beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

“ALİ-İMRAN” (“İMRANIN AİLƏSİ”)SURƏSİNİN TƏFSİRİ 1-50 ayələr

“ALİ-İMRAN”
(“İMRANIN AİLƏSİ”)
SURƏSİNİN TƏFSİRİ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(1) “Əlif. Ləm. Mim”.

Bu hərflərin mənası Allahdan başqa heç kimə məlum deyil.

(2) “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaradılanların Qəyyumudur”.

(3) “O, sənə Kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi – ”

(4) “daha əvvəl insanlara doğru yolu göstərən rəhbər olmaq üçün. Furqanı da O nazil etdi. Şübhəsiz ki, Allahın ayələrini inkar edənlər üçün şiddətli bir əzab vardır. Allah Qüdrətlidir, intiqam almağa qadirdir”.

Uca Allah ən kamil həyat sürən Canlı olaraq müstəqil sürətdə Öz həyatını və bütün məxluqların varlığını təmin edir. O, onların dini və dünyəvi işlərini idarə edir və Öz qədərini həyata keçirir. O, Öz Peyğəmbərinə (s.ə.s.) mütləq həqiqəti əks etdirən Kitab nazil etmişdir ki, ona şübhə etmək olmaz. Bu Kitab əvvəlki səmavi Kitabların həqiqiliyini təsdiqləmişdir. O, əvvəlki Kitablarda nazil edilmişlərə uyğun gələn Haqqı bəyan etmiş və əvvəlki elçilərin doğruçuluğunu sübuta yetirmişdir.
Müqəddəs Qurana qədər nazil edilmiş Tövrat və İncil, peyğəmbərlər silsiləsində sonuncu olan Muhəmməd Peyğəmbərin (s.ə.s.) gəlişinə qədər insanlar üçün doğru rəhbərlik kimi qalmışdı. Ona nazil edilmiş Böyük Kitab doğru yol göstərən rəhbər oldu və onun sayəsində məxluqlar yanlışlıqlardan azad olmaq, cahillikdən qurtulmaq, həqiqəti yalandan, xoşbəxtliyi bədbəxtlikdən, doğru yolu – Cəhənnəmə aparan yollardan ayırmaq imkanı əldə etdilər. Kim bu Kitaba iman gətirib düz yolla gedibsə, o, həm bu dünyada və həm də Axirətdə böyük nemət və mükafat əldə etmişdir. Kim Allahın Müqəddəs Quranda və Allahın Elçisinin (s.ə.s.) dili ilə izah etdiyi ayələrə iman gətirməkdən boyun qaçırmışdırsa, o, özünü çox ağır cəzaya məhkum etmişdir. Axı Allah nəhəng hakimiyyətə sahibdir və hər bir itaətsiz quldan intiqam almağa qadirdir.

(5) “Şübhəsiz ki, nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz”.

(6) “Bətnlərdə sizə istədiyi surəti verən Odur. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir”.

Uca Allahın mükəmməl hakimiyyətinin dəlili, Onun məxluqlarının hər birinin haqqında hərtərəfli biliyə malik olmasıdır, çünki nə göylərdə və nə də yerdə heç nə Ondan gizlənə bilməz. Ona hətta ana bətnində olanlar da məlumdur və orada O, məxluqlarını istədiyi şəklə salır. O, onları kişi və qadın, erkək və dişi kimi yaradır, bəzilərinin simasını kamil və nöqsansız, digərlərini isə qüsurlu və nöqsanlı yaradır və onların hamısı Onun ecazkar hikmətinə müvafiq olaraq mərhələlər üzrə inkişaf edirlər. O, Öz yaratdıqlarına, onları xəlq etdiyi andan onların tam yox olmasına qədər, fasiləsiz qayğı göstərir. Heç kim Onun bu hakimiyyətinə şərik deyil və heç kimin onunla bərabər ibadət olunma haqqı yoxdur. Allahdan başqa ilah yoxdur, O Öz hakimiyyəti sayəsində bütün yaratdıqlarını Özünə tabe etmişdir. O, bütün nöqsanlardan və qınaqlardan ucadır və O, ancaq ilahi hikmətinə əsasən yaradır və hökm verir.


(7) “Kitabı sənə nazil edən Odur. O Kitabın hər qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan ayələrdir. Qəlbində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər”

Uca Allah bu gözəl ayədə Özünün Əzəməti, Öz hakimiyyətinin mükəmməlliyi və özünəbəsliyi haqqında xəbər verir. Müdrik nəsihətlərdən, bəlağətli ayələrdən, yığcam hekayətlərdən və faydalı hökmlərdən ibarət olan və başqa Kitablara üstün gələn bu Böyük Kitabı O, təklikdə nazil etmişdir. Bu Kitabın ayələri içərisində elə aydın mənalı vəhylər vardır ki, onları mənalarının əksinə izah etmək mümkün deyil. Lakin onların arasında məcazi məna daşıyan (mütəşabeh) ayələr də var ki, onları eyni zamanda bir neçə formada şərh etmək olar və onların səhihliyini ancaq aydın ifadə edilmiş ayələrin müqayisəli şəkildə tutuşdurulması ilə müəyyənləşdirmək mümkündür.
Qəlbində xəstəlik olanlar – öz bəd niyyətlərinə görə haqdan yayınanlar, mütəşabeh ayələrin dalıyca düşərək, onları öz yanlış fikirlərini və nöqsanlı baxışlarını əsaslandırmaq üçün istifadə edirlər. Bu üsulla onlar fitnə-fəsad yayır, Allahın Kitabını təhrif edir və onu öz istəklərinə uyğun tərzdə yozurlar. Onlar azğınlıq içində sərgərdan gəzir və ətrafdakıları da yoldan sapdırırlar. Əsaslı biliklərə malik olan və qəlbi bilik və imanla dolu möminlərə gəldikdə isə, onlar yaxşı işlər görür, müdrik qərarlar qəbul edir və qəti inanırlar ki, Müqəddəs Quran bütövlüklə Allah tərəfindən nazil edilmişdir. Onlar bilirlər ki, bütün ayələr – açıq və məcazi mənalı ayələr – həqiqidirlər və bir-birilərinə zidd ola bilməzlər.
Onlar bilirlər ki, aydın ifadə edilmiş ayələrin mənası heç bir şübhə doğurmur və onu kamil bilik və müdrikliyə sahib olmayanları çaşdıran mütəşabeh (məcazi mənalı) ayələrin şərhi ilə müqayisə edirlər. Aydın və mütəşabeh ayələrin müqayisə edilməsi sayəsində bütün Quran vəhyləri tamamilə aydınlaşır və buna görə onlar Müqəddəs Quranı bütöv və tamamilə qəbul edirlər. Lakin bu faydalı bilikləri təkcə düzgün düşüncə və təfəkkür qabiliyyətinə malik olan ağıllı kişilər mənimsəyirlər.
Bütün deyilənlərdən aydın olur ki, aydın və məcazi mənalı ayələrin müqayisə edilməsi – dərrakəli insanların xüsusiyyətidir, təkcə məcazi ayələrin ardıyca düşmək isə, baxışları yanlış olan, sağlam düşüncə qabiliyyəti olmayan bəd niyyətli insanları fərqləndirən əlamətdir.
Sonra Allah bildirir ki, mütəşabeh ayələrin yozumunu Ondan başqa heç kim bilmir. Bu halda yozum dedikdə, həqiqəti hərtərəfli dərk etmək və vəhyin ən dərin mənalarını anlamaq nəzərdə tutularsa, belə tərcümə doğrudur, çünki belə biliklərə sahib olan təkcə Allahdır. Yox, əgər yozum dedikdə ayənin mənası nəzərdə tutulursa, onda bu ayəni aşağıdakı kimi tərcümə etmək daha düzgün olardı: “Qəlbi kənara meyl edənlər məcazi ayələrin ardıyca gedirlər ki, fitnə-fəsad yaysınlar və istədikləri yozuma nail olsunlar, halbuki Allahdan və əsas bilikləri bilənlərdən başqa heç kim bunun yozumunu bilmir”. Bu sözlərdə əsaslı biliklərə malik olanların, Quranın və Sünnənin həm aydın və həm də məcazi mətnlərini düzgün anlamaq qabiliyyəti olan İslam alimlərinin ünvanına tərif vardır.

(8) “Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən Bəxşedənsən”.

Bu ayələrdə söhbət, yanlış baxışlara etiqad edənlər və doğru yolla gedənlər arasında həddin müəyyənləşdirilməsi məsələsinə aid olduğuna görə, Uca Allah bildirir ki, bilik sahibi olan möminlər həmişə Ona dua edirlər ki, onları imanlarında möhkəmlətsin və O, onları doğru yola yönəltdikdən və əməllərini islah etdikdən sonra, onların qəlbini həqiqətdən yayındırıb azdırmasın, axı onların Rəbbinin mərhəməti və nemətləri hədsiz dərəcədə böyükdür.
Başqa ayələrdə isə Allah ürəklərin azğınlığa meyl etməsinin səbəbləri haqqında xəbər verir. Bu səbəb – insanların özlərinin bəd əməlləridir və buna görə Uca Allah buyurur: “...Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz” (Saff, 61/5).
“Bir surə nazil edildiyi zaman onlar: “Sizi kimsə görürmü?” – deyə bir-birilərinə baxır, sonra da üz çevirib gedirlər. Anlamayan adamlar olduqlarına görə Allah onların qəlbini imandan məhrum etmişdir” (Tövbə, 9/127).
“Biz onların ürəklərini və gözlərini ilk dəfə ona iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içərisində sərgərdan dolaşan vəziyyətdə tərk edərik” (Ənam, 6/110).
Əgər qul öz Rəbbindən üz döndərirsə və düşmənini özünə hami seçirsə, əgər o, haqqı görərək onu qəbul etməkdən boyun qaçırırsa, əgər o, açıq-aşkar yalana üstünlük verirsə, onda Allah onu özünün çevrildiyi tərəfə döndərir. Onun qəlbini isə, Allah, bir cəza kimi, həqiqətdən yayındırır, çünki o özü həqiqətdən yayınmağı üstün tutmuşdu. Allah onunla zalımcasına davranmır, o, özü özünə qarşı zalımlıq edir. Buna görə, o, özündən başqa, heç kimi qınamamalıdır. Bu barədə ən yaxşı bilən Allahdır.

(9) “Ey Rəbbimiz! Həqiqətən, gerçəkləşəcəyinə şübhə edilməyən bir gündə insanları bir yerə Sən yığacaqsan. Həqiqətən, Allah vədinə xilaf çıxmaz!”

Bu – dərin biliklərə malik insanların sözləridir. O sözlər yenidən dirilmə və əməllərə görə əvəzin veriləcəyi gerçəkliyini ehtiva edir, o insanların Axirət həyatına qəti iman gətirdiklərini və Allahın Öz vədini mütləq yerinə yetirəcəyini sübut edir. Bu o deməkdir ki, dərin biliklərə malik olan möminlər dirildiləcəklərini bilərək çalışır və ona hazırlaşırlar, çünki əsil möminliyin əsasını təşkil edən dirilməyə və əməllərin əvəzini almağa iman insanda yaxşılıq etmək meyli və cinayət törətməmək istəyi – xeyirxahlığın və müvəffəqiyyətin rəhni olan iki güclü hiss yaradır.


(10) “Kafir olanların nə malları, nə də övladları onlara Allahın dərgahında heç bir şeylə fayda verə bilməz. Onlar Cəhənnəmin yanacağıdırlar”.

(11) “Onların əməli Firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir”.

Uca Allah Qiyamət gününü yada saldıqdan sonra, bildirir ki, Allaha iman gətirməyi rədd edən və elçiləri yalan söyləməkdə günahlandıran kafirlər mütləq Cəhənnəmə düşəcəklər, çünki nə var-dövlət, nə övladları heç nə ilə onlara Onun verəcəyi cəzadan xilas olmağa kömək edə bilməyəcəklər. Onlara bu dünyada da, Allahın ayələrinə iman gətirməkdən boyun qaçırmış Fironun və bütöv xalqların başına gətirilmiş, əzaba qatlaşmağa və bədbəxtliyə düçar olacaqlar, çünki Allahın belə insanları dünyəvi cəzalara məruz qoyması onların birbaşa Axirət həyatındakı cəzalarla bilavasitə bağlı olmasına görədir. Allah şiddətli Cəzaverəndir və insanlar Onun dəhşətli intiqam alacağına laqeyd münasibət bəsləməməli və kafirliyin və haqqı danmağın təhlükəsini layiqincə qiymətləndirməməkdən çəkinməlidirlər.

(12) “Kafirlərə de: “Siz tezliklə məğlub olacaq və Cəhənnəmə toplanacaqsınız! Ora nə pis yataqdır!”


(13) “Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır”.

Bu ayə möminlər üçün müjdə və kafirlər üçün qorxuducu xəbərdarlıq oldu və sonunculara vəd edildi ki, onlar elə bu dünyadaca mütləq məğlubiyyətə uğradılacaqlar. Sonradan hər şey Allahın öncədən dediyi kimi oldu və kafirlər, tarixdə o vaxtadək eşidilməmiş bir tərzdə, məğlub edildilər.
Uca Allah Bədr döyüşünü Onun Elçisinin (s.ə.s.) doğruluğunu təsdiq edən möcüzələrindən biri etdi. O döyüş, Muhəmməd Peyğəmbərin (s.ə.s.) düz yol tutduğuna, onun (s.ə.s.) düşmənlərinin isə yalana etiqad etdiklərinə parlaq bir nümunə oldu. Bu döyüşdə üz-üzə iki qoşun dayanmışdı. Müsəlmanların sayı üç yüz on nəfərdən bir az çox idi, pis silahlanmış və pis təchiz olunmuşdular, kafirlərin sayı isə min nəfərə çatırdı. Onlar hamısı yaxşı hazırlanmış, silahlanmış və döyüş üçün zəruri olan hər şeylə təchiz edilmişdilər. Buna baxmayaraq, Allah möminlərə yardım göstərdi və öz Rəbbinin iradəsi ilə onlar kafirləri sarsıdıcı məğlubiyyətə uğratdılar ki, bu da, bütün sağlam ağıl sahibləri üçün ibrət dərsi oldu. Əgər İslam dini, yalanın onun qarşısında dayana bilmədiyi haqq din olmasaydı, kafirlər öz açıq-aşkar üstünlüklərinə görə bu döyüşdə qələbə çalardılar.


(14) “Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır”.

Bu və bundan sonrakı ayələrdə Uca Allah bildirir ki, insanlar gələcək Axirət həyatı qarşısında dünyəvi həyata üstünlük verirlər. Uca Allah həmçinin izah edir ki, yerdəki məskənlə Axirət aləmindəki həyat arasında nəhəng bir fərq vardır. Adamların gözlərini qamaşdıran dünyəvi zövq onlara xoş gəlir və onların ürəklərini özünə bağlayır. Hər bir adam, onun ən əziz istəklərindən birinə və ən yüksək məqsədinə çevrilmiş saydığımız dünyəvi nemət növlərindən birinə aludə olur, halbuki, əsil həqiqətdə, onlar ancaq cüzi əhəmiyyətə malik və keçicidir və tez də yoxa çıxar.


(15) “De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görür”.

Uca Allah bildirir ki, əgər insan Allahdan qorxarsa və Ona layiqincə ibadət edərsə, onda o, yerdə mövcud olan bütün ləzzətlərdən dəfələrlə yaxşı mükafata nail olar. Belə insanlar cürbəcür həzzverici ləzzətlərdən zövq alacaq, əbədi səadətdən və gözlərin görmədiyi, qulaqların eşitmədiyi və təsəvvür edilməsi belə mümkün olmayan ecazkarlıqlardan məmnuniyyət duyacaqlar. Onlar Allahın lütfkarlığını qazanacaqlar ki, bu hər hansı mükafatdan yaxşıdır. Bunlarla yanaşı onlar bütün nöqsanlardan və qüsurlardan azad və kamil əxlaqa və gözəl simaya malik pak zövcələrlə əylənməkdən zövq alacaqlar. Bir sıra keyfiyyətlərin inkarı həmişə digərlərinin təsdiqini nəzərdə tutur və buna görə Cənnət zövcələrinin qüsurlarının olmaması onlarda ən gözəl keyfiyyətlərin varlığına dəlalət edir.
Allah qullarını müşahidə edir və onların xəlq edildiyi məqsədə müvafiq olaraq fəaliyyət göstərmələrinə imkan verir. Əgər insana bəxtəvər möminlik nəsib olarsa, onda Allah ona əbədi Son həyat naminə çalışmağa və dünyəvi nemətlərdən istifadə etməyə kömək göstərir ki, o, ancaq Ona yaxşı ibadət etsin və müti olsun. Əgər insana bədbəxt günahkarlıq nəsib olarsa və o, haqdan dönərsə, onda Allah ona günah etməyə, dünyəvi həyatdan ləzzət almağa, onu son məskəni sayaraq öz ümidlərini onunla bağlamağa mane olmur.


(16) “O kəslər ki: “Ey Rəbbimiz! Həqiqətən, biz iman gətirdik, bizim günahlarımızı bağışla və bizi Od əzabından qoru!” – deyirlər”.

Dərin biliklərə və möhkəm imana sahib olan möminlər özlərinin imanı sayəsində Allaha yaxınlaşmağa səy göstərirlər ki, Onun əfvinə layiq olsunlar və Cəhənnəm cəzasından xilas edilsinlər. Allah qullarının həqiqi iman və şərəfləndirdiyi xeyirxah əməllərlə Ona yaxınlaşmalarını xoşlayır. O, belə qullarına ən gözəl nemətlərini bəxş edir ki, onlar kamil mükafatlar əldə etsinlər və cəzadan qurtula bilsinlər. Sonra Allah bu möminlərin gözəl keyfiyyətlərini təsvir edərək buyurur:



(17) “onlar səbir edən, doğru danışan, müti olan, malından Allah yolunda xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir”.

Səbirli olmaq dedikdə, özünü Allaha xoş gələn işlərə həsr etmək, Onun rəğbətini qazanmaq nəzərdə tutulur. Möminlər Allahın hökmlərini səbirlə yerinə yetirirlər, səbirlə itaətsizlikdən çəkinirlər və taleyin çətinliklərinə mətanətlə üstün gəlirlər. Onlar sözlərində də, işlərində də doğruçudurlar, onların zahiri görkəmi mənəvi simasına tamamilə uyğun gəlir, çünki onların doğru yolla getmək niyyəti səmimidir. Onlar müti olaraq və usanmadan Allaha tabe olur, Onun qarşısında öz itaətkarlığını büruzə verərək, qorxu hissi keçirirlər. Onlar öz əmlakını xeyirxah məqsədlərə xərcləyir və kasıbların, ehtiyacı olanların xeyrinə sədəqə verirlər. Bunlarla yanaşı, möminlər Allaha onları bağışlaması üçün, xüsusilə, sübh çağına yaxın vaxtda dua edirlər, çünki onlar Uca Allahdan əfv etməsini diləyəndə gecə namazları sübhə qədər uzanır.


(18) “Allah Özündən başqa tanrının olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ilah yoxdur, Qüdrətlidir, Müdrikdir”.

Qüdrətli Hökmdar, mələklər və elm sahibi olan qullar Allahın birliyi və Onun ədalətliliyindən ibarət olan ən böyük həqiqəti təsdiq etmək üçün bu şərəfli şəhadəti vermişlər. Bu şəhadət, İslam şəriətinin və Allahın əməllərə görə əvəz verməklə bağlı olan bütün qanunlarının ədalətliliyini və təkcə Onun ilahi qüdrətə, şöhrətə, hakimiyyətə, səxavətə, yaxşılığa, rəhmə, gözəlliyə və digər əzəmətli keyfiyyətlərə malik olduğunu qəbul etməyi və həmçinin heç bir məxluqun nail ola bilməyəcəyi Allahın mütləq kamilliyini qəbul etməyi nəzərdə tutur. Bundan başqa, yaradılmışlar Allahın Kamilliyini layiqincə nə dərk etmək, nə də tərifləmək bacarığına malik deyillər.
Allahın ədalətliliyinə gəldikdə isə, əmr olunmuş bütün ibadət ayinləri və insanlar arasında qanuniləşdirilmiş münasibətlər və həmçinin dini hökmlər və qadağalar ədalətli və qərəzsizdir. Onlarda özbaşınalığa və ədalətsizliyə yer yoxdur, çünki onların hamısı hikmətli və kamildir. Məxluqlara xeyirxah və bəd əməllərinə görə əvəz verilməsi də ədalətli və qərəzsiz olacaqdır.
Uca Allah buyurur: “De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir...” (Ənam, 6/19). Tövhid, İslam dini və ədalətli əvəz, ən şübhəsiz bir həqiqətdir ki, şəkk gətirilməsi mümkün olmayan dəlillərlə təsdiq edilmişdir. Allah bu həqiqəti o qədər sübut və dəlillərlə əsaslandırmışdır ki, onları saymaq mümkün deyildir.
Bu ayə biliyin faydasını və şəriət alimlərinin üstünlüyünü xüsusilə vurğulayır, çünki Allah onları digər insanlardan ayırır və onların şahidliyini Özünün və mələklərinin şahidliyi ilə yanaşı xatırladaraq, onların şəhadətini tövhidin, İslam dininin və əməllərə görə veriləcək əvəzin həqiqiliyini sübut edən ən böyük dəlillərdən biri kimi bəyan edir. Bu isə o deməkdir ki, insanlar onların ədalətli və doğru şahidliklərini qəbul etməyə borcludurlar. Bu həm də onu göstərir ki, İslam alimləri etibara layiqdirlər və insanlar onların ardıyca getməlidirlər. Məhz onlar təqlid olunmaq üçün nümunədir və bu, onların şöhrətini, böyüklüyünü və hətta təsəvvür etmək çətin olan yüksək mövqeyini təsdiq edir.

(19) “Həqiqətən, Allah dərgahında qəbul olunan din – İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir”.

Uca Allah bu ayədə bildirir ki, İslam – yeganə dindir ki, O, onu Öz qullarından qəbul edir. İslam – bir olan Allaha qulun qəlbi və canı ilə tam təslim olmasıdır ki, O, bunu Özü elçilərinin dili ilə əmr etmişdir. Uca Allah buyurur: “İslamdan başqa bir din axtaran şəxsdən, o din heç vaxt qəbul olunmaz və o, Axirətdə ziyana uğrayanlardan olar” (Ali-İmran, 3/85). Əgər insan İslam dininə etiqad etmirsə, deməli o, Allaha layiqincə xidmət etmir, çünki o, Allahın Öz elçilərinin dili ilə əmr etdiyi yolla getmir.
Sonra Uca Allah bildirir ki, Kitab əhli həqiqəti bilirlər, lakin aralarındakı ziddiyyətlərə görə, öz inadcıllıqları və zalımlıqları üzündən ondan yayınırlar. Onlara ixtilaf etməməyi və qəti olaraq həqiqi dinin ardıyca getməyi məcburi edən elm çatdırılmışdır. Muhəmməd Peyğəmbərin (s.ə.s.) peyğəmbərliyinin başlanması ilə onlar onun (s.ə.s.) həqiqi peyğəmbər olduğunu bilmişdilər, buna baxmayaraq, həsəd, ədalətsizlik və Allahın ayələrini inkar etmələri onların haqqa tabe olmalarına imkan vermədi. Əgər insan Allahın vəhylərinə iman gətirməyi rədd edirsə, qoy o, yaxın haqq-hesab Saatını gözləsin, çünki o Saat mütləq gələcək və onda Allah bütün insanlara etdikləri əməllərinə görə əvəzlərini verəcəkdir.


(20) “Əgər onlar səninlə mübahisə edərlərsə, de: “Mən özümü ardımca gələnlərlə birlikdə Allaha təslim etmişəm!” Kitab verilənlərə və savadsızlara isə de: “Siz də təslim oldunuzmu?” Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq haqqı təbliğ etməkdir. Allah qullarını görür”.

İslamın – Allahın yeganə gerçək dini olduğunu və Kitab əhlinin Muhəmməd Peyğəmbərlə (s.ə.s.) açıqcasına mübahisə edərək, onun təliminin həqiqiliyinə əmin olduqdan sonra, ona iman gətirməkdən boyun qaçırdıqlarını izah etdikdən sonra, Uca Allah Öz Elçisinə (s.ə.s.) əmr edir ki, o özünün, Rəbbinə tam tabe olmağa razılaşan ardıcılları ilə bərabər, qəlbi və cismi ilə Allaha itaət etdiyini bəyan etsin.
Uca Allah ona (s.ə.s.) buyurur ki, Kitab əhlinə və həmçinin Müqəddəs Kitab verilməmiş savadsız ərəblərə və digər xalqlara desin: “Əgər siz İslamı qəbul etsəniz, onda düz yolla gedəcək, doğru rəhbərliyə və haqqa nail olacaqsınız. Yox, əgər üz çevirsəniz, onda Allahın qarşısında cavab verməli olacaqsınız. Mən sizə, sadəcə, mənə vəhy olunmuş xəbəri çatdırıram və mən artıq öz vəzifəmi yerinə yetirdim və haqqı sizə çatdırdım”.

(21) “Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri üzücü bir əzabla müjdələ”.


(22) “Onların əməlləri həm bu dünyada, həm də Axirətdə heç olacaq, onların yardımçıları da olmayacaqdır”.

Burada Allahın ayələrinə iman gətirməyi rədd edən canilərdən bəhs edilir. Onlar Allahın elçilərini yalançılıqda günahlandırır və insanların qarşılarında ən çox borclu olduqları adamların əleyhinə ən dəhşətli cinayətlər törədirdilər. Onlar, səmavi dinlərin və sağlam ağıl sahiblərinin dəvət etdikləri ədaləti tələb edən Allah elçilərinin və mömin alimlərin çoxunu həyatdan məhrum edirdilər. Bu günahkarların əməlləri bu dünyada faydasız idi və Axirət həyatında da səmərəsiz olacaqdır, çünki onlar ancaq işgəncəli cəzalar qazanmışlar. Heç kim onları qisasdan xilas etməyəcək və heç kim onları amansız cəzadan qoruya bilməyəcək.


(23) “Kitabdan özlərinə bir pay verilmiş kəsləri görmədinmi? Onlar, aralarında hökm versin deyə, Allahın Kitabına dəvət olunurlar, sonra da onlardan bir dəstə haqdan üz çevirir”.

Doğrudanmı sən, Kitabdan bir hissə pay verilmiş insanları görməmiş və onlara təəccüblənməmişdin? Onları, Allahın elçilərinə nazil etdiyi əvvəlki vəhylərini təsdiq edən Kitabına iman gətirməyə dəvət edəndə, onlar ondan üz döndərdilər və haqqa boyun əyməyi rədd etdilər. Onları, haqqa başqalarından daha yaxın olduqları və Muhəmmədin (s.ə.s.) təbliğ etdiyi təliminin gerçək olduğunu hamıdan yaxşı bildikləri halda, ondan dönməyə nə vadar etdi? Sonra Allah onların kafirliyinin iki səbəbi haqqında xəbər verərək bildirir:


(24) “Bu, onların: “Od bizə ancaq bir neçə gün toxunar!” – demələrinə görədir. Onları öz dinlərində uydurduqları şeylər aldadıb yoldan çıxartdı”.


(25) “Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?”

İlk səbəb o idi ki, onlar özlərini əmin-amanlıqda hiss edirdilər və xilas olacaqları barədə yalandan şahidlik edirdilər. Onlar elə zənn edirdilər ki, guya Cəhənnəm alovu onlara ancaq bir-neçə gün ərzində toxunacaq. Onlar, sanki Rəbbin niyyəti onların arzusundan asılıymış kimi, öz istəklərinə uyaraq, özləri özlərini məhkum etdilər. Onlar hətta belə demişdilər: “...Yəhudilərdən və xaçpərəstlərdən başqa heç kəs Cənnətə daxil olmayacaq!..” (Bəqərə, 2/111). Lakin bu, onların dinə və sağlam düşüncəyə zidd olan xülyası və arzusu idi.
İkinci səbəb isə şeytanın onları yoldan çıxartması və cinayətlərini onlara gözəl göstərməsi idi. Onlar Allahın ayələrini rədd edir, Ona böhtan atır və elə bilirdilər ki, düz hərəkət edirlər. Haqdan üz çevirənlərin cəzası belə olur. Qiyamət günü Allah bu mürtədləri bir yerə toplayıb hər kəsə layiq olduğunu verəndə və Öz ədalətli hökmünü çıxaranda onların halı necə olacaq? Onların cəzasının necə dəhşətli və onlara dəyəcək zərərin necə müdhiş olacağı və bunların sayəsində itirəcəkləri xeyir və mükafatlar barədə danışmağa ehtiyac yoxdur. Onlar öz əməllərinə layiq nəticələr alacaqlar, çünki Rəbb Öz qulları ilə ədalətsiz davranmır.


(26) “De: “Ey mülkün Sahibi Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir yalnız Sənin Əlindədir. Həqiqətən, Sən – Hərşeyəqadirsən”.

Uca Allah Öz Peyğəmbərinə (s.ə.s.) və onun ardıyca gedənlərə buyurur ki, Rəbb – Kainatın işlərinin sərəncamçısı olan Tənha Kəsdir ki, göy və yer aləmlərini idarə edir və mütləq hakimiyyətə malikdir. O, hakimiyyəti istədiyinə bağışlayır və istədiyini ondan məhrum edir, istədiyini ucaldır, istədiyini də alçaldır.
Kainatda baş verənlər Kitab əhlinin və ya başqa məxluqların arzu-istəklərinə tabe deyil, çünki bütün varlığın taleyi Allahın iradəsi və qərarlarından asılıdır. Heç kim Onun İradəsinə müqavimət göstərməyə və ya Onun Qədərinə təsir göstərməyə qabil deyil. O, zaman üzrə insanların taleyini idarə edir və zamanın özü Onun sərəncamındadır. Ən xeyirli və yaxşı olan şey Ondan başlanğıc alır, çünki təkcə O, qullarını nemətləndirir və mükafatlandırır. Şəri Allahın adları, sifətləri və əməlləri ilə əlaqələndirmək lazım deyil, lakin o da Onun tərəfindən xəlq edilmişdir və Onun müəyyənləşdirdiyi qədərdən və taledən asılıdır.
Allahın qədəri həm xeyri və həm də şəri ehtiva edir, çünki Onun mülkində ancaq Öz istədiyi baş verir. Lakin şəri Onunla əlaqələndirmək, məsələn: “Ey Rəbbimiz! Xeyir də, şər də Sənin Əlindədir” demək olmaz. Müsəlman, Allahın və Onun Elçisinin (s.ə.s.) bizə öyrətdiyi kimi, hər cür xeyrin Allahdan asılı olduğunu deməlidir.
Bəzi təfsirçilər qeyd etmişlər ki, şər də Allahın Əllərindədir, lakin bu əlavə, açıq-aşkar yanlışdır. Onlar hesab edirdilər ki, əgər insan ancaq xeyri Allahla bağlayarsa, bu, Allahın ümumiyyətlə qəza və qədəri ilə ziddiyyət təşkil edər, lakin biz belə əsassız iddiaları artıq izah etmişik.


(27) “Sən gecəni gündüzə qatır, gündüzü də gecəyə qatırsan; ölüdən diri çıxarır, diridən isə ölü çıxarırsan. Sən istədiyin kəsə hesabsız ruzi verirsən”.

Allah günləri bir-biri ilə əvəz etmək sayəsində gecəni gündüzə, gündüzü də gecəyə qatır. Bunun nəticəsində günün bir vaxtı, günün başqa vaxtının azalması hesabına, artır və bu məxluqlara olduqca böyük fayda verir. Allah həmçinin ölüdən diri çıxarır, yəni, toxumları müxtəlif otlara, ağaclara çevirir və yaxud imansız adamı möminə döndərir, diridən də ölü çıxardır, yəni, ağaclarda və zəmilərdə toxumlar və taxıl yetişir və yaxud quşlar yumurtlayır. Allah bir-birinin ziddi olan şeyləri bir-birinə çevirir və istənilən maddə və materiya Onun hakimiyyəti altındadır.
Allah bildirir ki, O, heç bir hesab çəkmədən istədiyi kəsə ruzi verir. Bir başqa ayədə isə bu dünyada qismət əldə etməyə səbəb olan amillər haqqında bəhs edilir. Uca Allah buyurur: “...Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur” (Talaq, 65/2-3). Bax elə buna görə, qullar ancaq Allahdan ruzi istəməli və dünya malını əldə etməyə kömək göstərən işlər görməlidirlər.


(28) “Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır”.

Allah möminlərə kafirləri, möminlərin yerinə, özlərinin dostları və hamiləri hesab etməyi qadağan etmiş və onları belə bir addım atmamaq barədə xəbərdar etmişdir, çünki möminlər bir-birinin dostudur, Uca Allah isə onların Hamisidir. İnsan kafirlərə yaxınlaşmağa başladıqda, onun Allaha heç bir dəxli olmur. Belə adam Allahdan üz döndərir, Allah da ondan üz döndərir. Bu barədə Rəbbimiz buyurur: “Ey iman gətirənlər! Yəhudi və xaçpərəstləri dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəltməz” (Maidə, 5/51).
Əgər kimsə kafirlərə qarşı açıq düşmənçilik münasibətinin ona zərər verəcəyindən ehtiyat edərsə, onda ona onlarla sülh şəraitində yaşamağa icazə verilir, lakin ürəkdə kafirlərə rəğbət bəsləmək qadağan edilmişdir çünki əks halda o, onlara kömək və yardım etməyə başlayar.
Allah insanların Onun Özündən də çəkinmələrini tələb edir. Belə ki, insanlar, adamlara nisbətən, daha çox Ondan qorxmalıdırlar. Rəbb Öz qullarının işlərini təklikdə idarə edir və talelərini həll edir. Onlar təkcə Onun yanına qayıtmalıdırlar və bu baş verəndə, O, Allah qarşısında öz vəzifələrini yerinə yetirməyə üstünlük verənlərin və başqalarına nisbətən Ondan bərk qorxanların hər bir nəfərinə bol mükafatla lütfkarlığını göstərəcək. Kafirləri və onlarla dostluq edənləri, onları özlərinə yaxın və hami sayanları isə, O, hökmən dəhşətli cəzaya məruz qoyacaqdır.


(29) “De: “Kökslərinizdə olanı gizlətsəniz də, üzə çıxarsanız da, Allah onu bilir. O, göylərdə və yerdə olanları da bilir. Allah hər şeyə qadirdir”.

Uca Allah bildirir ki, insanların qəlbindən keçənlər, onların öz hislərini gizlətməsindən və açıq bildirməsindən asılı olmayaraq, büsbütün Ona məlumdur. Onun biliyi həm göylərdə və həm də yerdə bütün varlıq aləmini əhatə edir və heç nə Ondan gizli qala bilməz. Allah Hərşeyiəhatəedən biliyi ilə yanaşı mükəmməl qüdrətə malikdir və buna görə heç nə Onun İradəsinə müqavimət göstərmək qabiliyyətində deyil.


(30) “O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına Şəfqətlidir”.

Qullarını Onu unutmamağa vadar edən qüdrəti və həddi-hüdudu olmayan sifətlərini xatırlatdıqdan sonra, Uca Allah, insanları öz Rəbbini daima yadda saxlamağa və Ondan qorxmağa məcbur edən yenə bir səbəb haqqında xəbər verir. Bu səbəb ondan ibarətdir ki, bütün yaradılmışlar mütləq Allahın yanına qayıdacaqlar və orada törətdikləri yaxşı və pis əməlləri ilə qarşılaşacaqlar. Bax o zaman möminlər özləri üçün tədarük etdikləri əməllərinə sevinəcəklər, zalımlar isə öz pis əməlləri ilə qarşılaşmaqdan xəcalət çəkəcək və öz əməllərinin onlardan sonsuzluğa qədər uzaq olmasını arzulayacaqlar.
Allahın qulu biləndə ki, dünya həyatı – onu, sadəcə, Rəbbinə aparan yoldur və o, hökmən Onun qarşısında duracaq və öz əməlləri ilə görüşəcək, onda o, ehtiyat tədbirləri görməli, onu rüsvay edə və cəzalandıra biləcək əməllərdən çəkinməli və özü üçün xoşbəxtlik əldə etmək və mükafat qazanmaqdan ötrü xeyirxah əməllər tədarük etməlidir.
Allah qullarına, Özünün əzəmətli sifətlərindən, kamil ədalətliliyindən və şiddətli cəza verəcəyindən xəbər verərkən, onları Özündən çəkindirir, hərçənd Rəbbin cəzası doğrudan da dəhşətli olsa belə, Allah yenə də Mərhəmətli və Rəhmlidir. Məhz Onun rəhmli olması və mərhəmətliliyi Onu qullarını qorxutmağa və onları azğınlıqdan və şərəfsizlikdən çəkindirməyə sövq edir. Əbəs deyil ki, Cəhənnəmdə cəzalandırılma haqqında xatırladıqdan sonra Uca Allah bildirir: “...Allah Öz qullarını bununla qorxudur. Ey qullarım! Məndən qorxun!” (Zumər, 39/16).
Allah Öz mərhəməti və rəhmi sayəsində insanlara böyük nemətlər əldə etməyə imkan verən əməlləri yüngülləşdirmişdir. O, mərhəməti və rəhmi sayəsində insanları bədbəxtliyə və möhnətə məhkum edən əməllərdən xəbərdar edir və biz Uca Allahdan təvəqqe edirik ki, bundan sonra da bizə mərhəmətini göstərsin, bizi doğru yolla aparsın və Cəhənnəm oduna yönəldən bütün yollardan bizi qorusun!

(31) “De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir”.

Bu ayə Allahı həqiqətən sevən insanları, Onu ancaq sözdə sevən günahkarlardan fərqləndirmək üçün meyardır. Ona bəslənən əsil məhəbbətin əlaməti Muhəmməd Peyğəmbərin (s.ə.s.) yolu ilə getməkdir, çünki onun (s.ə.s.) hökmlərinin yerinə yetirilməsi və kəlamlarından istifadə etmək – Allahın məhəbbətinə layiq olmaq və Onun mərhəmətini qazanmaq üçün yeganə vasitədir. İnsan, Quranın və Muhəmməd Peyğəmbərin (s.ə.s.) kəlamlarından ibarət olan Sünnəsinin gerçəkliyini qəbul etməzsə, onların hökmlərini yerinə yetirməzsə və qadağan etdiyi günahlardan çəkinməzsə, Allahın məhəbbətinə layiq ola, Onun mərhəmətini qazana və Onun mükafatını əldə edə bilməz.
O, əgər belə etsə, onda Allah onu hökmən sevər, onu, sevdiyi qullarını layiq gördüyü mükafatlarla təltif edər, onun günahlarını bağışlayar və naqisliklərinin üstünü örtər. Yaxşı, bəs onda insan Muhəmməd Peyğəmbərin (s.ə.s.) yolu ilə necə getməlidir? Sanki bu suala cavab olaraq, sonra Uca Allah buyurur:


(32) “De: “Allaha və göndərdiyi Elçiyə itaət edin!” Əgər üz döndərərlərsə, şübhəsiz ki, Allah kafirləri sevməz”.

Müsəlman Allaha və Elçisinə (s.ə.s.) itaət etmək üçün şəriətin tələblərini yerinə yetirməli, günahlardan çəkinməli və Quranla Sünnənin bütün müddəalarını qəbul etməlidir. Əgər insan bunu etməkdən boyun qaçırırsa, onda o, kafir olur; Allah isə kafirləri sevmir.

(33) “Allah Adəmi, Nuhu, İbrahimin nəslini və İmranın nəslini seçib aləmlərdən üstün etdi”.


(34) “Onlar biri digərindən olan hənif bir nəsil idilər. Allah Eşidəndir, Biləndir”.

Uca Allahın seçilmiş qulları var və O, onları seçərək digər məxluqlarından uca tutmuş, onlara yüksək keyfiyyətlər və gözəl məziyyətlər vermiş, faydalı biliklər və xeyirli əməllərlə şərəfləndirmiş və qəribə xüsusiyyətlərlə mükafatlandırmışdır. Bu ayədə Allah, əzəmətli və qüsursuz keyfiyyətlərə malik kamil insanların böyüdüyü qüdrətli ailələri xatırladır. Alicənablıq, fədakarlıq, comərdlik və möminlik kimi keyfiyyətlər bu ailələrdən çıxmış kişi və qadınlara nəsildən nəslə ötürülmüşdür və bu, Allahın onlara olan mərhəməti və səxavəti idi.
Allahın gözəl adları arasında – Eşidən, Bilən də vardır. Allahın mərhəmətinə və başqalarından yüksək üstünlüyə kimin layiq olması Ona məlumdur və O, Öz qullarını Özünün ilahi hikmətinə uyğun olaraq mükafatlandırır.


(35) “Bir zaman İmranın arvadı demişdi: “Ey Rəbbim! Mən bətnimdəkini Sənə qul olmaq üçün nəzir etdim. Məndən qəbul et! Həqiqətən, Sən Eşidənsən, Bilənsən”.

Allah seçdiyi ailələrin şöhrəti və əzəməti haqqında xəbər verdikdən sonra, bu ailələrə mənsub olan Məryəm və onun oğlunun hekayətini danışır. Allah onların tarixini əvvəldən axıra kimi rəvayət edir. Bu tarix, İmranın zövcəsinin bir dəfə Allaha mütiliklə ibadət etdiyi zamandan başlamışdı. O, Allah dua edərək, uşağını Allahın, həmişə ibadət edənlərlə dolu olan, məscidinin xidmətçisi olmasını nəzir etmişdi. O, çalışırdı ki, Rəbbin məbədinin əzəmətini və Ona tam itaətini xüsusilə əks etdirən faydalı sözlər söyləmək vasitəsilə Allaha yaxınlaşsın. O, Allahdan xahiş etmişdi ki, onun nəzirini qəbul etsin və ümid edirdi ki, etdiyi hərəkət pak imanının və səmimiyyətinin nəticəsi olduğu üçün ona faydalı bar və mükafat gətirəcəkdir.


(36) “Ondan azad olduğu zaman demişdi: “Ey Rəbbim! Mənim qızım oldu” – Allah onun nə doğduğunu daha yaxşı bilirdi, - “axı oğlan qız kimi deyildir. Mən onun adını Məryəm qoydum, onu və onun nəslini lənətlənmiş şeytandan qorumağı Sənə həvalə edirəm”.

Bu sözlərdə təəssüf və məyusluq hiss olunur. Bunun səbəbi isə qadının söz verdiyi nəzirlə bağlı idi. O istəyirdi ki, dünyaya gətirdiyi uşaq oğlan və kifayət qədər güclü olsun ki, məbəddə xidmət edə və onun nəzirini yerinə yetirə bilsin. Bu işi ancaq kişi bacara bilərdi, qadın onu bacarmazdı. Lakin Allah anaya təsəlli verərək onun nəzirini qəbul etdi və dünyaya gələn qızcığaz sonralar çox kişiləri ötüb keçdi. Bundan əlavə, o, əksər kişiləri ötüb geridə qoydu və kişilərin layiq görülə bilmədiyi bir şərəfə nail oldu.


(37) “Rəbbi onu yaxşı tərzdə qəbul etdi, onu gözəl bir bitki kimi yetişdirdi və onu Zəkəriyyəyə həvalə etdi. Zəkəriyyə hər dəfə onun yanına ibadətgaha daxil olduqda, onun yanında rusi olduğunu görərdi. O dedi: “Ey Məryəm! Bu, sənin üçün haradandır?” Məryəm dedi: “Bu, Allah tərəfindəndir. Həqiqətən, Allah istədiyi kimsəyə hesabsız ruzi verir”.

Allah Məryəmin anasının niyyətini qəbul etdi və onun qızını heyrət ediləcək bir tərzdə tərbiyələndirdi. O, dindarlıq və yüksək əxlaqlılıq ruhunda tərbiyə aldı və bunun sayəsində onun davranışı qüsursuz, sözləri və əməlləri isə möminliyin təcəssümü oldu. Məryəm kamilliyə nail oldu, Allah Zəkəriyyə peyğəmbəri onun himayəçisi təyin etmişdi. Allah, özləri kamilliyə çatmış və ətrafındakılara da möminliyə nail olmağa kömək göstərən salehlərdən tərbiyə almış adamlara böyük mərhəmət göstərir.
Uca Allah Zəkəriyyə və Məryəmə bəslədiyi qayğısı sayəsində, ona, heç bir çətinlik vermədən, ruzisini çatdırırdı. Bu, bir ənam idi ki, Allah onu quluna bəxş etmişdi. Məryəm çox dua edirdi və vaxtının çoxunu ibadətgahda keçirirdi və hər dəfə Zəkəriyyə oraya onun yanına gələndə, Məryəmin yanında yemək üçün hazır vəziyyətdə olan cürbəcür ləzzətli şeylər görürdü. O, bir dəfə soruşdu: “Ey Məryəm! Bu sövqatlar haradandır?” O da belə cavab vermişdi: “Onları mənə Allah bəxş etmişdir. Axı O, istədiyi kimsəyə hesabsız ruzi verir”.


(38) “Elə oradaca Zəkəriyyə Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.

Zəkəriyyə Allahın Məryəmə əta etdiyi mərhəmətini gördükdə, o qərara aldı ki, Uca Allahdan bir uşaq istəsin, hərçənd onun vəziyyətində olan insanlar zürriyyətlərinin olacağına ümid bəsləmirlər.


(39) “O, mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: “Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir”.

Yəhya, adı Məryəm oğlu İsa olan Allahın Kəlməsinin həqiqət olduğunu təsdiq etməli idi. Əməlisaleh Yəhya peyğəmbərin zühur edəcəyi haqqında müjdə həm də özündə Məryəm oğlu İsa məsihin peyğəmbərliyini ehtiva edir və onun Sözünün doğruluğunu təsdiqləyirdi.
Qüdrətli Allahın qayğısı nəticəsində Məryəm oğlu İsanın şərəfləndirildiyi Allah Sözü əzəmətlidir. O, Allahın məxluqları yaratdığı vasitə ilə bağlı hökmlər sırasına daxildir. Bununla əlaqədar Uca Allah buyurur: “Həqiqətən, Allah yanında İsanın məsəli, Adəmin məsəli kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona “Ol!” – dedi, o da oldu” (Ali-İmran, 3/59).
Yəhyanın qismətinə – Allahın elçilərinin ən fəzilətli və ən şərəflilərindən biri olmaq, əməlisalehliyin ən yüksək pilləsinə qalxmaq və mətin bir kişi kimi böyümək düşürdü. Belə bir rəy var ki, “xasur” sözü “uşağı olmayan və qadınlara maraq duymayan insan” mənasını verir. Başqa bir şərhə görə isə, həmin söz “günahlardan qaçan və zərər verə bilən şiddətli həvəsdən çəkinən qüsursuz adam” mənasındadır. Sonuncu izah daha münasibdir.



(40) “O dedi: “Ey Rəbbim! Qocalıq məni haqladığı vaxt, zövcəm də sonsuz ikən mənim necə oğlum ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini edər”.

Zəkəriyyəyə iki səbəb uşağı olmasına mane olmuşdu və o, maneələrin mövcud olmasına baxmayaraq, uşağının necə olacağını bilmək istəyirdi. Allahın müdrikliyi isə tələb edirdi ki, Kainatda baş verən hadisələr yaxşı məlum olan qanunauyğunluqlara tabe olsun. Lakin Allah möcüzələr törətməyə qadir olduğu üçün O, Öz istədiyini həyata keçirir. Bütün hadisələr Onun hakimiyyəti altındadır və Onun arzu etməsindən asılıdır və hadisənin hər hansı mürəkkəbliyi Onun üçün heç bir çətinlik təşkil etmir.

(41) “O dedi: “Ey Rəbbim! Mənim üçün bir əlamət təyin et”. Allah dedi: “Sənin əlamətin, üç gün insanlarla ancaq işarə ilə danışmaq olacaqdır. Həmin vaxtda Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de!”

Zəkəriyyə müjdəyə daha da sevinməsi üçün Allahdan xahiş edir ki, ona bir möcüzə göstərsin. O, Rəbbinin dediyi sözlərin doğruluğuna əmin idi, amma insan Allahın mərhəmətinin əlamətlərini görəndə qəlbi fərəhlənir, ürəyi rahatlanır. Allah bir əlamət kimi onun insanlarla üç gün işarələrlə danışacağına və Onu hər günün əvvəlində və sonunda tərifləməsinə hökm verir.
Üç gün ərzində susmaq əmri, hətta çox yaşlı qocanın və qısır qadının da uşaqları ola biləcəyini ona xatırlatdı. Onun üçün bir əlamət də onun insanlarla danışa bilmədiyi halda, dilinin daima Allahı zikr etməklə və tərifləməklə məşğul olması idi. Bu, Zəkəriyyəni olduqca sevindirmişdi və o, Allaha həmdüsəna etməyə, şəfəq qaralarkən və dan yeri ağararkən Onu çoxlu-çoxlu zikr etməyə başladı.
Yəhya peyğəmbərin doğulması, İmran qızı Məryəmin Zəkəriyyəyə gətirdiyi bərəkətin nəticəsi idi. Çünki Allahın, qulu Məryəmə bəxş etdiyi hesabsız gözəl qismət peyğəmbəri itaətkarlıq və mütiliklə Allaha müraciət etməyə sövq etdi. Şübhəsiz ki, bütün səbəblər və zəruri şərtlər Allah tərəfindən yaradılır, amma O, savab qazandıran əməlləri Öz qulları ilə əlaqələndirir ki, onların şan-şöhrətini artırsın və mükafatlarını çoxaltsın.

(42) “Bir zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və aləmlərin qadınlarından üstün etdi”.

Uca Allah bir daha buyurur ki, Məryəm özünü ibadətə həsr edərək kamilliyə və böyük yüksəkliklərə ucalmağı bacardı. Mələklər ona dedilər: “Ey Məryəm! Allah səni seçmiş, sənə gözəl keyfiyyətlər və mükəmməl əxlaq bəxş etmişdir. Allah səni pis adətlərdən təmizləmiş aləmlərin qadınlarından yüksəyə qaldırmışdır”.
Muhəmməd Peyğəmbər (s.ə.s.) demişdir: “Çox kişilər kamilliyə nail olmuşlar, amma qadınlar arasında buna təkcə İmran qızı Məryəm; Müzahimin qızı Asiyə və Xuveylidin qızı Xədicə nail olmuşlar. Aişə isə, sarid( Peyğəmbərimizin (s.ə.s.) dövründə ləzzətli ət yeməkləri çeşidlərindəndir. F.S.)
) bütün ləzzətli yeməklərdən üstün olduğu kimi, qalan bütün qadınlardan üstündür”.

(43) “Ey Məryəm! Rəbbinə itaət et, səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get!”

Mələklər Məryəmi çağırdılar ki, o, Allahın mərhəmətinə sevinsin, Ona həmd etsin, Onun qarşısında öz borcunu yerinə yetirsin və Ona layiqincə xidmət etsin. Onlar ona tapşırdılar ki, çoxlu savab işlər görsün, Allahın qarşısında müti olsun, daima Ona itaətkar olsun və Ona ibadət edənlərlə birlikdə namaz qılsın. O, ona nə tapşırılmışdısa, yerinə yetirdi və kamilliyə nail olaraq, çoxlarını ötüb keçdi.


(44) “Bunlar qeyb xəbərlərindəndir ki, onu sənə vəhy edirik. Hansının Məryəmi himayə edəcəyi barədə qələmlərini püşk atdıqları zaman sən onların yanında deyildin. Bir-birilərilə mübahisə etdikdə də sən onların yanında deyildin”.

Bu hekayət, Quranın digər çoxsaylı rəvayətləri kimi, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinin həqiqiliyinin ən böyük dəlillərindən biridir. Bu əhvalat insanlara keçmiş günlərin hadisələri haqqında müfəssəl və səhih, artırmadan və azaltmadan məlumat verir. Bu isə o deməkdir ki, Peyğəmbər (s.ə.s.) bildiklərini vəhy yolu ilə Qüdrətli və Müdrik Rəbbindən əldə edirdi, insanlardan öyrənmirdi. O, Məryəmin anası qızını İsrail oğullarının yanına gətirəndə, onlar ağsaqqallarının qızına kimin himayə edəcəyi və məsləhətçisi olacağı barədə bir-biriləri ilə mübahisə etməyə başlayanda, onların arasında deyildi. Onlardan hər biri bu xeyirxah işi yerinə yetirmək və Allahdan mükafat qazanmaq istəyirdi və uzun-uzadı mübahisə, onlar püşk atmaq qərarına gəldikdən sonra kəsildi. Onlar öz qələmlərini atdıqdan sonra, püşk Zəkəriyyəyə düşdü. Beləliklə də Allah ona və Məryəmə böyük lütfkarlıq göstərdi.
Muhəmməd Peyğəmbər (s.ə.s.) bu hadisələrin şahidi deyildi, insanlara çatdırmaq üçün onların barəsində heç nə bilə bilməzdi. Təkcə Allah ona bu hekayəti xəbər verə bilərdi. O, Quran hekayətlərini nazil edir ki, insanlar onlardan faydalı nəticələr çıxarsınlar. Bu nəticələrdən ən mühümü isə, Allahın təkliyinin, Muhəmmədin (s.ə.s.) peyğəmbərliyinin, öldükdən sonra dirilmənin və İslam dininin digər əsas müddəalarının həqiqiliyinin etiraf edilməsidir.


(45) “O zaman mələklər dedilər: “Ey Məryəm! Həqiqətən, Allah səni Öz tərəfindən, adı Məryəm oğlu İsa Məsih olan bir kəlimə ilə müjdələyir. O, bu dünyada və Axirətdə şan-şöhrətli və Allaha yaxınlaşdırılmışlardan olacaqdır”.

(46) “O, həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışacaqdır və salehlərdən olacaqdır”.

Həm bu dünyada və həm də Axirət həyatında Məsihin qismətinə insanlar arasında yüksək səviyyədə ehtiram edilən şəxs olmaq nəsib edilmişdi. Ona Allahın yaxınlarından biri olmaq və ən yüksək pillələrdən birini tutmaq qismət olunmuşdu. Şübhəsiz ki, bu müjdə heç bir digər sevindirici xəbərlərə bənzəmirdi. Xəbərdə deyilirdi ki, Məsih beşikdə ikən insanlarla danışacaq. Bu isə Allahın möcüzələrindən biri və Onun Məryəmə və həmçinin bütün qalan insanlara göstərdiyi mərhəmətiydi. Məsih böyüyəndə də insanlarla danışacaqdı. Sonuncu, onun peyğəmbərlik təbliğatını və nəsihətlərini nəzərdə tutur.
Körpənin beşikdə heyranedici nitqi möcüzə idi və onun doğruçuluğunun və peyğəmbərliyinin dəlili və həmçinin onun, adamlar tərəfindən nahaq ittiham etdikləri anasının iyrənc günaha aidiyyəti olmadığının təsdiqi idi. Böyüdükdən sonra Məsihin söylədikləri moizələr insanlara böyük faydalar verirdi, axı o, Rəbb ilə bəşəriyyət arasında vasitəçi idi, ona onlara vəhyləri çatdırmaq, onlara dini və Allahın qanunlarını öyrətmək tapşırılmışdı. O, ürəyi Allah haqqında biliklərlə və Ona məhəbbətlə dolu olan salehlərdən idi və dili daima Allahı zikr etməklə, Ona həmdüsənalar yollamaqla məşğuldu. Salehlər bütün varlıqları ilə yorulmadan savab işlər görür və Rəbbə qulluq edirlər.


(47) “Məryəm dedi: “Ey Rəbbim! Mənə bir insan toxunmadığı bir halda necə övladım ola bilər?” Allah dedi: “Allah beləcə istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyir, o da olur”.

Məryəm ona bir kişi toxunmadığı halda uşağı olacağına təəccüblənmişdi. Lakin Allah, qulları öz Rəbbinin hüdudsuz qüdrətinə əmin olsunlar və heç kimin Onun iradəsinə müqavimət göstərə bilməyəcəyini başa düşsünlər deyə, istədiyini edir.

(48) “Allah ona yazmağı, hikməti, Tövratı və İncili öyrədəcək”.

(49) “Allah onu İsrail oğullarına bir elçi edəcəkdir. O deyəcəkdir: “Mən sizə Rəbbinizdən elçi olduğumu təsdiqləyən bir əlamət gətirdim. Mən sizin üçün palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Allahın izni ilə anadangəlmə koru, cüzam xəstəliyinə tutulanı sağaldar və ölüləri dirildərəm. Evlərinizdə yediyiniz və saxladığınız şeyləri sizə xəbər verərəm. Əgər möminsinizsə, şübhəsiz ki, bunda sizin üçün dəlil vardır”.


(50) “Məndən əvvəl nazil olmuş Tövratı təsdiqləyici kimi və sizə haram edilmiş bəzi şeyləri halal etmək üçün göndərildim. Mən sizə Rəbbinizdən bir dəlil gətirdim. Allahdan qorxun və mənə itaət edin”.


Tarix: 20.04.2013 / 15:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 936 Bölmə: Sureler