beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜQƏDDƏS QURANIN TƏFSİRİ (“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ) 62-86 ayələr

(62) “Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.

Bu ayənin tələbləri müstəsna olaraq Kitab əhlinə aiddir. Mötəbər bir rəyə görə, sabiilər - çoxsaylı xristian cərəyanlarından birinin nümayəndələridir. Allah xəbər verir ki, yəhudilərin, xristianların və sabiilərin Allaha və Qiyamət gününə iman gətirmiş və Allahın elçilərinin həqiqiliyini qəbul etmiş möminlər mütləq böyük əcr alacaqlar və əmin-amanlıq içində olacaqlar. Onlar qorxu bilməyəcək və kədərlənməyəcəklər. O ki qaldı Allaha və Qiyamət gününə iman gətirməyi rədd etmiş yəhudilərə, xristianlara və sabiilərə, onları tamamilə başqa bir qismət gözləyir. Onları qorxu bürüyəcək və onlar qəm-qüssə içində olacaqlar.
Tamamilə aydındır ki, bu hökm Muhəmmədin (s.ə.s.) peyğəmbərliyi başlayana qədər yaşamış Kitab əhlinə aiddir, çünki onların əməllərini həqiqətən bu minvalla səciyyələndirmək ola bilərdi.
Bu ayədən belə bir nəticə çıxır ki, əgər Quran ayələrinin mətni oxucunu xətalı nəticələr çıxarmağa təkan verərsə, Quranda həmişə elə bir ayə tapılır ki, o, yanlış təsəvvürləri darmadağın edir. Müqəddəs Quran, məxluqlar hələ yaradılana qədər onların haqqında hər şeyi Bilən Rəbb tərəfindən nazil edilmişdir. O, Öz mərhəməti ilə bütün varlığı qurşamışdır.
Uca Allah İsrail oğullarını itaətsizliklərinə və bəd əməllərinə görə danlayır və bəzi adamların ürəyində belə bir təsəvvür yarana bilər ki, bu qınaq bütün israillilərə aiddir. Buna görə, Uca Yaradan məzəmmətə layiq görülməmiş şəxslərin xüsusiyyətlərini də bildirmişdir. Bu barədə ən yaxşı bilən Allahdır!
Bundan başqa, əvvəlki ayələrdə ancaq İsrail oğulları haqqında bəhs edilirdi və bir sıra adamlar səhvən zənn edə bilərdilər ki, təkcə israillilər Rəbbin qınağına layiq görülmüşlər. Məhz buna müvafiq olaraq Uca Allah ümumi məna kəsb edən vəhy nazil etmiş və o, bütün millətlərə şamil edilərək, insanlara əsil həqiqəti izah etmək və ayələrin yanlış anlaşılmasının qarşısını almaq məqsədi güdmüşdür. Öz Kitabında məxluqların ağlını heyran qoyan biliklər nazil edən Rəbbimiz pak və müqəddəsdir!
Sonra Mərhəmətli və Uca Allah əcdadlarının əməllərinə görə israillilərə tənə vurmaqda davam edərək buyurur:


(63) “Bir zaman sizdən əhd-peyman aldıq, dağı başınız üstünə qaldırdıq və buyurduq: “Sizə verdiyimizdən möhkəm yapışın və onun içindəkiləri yada salın ki, bəlkə Allahdan qorxasınız”.



(64) “Sonra bunun ardınca siz yenə üz döndərdiniz. Əgər sizə Allahın lütfü və rəhmi olmasaydı, əlbəttə, ziyana uğrayanlardan olardınız”.

Ey İsrail oğulları! Yadınızdadır, Biz sizinlə necə sərt bir əhd bağladıq. Biz sizi vahimələndirmək üçün dağı başınız üstünə qaldırdıq, sonra isə sizə Tövratdan möhkəm yapışmaq, onun tələblərini səylə yerinə yetirmək və Allaha səbirlə itaət etmək hökmünü verdik. Sizə əmr olundu ki, nazil edilmiş vəhyi oxuyasınız və öyrənəsiniz ki, Allahın cəzalandıracağından, Onun qəzəbindən özünüzü qoruya biləsiniz və təqvalı olasınız. Lakin siz bu açıq-aşkar təlimatdan üz çevirdiniz və özünüzü ən dəhşətli əzablara düçar etdiniz və əgər Allahın sizə rəhmi gəlməsəydi, şübhəsiz ki, ziyana düşərdiniz.



(65) “Siz artıq içərinizdən şənbə günü həddi aşanları tanıyırsınız. Biz də onlara: “Mənfur meymunlar olun!” – dedik”.


(66) “Biz bunu onlarla bir dövrdə olanlar və onlardan sonra gələnlər üçün ibrət, müttəqilər üçün isə öyüd-nəsihət etdik”

Burada söhbət “əl-Əraf” surəsində təfərrüatı ilə təsvir edilən hekayətdən gedir. Uca Allah buyurur: “Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü üçün qoyulmuş qadağanı pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq. O zaman onlardan bir dəstə dedi: “Allahın məhv edəcəyi və ya şiddətli əzaba düçar edəcəyi bir tayfaya nə üçün öyüd-nəsihət verirsiniz?” Onlar dedilər: “Bu, Rəbbiniz yanında üzrxahlıq etmək üçündür. Bəlkə, onlar pis əməllərdən çəkinsinlər!” Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq. Özlərinə qoyulan qadağanı pozduqları zaman Biz onlara: “Mənfur meymunlar olun!” – dedik” (Əraf, 7/163-166).
İsrail oğulları ağır günah işlətmiş və Allahın qəzəbinə gəlmiş öz həmqəbilələrinin tarixini gözəl bilirdilər. Sonucda Allah onları alçaltdı və mənfur meymunlara çevirdi. Bu cəza onların müasirləri üçün və onlardan sonra gələn xalqlar üçün nümunə oldu. Allah həqiqəti Öz qullarına izah etdi ki, onlar Ona itaətsizlikdən çəkinsinlər. Lakin öyüd-nəsihət ancaq Allahdan qorxan möminlərə fayda verir. Başqaları isə Allahın ayələrindən heç bir nəticə çıxarmırlar.



(67) “Bir zaman Musa öz xalqına dedi: “Allah sizə bir inək kəsmənizi əmr edir”. Onlar: “Sən bizi ələ salırsan?” – dedilər. Musa: “Cahil olmaqdan Allaha sığınıram!” – dedi”.

Ayədə, adam öldürmüş və buna görə bir-birilərini günahlandıraraq mübahisə edən israillilərlə Musa arasında baş vermiş əhvalatdan bəhs edilir. Şərait elə mürəkkəb idi ki, əgər Allah onu aydınlaşdırmasaydı, onların arasında böyük bir ədavət düşəcəkdi. Musa, qatilin adını bilmək üçün onlara bir inək kəsməyi əmr etdi və insanlar etirazsız onun əmrini yerinə yetirməliydilər. Lakin onlar belə qərara gəldilər ki, heç nəyi saymadan ona etiraz etsinlər. “Sən bizi ələmi salırsan?” – deyə onlar bildirdilər. Belə olduqda Allahın peyğəmbəri (ə.) belə buyurdu: “Ey Allah, məni bu nadanlıqdan saxla!”
Ancaq cahil insanlar, heç bir faydası olmayan və ətrafındakıları məsxərəyə qoyan sözlər söyləyə bilərlər. Ağıllı adam isə başa düşür ki, özü kimi insanlara istehza etmək ən böyük qüsurdur və o, həm din və həm də sağlam düşüncə tərəfindən məhkum edilir. Əgər insan ətrafdakılar üzərində öz üstünlüyünü dərk etsə belə, bu onu ancaq Rəbbinə həmd etməyə yönəltməli və başqaları ilə yumşaq rəftar etməlidir. Musa bunu onlara izah etdikdə onlar başa düşdülər ki, o doğru deyir.


(68) “Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə cür inək olduğunu bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, nə çox qoca, nə də çox cavan, bunların ikisinin arasında olan orta yaşlı bir inəkdir. Sizə nə əmr edilirsə, onu da yerinə yetirin!”




(69) “Onlar dedilər: “Rəbbinə dua et ki, onun rəngini də bizə bildirsin!” Musa dedi: “Allah buyurur ki, o, sarı rəngli parlaq bir inəkdir. Ona baxanları sevindirir”.

(70) “Onlar dedilər: “Rəbbinə dua et ki, onun nə inək olduğunu bizə bildirsin! Çünki bu inək bizə (başqa inəklərə) bənzər görünür. Əgər Allah istəsə, biz düz yolda olarıq”.


(71) “Musa dedi: “Allah buyurur ki, o, nə yer şumlamağa, nə də əkin suvarmağa ram edilməmiş bir inəkdir. O, sağlamdır və onda heç bir ləkə-qüsur yoxdur”. Onlar: “İndi sən əsil həqiqəti bildirdin!” – dedilər və onu kəsdilər. Halbuki az qala bunu yerinə yetirməyəcəkdilər”.

(72) “O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar”.

İsraillilər peyğəmbərə (ə.) dedilər: “Rəbbindən xahiş et ki, bizə o inəyin yaşını bildirsin”. Musa (ə.) onlara dedi ki, inək nə qoca və nə də çox cavan olmamalıdır, çünki Allah orta yaşlı inək kəsməyi əmr etmişdir. Sonra isə o, mübahisələri bir tərəfə qoyub, Allahın iradəsini yerinə yetirməyi əmr etdi. Belə olduqda ona dedilər: “İndi isə Rəbbindən soruş bizə inəyin rəngini desin”. Musa dedi ki, Allah tamamilə sarı olan, rəngi ona baxanları sevindirən inəyi kəsməyi əmr edir. İsraillilər yenə ona dedilər: “Öz Rəbbindən soruş ki, hansı inəyi kəsməli olduğumuzu bizə bir də izah etsin. Onlar hamısı bizə eyni görünürlər və biz nə edəcəyimizi bilmirik. Əgər Allah istəsə, biz doğru hərəkət edərik”. Belə olduqda, pak peyğəmbər (ə.) dedi: “Allah buyurur ki, yeri şumlamağa və əkini suvarmağa alçaldılaraq məcbur edilməmiş, qüsurları olmayan, ağır zəhmətdən azad edilmiş inəyi kəsəsiniz. O, büsbütün sarıdır, üstündə heç bir ləkə, nişan yoxdur”. İsraillilər dedilər: “Bax, indi sən həqiqəti necə lazımdırsa izah etdin!”
Bu sözlər onların cahilliyinə dəlalət edirdi, çünki pak peyğəmbər (ə.) elə əvvəlcədən onlara həqiqəti deyirdi. Onlar hər hansı bir inəyi kəsib istənilənə nail ola bilərdilər, lakin onlar çoxsaylı suallar verməyə başladılar və Allah da onların işini mürəkkəbləşdirdi. Əgər onlar: “Əgər Allah istəyərsə” – deməsəydilər, axtardıqları inəyi tapa bilməzdilər. Lakin onlar yuxarıda sadalanmış əlamətlərə malik inəyi tapa bildilər, onu kəsdilər, hərçənd onlar bunu etməməyə daha yaxın idilər.

(73) “Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız”.

İsraillilər inəyi kəsdikdən sonra onlar onun bir parçasını ölüyə vurmaq əmri aldılar. Ola bilsin ki, onlara inəyin müəyyən orqanı göstərilmişdi və ya ola da bilsin ki, onlar ölüyə inəyin istənilən hissəsi ilə toxuna bilərdilər, çünki bu halda heyvanın müəyyən orqanının göstərilməsi tamamilə mənasız idi. İsraillilər bu hökmü yerinə yetirdilər və onda Allah ölünü diriltdi. O, qatilin adını dedi və Allah onların gizlətməyə cəhd etdiklərinin üstünü açdı. Bütöv bir xalqın gözü qarşısında ölünün dirildilməsi, ölümdən sonra dirilmənin birmənalı həqiqiliyinə sübutdu və bu israilliləri düşündürməli və onlara zərər verə bilən şeylərdən onları uzaqlaşdırmalı idi.

(74) “Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir”.

İsraillilərə öyüd-nəsihət təsir etmədi. Allah onlara böyük mərhəmət və Öz möcüzələrini göstərməsinə baxmayaraq, onların qəlbi daha da sərtləşdi. Onların qəlbi sərtləşməməli idi, çünki onlar möcüzələri öz gözləri ilə görmüşdülər. Bu ilahi möcüzələr insanın qəlbini yumşaldır və onu Allaha itaətə yönəldirdi.
Uca Allah həmçinin xəbər verir ki, kafirlərin daş ürəkli olması hətta dəmirin sərtliyini də aşmışdır, çünki dəmir, qurğuşun və tunc daşlardan fərqli olaraq, odda əriyirlər. Ayədəki “hətta” ədatı göstərir ki, onların qəlbi öz sərtliyinə görə, daşdan qətiyyən seçilmir, lakin bu o demək deyildi ki, onlar bu meyara əsasən daşlardan üstün idilər.
Sonra Allah daşların kafirlərin qəlblərindən üstün olduğunu yada salır və buyurur ki, daşlar arasında elələri var ki, onlardan çeşmələr fışqırır. Onların arasında elələri də var ki, parçalanırlar və aralarından su axır. Elə daşlar da var ki, Allahın qorxusundan qopub düşürlər. Bu keyfiyyətlərinə görə hətta daşlar da kafirlərin qəlbindən üstündür və ona görə onlar ən sərt xəbərdarlığa layiqdirlər. Uca Allah israillilərə xatırladır ki, onların böyük və kiçik günahları Ona yaxşı məlumdur və onlar mütləq və tamamilə layiq olduqları əvəzi alacaqlar.
Qeyd etmək lazımdır ki, bir çox şərhçilər İsrail oğullarının rəvayətlərini öz əsərlərinin səhifələrində təkrarlayırlar. Onları Quran ayələrinə uyğunlaşdıraraq yəhudi əfsanələrini Allahın Kitabının şərhinə çevirirlər. Bu halda onlar Peyğəmbərin (s.ə.s.): “İsrail oğullarının adından rəvayət edin, çünki bunda qəbahətli bir şey yoxdur”.
Lakin mən belə hesab edirəm ki, İsrail oğullarının rəvayətlərini müsəlmanların müqəddəs mətnləri ilə əlaqələndirmədən və Allahın Kitabı ilə qarışdırmadan ayrıca danışmağa icazə verilir, çünki onu ancaq Peyğəmbərin (s.ə.s.) səhih hədisləri əsasında şərh etmək olar. Yəhudilərin rəvayətlərinə gəldikdə isə, səhih hədisdə deyilmişdir: “Kitab əhlinə inanmayın, lakin onların rəvayətlərini də rədd etməyin”. Yəhudi rəvayətlərinin səhihliyi şübhə doğurduqda (halbuki İslam dini hər bir müsəlmandan Müqəddəs Quranın mətninə və mənasına cüzi də olsa şübhə yeri qoymadan iman gətirməyi tələb edir)
(Kursiv mənimdir. F.S.) , Quran ayələrini, rəvayətçiləri naməlum olan bu hekayətlərin əsasında təfsir etmək qadağan olunur. Nəzərə alınmalıdır ki, onların əksəriyyəti qeyri səhihdir. Müqəddəs Quranın təfsiri şübhə doğurmamalıdır. Lakin bəzi şəriət alimləri buna əhəmiyyət verməmişlər və bunun nəticəsində yəhudi rəvayətləri Quranın şərhlərinə düşmüşdür. Doğru yolu tapmaqda kömək göstərən təkcə Allahdır!

(75) “Siz yəhudilərin inanacaqlarınamı ümid edirsiniz? Halbuki onlardan bir zümrə var idi ki, Allahın Sözünü eşidib anladıqdan sonra, bilə-bilə onu təhrif edirdilər”.

Möminlər Kitab əhlinin haqq dinə iman gətirəcəklərinə bel bağlamamalıdırlar, çünki onların əxlaqi siması buna ümid etməyə əsas vermir. Onlar Allahın Kitabının mənasını dərk etdikdən və səhih biliklər əldə etdikdən sonra, onu təhrif edir və Allahın verdiyi izahının əksinə olaraq yozurlar. Onlar istəyirlər ki, insanlar səhvən onların uydurmalarını Allahın vəhyi hesab etsinlər, halbuki, əslində bu belə deyildir. Məgər öz dini və fəxrləri hesab etdikləri Kitaba belə münasibət bəsləyən insanlar iman gətirə bilərlərmi? Doğrudan da, onların İslama gəlməsi, sadəcə, ağlasığmazdır.

(76) “Onlar möminlərlə rastlaşanda: “Biz iman gətirdik!” – deyir, bir-birləri ilə xəlvətdə qalanda isə: “Allahın sizə bildirdiyini onlara danışırsınız ki, Rəbbinizin yanında bunu sizə qarşı dəlil gətirsinlər? Məgər başa düşmürsünüz?” – deyirlər”.
Bu ayədə Uca Allah, əsil möminlərlə rastlaşdıqda özlərini də mömin göstərən Kitab əhlindən olan münafiqlərin əməllərindən xəbər verir. Onlar əsil həqiqətdə ürəklərində olmayan şeyləri dilləri ilə deyirlər. Bir-biriləri ilə təkbətək qalanda isə, yanlarında ancaq öz əqidədaşları olduğu halda, bir-birilərinə deyirlər: “Doğrudanmı siz özünüzü mömin adlandırıb möminləri inandırmağa çalışırsınız ki, siz də onlar kimisiniz? Belə davranaraq siz onlara əsas verirsiniz ki, sonradan bununla sizi günahlandırsınlar. Onlar elə başa düşəcəklər ki, guya haqqa ibadət edirlər və bizim baxışlarımız yanlışdır, sonra isə onlar dediklərinizi Rəbbin qarşısında sizin əleyhinizə dəlil gətirəcəklər. Doğrudanmı son nəticədə özünüzə qarşı çevriləcək əməllərdən əl çəkməyə ağlınız çatmır?” Belə söhbətləri onlar öz aralarında aparırlar.


(77) “Məgər onlar bilmirlər ki, Allah onların gizli saxladıqlarını və aşkara çıxartdıqlarını bilir?”

Onlar əsil baxışlarını gizlədir və zənn edirlər ki, möminləri özlərinə qarşı çevriləcək sübutlardan məhrum edə biləcəklər. Lakin onlar dərindən yanılırlar, çünki onların aşkarda etdikləri də, gizlətdikləri də Allaha məlumdur və Allah Öz bəndələrinə münafiqlərin həqiqi niyyətlərini dərk etməyə imkan verir.


(78) “Onların arasında Kitabı bilməyən elə savadsızlar vardır ki, onlar ancaq xülyalara dalar və ancaq zənnə uyarlar”.

Kitab əhli arasında elə cahillər var ki, tamamilə biliksizdirlər. Onlar Müqəddəs Kitablardan məlumatsız olduqları üçün təkcə boş xəyallara inanırlar. Bu o deməkdir ki, onlar, həqiqəti olduğu kimi dürüst bilən əcdadlarının əlində olmuş Kitab haqqında biliyə malik deyillər. Onlar Kitabı yalnız oxuyur, zənnə qapılır və öz ruhani xadimlərinə kor-koranə itaət edirlər.
Allah bu və bundan əvvəlki ayələrdə Kitab əhli arasında olan din xadimlərindən, nadan insanlardan, münafiqlərdən və həm də saleh möminlərdən bəhs edir. Din xadimləri öz azğın nəzəriyyələrindən möhkəm yapışmış, onların cahil tərəfdarları isə onlara kor-koranə itaət edirlər. Onların doğru yola gələcəklərini güman etməyə heç bir əsas yoxdur.


(79) “Vay o şəxslərin halına ki, onlar öz əlləri ilə kitab yazır, sonra da: “Bu, Allahın vəhyidir!” – deyirlər ki, onunla cüzi miqdarda pul əldə edə bilsinlər. Öz əlləri ilə yazdıqlarına görə vay onların halına! Qazandıqları şeyə görə vay onların halına!”

Uca Allah burada Müqəddəs Kitabları təhrif edən və qondardıqları şerləri Allahın nazil etdiyini iddia edən günahkarları təhdid edir. Onlar, maddi nemətlər əldə etmək ümidi ilə, yalan yayır və bilə-bilə haqqı gizlədirlər. Əldə etdiklərinin hətta hamısını – birincidən sonuncuya qədər, bir yerə cəmləşdirsən cüzi bir şey alınar. Onlar öz yalanlarını başqalarının malını ovlamaq üçün tələ kimi istifadə edirlər. Həm də onlar insanlarla iki qat ədalətsiz davranırlar. Birincisi, onlar insanları dinləri ilə əlaqədar aldadırlar. İkincisi də, onlar, səhih hökmlərə əsaslanmadan, müdhiş yalana istinad etməklə, haqsızcasına başqalarının malını mənimsəyirlər. Onlar, soyğunçulardan, oğrulardan və digər cinayətkarlardan daha ağır cinayət törədirlər. Məhz buna görə Allah, Kitabı təhrif etdiklərindən, yalan yaydıqlarından və qadağan edilmiş yolla mal əldə etdiklərindən ötrü onları cəzalandırmaqla hədələyir. “Vay onların halına!” ifadəsi sərt xəbərdarlıqdır və bu, onları məşəqqətlər və qəm-qüssə gözlədiyini bildirir.
Şeyxülislam İbn Teymiyyə son beş ayənin təfsirində demişdir: “Allah Müqəddəs Kitabların sözlərinin yerini dəyişdirənləri qınayır və bu tənə, uydurma bidətləri Müqəddəs Quranın və Sünnənin mətnləri ilə əsaslandırmağa can atanlara da şamildir. Allah Kitab haqqında biliyə malik olmayanları, ancaq boş xülyalara dalanları da danlayır. Bu, Quran üzərində düşünməkdən boyun qaçıran, onun sözlərini sadəcə tələffüz etməklə kifayətlənən və həmçinin Allahın yazısına zidd olan əsərlər qondaran, haqq dini inkar etməyə cəhd göstərən və özünün yanlış baxışlarını Allahın adına çıxardanlara da aiddir. Belə insanlar öz nəzər nöqtələrini şəriət və din adlandırır, Quranın və Sünnənin mənası sayır, saleh sələflərimizin və İslamın böyük alimlərinin baxışları hesab edir, İslam dininin əsas prinsipləri kimi qələmə verirlər ki, bunlar bütünlüklə və, xüsusilə də, ibadətdə müsəlmanlar üçün fərzdir. Bu danlaq, bəyan etdiyi “həqiqəti” heç kimin təkzib edə bilməməsi üçün Quran və Sünnə haqqında bildiklərini gizlədənə də aiddir. Buna, öz istəklərini həyata keçirməyə çalışanlar daha tez-tez yol verirlər. Ümumiyyətlə, belələrinə - rafiziləri, xüsusilə də bu və ya digər dini təlimlərin tərəfdarlarını örnək göstərmək olar”.


(80) “Onlar dedilər: “Od bizə ancaq bir-neçə gün toxunacaq!” De: “Məgər siz Allahdan əhd almışsınız? Allah verdiyi əhdə əsla xilaf çıxmaz! Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız?”

Kitab əhlinin yaramaz əməllərini xatırladıqdan sonra Uca Allah onların özlərini mömin hesab etmələri və Allahın cəzasından mütləq xilas ediləcəklərinə və bol savab qazanacaqlarına əmin olmaları barədə xəbər verir. Onlar belə hesab edirlər ki, əgər Cəhənnəmə düşsələr də od onlara cəmisi bir-neçə barmaqla sayılacaq gün ərzində toxunacaq. Onlar nəinki günah işlədirlər, həm də özlərini tam təhlükəsizlikdə hiss edirlər.
Lakin onların iddiaları tamamilə əsassızdır və buna görə Uca Allah onları təkzib etdi və Öz Elçisinə (s.ə.s.) belə deməsini buyurdu: “Ey Kitab əhli! Məgər siz Allahla əhd bağlamışsınız ki, onun əsasında öz Rəbbinizə və Onun Elçisinə iman gətirməli və Ona itaət etməlisiniz? Əgər bu doğrudursa, onda bu əhdə sadiq olan möminlər mütləq xilas olacaqlar, çünki Allahın əhdi qətidir və dəyişməzdir. Amma, ola da bilsin ki, siz qətiyyən bilmədiyiniz bir şeydə Allaha istinad edirsiniz?”
Uca Allah bildirir ki, Kitab əhlinin iddialarına iki qiymətdən birini vermək olar – üçüncü qiymət yoxdur. Əgər onlar doğrudan da Allahla əhd bağlayıblarsa və o əhdə sadiqdirlərsə, onda onların iddiaları doğrudur. Yox, əgər onlar Allaha şər atırlarsa, onda onların yalançı iddiaları onları daha müdhiş cəzaya və vicdansızlığa məhkum edəcəkdir. Lakin Kitab əhlinin əməlləri onlara Allahla əhd etməyə ümid yeri qoymur; axı onlar peyğəmbərlərin çoxunu rədd etmiş, onların bəzilərini öldürmüş, Allaha itaət etməkdən boyun qaçırmış və verdikləri vədlərini pozmuşlar. Bu o deməkdir ki, onlar səhih biliklərə malik olmadan iftiralar uydurur və Allaha şər atırlar. Bu isə, məlum olduğu kimi, Allaha böhtan atmaqdır ki, ən böyük günahlardan və ən ağır cinayətlərdən biridir.

(81) “Xeyr! Günah qazanan və xətaları özlərini bürüyən kimsələr – məhz onlar Od sakinləridir və orada əbədi qalacaqlar!”

Uca Allah bu ayədə nəinki Kitab əhli, həm də digər günahkarlar üçün ümumi hökm çıxarmışdır. Bu ittiham qətidir və o, fasiqlərdən kimin məhv ediləcəyi və kiminsə xilas olacağı haqqında puç xülyaları və əsassız iddialarını darmadağın edir. Bu iddialar həqiqətdən uzaqdır, çünki Cəhənnəmin əbədi sakinləri zalımlıq etmiş günahkarlardır və özlərini öz günahları ilə əhatə etmişlər.
“Seyyiət” (“pislik”) sözü şərti cümlədə qeyri-müəyyən haldadır, müşrikliyə və yerdə qalan digər bütün günahlara aiddir. Lakin bu sözlə ancaq müşriklik nəzərdə tutulur, çünki daha sonra deyilir ki, bu günahkarlar öz günahları ilə əhatə olunmuşlar. Günahları ilə mühasirə olunduqları halda onlar xilas yolu tapa bilməzlər. Bu isə ancaq müşriklərlə ola bilər. Əgər insan iman sahibidirsə, onda günahların onu hər tərəfdən əhatə etməsi mümkün deyil.
Bu ayəyə istinad edən xaricilər iddia edirlər ki, itaətdən çıxmış hər bir kəs kafirdir. Amma əslində bu ayə onlara qarşı dəlildir, çünki tamamilə aydındır ki, o, müşriklərdən bəhs edir. Hər dəfə, yanlış nəzəriyyə tərəfdarları öz yalanlarını Quran ayələri və ya səhih hədislər vasitəsi ilə əsaslandırmağa cəhd göstərdikdə, bu müqəddəs mətnlər onların əleyhinə dəlillərə çevrilir.

(82) “İman gətirib yaxşı işlər görənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar!”

Uca Allah ayədə Allaha, mələklərə, Kitablara, elçilərə və Qiyamət gününə iman gətirən və saleh əməl işləyən möminlər barədə xəbər verir. Hər hansı bir əməl, iki tələbə cavab vermirsə, saleh əməl adlandırıla bilməz. Birincisi, o, səmimiyyətlə Allaha həsr olunmalıdır. İkincisi, o, Allahın Elçisinin (s.ə.s.) Sünnəsinə müvafiq olaraq həyata keçirilməlidir.
Bu və bundan əvvəlki ayələrdən belə nəticə çıxarmaq olar ki, xilasa nail olanlar və böyük uğur qazananlar ancaq yaxşı əməllər işlətmiş möminlər olacaqlar, Cəhənnəmin xülyaları məhv olmuş sakinləri isə Allaha şərik qoşan kafirlər olacaqlar.

(83) “Bir zaman Biz İsrail oğulları ilə: “Allahdan qeyrisinə ibadət etməyəcək, valideynlərə, qohum-əqrabaya, yetimlərə və kasıblara xeyirxahlıq edəcək, insanlara xoş söz deyəcək, namaz qılacaq və zəkat verəcəksiniz!” – deyə əhd bağladıq. Sonra az bir qisminiz istisna olmaqla, haqdan üz çevirib döndünüz”.
İslamın əsas müddəalarına aid olan bu qayda bundan əvvəlki bütün dini şəriətlərdə də mövcud olmuşdur, çünki o, bütün zamanlarda və istənilən ölkədə öz əhəmiyyətini saxlayır, ləğv edilmir. O, Allahın dininin əsasını təşkil edir. Buna görə də aşağıdakı ayədə bizə də belə əmr edilmişdir: “Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın! Valideynlərə, qohum-əqrabaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah özünü öyənləri və lovğalıq edənləri sevmir” (Nisa, 4/36).
İsraillilər o dərəcədə bərkürəkli xalq idi ki, Allahın hökmlərini yerinə yetirmirdilər və O, onlarla sərt əhd bağlayana qədər haqqı qəbul etmirdilər. Əhd bağladıqdan sonra Allah onlara Tək Allaha ibadət etməyi tapşırdı və Ona şərik qoşmağı qadağan etdi. Bu – dinin əsas şərtidir və bunsuz Allah heç bir xeyirxah əməli qəbul etmir. Bu isə, Uca Rəbbin qarşısında bütün qullarının borcudur.
Allah onlara həm də ata-anaya yaxşılıq etmək hökmü verdi. Bu hökm – onları hər hansı söz və ya rəftarla razı salmaqdan ibarətdir. O, həm də valideynlərə itaətsizliyin, onlarla pis rəftarın qadağan olduğunu nəzərdə tutur, çünki onlara xoş münasibət onlara itaətsizlikdən əl çəkmədən mümkün deyil.
Yaxşı rəftar etmək hökmü bunun əksi olan rəftarın qadağan olunduğunu nəzərdə tutur. Valideynlərə yaxşı münasibət bəslənməsinə zidd olan iki əməl vardır: onlara pis münasibət göstərmək və pislik edilməsə də, yaxşı münasibət göstərməmək. Hərçənd bu iki əməlin hər ikisi günahdır, amma onlardan birincisi daha ağırdır. Qohumlara, yetimlərə və kasıblara yaxşılıq barədə də eyni sözləri demək olar. İnsanlara göstərilə bilən bütün xoş münasibətləri saymaq mümkün deyil və onlardan hər birinin öz həddi vardır.
Sonra Uca Allah israillilərə bütün insanlara yaxşılıq etməyi və gözəl sözlər söyləməyi əmr etmişdir. Bunlar, bəyənilən əməllər etməyə çağırışı və pis əməllərdən çəkindirməni, faydalı biliklər öyrətməyi və salam verməyi, səmimi söhbətlər etməyi və başqa gözəl sözləri ehtiva edir. Şübhə yoxdur ki, bir adam bütün insanların maddi ehtiyaclarını təmin edə bilməz və buna görə də Allah elə bir hökm nazil etdi ki, onun əsasında bütün məxluqlara xeyirxahlıq etmək olar. Məhz bundan ötrü Allah insanlara xoş və gözəl sözlər söyləməyi buyurdu. Bu hökm həm də ətrafdakılarla, onlar hətta kafir olsalar da belə, pis rəftar edilməsinə qadağa qoyulduğunu bildirir. Uca Allah buyurur: “İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin...” (Ənkəbut, 29/46).
Allah Öz qullarına ləyaqətlə danışmağı və ləyaqətli işlər görməyi buyurmuşdur. Mömin şəxs kobud və ədəbsiz söz və ya hərəkətlərə yol verməməli, söyüşməməli və faydasız mübahisələrə qoşulmamalıdır. Əksinə, o həmişə nəzakət qaydalarına riayət etməli və özünə layiq təmkinlik göstərməli, Allahın iradəsini yerinə yetirərək və Onun verəcəyi savablara ümid bəsləyərək, insanlarla mehribancasına davranmalı və onların etdikləri haqsızlıqları səbirlə ötürməlidir.
Sonra isə, Uca Allah namaz qılmağı və zəkat verməyi əmr edir. Biz əvvəlcə demişdik ki, namaz – Tək Allaha səmimi qəlbdən ibadət etməyi təcəssüm etdirir, zəkat isə, Onun qullarına bəslənən xeyirxah münasibətdir. Ağıllı və uzaqgörən adam bu və digər hökmlər barədə düşünərsə, ona aydın olar ki, belə hökmlərin nazil edilməsi və belə əhdin bağlanması Allahın İsrail oğullarına göstərdiyi mərhəmətindən irəli gəlirdi. Lakin onlar Allahın iltifatından nifrətlə üz döndərdilər. İnsan, sonradan ona qayıtmaqla, hökmdən uzaqlaşa bilər, amma israillilər Rəbbin iradəsini icra etmək üçün qayıtmağı, heç az da olsa belə, arzu etmirdilər. Ey AllAh, bizi belə azğınlıqdan saxla!
İsraillilərin ancaq az bir hissəsi haqdan üz döndərmədilər. Allahın bu barədə də xəbər verməsinin səbəbi, insanların, bütün israillilərin Onun hökmünü yerinə yetirməkdən boyun qaçırmaları kimi səhv zənnə düşməməklərindən ötrüdür. Bu azsaylı insanlar, Onun günahlardan qoruduğu və hidayət yoluna yönəltdiyi şəxslərdir.



(84) “O zaman Biz sizinlə: “Bir-birinizin qanını tökməyəcəksiniz, bir-birinizi yurdlarınızdan çıxarmayacaqsınız!” – deyə əhd kəsdik. Sonra da siz özünüz şahidlik edərk bu əhdi təsdiqlədiniz”.


(85) “Siz o kəslərsiniz ki, bir-birinizi öldürürsünüz, özünüzdən olan bir dəstəni öz yurdundan çıxarırsınız, onlara qarşı pislik və düşmənçilik etməkdə bir-birinizə kömək edirsiniz. Onlar əsir tutulub yanınıza gətiriləndə, fidyə verib onları azad edirsiniz. Halbuki onları yurdlarından çıxartmaq sizə haram edilmişdi. Yoxsa siz Kitabın bir qisminə inanıb digər qismini inkarmı edirsiniz? Sizlərdən bunu edənin cəzası dünya həyatında rüsvay olmaq, Qiyamət günü isə ən şiddətli əzaba məhkum olmaqdır. Allah sizin etdiklərinizdən bixəbər deyildir”.

Bu ayədə, vəhylərin Mədinədə nazil edildiyi dövrdə yaşamış İsrail oğullarının törətdiyi əməldən bəhs edilir. Ərəb qəbilələri olan əl-Aus və əl-Xəzrəc, onlar sonradan Peyğəmbərin (s.ə.s.) Mədinə sakinləri arasından köməkçiləri - ənsarlar oldular, peyğəmbərliyin başlanmasına qədər müşrik idilər və cahiliyyə dövründə qəbul olunduğu kimi, bir-biriləri ilə vuruşardılar. Onların yaxınlığında üç yəhudi qəbiləsi məskən salmışdı: bəni Qureyzə, bəni ən-Nadir və bəni Qaynuqa. Bu qəbilələrdən hər biri Mədinədə müxtəlif ərəb qəbilələri ilə sülh müqaviləsi bağlamışdılar və ərəblər bir-biriləri ilə müharibəyə başlayanda, yəhudilər öz müttəfiqləri olan ərəblərə digər ərəb qəbiləsi ilə olan döyüşdə kömək edirdilər. Həmin ərəb qəbiləsinə isə yəhudilərin digər qəbiləsi kömək edirdi. Beləliklə, yəhudilərin bir qismi o biri qismini öldürür və məsələ soyğunçuluğa və hətta yaşadığı yerlərdən qovulmağa gedib çıxdıqda onları öz evlərindən qovub çıxarırdılar. Müharibə sakitləşəndə isə döyüşən tərəflər öz əsir düşmüş həmqəbilələrini pul verib geri alırdılar.
Yəhudilərə üç hökm nazil edilmişdi – bir-birinin qanını tökməmək, evlərindən və məskənlərindən bir-birini qovmamaq və əsir düşmüş yəhudiləri əsirlikdən pul verib azad etmək. Onlar ilk iki hökmü pozaraq, ancaq üçüncünü yerinə yetirirdilər ki, bu da onların Allah tərəfindən qınanmasına səbəb olmuşdu. Onlar Kitabın bir hissəsinə iman gətirərək, pul verib əsirləri geri alırdılar, lakin onun digər hissəsini rədd edərək, bir-birilərini öldürür və öz qardaşlarını doğma yerlərindən qovub çıxarırdılar.
Bu ayədən belə bir nəticə çıxır ki, iman insanı Allahın hökmlərini yerinə yetirməyə və Onun qadağanlarını pozmaqdan çəkinməyə məcbur edir və xeyirxah əməllərin həyata keçirilməsi isə imanın bir hissəsidir.
Yəhudilərə gəldikdə isə, onlara verilən əvəz – bu dünyada rüsvayçılıq oldu. Allah onları biabır etdi və Öz Elçisinə (s.ə.s.) onlara üstün gəlməyə imkan verdi və nəticədə onların bəziləri öldürüldü, digərləri əsir düşdü və daha başqaları isə öz evlərindən qovuldular. Qiyamət günü isə onlar daha dəhşətli cəzaya məruz qoyulacaqlar, axı Allah Öz qullarının törətdiyi əməllərə biganə qalmır.


(86) “Onlar Axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir”.

Uca Allah İsrail oğullarını Kitabın bir hissəsinə inanmağa, digər hissəsini isə rədd etməyə vadar edən səbəb barədə xəbər verir. Səbəb odur ki, onlar Axirət həyatı hesabına dünya həyatını satın aldılar. İsraillilər qərara almışdılar ki, müttəfiqlərinə kömək etməsələr, rüsvay olunarlar. Onlar bu dünyada utanıb biabır olmaqdansa, yanar Cəhənnəmə düşməyi üstün tutdular və buna görə onların cəzası azaldılmayacaqdır. Əksinə, onlara veriləcək işgəncə daima dözülməz olacaqdır. Onlara istirahət etməyə imkan verilməyəcəkdir və heç kim onlara bu dəhşətli və xoşagəlməz cəzadan xilas olmağa kömək etməyəcəkdir.


Tarix: 20.04.2013 / 15:21 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 722 Bölmə: Sureler