsi əlaqədən sonra natəmizlik halında namaza yaxınlaşmağı qadağan edir. İnsan bu vəziyyətdə ancaq məsciddən keçib gedə bilər, qüsl edənə qədər onun orada qalmasına icazə verilmir. Bir sözlə, müsəlmana cinsi əlaqədən sonrakı natəmizlik vəziyyətində, o, qüsl edənədək, namaza yaxınlaşmaq qadağandır və ona ancaq məsciddən keçib getməyə icazə verilir.
Əgər müsəlman xəstədirsə və ya səfərdədirsə, əgər o, ayaqyolundan gəlibsə, əgər zövcəsi ilə yaxınlıq edibsə və su tapa bilmirsə, onda ona natəmiz olmayan torpaqla təmizlənməyə icazə verilir. Allah xəstələrə bütün hallarda, suyun olub-olmamasından asılı olmayaraq torpaqla təmizlənməyə icazə verir, çünki bunun səbəbi xəstəlikdir ki, onun gedişatında sudan istifadə xəstə üçün ağırlaşdırıcı hala çevrilir. Allah səfər zamanı da torpaqla təmizlənməyə imkan verir, çünki səfər zamanı əksər hallarda su tapmaq çətinləşir. Əgər yolçu su tapa bilmirsə, onda olan su ehtiyatı isə ona içmək və digər ehtiyacları ödəmək üçün lazımdırsa, onda ona torpaqla təmizlənməyə yol verilir. Allah müsəlmana kiçik, böyük bayır ehtiyaclarından və qadınlarla yaxınlıqdan sonra həm səfərdə və həm də daimi yaşayış yerində su tapmadıqda torpaqla təmizlənməyə icazə verir və bunun dəlili təfsir etdiyimiz ayənin ümumi mənasından irəli gəlir.
Bir sözlə, Uca Allah torpaqla iki halda təmizlənməyə yol verir: həm səfərdə və həm də daimi yaşayış yerində su olmadıqda; həmçinin suyun çətinliklərə səbəb olduğu xəstəliklər zamanı və digər hallarda.
Şərhçilər bu ayədə xatırlanan qadınlarla yaxınlıqla əlaqədar məsələdə müxtəlif rəy bildirmişlər. Əgər burada cinsi yaxınlıq nəzərdə tutulursa, onda şərh edilən ayə cinsi əlaqədən sonra natəmizliyin torpaqla təmizlənməsini birmənalı şəkildə qanuniləşdirir ki, bunu çoxsaylı hədislər də təsdiq edir. Əgər burada qadına şəhvətlə yaxınlaşmaq və bu zaman şəffaf maddənin çıxması (məzi) nəzərdə tutulursa, onda bu ayədən aydın olur ki, qadına şəhvətlə toxunmaq dəstəmazı pozur.
Nəzərə alınsa ki, Allah su tapa bilməyənlərə torpaqla təmizlənməyə icazə vermişdir, deməli, onda alimlər namaz vaxtı çatdıqda su axtarılmasını vacib sayırmışlar. Allah demir ki, suyu olmayan və hətta onu axtarmayan hər kəs torpaqla təmizlənsin. Torpaqla təmizlənməyə, su axtarıb tapa bilmədikdən sonra icazə verilir.
Ayədən o da aydın olur ki, suyun keyfiyyəti onun içinə təmiz şeylər düşəndən sonra dəyişdikdə, müsəlmanlara ondan təmizlənmək üçün istifadə etməyə icazə verilir. Bundan əlavə, onlar belə etməyə borcludurlar, çünki bu halda su öz vəziyyətini dəyişmir. Bəzi alimlər bu rəylə razılaşmır və belə suyun şübhəsiz olmadığını bildirirlər. Amma onların öz sübutları şübhə doğurur.
Bu şərəfli ayə Allahın müsəlmanlar üçün bir nemət etdiyi bu mühüm hökmün qanuniliyinin dəlilidir. Bu – torpaqla təmizlənmə icazəsidir və alimlər onunla əlaqədar yekdildirlər. Buna görə həmd isə təkcə Allaha məxsusdur!
Torpaqla təmizlənmək üçün üstündə toz olub olmamasından asılı olmayaraq təmiz bərk torpaqdan və digər təmiz süxurlardan istifadə etmək olar. Lakin bir rəy var ki, torpaqla təmizlənmək üçün üstündə toz olan torpaqdan istifadə olunmalıdır, çünki “əl-Maidə” surəsi dəstəmazla bağlı ayəsində deyilir: “...Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün...” (Maidə, 5/6). Əgər torpağın üstündə toz yoxdursa, onu ələ, sonra üzə sürtmək olmaz. Səhih hədislərin sübut etdiyi kimi, bütün üzə və ələ dirsəklərə qədər torpaq sürtmək lazımdır, özü də, Əmmarın hədisinin təsdiq etdiyi kimi, əl torpağa bir dəfə toxundurulmalıdır.
Ayədən bir də o aydın olur ki, cinsi kirlənmə nəticəsində və həmçinin digər hallarda, torpağı ancaq üzə və əllərə sürtmək kifayət edir.
Bilmək lazımdır ki, tibb elmi üç prinsipə istinad edir: sağlamlığı ona zərər verə bilən hər şeydən qorumaq; sağlamlığa zərər verə bilən hər şeydən azad olmaq və baş verə biləcək xəstəliklərin qarşısının öncədən alınması. Sağlamlığın qorunması və xəstəliklərin qarşısının öncədən alınması (profilaktikası) ilə əlaqədar Allah buyurur ki, yemək və içmək zamanı ifratçılığa yol verilməsin, səfərə çıxanlara və xəstələrə oruc tutmamağa imkan verir ki, onlar səhhətlərini qoruya və sağlamlıqları haqqında qayğı çəkə bilsinlər. Allah bu üsulla Öz ədalətliliyini göstərir və xəstələri onlara ziyan vura bilən şeylərdən qoruyur. Xəstəliklərdən xilas olmağa gəldikdə isə, Uca Allah zəvvarlara ehramda olarkən bitdən xilas olmaq üçün onlara baş qırxdırmağa icazə verir. Təfsir etdiyimiz ayədə Allah sidiyi, nəcisi, qusuntunu, mənini, qanı və başqa ifrazatı bədəndən təmizləməyin zəruriliyini göstərir. Bu nəticənin çıxarılmasına İbn Qəyyum diqqət yetirmişdir.
Bu ayədən həmçinin aydın olur ki, üzü və əlləri tam məsh etmək lazımdır ki, bunu, namazın vaxtına çox az qaldıqda, torpaqla təmizləməyə icazə verilmişdir və bu halda, namazın vaxtı çatdıqdan sonra ancaq suyu axtarmaq vacibdir. Bunu daha yaxşı bilən Allahdır.
Ayənin sonunda Allah Özünün gözəl Əfvedən və Bağışlayan adlarını xatırladır. O, Öz qullarına bir-çox günahlarını bağışlayır və dini vəzifələrin onlara ağır yük olmaması və onları çətin vəziyyətə salmamasından ötrü onlar üçün hökmlərini əsaslı şəkildə yüngülləşdirir.
Allahın əfv etməsi və hər şeyi bağışlaması kimi adları həm də özünü Onun müsəlmanlara qarşı mərhəmət göstərməsi ilə, yəni, su tapıb təmizlənə bilmədikdə, onun əvəzinə torpaqla təmizlənməyə icazə verməsi ilə büruzə verir. Onun əfv etməsi və hər şeyi bağışlaması özünü həmçinin onda göstərir ki, O, hətta möminin yer kürəsi boyda günahları olsa belə, onları bağışlayacağını bildirərək, bir şərt qoyur ki, o, Onun qarşısında olarkən, Ona şərik qoşmamış olsun.


(44) “Kitabdan özlərinə pay verilmiş kəsləri görmürsənmi ki, onlar azğınlığı satın alıblar və sizi də doğru yoldan azdırmaq istəyirlər?”

Allah Kitab əhlini qınayır və bununla yanaşı Öz qullarını həmin günahkarlar tərəfindən aldadıla biləcəklərindən və özlərini onlara bənzədəcəklərindən xəbərdar edir. Allah bildirir ki, onlar azğınlığı şövqlə sevir, hər şeydən çox ona üstünlük verir və, misal üçün, sevən sevdiyinin xatirinə bütün varını qurban verməyə hazır olduğu kimi, onlar da ona görə dəyərli olan şeylərini verməyə hazırdırlar. Onlar doğru təlim qarşısında azğınlığa, haqq iman qarşısında kafirliyə, xoşbəxtlik qarşısında isə bədbəxtliyə üstünlük verirlər. Bununla bərabər onlar istəyirlər ki, möminləri haqq yoldan sapdırsınlar.


(45) “Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!”

Onlar müsəlmanları azğınlığa məruz qoymaq həsrətindədirlər və bunun üçün mümkün olan hər şeyi edirlər. Lakin möminləri himayə edən və onlara yardım göstərən Allah müsəlmanlara onların azğınlığını izah edir və müsəlmanları düz yoldan çıxartmaq cəhdlərini ifşa edir. Allahın Öz qullarının işlərini sahmana salması, bütün işlərində onlara mərhəmət göstərməsi və səadətə və müvəffəqiyyətə doğru yollarını asanlaşdırması onlara kifayət edir! Allahın Öz qullarına onların düşmənləri üzərində qələbə çalmağa kömək etməsi və onlara özlərini qorumalarını izah etməsi və bunda onlara yardım göstərməsi onlara kifayət edir! Onun himayəsi sayəsində onlar nemət əldə edir, Onun yardımı sayəsində isə hər hansı şər və bəladan xilas olurlar.



(46) “Yəhudilərdən bəziləri kəlmələrin yerini dəyişdirir, dillərini əyərək və dinə tənə vuraraq: “Eşitdik və asi olduq!”, “eşidilməyəni eşit!”, “bizə qayğı göstər!”– deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik!”, “eşit!”, “bizə nəzər yetir!”– desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah küfrlərinə görə onları lənətlədi. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir)”.

Uca Allah Kitab əhlinin yolunu azmasının və inadkarlığının nədən ibarət olduğunu və onların həqiqət qarşısında yalana üstünlük verdiklərini izah edir. Allah başa salır ki, yolunu azmış yəhudi alimləri müqəddəs mətnləri və onların mənalarını təhrif etmişlər. Bunun nümunəsi onların Kitabında xatırlanan sonuncu elçinin (təkcə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əlamətlərinə uyğun gələn) əlamətlərinin başqa peyğəmbərə aid olduğunu iddia etmələridir. Onlar bəyan edirlər ki, bu vəhylər Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) aid deyildir və bununla həqiqəti gizlədirlər.
Onların biliklərə münasibəti belə idi, bu münasibət necə də pisdir! Onlar həqiqəti təhrif edir, doğrunu yalan adlandırır və beləliklə onu inkar edirdilər. Onların saleh əməllərə və Allahın hökmlərinin yerinə yetirilməsinə münasibətlərinə gəlincə isə, o, özünü onların aşağıdakı sözlərində büruzə verirdi: “Biz sənin sözlərini eşitmişik, lakin sənin əmrlərini yerinə yetirmək istəmirik”. Bu davranış ən böyük kafirliyin, inadkarlığın və Allaha itaət etmək istəməməyin sübutu idi.
Onlar Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) yaramaz və nalayiq sözlərlə müraciət edir və deyirdilər: “Eşidilməyəni eşit!” Onlar istəyirdilər ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) heç vaxt xoş söz eşitməsin və ancaq xoşagəlməz sözlərə qulaq assın. Onlar deyirdilər: “Bizə qayğı göstər!” Onlar sözləri ilə oyunbazlıq edərək, onu pis vəziyyətdə qoymaq və naqis insan kimi göstərmək istəyirdilər. Onlar elə güman edirdilər ki, əgər onların sözləri yaramaz niyyətlərini ifşa etmirsə, deməli, onda onlar Allahı və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun) azdıra bilərlər. Onlar dilləri ilə yalan söyləyir və dini söyür, yəni, ikibaşlı ifadələrdən istifadə etməklə dini və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun) təhqir edir və öz aralarında isə dini açıq şəkildə pisləyirdilər.
Sonra Allah Kitab əhlinə onlara daha çox fayda verə bilən əməlləri göstərir. Onlar buna cavab olaraq deməliydilər: “Eşidirik və itaət edirik! Bizi dinlə! Bizə qayğı göstər!” Onlar belə etsəydilər, onda öz fikirlərini düzgün ifadə edər və Allahı Elçisinə (ona Allahın salavatı və salamı olsun) hörmətlə yanaşardılar. Belə olduqda, onlar Onun iradəsinə tabe olar və nəciblik göstərərdilər ki, bu keyfiyyət bilik öyrənmək istəyənlər üçün zəruridir, onda onların məsələlərinə də baxılardı və onlara diqqət yetirilərdi.
Onlar belə davranmalı idilər, lakin alicənablıq, nəzakətlilik onlara xas olmadığından onlar belə etmədilər. Allah isə onları kafirliklərinə və inadcıllıqlarına görə qovub uzaqlaşdırdı. Onlar imandan boyun qaçırdıqlarına görə lənətləndirildilər və bundan sonra isə onların çox az bir hissəsi iman gətirdi.


(47) “Ey Kitab verilmişlər! Üzləri sıyırıb dümdüz edərək arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi, onları da lənətləməmişdən öncə yanınızda olanı təsdiqləyici kimi nazil etdiyimizə (Qurana) iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir”.

Uca Allah Kitab əhlinə - yəhudilərə və xristianlara, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) və ona nazil edilmiş Müqəddəs Qurana iman gətirməyi əmr etmişdi. O, özündən əvvəlki bütün Kitabları özündə mühafizə edir və onların gerçəkliyini təsdiqləyir, çünki həmin Kitabların hamısı onun nazil ediləcəyi xəbərini verirdilər. Onun haqqında öncədən verilən xəbərlər gerçəkləşmişdir və bu da əvvəlki vəhylərin doğruluğunu təsdiqləyir.
Əgər Kitab əhli Qurana iman gətirməkdən boyun qaçırsalar, onlar öz Kitablarını da inkar etmiş olurlar, çünki onlar hamısı bir-birinin gerçəkliyini təsdiqləyir və bir-birinə uyğun gəlir. Əgər kimsə onlardan birinə inanıb o birisini inkar edirsə, onda onun sözləri yalandır.
Uca Allah Müqəddəs Quranın Kitab əhlinin əlində olanın doğruluğunu təsdiq etdiyini xatırladaraq, onları bütün başqa insanlardan əvvəl iman gətirməyə və Onun Kitabına doğru yönəlməyə dəvət edir. Axı onların bilikləri və Kitabı vardır və onlar başqalarından daha çox məsuliyyət daşıyırlar. Bax, məhz buna görə Allah onları təhdid edərək bildirir ki, onların üzləri dümdüz hamarlanıb geriyə çevrildiləcək, özü də bu intiqam onların törətdikləri cinayətlərə uyğun olacaq. Onlar haqqı inkar etdilər, yalana üstünlük verdilər və hər şeyin əsil mahiyyətini təhrif etdilər. Onlar yalanı – həqiqət elan etməklə ona müvafiq cəzaya layiq oldular. Onların üzləri sıyrılıb dümdüz edildi və başlarının arxasına tərəf çevrildi və bu, həqiqətən də, yaramaz bir çöhrədir.
Allah onları da, şənbəni pozmuş və lənətləndirilərək cəzalandırılmış qardaşları kimi, Öz mərhəmətindən məhrum edərək, meymunlara çevirəcəyi ilə hədələyir. Uca Allah buyurur: “Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!” – dedik” (Bəqərə, 2/65).
Sonra Allah xəbər verir ki, Onun hökmləri mütləq icra edilir. Bu sözlər aşağıdakı ayəyə oxşayır: “Bir şeyi istədikdə ona təkcə: “Ol!” deyər, o da olar” (Yasin, 36/82).

(48) “Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa günahları isə dilədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur”.

Uca Allah bildirir ki, əgər insan Ona şərik qoşursa, onda Allah bunu ona bağışlamır, lakin yerdə qalan bütün az ağır günahları – həm kiçik, həm də böyük günahları kimə istəyirsə, bağışlayır, bu zaman O, müdrikliyinə və hərşeyibağışlama xüsusiyyətinə əsaslanır. Öz ağırlığı etibarı ilə müşriklikdən sonra gələn günahların bağışlanmasına səbəb olan bir çox amillər vardır. Onların arasında – cinayətləri silən saleh əməllər; günahları yuyan – dünyəvi çətinliklər; ölümdən sonra Qiyamət gününə qədər bərzəxdə keçirilən həyat; Qiyamət gününün hadisələri; möminlərin bir-biri üçün etdiyi dualar; şəfahətçilərin şəfahəti olacaqdır. Bütün bunlardan başqa, Allahın rəhmi də var ki, ona təkcə bir olan Rəbbə ibadət edən möminlər layiq görüləcəklər.
Lakin insan Ona şərik qoşursa, onda o, öz qarşısında olan bağışlanma və rəhm qapısını bağlayır, çünki əgər insan tövhid dininə etiqad etmirsə, xeyirxah əməlləri ona fayda vermir və heç bir bədbəxtçilik onun günahlarını yumur. Qiyamət günü isə belə bir adamın nə şəfaətçisi və nə də yaxın dostları olmayacaqdır. Buna görə Allah buyurur ki, kim Ona şərik qoşarsa, ən böyük günah etmiş olur və dəhşətli cinayətə yol verir.
Torpaqdan yaradılmış və hərtərəfli çatışmazlıqlara malik olanın, nə özünə, nə ona ibadət edənlərə nə fayda, nə də zərər verməyi bacarmayanın, həyatı, ölümü və dirilməsi üzərində hakimiyyətə sahib olmayan bir kəsin, bütün sifətlərdən və keyfiyyətlərdən kamil olan, xeyir və zərər verməyə, səxavətlə bəxş etməyə və nemətlərdən məhrum etməyə qadir olan, Təklikdə Öz lütfünü əta edən Xaliqlə özünü bərabər tutmasından böyük bir zalımlıq olarmı? Məgər bundan daha dəhşətli bir zalımlıq ola bilərmi?
Məhz buna görə, müşriklər əbədi cəzaya məhkum ediləcək və ilahi mükafatlardan məhrum olunacaqlar. Uca Allah buyurur: “...Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır” (Maidə, 5/72).
Bu kərim ayə Allaha şərik qoşanlara və tövbə etməyənlərə aiddir. Əgər insan tövbə etmişsə, Allah onu məxluqlara ibadət etdiyinə və başqa günahlarına görə bağışlayacaqdır. Uca Allah buyurur: “Qullarıma Mənim bu sözümü de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər, 39/53). Bu ayədə isə, tövbə edərək Allaha qayıdanlardan bəhs edilir.

(49) “Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəkindəki tel qədər haqsızlıq edilməz”.

Allah qullarının hərəkətlərinə təəccüblənir və onları özlərini öydüklərinə görə məzəmmət edir. Bu, ortada olmayan bir şeyə görə özünü tərifləyən yəhudilərə, xristianlara və özlərini onlara bənzədənlərə aiddir. Yəhudilər və xristianlar deyirlər: “...Biz Allahın oğulları və Onun sevimliləriyik” - deyirlər...” (Maidə, 5/18). Onlar deyirlər: “...Yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!...” (Bəqərə, 2/111). Lakin bu əsassız bəyanatlar inandırıcı dəlillərə istinad etmir. Belə dəlil bu ayədir: “Xeyr! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, Rəbbi yanında onun mükafatı olar. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər...” (Bəqərə, 2/112).
Allah belə insanları tərifləyir. Axı O, istədiyini tərifləyir və təmizləyir. O, onları imanları və saleh əməlləri sayəsində günahlardan təmizləyir, onları pis əxlaqdan xilas edir və onlara gözəl keyfiyyətlər qismət edir. O ki qaldı özlərini tərifləyənlərə, onlar bəyan edirlər ki, düz yolun tərəfdarıdırlar və onlar yeganə şəxslərdir ki, mükafata layiqdirlər, halbuki bu tamamilə yalandır. Əslində, onlar hətta tərifə layiq olan qulların keyfiyyətlərinin bəzilərinə belə malik deyillər, bunun səbəbi isə, onların zalımlığı və kafirliyidir. Allah onlarla zalımcasına davranmır və onlar hətta xurma çərdəyinin kənarında yerləşən iplik və yaxud istənilən digər nazik dolanmış sap qədər incidilməyəcəklər.


(50) “Bax, necə də Allaha qarşı yalan uydururlar. Bu, açıq-aşkar günah sayılmaq üçün kifayət edər!”

Bax gör, onlar özlərini tərifləyəndə Allaha qarşı necə böhtan atırlar. Onların sözləri – Allaha atılan ən böyük iftiradır, çünki yəhudilər və xristianlar özlərini tərifləyərək, əslində bildirirlər ki, onların tutduğu yol ən düzgündür, mömin müsəlmanların əqidəsi isə kafirlikdir. Onlar ən böyük yalan uydurur, gerçəkliyi təhrif edir, həqiqəti yalan kimi, yalanı isə həqiqət kimi göstərirlər. Onların günahı açıq aşkardır və o, onları dəhşətli və əzabverici cəzaya məhkum edəcəkdir.

(51) “Kitabdan pay verilmiş kəsləri görmədinmi? Özləri cibtə və tağuta inanmaqla yanaşı hələ bir kafirlər üçün də: “Bunlar möminlərdən daha doğru yoldadırlar”– deyirlər”.

Bu vəhy, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun) və möminləri gözü götürməyən yəhudilərin yaramaz xasiyyətlərini ifşa edir. Alçaq keyfiyyətləri və murdar mahiyyətləri onları Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) iman gətirməkdən boyun qaçırmağa və bunun əvəzində cibtilərə və tağuta inanmağa sövq etdi. Cibti və tağuta iman adı altında, Allahdan başqa kimə ibadət edirlərsə, kim Onun qanunlarının ziddinə qərar çıxarırsa, onlar nəzərdə tutulur. Bunlara aid olanlar: cadugərlik, baxıcılıq, məxluqlara ibadət və şeytana itaətdir.
Yəhudilərin kafirliyi və paxıllığı onları kafir müşriklərin əməllərini möminlərin əməllərindən üstün tutmağa sövq etmişdir və onlar demişdilər ki, kafirlər möminlərdən daha doğru yolla gedirlər. Bununla da onlar kafirlərə yaltaqlanaraq, nifrətlərini haqq dinə tərəf yönəltdilər. Gör onlar nə dərəcədə eybəcər, tərs və axmaqdırlar!! Niyə onlar özlərinə belə yaramaz və alçaldıcı yol seçmişlər?!! Doğrudanmı onlar elə düşünürlər ki, onların sözləri ağıllı insanları yoldan çıxaracaq və yaxud nadan bir axmaq onların mənasını başa düşə biləcək?!!
Məgər bütlərə və daşlara ibadətə əsaslanan, halal yeməkləri qadağan edən və murdar şeyləri yeməyi halal sayan, bir çox haramları ləğv edən və insanlara zalım münasibət bəslənməsini, məxluqların Yaradanla bərabərləşdirilməsini təbliğ edən, Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) və Onun Kitabına iman gətirməyən bir dini, Rəhmana ibadətə, tək Ona gizli və açıq şəkildə səmimi xidmətə əsaslanan, bütləri, uydurma allahları, yalançıları və Allahla bərabər ibadət etdikləri nə varsa hamısını rədd edən, qohumluq əlaqələrini saxlamağı, bütün məxluqlara, hətta heyvanlara belə xeyirxah münasibət bəsləməyi, insanlara qərəzsiz yanaşmağı təbliğ edən, rəzaləti və zalımlığı qadağan edən və bütün sözlərdə və hərəkətlərdə doğruçuluğa dəvət edən bir dindən üstün saymaqmı olar?
Yəhudilərin bu dedikləri mütləq sərsəmləmə idi və belə şeyləri ya tamamilə cahil, nadan və ağıllı olmayan insanlar, ya da haqqa nifrət edən ən qəddar kafirlər deyə bilərdilər. Gerçəklik bundan ibarətdi və buna görə də sonra Uca Allah belə buyurur:


(52) “Onlar Allahın lənətlədiyi kəslərdir. Allah kimi lənətləyərsə, ona heç bir yardımçı tapmazsan”.

Allah onları Öz mərhəmətindən məhrum etmiş və heyfini onlardan çıxmışdır və əgər O, insanla bu qaydada rəftar edirsə, onda heç kim belə bir şəxsin mənafeyinin qayğısına qalmaz və onu xoşagəlməz hallardan qorumaz. Bu – insanın Allahın mühafizəsindən məhrum olmasının ən böyük təzahürüdür.


(53) “Yoxsa hökmranlıqdan onların bir payı vardır? Elə olsaydı, onlar insanlara xurma çərdəyinin bir qırıntısını belə verməzdilər”.

Məgər onlar elə bir hakimiyyətə malikdirlər ki, öz istəklərinə uyğun olaraq bir şeyi başqa bir şeydən üstün hesab edə bilsinlər? Bu belə olsaydı, onlar kainatı Allahla bərabər idarə edərdilər. Hətta bu halda da onlar xəsislik edər və çətin ki, insanlara xeyir verərdilər. Əgər onlar Onunla bərabər hakimiyyətə malik olsaydılar, məhz bu keyfiyyətlər onlara məxsus olardı. Hərçənd bu ayə sual formasında nazil edilmişdirsə də, onun cavabının mənfi olması hər kəsə aydındır.


(54) “Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də Kitab və Hikmət bəxş etmiş və onlara böyük bir səltənət vermişdik”.

Bu dərəcədə müdhiş sözləri söyləməyə onları nə məcbur edir? Məgər onlar Allahın şərikləridirlər ki, istədikləri şeyə üstünlük versinlər? Ya da onlar Allahın Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun) və möminlərə verdiyinə həsəd çəkirlər? Əgər belədirsə, onda Onun belə bir neməti yeni bir şey deyil ki, ona təəccüb edilsin, əvvəllər də Allah İbrahimin nəslinə Kitab və Hikmət bəxş etmiş və böyük hakimiyyət vermişdi.
Allah İbrahimin nəsillərinə böyük lütfkarlıq göstərərək onlara peyğəmbərlik, Kitab və hakimiyyət əta etmişdi ki, onunla Allahın peyğəmbərlərindən bəzilərinə, məsələn, Davuda və Süleymana hörmət göstərilmişdi. O, Öz mömin qullarına nemətinin arasını kəsməmişdir. Onda niyə axı onlar ən ləyaqətli, ən şan-şöhrətli, Allah haqqında ən çox biliyə malik olan və insanlar arasında Allahdan ən çox qorxan Muhəmmədə (ona Allahın salavatı və salamı olsun) verilən peyğəmbərliyi, qələbəni və hakimiyyəti etiraf etməkdən boyun qaçırırlar?!!

(55) “Onlardan kimi (Muhəmmədə) iman gətirdi, kimi də ondan üz çevirdi. Yandırıb-yaxan od kimi Cəhənnəm onlara bəsdir”.

Kim Muhəmmədə iman gətirmişdirsə, bu dünya həyatında xoşbəxtlik və ölümdən sonra uğur tapmışdır, kim inadkarlıq və zalımlıq edərək, ondan üz çevirmişdirsə, o, bu dünyada özünü günahlarının nəticəsi olan bədbəxtliklərə və əziyyətlərə düçar etmişdir, Qiyamət günü də, yəhudilərin, xristianların və Allaha iman gətirməyi rədd etmiş və Allahın peyğəmbərlərini inkar etmiş bütün kafirlərin yanacağı Cəhənnəm odu ona kifayət edəcəkdir.

(56) “Şübhəsiz ki, ayələrimizi inkar edənləri odda yandıracağıq. Hər dəfə onların dəriləri yandıqca, əzabı daim dadsınlar deyə, Biz o dəriləri başqa dərilərlə əvəz edəcəyik. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir”.

Allahın ayələrini inkar edən kafirlərin vasil ediləcəyi və dəhşətli dərəcədə alışdırılıb alovlandırılacaq Cəhənnəm odunun hərarəti dözülməz olacaqdır. Hər dəfə onların dəriləri büsbütün yandıqdan sonra Allah onları yeni dərilərlə əvəz edəcək ki, çəkdikləri cəza onlara fasiləsiz olaraq əzab və işgəncə verməkdə davam etsin. Kafirlik onların ayrılmaz xislətinə çevrilənədək onlar ona etiqad etməkdən və inadkarlıq göstərməkdən əl çəkmirdilər və buna görə də onlar Cəhənnəmdə bu cəzanı dönə-dönə dadmalıdırlar. Bu, onların layiq olduqları intiqamdır və məhz buna görə Allah Özünü Qüdrətli və Müdrik adlandırır. O, böyük qüdrətə malikdir və yaradarkən, hökm verərkən, mükafatlandırarkən və cəzalandırarkən müdrikliyinə əsaslanır.

(57) “İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır. Biz onları sıx kölgəliklərdə yerləşdirəcəyik”.

Allaha iman gətirən və imanları onları fərz və könüllü saleh əməllər etməyə yönəldən möminlər mütləq çaylar axan Cənnət bağlarına daxil ediləcək, orada qüsurlu keyfiyyətlərə malik olmayan, xoşagəlməz zahiri görünüşdən xilas edilmiş və bu dünyadakı qadınlara xas hər cür nöqsanlardan və natəmizliklərdən pak zövcələr məskunlaşmışlar. Bununla yanaşı, onlar orada daima sıx kölgəliklər altında olacaqlar.


(58) “Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir”.

“Əmanət” sözü – insana saxlamaq üçün etibar edilib verilən və yaxud yerinə yetirilməsi üçün həvalə edilən hər şeyə aiddir. Allah qullarına etibar edilən özgə əmlakını saxlamağı və həvalə edilmiş tapşırıqları ən mükəmməl qaydada yerinə yetirməyi əmr edir. O, saxlanmağa verilmiş əmlakın bir hissəsini mənimsəməyi və ya onun qaytarılmasını gecikdirməyi qadağan edir. Bu hökmlər insanlara etibar edilə bilən hakimiyyətə, əmlaka, sirlərə və həmçinin təkcə Allaha məlum olan bütün başqa yaxşı əməllərə şamil edilir.
Alimlər qeyd edirlər ki, əgər insana saxlaması üçün əmlak etibar edirlərsə, o, onu qorumalı, ona layiqincə qayğı göstərməlidir, çünki o, ona saxlanması üçün həvalə edilmiş əmlakı qoruyub saxladığı halda, onu qaytara bilər. Deməli, əmlaka qayğı ilə yanaşmaq vacibdir.
Saxlanmağa verilmiş əmlakın sahiblərinə qaytarılması hökmündən aydın olur ki, əmlak ancaq onu saxlamağa vermiş şəxsə və ya onun səlahiyyətli nümayəndəsinə qaytarılmalıdır. Əgər əmlakı saxlayan adam onu sahibi olmayan bir kəsə verərsə, o, öz vəzifəsini yerinə yetirməmiş olur.
Allah insanlar arasında iddiaları ədalət üzrə həll etməyi əmr edir. Bu, vurulmuş zərərin ölçülərindən asılı olmayaraq, həyata, əmlaka və ya insan namusuna qəsdlə bağlı bütün iddialara aiddir. Hakimlər yaxın və yad insanlara, günahkarlara, hökm sahiblərinə və hətta öz düşmənlərinə belə ədalətli yanaşmalıdırlar. Hökm çıxararkən riayət olunmasına əmr edilən ədalətlilik dedikdə isə, Allahın Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun) dili ilə səsləndirdiyi sərhədlər və qanunlar nəzərdə tutulur. Buradan aydın olur ki, hakimlər hansı qərarın ədalətli olması haqqında kifayət qədər biliklərə malik olmalıdırlar, çünki məhz bu halda onlar qərar qəbul edə bilərlər.
Allahın hökmləri gözəl və ədalətli olduğuna görədir ki, sonra Allah Öz hökmlərini və qadağalarını tərifləyir. Onlar, insanlara bu dünyada və ölümündən sonra fayda verən nə varsa və onları bəlalardan qoruyan nə varsa, hamısını əhatə edir, çünki onları Eşidən və Görən Rəbb nazil etmişdir. Ondan heç nəyi gizlətmək olmaz, O, qullarının özlərinin bilmədiyi, lakin onlara fayda gətirən əməllərini bilir.

(59) “Ey iman gətirənlər! Allaha və elçisinə və həm də özünüzdən olan rəhbərlərə itaət edin! Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, onun həllini Allahdan və Peyğəmbərdən diləyin. Bu, daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”.
Allah Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etməyi əmr edir və möminlər buna görə dinin vacib (fərz) və könüllü (nafilə) hökmlərini yerinə yetirməli və bütün haramlardan çəkinməlidirlər. O, insanlar arasında təsirə malik olan hökmdarlara, hakimlərə və müftilərə itaət etməyi əmr edir, çünki onlar hakimiyyət sahiblərinə itaət etdikdə, özlərini Allaha təslim etdikdə və Onun mükafatını almağa can atdıqda insanların dini və dünyəvi işləri sahmana düşə bilər. Lakin hakimiyyət səlahiyyəti olanların hökmlərini yerinə yetirmək o zaman olar ki, onlar Allaha itaətsizlik göstərməyi tələb etməsinlər. Əgər onlar bunu tələb etsələr, onda müsəlman, Xaliqin əmrlərini pozaraq məxluqa tabe olmamalıdır. Yəqindir ki, hakimiyyət sahiblərinə tabeçilik xatırlanarkən ayənin mətnində felin olmaması məhz bununla əlaqədardır. Lakin Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etməyi xatırladan sözün önündə fel qoyulmuşdur, çünki o, həmişə Allaha itaət göstərməyi əmr edirdi və hər dəfə kim ona itaət edirsə, Allaha itaət etmiş olur. Hakimiyyət sahiblərinə gəldikdə isə, onlara, Onun hökmlərinə zidd olmadığı halda, itaət etmək zəruridir.
Sonra Allah dinin əsas və ya ikinci dərəcəli hökmləri ilə əlaqədar bütün mübahisəli məsələlər üzrə Ona və Onu Elçisinə (ona Allahın salavatı və salamı olsun) müraciət etmək hökmü verir, yəni, mübahisəli məsələlərə Allahın Kitabında və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) Sünnəsində cavab axtarılmalıdır, çünki bu ikisi bütün mübahisəli məsələlərin həllini özündə ehtiva edir. Məsələnin həlli konkret və ya ümumi ola bilər, eyhamla və ya göstərişlə işarə edilə bilər, nassın mətnindən və yaxud mənasından çıxarıla bilər və ya da oxşarlıq üzrə yürüdülən mühakiməyə istinad edə bilər, çünki Allahın Kitabı və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) Sünnəsi dinin istinad etdiyi iki sütundur ki, onlarsız iman doğru ola bilməz.
Qurana və Sünnəyə müraciət edilməsi imanın vacib şərtidir və buna görə Allah insanlara əmr edir ki, əgər onlar Allaha və Qiyamət gününə inanırlarsa, belə etməlidirlər. Buradan aydın olur ki, əgər insan mübahisəli məsələlərin həlli üçün Quran və Sünnəyə müraciət etmirsə, onda o, həqiqi mömin deyildir. Əksinə, o, tağuta inanmışdır və bunun dəlili növbəti (60-cı) ayədir.
Allah bildirir ki, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) məhkəməsinə müraciət daha yaxşı və nəticə etibarı ilə daha gözəldir, çünki dinə, dünya və Axirət həyatına aid bütün məsələlərdə Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) hökmləri ən gözəl, ən ədalətli və insanlar üçün ən əlverişlidir.


(60) “Sənə nazil edilənə və səndən əvvəl nazil edilənlərə iman gətirdiklərini iddia edənləri görmədinmi? Onlar mühakimə olunmaları üçün tağuta müraciət etmək istəyirlər. Halbuki onlara tağuta inanmamaq əmr olunmuşdur. Şeytan isə onları dərin bir azğınlığa salmaq istəyir”.

Uca Allah qullarına müşriklərin qəribə rəftarı haqqında xəbər verir. Onlar bildirirlər ki, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) gətirdiyinə və əvvəllər nazil edilənlərə iman etmişlər, amma özləri tağutların məhkəməsinə müraciət edirlər. Bu ad altında Allahın qanunlarına zidd qərar qəbul edənlərin hamısı nəzərdə tutulur.
İnsanlara tapşırılmışdır ki, tağutların məhkəməsinə müraciət etməsinlər. Məgər onların məhkəməsinə müraciət etməklə haqq dinə iman gətirmək bir araya sığışırmı? İman Allahın qanunlarına itaət göstərməyi və bütün məsələlər üzrə Onun məhkəməsinə müraciət etməyi tələb edir. Əgər insan özünü müsəlman adlandırırsa və amma tağutların qanunlarını Onun qanunlarından üstün tutursa, onda o, şeytanın təhriki ilə azğınlığa düşmüş yalançıdır. Məhz buna görə, Allah buyurur ki, şeytan insanları haqdan yayındıraraq, onları dərin azğınlığa məruz qoyur.

(61) “Onlara: “Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!”– deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini görürsən”.


(62) “Öz əlləri ilə törətdikləri əməllərə görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istədik!”– deyə Allaha and içdikdə onların halı necə olacaq?”

Özlərinin törətdikləri günahkar əməllərə və tağutların məhkəməsinə müraciət etdiklərinə görə onlara müsibət üz verdikdə, o azğınların halı necə olacaq?! Belə bir vəziyyətə düşərək onlar sənin yanına gəlib, törətdiklərinə görə üzr istəyəcəklər. Onlar Allaha and içəcəklər ki, ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaq istəyirdilər. Lakin onlar yalançıdırlar, çünki əsil yaxşılıq Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) mühakiməsinə müraciət etməkdən ibarətdir. İman sahibi olan insanlar üçün kimin qərarı Onun hökmündən yaxşı ola bilər?

(63) “Onlar o kəslərdir ki, Allah onların qəlblərində olanı bilir. Elə isə onlardan üz döndər, onlara öyüd-nəsihət ver və özləri barədə onlara təsir göstərə biləcək söz söylə”.

Allah onların münafiqliyini və qəlblərində olan bəd niyyətlərini bilir. Buna görə, onlara diqqət yetirmə və etdiklərinə də cavab vermə, sadəcə onlara nəsihət et, Allahın qanunlarını açıqla və onları Ona itaət etməyə ruhlandır və itaətsizlikdən çəkindir. Onlara təklikdə öyüd-nəsihət ver, çünki bu yolla arzu edilən nəticəni ələ gətirmək asandır və elə inandırıcı şəkildə danış ki, onları törədəcəkləri cinayətlərdən saxlaya biləsən.
Buradan aydın olur ki, dəvətçi itaətsizlik edəndən üz çevirsə də, o, təklikdə ona nəsihət verməli və istədiyi nəticəni almaq ümidi ilə onunla inandırıcı tərzdə söhbət etməlidir.


(64) “Biz hər bir elçini, Allahın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi, əlbəttə ki, Allahın Tövbəqəbuledən və Rəhmli olduğunu görərdilər”.

Bu Quran hekayəti Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etmək barədə hökmü və çağırışı nəzərdə tutur. Ayədən aydın olur ki, Allahın elçiləri ona görə göndəriliblər ki, insanlar onlara itaət etsinlər, onların hökmlərini yerinə yetirsinlər, onların haram etdiklərindən çəkinsinlər və onlara itaət edilən insanlar kimi hörmət bəsləsinlər. Ayədən həmçinin aydın olur ki, elçilər Allahın adından bəyan etdikləri, əmr etdikləri və ya qadağan etdikləri hər şeydə səhv etməkdən qorunduqları üçün, Allah onlara, sözün geniş mənasında, qəti olaraq hər şeydə tabe olmağı əmr edir.
İnsanlar Allahın icazəsi ilə elçilərə itaət edirlər ifadəsindən aydın olur ki, bu, Onun Qədərinə uyğun olaraq baş verir və buna görə, şərh olunan ayə Qədərin xeyrinə dəlalət edir, qulları Allahdan kömək diləməyə çağırır və izah edir ki, Allah insana yardım etməsə, o, Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət etməyi bacarmaz.
Sonra Allah Özünün böyük səxavətindən, lütfkarlığından bəhs edir, günahkarları və asiləri öz günahlarını tövbə etməyə, peşmançılıq çəkməyə və Ondan bağışlanma diləməyə çağırır. O buyurur ki, əgər onlar günahlarını etiraf edərək və onları tövbə edərək Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) yanına gəlsəydilər, əgər onlar Allahdan bağışlanma diləsəydilər və əgər Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Allahdan onları bağışlamağı xahiş etsəydi, onda O, onların zalımlıq dərəcəsinə çatmış əməllərini bağışlayar və tövbələrini qəbul edib onlara rəhm edər, onları doğru yola yönəldər və onları mükafatlarla təltif edərdi..
Şübhəsiz ki, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) yanına getmək hökmü o, sağ olana qədər qüvvədə idi. Bu şərhin xeyrinə dəlalət edən bu ayənin öz mətnidir, çünki Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun) ancaq həyatda olduğu zaman günahkarlar üçün xahiş edə bilərdi. Onun (ona Allahın salavatı və salamı olsun) vəfatından sonra insanların ona (ona Allahın salavatı və salamı olsun) xahişlə müraciət etməsi qadağan olunmuşdur, çünki bu, müşrikliyin təzahürlərindən biridir.


(65) “Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar”.

Uca Allah Özü Özünə and içmişdi ki, insanlar Onun Elçisini (ona Allahın salavatı və salamı olsun) bütün mübahisəli məsələlərində hakim seçməyincə iman gətirməzlər. Bu, bütün müsəlmanların həmrəy olduqları məsələlərə aid deyildir, çünki o, həmişə Qurana və Sünnəyə istinad edir.
İman sahibi olmaq üçün təkcə Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun) mühakiməsinə müraciət etmək kifayət deyildir. İnsanlar onun verdiyi qərarlardan ürəklərində heç bir sıxıntı hiss etməməli və onun hökmlərinə barmaqarası yanaşmamalıdırlar. Lakin hətta bundan sonra da onlar onun iradəsinə tam tabe olmadan iman gətirmir və onun hökmlərini rahatlıqla və tam qənaətbəxş yerinə yetirmirlər.
Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) mühakiməsinə müraciət edərək insan müsəlman olur. O, sıxıntılardan xilas olaraq, iman sahibinə çevrilir. Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) iradəsinə tabe olaraq, o, əməlisaleh möminə dönür. Üç hökmün üçünü də layiqincə yerinə yetirərək, o, dinə mükəmməl etiqad edir. Əgər o, dinin qanunlarını beləcə yerinə yetirməkdən boyun qaçırır və bunu vacib saymırsa, onda o, kafirdir. Əgər ki, o, onlara riayət etmir, lakin onları vacib sayırsa, onda o, sadəcə, günahkarların sırasına daxil olur.

(66) “Əgər Biz onlara: “Özünüzü (aranızdakı günahkarları) öldürün və yaxud yurdlarınızdan çıxın!”– deyə buyurmuş olsaydıq, içərilərindən çox azı bunu yerinə yetirərdi. Əgər onlar özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, əlbəttə, bu, onlar üçün daha xeyirli və daha mükəmməl olardı”.


(67) “Onda Biz də onlara Öz tərəfimizdən böyük bir mükafat verər”

(68) “və onları doğru yola yönəldərdik”.

Uca Allah bildirir ki, əgər dinin hökmləri qullar üçün ağır olsaydı, əgər onlara özlərini öldürmək və doğma yurdlarını tərk etmək əmr edilsəydi, onların çox az bir qismi o hökmləri icra edərdi. Qoy insanlar öz Rəbbinə həmd etsinlər və Onu, onların vəzifələrini yüngül, asan və hər bir insan üçün yorucu etmədiyinə görə tərifləsinlər. Bu deyilənlərdən aydın olur ki, Allahın qulu ona bəxş edilmiş nemətlərə diqqət yetirməli və xoşagəlməz şeylərə göz yummamalıdır ki, o, asanlıqla ibadət edə və öz Rəbbinə həmd edə və təşəkkür diləyə bilsin.
Sonra Allah buyurur ki, əgər insanlar onlara həvalə edilmiş tapşırıqları həmişə yerinə yetirsəydilər, əgər onlar tam ürəklə Onun qanunlarına qüsursuz riayət etməyə can atsaydılar, əgər onlar əldə edə bilməyəcəklərinə və əldə etməli olmadıqlarına can atmasaydılar, onda onlar düz hərəkət edərdilər.
Allahın qulu ona yerinə yetirilməsi əmr edilmiş əməllər üzərində düşünməli, dinin tələblərini həyata keçirməli, dininə və bu dünyaya aid ona nəsib olacaq bilikləri əldə edənə qədər, əməlləri yerinə yetirənə qədər addım-addım irəliləməlidir. Əgər o, ona nəsib olmayacaq şeyləri batil yollarla əldə etməyə çalışarsa və ya vaxtından əvvəl əldə etmək istəyərsə, onda o, çətin ki, qoyduğu məqsədə çata bilsin, çünki o, qəti niyyətini itirəcək və tənbəlliyinin və süstlüyünün qurbanına çevriləcəkdir.
Sonra Allah öyüd-nəsihətləri yerinə yetirən insanların alacağı mükafatları xatırladır. Onlar dörd tərkib hissədən ibarətdir.
Birincisi, onlar başqa insanlara nisbətən üstünlük əldə edirlər, çünki onlar üçün ən yaxşı olanı həyata keçirirlər. Bununla yanaşı, onlar qulların yaramaz keyfiyyətlərindən xilas olurlar, çünki bir keyfiyyətin təsdiqi ona əks olan keyfiyyətin inkarını nəzərdə tutur.
İkincisi, onlarda özlərinə inam yaranır və onların atdıqları addımlar möhkəmləşir, çünki Allah möminlərə onların etiqad etdikləri iman xatirinə və öyüd-nəsihəti əsas götürərək yerinə yetirilən saleh əməllər xatirinə yardım göstərir. O, onlara dünya həyatında ağır hökmlərlə, qadağalarla və çətinliklərlə rastlaşdıqda yardım göstərir. Bu köməyin sayəsində onlar hökmləri yerinə yetirir, insan nəfsinin can atdığı haram əməllərdən çəkinir və qullar üçün xoşagəlməz olan bəlaları mətinliklə adlayırlar.
Allah belə qullarını daha mətinləşdirir, belə ki, onlara səbirli olmaqda, öz qisməti ilə razılaşmaqda və Ona həmd etməkdə köməklik göstərir. O, onlara öz vəzifələrini yerinə yetirməkdə və onlar ölüm ayağında olanda, qəbrə qoyulanda yardım edir. Onlar isə dinin tələblərini yerinə yetirir və özlərini şəriət qanunlarına riayət etməyə alışdırır və bunun sayəsində onları var qəlbləri ilə sevir və onlara riayət olunmasına can atırlar ki, bu da öz növbəsində onları daima xeyirxah əməllər işlətməyə sövq edir.
Üçüncüsü, Allah onları ən böyük mükafatla bu dünyada və Axirət həyatında təltif edir. Onların qəlbləri, ürəkləri və bədənləri heç kimin görmədiyi, heç kimin eşitmədiyi və heç kimin hətta təsəvvürünə belə gəlməyən əbədi səadətdən həzz almaq haqqı əldə edir.
Dördüncüsü, Allah onları düz yola yönəldir. Bu barədə xatırlatma xüsusidən sonra ümuminin xatırlanması nümunəsi ilə həyata keçirilmişdir. Uca Allah ona görə belə edir ki, doğru yola yönəltmənin vacibliyinə bir daha diqqət yetirilsin. Doğru yola yönəlmə əsil biliklərin qazanılmasını, həqiqətə məhəbbəti və haqqın hər şeydən üstün tutulmasını, saleh əməllərin işlənməsini və bunun sayəsində xoşbəxtlik və uğur əldə edilməsini nəzərdə tutur. Əgər insan doğru yolla aparılırsa, o, mütləq hər cür nemət əldə edər və hər cür şərdən qorunar.


(69) “Allaha və Onun Elçisinə itaət edənlər Allahın onlara nemət olaraq bəxş etdiyi peyğəmbərlərlə, sidq ürəkdən inananlarla, şəhidlərlə və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır”.

Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edən hər kəs ona həvalə edilən vəzifələri imkanı daxilində yerinə yetirərək, istər kişi olsun, istərsə qadın, istər uşaq olsun və ya istərsə yaşlı, hökmən Allahın mərhəmət göstərdiyi şəxslərin arasında olacaq ki, bunun da labüd nəticəsi kamillik, uğurluluq və xoşbəxtlikdir. Onların arasında Allahın onlara Kitab verərək başqa insanlardan üstün etdiyi, onları insanların yanına göndərərək, onları Onun yoluna dəvət etməyi əmr etdiyi peyğəmbərlər olacaqdır. Onların arasında elçilərlə göndərilənlərin hamısına bütövlüklə iman gətirən, haqqı dərk edən və ona tam yəqinliklə etiqad edən, sözlərində və əməllərində ona sadiq qalan və başqalarını buna çağıran doğruçu insanlar olacaqlar. Onların arasında Allahın yolunda Onun sözünü ucaltmaq üçün döyüşən və həlak olan şəhidlər olacaqdır. Onların arasında qəlbən və cismən mömin olan əməlisalehlər də olacaqlar.
Uca Allaha itaət edən hər kəs mütləq bu insanların yoldaşları olacaqlar. Səadət bağlarında onların birliyi necə də gözəldir! Aləmlərin Rəbbinin yaxınlığında onların bir-biri ilə ünsiyyəti necə də gözəl olacaqdır!

(70) “Bu lütf Allahdandır. Bilən olaraq Allah kifayət edər”.

Budur möminlərin Allahdan aldıqları nemət! O, onlara həmin neməti qazanmağa kömək göstərdi və onları mükafatı ilə təltif etdi, halbuki onlar buna öz əməlləri ilə layiq olmamışdılar. Allaha qullarının əməlləri haqqında və onlardan kimin səmimi qəlblə yerinə yetirdiyi saleh əməlləri sayəsində bol mükafata layiq olduğunu bilməsi Ona kifayətdir.


Tarix: 20.04.2013 / 16:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1706 Bölmə: Sureler
loading...