beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏN-NİSA (“Qadınlar”) surəsinin təfsiri 1-15 Ayələr

ƏN-NİSA
(“Qadınlar”) surəsinin təfsiri


Mərhəmətli və Rəhimli Allahın adı ilə!

(1) “Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın törədib yer üzünə yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən cürbəcür şeylər istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir”.

Uca Allah bu surəni təqvalılığa etiqad, Ona ibadət etmək və qohumluq əlaqələri saxlamaq hökmü ilə başlayır. Bunlarla yanaşı, Allah insanları belə davranmağa vacib edən amilləri də izah edir.
Allah insanların Ondan qorxmalı olduqlarını açıqlayır, çünki Rəbb onları yaratmış, onlara ruzi vermiş və böyük nemətlər bəxş etməklə onları himayəsinə götürmüşdür ki, onlardan hər biri bütün bəşəriyyətin hamısı üçün bir olan əcdaddan törəməsidir. Allah ondan onun faydalanması üçün zövcəsini yaratmışdır ki, onunla yaxınlaşıb onda rahatlıq tapsın. Allah ona tam mərhəmət göstərərək böyük sevinc bəxş etmişdir.
Adamlar Allah qorxusuna etiqad etməlidirlər, çünki ancaq Allahın adı ilə bir-birilərindən bir şeyi xahiş edir və Ona ehtiram bəsləyirlər. Onlar arzu olunan bir şeyi əldə etmək və lazım olanı almaq istədikdə Onun adından istifadə edir və bir-birilərinə deyirlər: “Səndən xahiş edirəm bunu Allah xatirinə edəsən”. Onlar başa düşürlər ki, Allah onların ürəyində elə böyük bir yer tutub ki, Onun adı ilə edilən xahişin yerinə yetirilməsindən boyun qaçıra bilmirlər. Əgər onlar Ona belə hörmət bəsləyirlərsə, onda onlar Onu ucaldaraq, Ona ibadət mərasimləri həsr etməli və təqvalılıq etiqadı göstərməlidirlər.
Daha bir xüsusiyyət insanları Allahdan qorxmağa sövq edir ki, o da onlar işlədikləri və istirahət etdikləri, təklikdə və ya başqaları ilə birlikdə qaldıqları zaman Onun Öz qullarına nəzarət etməsidir. Allah hər cür şəraitdə onlara nəzarət edir və bu hal onları Allahı daima xatırlamağı və Ondan layiqincə utanmağı zəruriləşdirir.
Allah bu ayədə xəbər verir ki, O, insanları bir adamdan yaratmışdır və bütün yer üzünə yayıb yerləşdirmişdir. İnsanların planetin bütün ucqarlarına səpələnməsinə baxmayaraq onlar ümumi mənşəyə malikdirlər və bu onları xeyirxah və bir-birinə qarşı mərhəmətli olmağa məcbur edir.
Sonra Allah təqvalı olmaq hökmünü qohumluq əlaqələrinə riayət edilməsi və onları kəsməyin qadağan olması hökmü ilə əlaqələndirir. Bu, insanın qohumları qarşısında vəzifələrinin vacib əhəmiyyət kəsb etdiyini göstərir. Hər kəs öz vəzifələrini nəinki Allah qarşısında və həm də məxluqlar qarşısında, xüsusilə, əgər bunlar onun qohumlarıdırsa, yerinə yetirməlidir. Bundan başqa, onların qarşısında vəzifələrinin yerinə yetirilməsi Allahın Özü qarşısında icra edilən vəzifələrə aid edilir, çünki bunu insana belə əmr edən O Özüdür.
Diqqət yetirin ki, təqvalılığa etiqad edilməsi, qohumluq əlaqələrinin kəsilməməsi və zövcələrə yaxşılıq etmək hökmü ilə başlanan bu surə ümumi məna daşıyır. Surənin birincidən sonuncuya qədər sonrakı ayələrində Allah bu hökmləri təfərrüatı ilə izah edir; bu surə ilə nazil edilən ayələr onlara istinad edir. Onlar hökmlərin mənasını ətraflı surətdə açıqlayaraq bütün qeyri-müəyyən məqamlara aydınlıq gətirir.
Onu da qeyd etmək lazımdır ki, Adəmdən onun zövcəsinin yaradılması haqqında vəhylə arvadın kişidən yaradılması ilə müəyyən edilən ər-arvadlıq vəzifələri, onların bir-birinin qarşısında ər-arvadlıq borclarına riayət etmələrinin zəruriliyini göstərir.


(2) “Yetimlərin mallarını özlərinə verin və pisi yaxşı ilə dəyişməyin. Onların mallarını öz mallarınızla birlikdə yeməyin. Şübhəsiz ki, bu, böyük günahdır”.

Allahın bu surədə yerinə yetirilməsini buyurduğu və insanın başqa adamlar qarşısında ilk vəzifəsi yetimlərin hüquqlarına riayət etməsidir. Burada, öz atalarının şəxsiyyətində qəyyumlarından məhrum olmuş kiçik yaşlı və öz mənafeləri üçün qayğı çəkə bilməyən köməksiz uşaqlar nəzərdə tutulur.
Şəfqətli və Rəhmli Allah müsəlmanlara tapşırır ki, yetimlərə yaxşılıq etsinlər və onların əmlakına ancaq xeyirxah niyyətlə yanaşsınlar və onlar həddi-buluğa çatdıqda öz əmlakını bütövlüklə ala bilsinlər. Allah, insanın, insafsızcasına yetimin malını yeyərək və pis nəticələrindən ehtiyat etməyib, çəkinmədən istifadə edə biləcəyi halal nemətlərlə qane olmayaraq, yaxşını pislə əvəz etməsini qadağan etmişdir. Yetimlərin malının yeyilməsi – yaramaz bir əməldir ki, insan bunsuz çətinlik çəkmədən keçinə bilər, çünki Allah ona kifayət qədər ruzi və sərvət bəxş edir. Əgər o, bu imkanlara baxmayaraq belə özbaşına hərəkətə yol verirsə, onda böyük günah və dəhşətli cinayət işlətmiş olur. Zay malın yaxşı malla dəyişdirilməsinə yetimin qəyyumunun onun qiymətli əşyasını özünün ucuz əşyasına dəyişməsi də aiddir.
Ayədən aydın olur ki, yetimin qəyyumu olmalıdır, çünki yetimə onun əmlakını vermək barədə hökm onun mülkiyyəti üzərində qəyyumluğun olmasını nəzərdə tutur. Ondan həmçinin yetimin mülkiyyətinin qayğısını çəkmək hökmü də çıxır. Yetim öz mülkünü ən yaxşı halda o vaxt ala bilər ki, qəyyum onu saxlamış olsun, onun qayğısına qalsın, onu çoxaltsın və təhlükəyə məruz qoymasın.

(3) “Yetim qızlara qarşı ədalətli olmayacağınızdan qorxursunuzsa, onda xoşunuza gələn halal qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər o qadınlarla ədalətlə dolanmayacağınızdan qorxursunuzsa, onda onlardan biri ilə və yaxud sahib olduğunuz cariyələrlə kifayətlənin. Bu, haqsızlıq etməməyə daha yaxındır”.

Əgər siz himayəniz altında olan yetim qızlarla ədalətli davrana bilməyəcəyinizdən ehtiyat edirsinizsə, onların qarşısında öz borcunuzu, onlara məhəbbət bəsləmədiyinizə görə, qüsursuz yerinə yetirə bilməyəcəyinizdən qorxursunuzsa, onda onlarla evlənməyin, ürəyinizcə olan mömin, zəngin, gözəl, adlı-sanlı və digər keyfiyyətlərə malik və kişidə rəğbət oyadan qadınlarla evlənin. Qadını öz istəyinizə uyğun seçin və bilin ki, dindarlıq – keyfiyyətlərdən ən layiqlisidir.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Qadınla dörd xüsusiyyətinə: zənginliyinə, əsil-nəcabətinə, gözəlliyinə və dinə bağlılığına görə evlənirlər. Sən dindar olanı ilə evlən ki, rahatlıq əldə edəsən!”
Bu ayədən aydın olur ki, kişi nikahlanmazdan öncə, zövqünə uyğun gələn qadını özünə zövcə seçməlidir. Qanunyaradan (Allah) kişiyə imkan verir ki, öz sevgilisi haqqında tam təsəvvür əldə etməsi üçün, evlənməli olacağı qadına baxsın.
Sonra Allah kişinin evlənməsinə yol verilən qadınların sayını xatırladır. O, arzu etdikdə, iki, üç və hətta dörd qadınla evlənə bilər. Lakin ona eyni vaxtda dörddən artıq arvadı olmasına icazə verilmir. Şərh etdiyimiz ayədə yol verilən izah edilir və alimlərin yekdil rəyinə görə, Uca Allahın buyurduğu saydan artıq qadınla eyni vaxtda evlənmək qadağandır.
Bu ilahi göstərişi onunla bağlıdır ki, bəzi kişilər öz ehtirasını bir qadınla təmin edə bilmirlər. Belə hallarda onlara ikinci, üçüncü və hətta dördüncü qadınla evlənməyə icazə verilir. Dörd qadın istənilən kişini təmin edə bilir və əgər dörd qadının təmin edə bilmədiyi kişilər varsa da, onların sayı olduqca çox azdır.
Kişiyə o halda bir-neçə qadınla evlənməyə icazə verilir ki, o, qadınlarına ədalətsiz yanaşacağından ehtiyat etməsin və onların qarşısında öz vəzifələrini qüsursuz icra edəcəyinə əmin olsun. Əgər o, arvadlarına eyni nəzərlə baxa biləcəyindən ehtiyat edərsə, onda o, bir zövcəsi və cariyələri ilə qane olmalıdır. Kişi onlarla qane olduqda ədalətsizlikdən uzaq qalmaq üçün daha çox imkana malik olur.
Buradan məlum olur ki, əgər Allahın qulu onu günaha yönəldən və ona fərz ayinləri yerinə yetirməyə mane olan, eyni zamanda, icra edilməsinə yol verilmiş əməlləri gerçəkləşdirmək imkanına malikdirsə, onda o, onları etməməlidir. O, günahlardan uzaq durmalı və bu rahatlıqla qane olmalıdır, çünki bu, Allahın quluna bəxş ediləcək nemətlərin ən yaxşısıdır.
Kişilərin xoşuna gələn qadınlarla evlənmək haqqında hökmdən aydın olur ki, möminlərə xoşagəlməz qadınlarla evlənmək əmr edilməmişdir. Bundan əlavə, onlara müşrik qadınlar və əxlaqsız qadınlarla evlənmək isə qadağan edilmişdir, çünki Uca Allah buyurur: “...Müşrik qadınlar iman gətirməyincə onlarla evlənməyin. Əlbəttə, iman gətirmiş bir kəniz sizi heyran edən müşrik qadından daha xeyirlidir” (Bəqərə, 2/221);
“Zinakar kişi ancaq zinakar və ya müşrik bir qadınla evlənə bilər. Zinakar qadın da yalnız zinakar və ya müşrik bir kişiyə ərə gedə bilər. Möminlərə isə bu, haram edilmişdir” (Nur, 24/3).

(4) “Qadınlara öz mehrlərini könül xoşluğu ilə verin! Əgər onlar öz xoşları ilə bundan sizə bir pay versələr, onu nuşcanlıqla və halallıqla yeyin!”

Kişilərin çoxu öz arvadlarına ədalətsiz münasibət bəsləyir və onların haqqını, xüsusilə, söhbət nikah hədiyyəsindən, bəzən böyük mülkiyyətdən ibarət olan, mehrdən gedəndə, tapdalayırlar. Nəzərə alınmalıdır ki, onu birdəfəliyə və bütövlüklə ödəmək lazım gəlir və buna görə Uca Allah kişiləri öz zövcələrinə hədiyyələrini qəlbdən gələn səmimiyyətlə verməyə çağırır. Onlar mehrin ödənilməsini uzatmamalı və onun bir hissəsini kəsməyə cəhd göstərməməlidirlər.
Bu vəhydən aydın olur ki, mehr, əgər qadın həddi-buluğa çatmışdırsa onun özünə verilməlidir və o, nikahlandıqdan sonra, qadının mülkiyyətinə çevrilir. Allah onu qadınlara hədiyyə adlandırır. Bu isə o deməkdir ki, mehr onların mülkiyyətidir.
Əgər qadın könüllü olaraq mehrin bir hissəsini ərinə güzəşt edərsə və ya ona möhlət verərsə və yaxud onun əvəzinə başqa bir şey qəbul etməyə razılıq verərsə, onda ərin, belə addımın nəticələrindən ehtiyat etməyərək arvadının hədiyyəsini qəbul etməsinə razılıq verilir. Buradan belə çıxır ki, qadın, əgər o, sağlam təfəkkür sahibidirsə, öz mülkiyyətinə sərəncam çəkmək və sədəqə vermək hüququna malikdir. Qadın ağıldan zəif olduqda, onun güzəştləri və hədiyyələri hüquqi qüvvə daşımır.
Ayədən aydın olur ki, qadının qəyyumunun onun mehrinə sərəncam çəkmək haqqı, qadının öz xoşu ilə ona hədiyyə verməsi istisna olmaqla, yoxdur.


(5) “Dolanışığınız üçün Allahın sizə vasitə etdiyi mallarınızı ağılsızlara verməyin. Onlara o maldan yedirdib geyindirin və onlara yaxşı nəsihətlər verin”.

Burada ağılsız insanlar adı altında nəzərdə tutulan öz mülkünə düzgün sərəncam verməyi bacarmayan şəxslərdir. Bunlar sağlam mühakimə qabiliyyətindən məhrum olmuş, məsələn, dəlilər və ya kəmağıl insanlardır. Bunlar, həddi-buluğa çatmadıqlarına görə ağıllı qərar qəbul etməyə qabil olmayan insanlardır. Allah qəyyumlara mülkiyyəti belə insanlara verməyi qadağan etmişdir, çünki onlar ona yanlış sərəncam verər və onu məhv edərlər.
Allah Öz qullarına var-dövləti ona görə verir ki, onlar onu öz dininin mənafeyi naminə və özlərinin maddi rifahı üçün istifadə etsinlər. Ağılsız adamlar isə öz mülkiyyəti haqqında qayğı çəkmək və onu saxlamaq qabiliyyətində deyillər və buna görə Allah qəyyumlara əmr edir ki, onlar belələrinə öz mülkiyyətlərini verməsinlər, ancaq onları yemək-içməklə təmin etsinlər, onlar üçün geyim-keçim alsınlar və onların dini və dünyəvi tələbatlarına zəruriyyət yarandıqca onlar üçün xərcləsinlər. Bununla yanaşı, Allah qəyyumlara əmr edir ki, himayələri altında olanlara yaxşı nəsihətlər versinlər və əgər onlar mülkiyyətlərinin onlara verilməsini tələb etdikdə, qəyyumlar varidatlarının onlar həddi-buluğ yaşına çatan kimi və yaxud başqa hallarda, onlara veriləcəyini vəd etməli və onlara xeyirxah ifadələrlə təsəlli verməlidirlər.
Allah himayə altında olan kəmağılların mülkiyyətini qəyyumların mülkiyyəti adlandırır, çünki onlar həmin mülkiyyətə sərəncam çəkməyə və öz mülkiyyəti kimi onu təhlükə qarşısında qoymadan onun qayğısına qalmağa borcludurlar.
Bu ayədən aydın olur ki, əgər ağılsızlar, azyaşlı uşaqlar və kəmağıl insanlar mülkiyyətə malikdirlərsə, onda qəyyumlar onu onların təminatı üçün xərcləməlidirlər, çünki Allah onlara həmin insanları bu mülkiyyətlə yedirməyi və geyindirməyi əmr etmişdir. Ayədən həm də aydınlaşır ki, əgər qəyyum öz himayəsindəkinin mülkiyyətinin bir hissəsini onun yeməyinə və geyiminə sərf etdiyini iddia edirsə, onda ona inanmaq lazımdır, çünki onların mülkiyyətinin etibarlı sərəncamçıları kimi qəyyumları Allah Özü təyin etmişdir və etibar göstərilmiş insanların sözləri qəbul olunmalıdır.

(6) “Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-buluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb mallarını məndən alacaqlar deyə, o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o maldan insafla yesin. Yetimlərin mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər”.

Yetim həddi-buluğ yaşına yaxınlaşdıqda qəyyumu onu sınağa çəkməli və onun mülkiyyətinin bir hissəsini ona verməlidir ki, o, onu düzgün idarə edə bilsin. Belə bir sınağın sayəsində qəyyum öz himayəsindəkinin düzgün qərarlar qəbul etmək bacarığına malik olduğunu təyin edə bilər. Əgər o, ona verilmiş mülkiyyətinin bir hissəsinə layiq olmayan tərzdə sərəncam çəkərsə, onda qəyyum mülkiyyətin qalan hissəsini ona verməməlidir və bu halda himayə altında olan şəxs, hətta əgər o, kifayət qədər yetkin yaşa çatmışsa da, yenə ağılsız sayılır. Yox, əgər himayədə olan öz mülkünə layiqincə sərəncam çəkmişsə və nikah yaşına çatmışsa, onda qəyyum onun mülkiyyətini bütövlüklə ona verməyə borcludur.
Qəyyumlara Allahın onlar üçün halal etdiyi mallarından istifadə etmək əvəzinə, himayəsi altında olan yetimin mülkiyyətini öz şəxsi ehtiyacları üçün xərcləyərək israf etmək qadağandır. Yetimlər uşaq yaşında olduqları müddətdə və öz mülkiyyətini geri götürə və onun xərclənməsinə mane ola bilmədikləri bir şəraitdə qəyyumlar onların malını israf etməyə cəhd göstərməməlidirlər. Onlar, yetimlərin böyüdükdən sonra öz mülkiyyətlərini geri alacaqlarından və onlara istifadə etməyə verməyəcəklərindən ehtiyat edərək, öhdələrində olduğu yetim malını dağıtmamalıdırlar. Lakin Allah qarşısında qorxu hissi keçirməyən qəyyumların böyük bir hissəsi məhz belə davranırlar və himayələri altında olanlara qarşı mərhəmət hissi və xoş rəftar göstərmirlər. Onlar belə hesab edirlər ki, əllərinə qazanmaq imkanı keçmişdir və ləngimədən Allahın qadağan etdiyi əmələ qurşanırlar, halbuki Uca Allah bu barədə birmənalı qadağa hökmü nazil etmişdir.


(7) “Valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan kişilərə pay düşür; valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan qadınlara da pay düşür. Bu mal istər az olsun, istərsə də çox, onlar üçün müəyyən edilmiş bir paydır”.

Cahillik dövründə ərəblər o dərəcədə təkəbbürlü və insafsız insanlar idilər ki, zəif insanları – qadınları və uşaqları vərəsəlikdən məhrum edərdilər. Onlar irsi ancaq güclü kişilər arasında bölərdilər, çünki sonuncular döyüşlərdə iştirak etməyi, soyğunçuluğu və qənimət ələ keçirməyi bacarırdılar. Onların təfəkkürü bu səviyyədə idi. Lakin Mərhəmətli və Müdrik Rəbb Öz qulları, kişilər və qadınlar, güclülər və zəiflər üçün eyni olan Qanun qoymaq istədi.
Əvvəlcə Allah Öz Qanununu ümumi cizgilərlə səciyyələndirir ki, insanları nazil ediləcək daha təfsilatlı ehkamlar üçün hazırlasın. Sonrakı ayələrdə O, onların müfəssəl izahlarını nazil edir və insanlar onların vəhy edilməsini səbirsizliklə gözləyirlər. Bunun sayəsində onlar bu qanunlara cahillik dövründən qalma yaramaz adətlərin səbəb ola biləcəyi ədavət hissi bəsləmirdilər.
Allah bildirir ki, atadan, anadan və ya yaxın qohumlardan qalan irsin müəyyən hissəsi həm kişilərə və həm də qadınlara məxsusdur. Bu ayə, xüsusinin ümumiyə daxil edilməsinin nümunəsidir. Amma bu hissə insanların adət və istəklərinə uyğun olaraq və yaxud Allahın Özü tərəfindənmi müəyyənləşdirilir? Sanki belə bir suala cavab olaraq, Allah xəbər verir ki, bu hissəni müəyyən edən Onun Özüdür. İnşallah, sonradan biz bu məsələni daha ətraflı nəzərdən keçirəcəyik.
Qeyd etmək lazımdır ki, bu vəhy, ola bilsin ki, qadınların və valideynlərin pay ala bilmələrini, ancaq irsin həcminin iriliyi ilə əlaqələndirən yanlış bir təsəvvür oyatsın. Belə bir yanlış təsəvvürün qarşısını almaq üçün Allah bildirir ki, onlar öz paylarını irsin kəmiyyətindən asılı olmayaraq alırlar. Həmd olsun Allaha, qanunvericilərin Ən Yaxşısına!


(8) “Əgər bölgü vaxtı orada qohumlar, yetimlər və kasıblar iştirak edərlərsə, onlara o maldan bir şey verin, özlərinə də xoş söz deyin”.

Bu əmr o gözəl hökmlərə aiddir ki, onların sayəsində bəzi insanlar digərlərinə təsəlli verir və onları sevindirirlər. Mirasın bölüşdürülməsində irsdə payı olmayan qohumlar və həmçinin yetimlər və ya sədəqə verilməsinə haqqı çatan kasıblar iştirak etdikdə, heç bir əziyyət və zəhmət çəkmədən mülkiyyət əldə edən mirasçılar onlara da mülkdən bir hədiyyə verməlidirlər. Onların könlündən var-dövlət keçir, ürəkləri isə ona doğru can atır və buna görə varislər özlərinə zərər vurmayan, lakin ehtiyacı olanlara faydalı olan şeylərlə onları fərəhləndirməlidirlər.
Bu ayənin mənasından aydın olur ki, bir adam bir şeyi ürəyindən keçirir və bir başqası o şeyi alırsa, alan, özünü çox da çətinliyə salmadan, o birinə aldığından bir hissə verməlidir. Bax elə buna görə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir ki, xidmətçi öz ağasına yemək gətirdikdə, onu yanında əyləşdirmək lazımdır. Lakin o bunu etmək istəmədikdə, onda ona yeməkdən heç olmazsa bir-neçə tikə uzatmaq lazımdır. Ağaclar ilk barını gətirəndə, səhabələr onu Allahın Elçisinə (s.ə.s.) gətirərdilər. O (s.ə.s.), onu mübarək etdikdən sonra, həmin anda yaxınlığında olan ən kiçik uşağa verərdi, çünki o bilirdi ki, o uşaq bu meyvələri yeməyi daha çox arzulayır. Bütün bu deyilənlər insanın ətrafdakılara hədiyyə etmək imkanı olan hallara aiddir. Əgər insan belə bir imkana malik deyilsə, məsələn, əgər alınan irs onun himayəsində olan kəmağıl mirasçıya məxsusdursa və yaxud o, daha vacib maddi vəzifələri yerinə yetirmək üçün mirasa möhtacdırsa, onda o, iştirak edənlər qarşısında nəzakətlə üzrxahlıq edərək özünü doğrultmalı və bu zaman kobud və xoşagəlməz sözlərdən çəkinməlidir.


(9) “Qoy özlərindən sonra zəif övladlar qoyub gedəcəkləri təqdirdə onlardan ötrü qorxan kəslər yetimlərdən ötrü də qorxsunlar. Qoy onlar Allahdan qorxsunlar və doğru söz söyləsinlər”.

Belə bir rəy var ki, bu sözlər ölüm ayağında olan və ədalətsiz vəsiyyətnamə yazmış insanın ətrafına yığışmış şəxslərə müraciətdir, çünki onlar onu ədalətli və qərəzsiz olmağa dəvət etməlidirlər. Bu şərh, doğru və ədalətli danışmağa əmr olunması ilə təsdiq edilir. Ondan aydın olur ki, can verənin ətrafındakılar ona övladlarının xeyrinə elə bir vəsiyyətnamə tərtib etməsini məsləhət görməlidirlər ki, sanki bunu öz övladları üçün istəyirlər.
Başqa bir şərhə görə isə, bu sözlər dəlilərin, azyaşlı uşaqların və ağıldankəm adamların qəyyumlarına müraciətdir və onlar öz himayələrində olanların dini və dünyəvi maraqlarını elə müdafiə etməlidirlər ki, sanki özləri öldükdən sonra, adamlardan öz zəif törəmələrinin mənafelərinin müdafiə edilməsini istəyirlər. Onlar Allah qarşısında qorxu hissi keçirərək, himayələrindəkiləri alçaltmamalı, olanlara qayğı göstərməli və onları təqvalı olmağa dəvət etməlidirlər.


(10) “Həqiqətən, yetimlərin mallarını haqsızlıqla yeyənlər öz qarınlarına ancaq od doldururlar və onlar yandırıb-yaxan oda girəcəklər”.

Uca Allah yetimlərin malını haqqı olmadan yeyən qəyyumları hədələyir. Sonuncu vəziyyət bu hökmü konkretləşdirir – o, mülkiyyəti olmayan və yetimlərin malından, qəbul olunmuş adətlərə uyğun olaraq, yeməyə icazəsi olan qəyyumlara aid edilmir. O, yetimlərin yeməyinin onların qəyyumlarının yeməyi ilə qarışan hallara da aid deyildir. Biz bu barədə öncə xatırlatmışdıq. Amma qəyyumlar yetimlərin malını ədalətsizliklə yedikdə, yedikləri onların qarnında yaxıcı alovla şölələnəcəkdir. Qəyyumlar o alovu özləri udmuşlar və bunun ardıyca da odu getdikcə şiddətləndirilən alova düşəcəklər.
Bu, günahlar və cinayətlərlə əlaqədar olaraq nazil edilən ən böyük hədələnmədir. O, yetimlərin malını yeyən şəxslərin əməllərinin ağırlığı və mənfurluğunu və belə cinayətin insanı Cəhənnəmdə əzablara məhkum edəcəyini təsdiq edir və ən ağır günahlardan sayılır. Biz Allahdan bizi o günahlardan qorumasını təvəqqe edirik!


(11) “Allah övladlarınız haqqında sizə belə tövsiyə edir; kişiyə, iki qadının payı qədər pay düşür. Əgər övladların hamısı ikidən artıq sayda qadındırlarsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Əgər ölənin övladı varsa, onun valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına mirasının üçdə bir hissəsi düşür. Əgər ölənin qardaşları (və ya bacıları) varsa, onun anasına mirasının altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz. Bunlar Allah tərəfindən buyurulmuş fərz əməllərdir. Həqiqətən, Allah Biləndir, Müdrikdir”.

Bu vəhylər və bu surənin son ayəsi irsin bölüşdürülməsi ilə bağlı olan hökmlərdən ibarət “varislik haqqında ayələrə” aid edilir. Abdullah ibn Abbasın rəvayət etdiyi və imam əl-Buxarinin “əs-Səhihində” əksini tapmış bir hədis də vardır. Orada deyilir: “Mirasın müəyyən hissəsini haqqı olanlara verin, əmlak bölüşdürüldükdən sonra isə bütün qalan hissəsi mərhumun ən yaxın qohumu olan kişiyə verilməlidir”. Miras haqqında ayələr və bu hədis irsin bölüşdürülməsi ilə bağlı olan hökmlərin ən çox hissəsini təşkil edir. Demək olar ki, onlar bütün bu hökmləri özündə ehtiva edir, buna özünüz əmin ola bilərsiniz. Onlarda öz əksini tapmamış yeganə hökm – ölənin nənəsinə çatacaq mirasın hissəsinə aiddir. O hökm, əl-Muğirə b. Şubənin və Muhəmməd b. Məsləmənin hədisində keçmişdir və orada qeyd olunur ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) mərhumun nənəsinə mirasın altıda bir hissəsini verdi. Alimlər arasında bu barədə mübahisə edilməmişdir.

Uşaqlar arasında bölüşdürülən miras
Allah valideynlərə onların uşaqlarını etibar etmiş və onlara buyurmuşdur ki, uşaqlarının dini və maddi mənafelərinin qayğısına qalsınlar. Valideynlər onlara təlim və tərbiyə verməli, xoşagəlməz şeylərdən qorumalı, onlara xeyirxah əməllər etməyi tapşırmalı və onları hər bir şəraitdə Allahdan qorxmağa dəvət etməlidirlər. Uca Allah buyurur: “Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan Oddan qoruyun!...” (Təhrim, 66/6).
Əgər onlar bu əhdə riayət edə bilsələr, çox dəyərli mükafat alarlar. Yox, bu əhdə laqeydlik göstərsələr, onda onlar çox ciddi cəzaya layiq görüləcəklər. Bu, Uca Allahın Öz qullarına onların valideynlərindən də şəfqətli olmasına dəlalət edir, axı O, onlara öz uşaqlarına qayğı çəkməyi tapşırmışdı, baxmayaraq ki, onlar onsuz da öz uşaqlarına ən yüksək rəhm hissi ilə yanaşırlar.
Uca Allah sonra bildirir ki, valideynlər öz uşaqları və oğullarının uşaqları arasında mirası necə bölməlidirlər. Kişi, iki qadının payına bərabər pay almalıdır və əgər onlardan başqa birbaşa digər vərəsələr yoxdursa, onda miras onların arasında belə bölünməlidir. Mərhumun doğma övladları qaldıqda mirasın ancaq onların arasında bölünməsi, onun oğullarının uşaqlarına miras düşmür. Bu şəriət norması, mərhumdan sonra həm oğullar və həm də qızları qaldıqda qüvvədə olur. Ola da bilsin ki, mərhumun ya ancaq oğulları, ya da ancaq qızları qalsın. Bu halların birincisini biz sonradan nəzərdən keçirəcəyik. Allah ikinci hal barədə hökmünü bu vəhylə nazil etmişdir.

Qızların arasında bölünən miras
Mərhumun özündən sonra təkcə qızları və ya oğullarının iki nəfərdən çox qızları qalmışsa, onda onlar onun mirasının üçdə iki hissəsini öz aralarında bölməlidirlər. Əgər onun, özündən sonra təkcə bir qızı və ya öz oğlunun qızı qalmışsa, onda ona mirasın yarısı çatır, özü də bu barədə alimlərin rəyi yekdildir.
Bir şeyi alimlərdən soruşmaq lazımdır, onlar nəyin əsasında güman edirlər ki, iki qıza mirasın üçdə iki hissəsi çatır? Bu sualın bir neçə izahı var. Birincisi, Uca Allah buyurur ki, bir qıza mirasın yarısı məxsusdur. Buradan belə nəticə çıxır ki, qızların sayı bir nəfərdən çox olarsa, onların mirasdakı payı yarıdan üçdə ikiyə qədər artır.
İkincisi, Allah xəbər verir ki, kişiyə çatan pay iki qadının payına bərabərdir. Əgər mərhumun özündən sonra bir oğlu və bir qızı qalmışsa, onda oğul mirasın üçdə iki hissəsini almalıdır, çünki onun payı onun bacısının payından iki dəfə çox olmalıdır. Buradan həm də belə çıxır ki, mərhumun özündən sonra təkcə iki qızı qalmışsa, onda onlara mirasın üçdə iki hissəsi çatır.
Üçüncüsü, əgər mərhumun qızının bir qardaşı olanda mirasın üçdə bir hissəsini alır və əgər bacı deyil, qardaş bacısını mirasın böyük bir hissəsindən məhrum etdikdə, onda bacının bir bacısı da olarsa, birinci bacı mirasın özünə məxsus üçdə bir hissəsini almağa daha çox haqlı olur.
Dördüncüsü, bacıların mərhum qardaşın mirasından alacaqları paydan bəhs edərkən Allah buyurur: “...Əgər övladı olmayan şəxs (kişi) öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır...” (Nisa, 4/176). Uca Allah aydın şəkildə deyir ki, iki bacıya ölən qardaşın mirasının üçdə iki hissəsi çatır. İnsana bacılarından daha yaxın qohumu qızları olduğu üçün, mərhumun iki qızının onun mirasının üçdə iki hissəsini almağa daha çox haqları var.
Beşincisi, məlumdur ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Səədin iki qızına onun mirasının üçdə iki hissəsini vermişdi. Bu barədə səhih bir hədisdə rəvayət edilmişdir.
Lakin belə bir sual yaranır ki, bəs onda Uca Allah niyə buyurur ki, mirasın üçdə iki hissəsi sayı iki nəfərdən çox olan qadınlara məxsusdur? Bu barədə ən yaxşı bilən Allahdır, amma belə bir rəy var ki, Allah bununla, qızların sayının iki nəfərdən çox olması ilə onların payının artmadığını bildirmək istəyir.
Bu gözəl ayədən aydın olur ki, ölənin özündən sonra bir doğma qızı və oğlunun bir və ya bir-neçə qızları qalarsa, onda onun doğma qızı mirasın yarısını almalıdır. Mərhumun qızlarına və oğlunun qızlarına mirasın üçdə ikisi düşdüyü üçün, mirasın qalan altıda bir hissəsi mərhumun oğlunun bir və ya bir-neçə qızının arasında bölüşdürülməlidir. Mirasın bu altıda bir hissəsi üçdə ikiyə qədər əlavə adlanır. Bu qayda ilə mərhumun mirası onun qızları ilə oğlu və oğlunun qızları ilə oğulları arasında bölünür.
Ayədən çıxarılan nəticə budur ki, əgər mərhumun qızları və oğlanlarının qızları mirasın üçdə ikisini alırlarsa, onda oğulların sonrakı nəslinin qızları ( Nəvələr, nəticələr və i. a. (F.S.)) mirasdan məhrum olurlar, çünki Allah qızlar üçün mirasın ancaq üçdə iki hissəsini təyin etmişdir ki, onlar da artıq vərəsələr arasında bölünmüşdür. Əgər miras onlara da qalsaydı, onda qızların payı üçdə ikini aşardı və bu da Quranın açıq-aydın vəhylərinə zidd olardı. Bu barədə şəriət alimləri arasında ixtilaf yoxdur. Buna görə, həmd təkcə Allaha məxsusdur!
Həmçinin qeyd etmək lazımdır ki, varislər mərhumun qoyub getdiyi hər şeyə, o cümlədən, daşınmaz əmlaka, mebelə, qızıla, gümüşə və digər qiymətli əşyalara sahib olurlar. Onlar, mərhumun insan qətlinə görə alacağı qanbahasına və borclarına da varis olurlar.

Valideynlərin alacağı miras
Əgər mərhumun özündən sonra istənilən sayda istər oğulları olsun, istərsə qızlar olsun, doğma uşaqları və ya öz oğlunun uşaqları qalıbsa, onda onun atası və anası mirasının altıda bir hissəsini alırlar. Qeyd etmək lazımdır ki, mərhumun uşaqları qaldıqda, onun anası heç bir halda altıda bir hissədən çox ala bilməz. Ataya gəldikdə isə, əgər mərhumun oğulları qalıbsa, onda ona da mirasın altıda bir hissəsindən artıq düşmür. Yox əgər mərhumun bir və ya bir neçə qızı qaldıqda və onun yeganə varisləri kimi ancaq valideynləri və qızları qalmışsa və əgər onun kişi (əsaba) xətti ilə başqa qohumları yoxdursa, onda mirasın qızlar arasında bölüşdürülməsindən sonra, ata, ona çatan altıda bir hissədən başqa, kişi xətti ilə varis kimi, mirasın qalan hissəsini də alır. Bu onunla izah olunur ki, mirasın varislər arasında onların paylarına uyğun olaraq bölünməsindən sonra, mirasın yerdə qalan hissəsi kişi xətti üzrə ən yaxın qohuma çatır. Ata isə, doğma qardaşdan da, əmidən də və ya digər qohumlardan da ən yaxın qohumdur.
Əgər mərhumun özündən sonra uşaqları qalmayıbsa, onda onun yeganə varisləri valideynləridir, həm də anasına mirasının üçdə bir hissəsi çatır. Qalan üçdə iki hissə isə atasına məxsus olur, çünki Allah buyurur ki, belə hallarda mərhumun varisi valideynləri olur və əgər ana onun üçün müəyyən olunmuş hissəni alırsa, onda yerdə qalan nə varsa mərhumun atasına çatmalıdır.
Bütün deyilənlərdən belə nəticə çıxır ki, əgər mərhumun uşaqları qalmamışdırsa, atası, mirasın müəyyən hissəsini almır, amma mərhumun bütün vərəsələrinə çatası müvafiq paylar bölündükdən sonra qalan bütün əmlakının, ən yaxın qohum kimi, kişi xətti üzrə, varisi olur. Lakin mərhumun özündən sonra valideynlərindən başqa arvadı da qalmışsa, o da müəyyən olunmuş payını alır və ondan sonra isə mərhumun anası özünün üçdə bir hissəsini alır və mirasın qalan hissəsi ataya çatır. Bu o deməkdir ki, mərhumun anası hər iki valideyn üçün müəyyənləşdirilmiş üçdə bir hissəni alır. Bu halda iki variant mümkündür. Əgər mərhum qadındırsa, onda onun anası mirasın altıda bir hissəsini alır, çünki onunla (ana ilə) bərabər, mərhum qadının əri və atası da onun varisləridir. Ölən kişi olduqda isə, onun anası mirasın dörddə birini alır, çünki mərhumun anası ilə bərabər onun arvadı və atası da varisləridir.
Şərh edilən bu ayədən belə bir nəticə çıxarmaq olmaz ki, mərhumun anası, əgər mərhumun özündən sonra uşaqları qalmamışsa, mirasın bütövlükdə üçdə bir hissəsini bütün hallarda ala bilər və bizim öncə xatırlatdığımız iki variant bu hökmdən istisna edilməmişdir. Bu da onunla izah olunur ki, ərlə arvadın bir-birinə vərəsəlikdə miras payı mərhumun borc öhdəliyinə görə borcverənlərin alacağı hissəyə bənzərdir. Onlar öz payını bütün mirasdan alırlar və ancaq bundan sonra o, valideynlər arasında bölünür. Bundan başqa, əgər ana öz qızının mirasının üçdə bir hissəsini alarsa, onda, mərhum qızının əri üçün müəyyən edilmiş pay da çıxıldıqdan sonra, ananın payı atanın payından artıq olur. Əgər ana oğlunun mirasının üçdə bir hissəsini alarsa, onda mərhumun arvadı üçün müəyyən edilmiş pay çıxıldıqdan sonra, mərhumun atasının payı onun anasının payından mirasın cəmi on ikidə bir hissəsi qədər artıq olur. Mirasın bu qaydada bölüşdürülməsi yolverilməzdir, çünki ya hər iki valideynin payı bərabər olmalı, ya da atanın payı ananın payından iki dəfədən az olmamaq şərtilə artıq olmalıdır.
Əgər mərhumun doğma və ya ata, ya da ana xətti ilə ögey qardaşları və ya bacıları varsa, onda mirasının altıda bir hissəsi anasına çatır. Mərhumun qardaşları və ya bacıları onun əmlakının bir hissəsinə varis ola bilərlər, lakin onların atası və ya babası sağ olarsa, ondan məhrum da edilə bilərlər. Amma bu ayənin mirasda paydan məhrum edilmiş qardaşlara və bacılara aid edildiyini birmənalı şəkildə iddia etmək olmaz, çünki onlara mirasın yarısına haqq verilmir. Buna istinad edərək bəzi alimlər hesab edirlər ki, mərhumun anası, mərhumun onun mirasının bir hissəsinə haqqı olan qardaşları və bacıları olduğu təqdirdə, mirasın üçdə bir hissəsini almır. Bu rəy onunla təsdiq olunur ki, əgər qardaşlar və bacılar mirasa vərəsədirlərsə, onda onlar onun əhəmiyyətli hissəsini alırlar və bunun nəticəsində mərhumun anası bütün mirasın üçdə bir hissəsini almaqdan məhrum olur. Bu barədə ən yaxşı bilən Allahdır.
Qeyd etmək lazımdır ki, bu hökm mərhumun iki və daha çox qardaşları və bacıları olduqda gerçəkləşir, hərçənd ayədə “ixva” (“qardaşlar”) sözü cəm – çoxluq halındadır. Bu onunla izah olunur ki, burada cəm say bir qardaş və ya bacıdan çox olanı bildirir və eyni zamanda bir-neçə qardaşların və ya bir-neçə bacıların sayına işarə etmir.
Ərəb dilində iki nəfərə aid də çoxlu say formasının işlədilməsinə yol verilir. Uca Allah peyğəmbərlər Davud və Süleyman haqqında buyurur: “...Biz onların hökmünə şahid idik” (Ənbiya, 21/78). Burada əvəzlik cəm sayda istifadə edilmişdir. Uca Allah anadan ögey olan bacılar və qardaşlar barəsində belə buyurur: “Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər...” (Nisa, 4/12). Alimlər bu ayədə cəm sayın işlədilməsi barədə həmrəydirlər, hərçənd burada söhbət qardaşların və bacıların iki və daha çox olmasından gedir.
Deyilənlərdən məlum olur ki, mərhumun özündən sonra anası, atası və qardaşları qalıbsa, onda mirasının altıda bir hissəsi anasına, bütün qalanı isə atasına çatacaqdır. Mərhumun qardaşlarının və bacılarının olması anasını mirasının üçdə birinə olan hüququndan, canlı atasının olması qardaşlarını və bacılarını mərhumun mirasından tamamilə məhrum edir. Mirasın bu tərzdə bölünməsi, vərəsəlik hüququ olmayan qardaşların və bacıların mövcudluğunu nəzərə alan alimlərin rəyinə əsaslanır. Digər alimlərin rəyinə görə isə, onlar mirasın bölünməsinə təsir göstərmirlər və buna görə də mirasın üçdə biri mərhumun anasına, yerdə qalanın hamısı isə atasına çatır.
Sonra Uca Allah bildirir ki, mərhumun əmlakı, onun Allah və ya insanlar qarşısında borcları ödənildikdən və tərtib etdiyi vəsiyyətnaməsi üzrə ödənclər həyata keçirildikdən sonra, varislər arasında bölüşdürülür. Bundan sonra yerdə qalan əmlak varislərə çatacaq miras adlandırılır.
Allah bu ayədə borcların ödənilməsinə qədər vəsiyyətnaməni xatırladır ki, varislər onun vacibliyini anlasınlar, çünki bu onlar üçün ağır və məşəqqətlidir. Buna baxmayaraq, mərhumun borcları onun əsas sərmayəsindən, onun əmlakı, vəsiyyətnaməsi üzrə bölüşdürülənə qədər, ödənilməlidir. Vəsiyyətnamənin özü ilə əlaqədar demək olar ki, vəsiyyət edənə, onun varisləri olmayan insanlara əmlakının üçdə bir hissəsinə qədərini vəsiyyət etməyə icazə verilir. Əgər o, öz əmlakını mirasın bir hissəsinə hüququ olan varisə vəsiyyət edibsə, onda belə vəsiyyətnamə ancaq qalan vərəsələrin razılığı yerinə yetirilir.
Daha sonra Uca Allah bildirir ki, hansı valideynlərin və hansı uşaqların onlara daha çox fayda verəcəyi insanlara məlum deyil. Əgər onlar mirası öz bildikləri kimi bölsəydilər, ətrafdakılara çox ziyan vurardılar ki, bu barədə bilik təkcə Allaha məlumdur. Bunun səbəbi ondadır ki, insanların ağlı kamil deyil və onlar nəyin onlara daha çox fayda verəcəyini bilmirlər. Bu, bütün zamanlarda və dünyanın bütün guşələrində yaşamış bütün insanlara aiddir. İnsanlardan heç biri bilmir ki, valideynlərindən və övladlarından hansı biri onlara daha yaxın olacaq, onlara daha çox fayda verəcək və dini və dünyəvi məqsədlərə nail olmaqda onlara kömək edəcək.
Bütün varlığı Öz elmi ilə əhatə edən Allahın hökmü belədir. O, müdrik qanunlar yaradır və hər şeyin ölçüsünü özünə məxsus kamil şəkildə müəyyənləşdirir. Məxluqlara gəldikdə isə, onların idrakı Allahın yaratdığı qanunlara bənzər qanunlar yaratmağa qadir deyildir. Onun qanunları ideal şəkildə hər bir dövrə, hər bir ölkəyə və hər bir şəraitə uyğundur.


(12) “Əgər vəfat etmiş zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və ya borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Yox əgər onların övladı varsa, onda qoyub getdiklərinin dörddə bir hissəsi sizindir. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizə çatır. Yox əgər övladınız varsa, onda qoyub getdiyiniz malın səkkizdə bir hissəsi onlara çatır. Əgər vəfat etmiş kişinin və ya qadının valideyni və övladı yoxdursa, eyni anadan bir qardaşı və ya bir bacısı varsa, onda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar sayca bundan artıq olsalar, mirasın üçdə birinə şərikdirlər. Bu bölgü, vərəsələrə zərər yetirməmək şərti ilə vəsiyyətin yerinə yetirilməsindən və ya borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir tövsiyədir. Allah Biləndir, Həlimdir”.

Arvadlardan qalan əmlakın yarısı, əgər onların uşağı yoxsa, ərlərinə məxsusdur. Onların uşaqları olduğu halda isə, ərlərə arvadlarının qoyub getdiyinin, vəsiyyətnamə ilə verilənlərdən və borcların ödənişindən sonra qalan hissəsinin dörddə biri çatır. Arvadlara da ərlərinin qoyub getdiyinin, əgər uşaqları yoxsa, dörddə biri çatır. Əgər onların uşaqları varsa, arvadlara, ərlərinin qoyub getdiyinin, vəsiyyətnamə ilə verilənlərdən və borcların ödənişindən sonra qalan hissəsinin səkkizdə bir hissəsi çatır.
Mirasın bölünməsinə təsir göstərən mövcud uşaqlar dedikdə, doğma oğullar və qızlar, həmçinin doğma oğullarının oğulları və qızları nəzərdə tutulur. Bu zaman mərhumun neçə uşağı olmasının və onların sonuncu və ya əvvəlinci nikahdan olmalarının əhəmiyyəti yoxdur. Alimlərin yekdil rəyinə görə doğma qızların uşaqları hesaba alınmır.

Özündən sonra atası və uşaqları qalmayan şəxsin mirası
Ərəb dilində özündən sonra atası və uşaqları qalmayan adam “kilələ” adlanır. Belə adamın, öldükdən sonra, nə atası, nə babası, nə oğlu, nə qızı, nə oğlundan olan oğlan nəvəsi, nə də oğlundan olan qız nəvəsi və s. azalan xətt üzrə qalmır. Bu şərh ən doğrudanışan Əbu Bəkrə (A.o.r.) məxsusdur və alimlər arasında bu barədə ixtilaf yoxdur. Buna görə həmd təkcə Allaha aiddir!
Miras qoymuş kişi və ya qadının qardaşı və ya bacısı olduğu halda atası və ya uşaqları olmadıqda, qardaşa və ya bacıya onların əmlakının altıda bir hissəsi çatır. Quran ayələrinin birində deyilir ki, əgər onların ana tərəfdən ögey qardaşı və ya bacısı varsa, onda onlara altıda bir hissə düşür. Alimlər bu ayədə qardaşlar və bacılar adı altında ana tərəfdən ögey qardaşların və bacıların nəzərdə tutulmasında həmrəydirlər.
Əgər ögey qardaşlar və ya bacılar bir nəfərdən çoxdurlarsa, onda onlar mirasın üçdə bir hissəsinə bərabər hüquqa malikdirlər. Ögey qardaşların və bacıların payı üçdə birdən artıq olmur, hətta onlar iki nəfərdən də artıq olsalar. Bu ayədən aydın olur ki, ögey qardaşlar və ögey bacılar eyni ölçüdə pay alırlar, çünki eyni hüquqa malikdirlər.
Ayədən həm də aydın olur ki, istənilən nəsil budağından olan birbaşa törəmələr və kişi cinsindən olan nəsillər ana tərəfdən olan ögey qardaşları mirasdan məhrum edirlər, çünki Allah onlar üçün miras payını, mərhumun atası və uşaqları qalmadığı təqdirdə nəzərdə tutur. Əgər mərhumun özündən sonra atası və ya uşaqları qalmışsa, bu halda, alimlərin yekdil rəyinə görə, mərhumun ögey qardaşları və bacıları onun mirasından pay almaq hüququna malik olmurlar.
Qeyd etmək lazımdır ki, əgər mərhumun ana tərəfdən ögey qardaşları və ya ögey bacıları onun varisləri olsalar, onda onun doğma qardaşları mirasda öz paylarından məhrum olarlar. Məsələn, əgər mərhum arvadın özündən sonra, əri, anası, ana tərəfdən ögey qardaşları və doğma qardaşları qalarsa, onda onun mirasının yarısı ərinə, mirasının altıda bir hissəsi anasına, üçdə bir hissə isə ögey qardaşlarına çatar. Bu halda mərhum qadının doğma qardaşları mirasda öz paylarından məhrum olurlar, çünki Allah onun üçdə bir hissəsini ana tərəfdən olan ögey qardaşlar üçün təyin etmişdir. Əgər doğma qardaşlar, ana tərəfdən ögey qardaşlara çatan üçdə bir hissəni əldə etmək haqqı alsaydılar, o zaman bu, varislərin birləşdirilməsi cəhdi olardı ki, bu barədə Allah müxtəlif hökmlər nazil etmişdir. Bundan başqa, ana tərəfdən ögey qardaşlar mirasda müəyyən olunmuş paya malik olduqları halda, doğma qardaşlar mərhumun kişi xətti ilə qohumları kimi varis olurlar.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: Mirasın müvafiq hissəsini haqqı olana verin, əmlakın bölüşdürülməsindən sonra qalan hissəsi isə mərhumun ən yaxın kişi qohumuna çatmalıdır”. Allah haqqı olanlar üçün mirasdan müəyyən pay təyin etmişdir. İndiki halda miras, onu almağa haqqı olan kəslər arasında bütövlüklə bölüşdürülür və doğma qardaşlar mərhum bacıdan miras almırlar. Bu, hazırkı məsələ ilə bağlı ən düzgün rəydir.
Doğma qardaşlara və bacılara və həmçinin ata tərəfindən ögey qardaşlara və bacılara çatan miras haqqında daha ətraflı Uca Allahın aşağıdakı sözlərində izah edilmişdir: “Səndən fitva istəyirlər. De: “Valideyni və övladı olmayan kəsin mirası barəsində fitvanı sizə Allah verir”. Əgər övladı olmayan şəxs öldükdə onun bacısı varsa, qoyub getdiyinin yarısı bacıya çatır. Əgər onun övladı yoxdursa, qardaşı ona varis olur. Əgər varislər iki bacıdırsa, ölən qardaşın qoyub getdiyinin üçdə iki hissəsi onlara çatır. Əgər varislər qardaş və bacılardırsa, kişiyə iki qadının payı qədər pay düşür. Allah bunu sizə bəyan edir ki, doğru yoldan çıxmayasınız. Allah hər şeyi bilir” (Nisa, 4/176).
Əgər mərhumun atadan bir doğma bacısı və ya bir ögey bacısı qalıbsa, o mirasın yarısını alır. Əgər onun iki bacısı qalıbsa, onda onlar mirasın üçdə ikisini alırlar. Əgər onun bir doğma bacısı və atadan bir və ya bir neçə ögey bacısı qalıbsa, onda doğma bacıya mirasın yarısı, ögey bacılara isə altıda bir hissəsi çatır ki, bu altıda bir hissə onlar üçün müəyyən edilmiş mirasın üçdə iki hissəsinə əlavədir. Əgər doğma bacılar bir-neçə nəfərdirlərsə, onda onlar mirasın üçdə iki hissəsini öz aralarında bölür və atadan ögey bacılarını mirassız qoyurlar. Əvvəlcə qeyd etmişdik ki, miras mərhumun qızları və oğullarının qızları arasında da bu qayda ilə bölünür. Mərhumun doğma qardaşları və bacıları qalmış olsalar, onda kişiyə düşən pay iki qadının payına bərabər olur.

Başqa dinə etiqad edən qatilin və insanın əmlaka varis olması
Burada dərhal bir-neçə sual meydana çıxa bilər: mərhumun özündən sonra ana tərəfdən olmayan qardaşlarının və bacılarının qaldığı halda, onun qatilinin, azadlığının haqqını qismən ödəmiş qulunun, köləsinin, başqa din tərəfdarlarının, ikili cinsiyyətə malik olanların (Hermoafroditlər (həm kişi və həm də qadın cinsi orqanlarının əlaməti olan insanlar). F.S.) və ya babasının onun əmlakına varis olmasına dair hökm Quran ayələrindənmi irəli gəlmişdir? Varislər üçün müəyyən edilmiş payların bərabər hissələrlə azaldılması və yaxud varislər arasında mirasın qalan hissəsinin bərabər ölçüdə bölünməsi məsələsi Quran ayələrində müzakirə edilirmi? Mirasda payı müəyyən olunmamış və ata tərəfdən olmayan qohumlara nəyin çatması və ata tərəfdən uzaq qohumlara və ya anadan bir olmayan bacılara mərhumun qızları və ya oğlunun qızları olduğu təqdirdə nəyin çatması barədə ayələrdə bəhs edilirmi? Şübhəsiz ki, bu məsələlərə dair ayələrdə cahil adamların çox çətin başa düşə biləcəkləri incə işarələr və göstərişlər mövcuddur. Buna baxmayaraq, onlarda bütün sadalanan məsələlərə dair hökmlər vardır.
Mərhumun qatili və başqa dinə etiqad edən qohum miras almaq hüququna malik deyillər, çünki Müdrik Allah vərəsələr arasında mirası onların qohumluğundan və insanlara dini və dünyəvi məsələlərdə verdikləri faydadan asılı olaraq bölmüşdür. Uca Allah bu ilahi hikmətinə işarə edərək buyurur: “...Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilmirsiniz...” (Nisa, 4/11).
Tamamilə aydındır ki, qatil qətl etdiyi şəxsə hədsiz zərər vurur və onun mirasa olan hüququ bu ziyana qarşı durmağa qabil deyil. O, mərhuma, mirasın bir hissəsinə haqq qazanmağa səbəb olan bir fayda gətirmir və buna görə qətl mərhumun mirasında pay almaqdan məhrum edən ən böyük amil sayılır. İnsan qohumunu öldürməklə bütün qohumluq əlaqələrini qırır. Allah bu barədə belə buyurur: “...Qohumlar Allahın yazısına görə bir-birilərinə möminlərdən ... daha yaxındırlar...” (Əhzab, 33/6). Bundan başqa, İslam şəriətinin əsaslarından birinə uyğun olaraq, insan bir şeyi vaxtından əvvəl əldə etməyə can atdıqda, belə rəftarına görə cəza kimi, həmin şeydən məhrum edilir.
Belə mühakimə yürüdərək, nəticə çıxarmaq olar ki, varis vəsiyyət edənin dininə etiqad etməzsə, o, mirasdan məhrum edilir. O, mərhumla öz qohumluğu sayəsində ondan miras almaq hüququ qazanır, lakin onların dini inancları arasındakı fərq bu şərtə ziddir və onları bütün münasibətlərdə yad adamlara çevirir. Varisi onun mirasda olan payından məhrum edən amil, bu halda o dərəcədə güclüdür ki, insanın mirasda payına haqq verən qan qohumluğu amilinə belə üstün gəlir. Bu onunla izah edilir ki, müsəlmanların bir-birinin qarşısında vəzifələri, onların kafir qohumları qarşısında dünyəvi məsələlərdəki vəzifələrindən daha vacibdir və əgər mərhum müsəlmandırsa, onun əmlakı ona daha çox haqqı olana keçməlidir. Qan qohumlarının bir-birinə yaxın olmaları haqqında ayəyə gəldikdə isə, Allahın Kitabına uyğun olaraq, o, qohumların eyni dindən olması hallarına aiddir. Qohumlar müxtəlif dinlərə etiqad etdikdə, dini qardaşlıq qan qohumluğu qardaşlığına üstün gəlir.
İbn əl-Qeyyim özünün “Cəla əl-Əfhəm” adlı kitabında yazır: “Əmlakın irs üzrə ərlərdən onların qadınlarına keçməsindən deyil, ərlərdən onların arvadlarına keçməsini müəyyənləşdirən Allahın miras haqqında ayəsinin mənası üzərində düşün”. Uca Allah buyurur: “...zövcələrinizin... qoyub getdikləri malın yarısı sizindir...” (Nisa, 4/12). Bu o deməkdir ki, ər-arvad bir-birinin mirasından hissə almaq hüququnu onların arasında qohumluq və oxşarlıq nəzərdə tutan ər-arvad olmaları sayəsində əldə edirlər. Möminlər və kafirlər arasında nə oxşarlıq və nə də qohumluq yoxdur və buna görə onlar bir-birilərinin əmlakına varis ola bilməzlər. Quranın sözlərinin və tərkibi söz birləşmələrinin sirri ən ağıllı insanlar tərəfindən belə tam mənada dərk edilə bilməz”.

Qulun əmlaka varis olması
Qullar miras qoymurlar və başqasının əmlakına da varis olmurlar. Birinci müddəa tamamilə aydındır, çünki qullar, varislərinə keçə biləcək mülkiyyətə malik olmurlar. Onların əlində olan bütün əmlak onların sahiblərinə məxsusdur. Bununla yanaşı, onlar özgəsinin malına varis olmurlar, çünki əgər onlar miras alsalar, o da ağalarının mülkiyyəti olar ki, sonuncular mərhum üçün tamamilə yad adamdırlar.
Uca Allah buyurur: “... kişiyə, iki qadının payı qədər pay düşür...” (Nisa, 4/11);
“...zövcələrinizin... qoyub getdikləri malın yarısı sizindir...” (Nisa, 4/12);
“...valideynlərinin hər birinə qoyub getdiyi malının altıda bir hissəsi çatır...” (Nisa, 4/11). Bu və digər ayələrdən aydın olur ki, miras kimi varisə keçən əmlak onun mülkiyyətinə çevrilir. Qulların mülkiyyət hüququ olmadığı üçün miras da almırlar.
Lakin əgər kölə öz azadlığını qismən satın almışsa, onda o, azadlığı üçün ödədiyi məbləğə bərabər hissə qədər mirasdan pay ala bilər. O, onun üçün mirasda müəyyən edilmiş hissəni qəbul etmək haqqına malikdir və artıq qismən azad şəxsdir və mülkiyyət hüququna malikdir. Amma eyni zamanda o, qismən mülkiyyət hüququna malik olmayan kölə kimi qalır. O, azadlığı üçün məbləğin bir hissəsini ödədikdə, əmlaka varis olmaq və miras qoymaq hüququ qazanır, lakin o, azadlığa çıxmaq üçün zəruri olan və ödəmədiyi məbləğin miqdarına bərabər ona çatası mirasdan məhrum olur. Bütün hallarda belə qullara, onlar təriflənməyə və ya qınanmağa, mükafata və ya cəzalandırılmağa layiq olduqda müvafiq münasibət bəslənilir.

İkicinsli şəxslərin (Yuxarıda qeyd etdiyimiz kimi, ikicinsli şəxslər həm kişi və həm də qadın cinsiyyət orqanlarının əlamətlərinə malik olurlar. F.S.)əmlak varisliyi
İkicinsli şəxslər arasında kişi kimi seçilənlər, qadın kimi seçilənlər və qeyri-müəyyən şəxslər mövcuddur. Kişi və ya qadın kimi bilinənlərə aid hökmlər tamamilə aydındır. Birincilərə - kişilərə aid müddəalar və bu barədə nazil edilmiş bütün hökmlər tətbiq edilir. Sonunculara isə qadınlara aid müddəalar və onlar barədə nazil edilmiş bütün hökmlər şamil edilir.
Əgər ikicinslilərin cəhətlərindən birinin üstünlüyünü ayırd etmək mümkün olmursa, əgər mirasın ona çatacaq payı kişi və qadın üçün eynidirsə, burada məsələ aydındır, məsələn, miras ana tərəfdən ögey qardaşlar və bacılar arasında bölündükdə. Yox, əgər onun miras payı kişi və qadın üçün fərqli olduqda və biz onun cinsi mənsubiyyətini hər ikisindən birinə şamil edə bilmiriksə, biz, başqa varislərin haqqında ədalətsizlik etməmək üçün ona kişiyə məxsus hissəni verə bilmərik, eynilə ona qadına məxsus hissəni də verə bilmərik, çünki onun özünə qarşı ədalətsizlik etmiş olarıq. Belə halda biz ədalətlə davranaraq ona kişi ilə qadının payları arasında orta bir pay verməliyik. Uca Allah buyurur: “...Ədalətli olun! Bu, təqvaya daha yaxındır...” (Maidə, 5/8). Biz bu məsələni bundan da ədalətli həll edə bilmərik, Quran ayəsi də belə deyir: “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...” (Bəqərə, 2/286). Başqa bir ayədə isə deyilir: “Nə qədər bacarırsınızsa, Allahdan qorxun...” (Təğabun, 64/16).

Babaya çatan miras
Mərhumun doğma qardaşları və bacılarının babaları olduqda onlara miras çatırmı? Allahın Kitabı, ata və babanın olmasının mərhumun doğma qardaşları və bacılarını və həmçinin onun atadan və ya anadan ögey qardaş və bacılarını mirasdan məhrum etməsi barədə Əbu Bəkr Siddiqin (A.o.r.) dediyi fikri təsdiq edir. Bu onunla izah olunur ki, bir çox ayələrdə baba ata adlandırılır. Uca Allah buyurur: “Yoxsa siz Yaquba ölüm gəldikdə onun yanında idiniz? O zaman o, öz oğullarına dedi: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” Onlar dedilər: “Sənin İlahına, atalarının – İbrahimin, İsmailin və İshaqın İlahı olan Tək İlaha ibadət edəcəyik...” (Bəqərə, 2/133). Yusuf Peyğəmbər (ə) isə demişdir: “Mən atalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum...” (Yusuf, 12/38).
Allah babaları və ulu babaları ata adlandırır və buradan aydın olur ki, baba ata ilə bərabər hüquqlara malikdir. Atanın varis olduğu mirasa baba da varis olur və atanın mirasdan məhrum etdiyi qohumları, ata ölmüş olduqda, baba mirasdan məhrum edir. Mərhumun atasının ölmüş olduğu təqdirdə onun hüquqlarının babaya keçməsində alimlər həmrəydirlər. Əgər alimlər atanın ölmüş olduğu halda, babanın uşaqlar, qardaşlar, bacılar, əmilər və onların oğulları arasında mirasın bölüşdürülməsinə təsir göstərməsi və mərhumun ana tərəfdən qardaşları və bacılarını miras hüququndan məhrum etməsi haqqı ilə həmrəydirlərsə, onda niyə oğuldan olan nəvə doğma oğlun yerini tutduğu halda, baba atanın yerini tutmasın? Əgər alimlər mərhumun ulu babasının ( Burada: babanın atası. F.S.) doğma qardaşın oğlunu mirasdan məhrum etməklə razılaşırlarsa, onda niyə onun babası onun qardaşını mirasdan məhrum edə bilməsin? Babanın həyatda olduğu halda mirasın mərhumun qardaşlarına verilməsini iddia edən digər alimlərə gəldikdə isə, onlar bu rəylərini təsdiq etmək üçün heç bir aydın nassa, göstərişə və ya onlara işarə edən yaxın və ya oxşar mülahizələrə əsaslana bilmirlər.

Varislər üçün müəyyən edilmiş payların bərabər hissələrlə azaldılması (aul)
Varislər üçün müəyyən edilmiş payların artırılması və azaldılması ilə bağlı məsələlər də Quran ayələrində açıqlanır. Uca Allah varislər üçün müvafiq paylar təyin etmiş, həmçinin onların bir birini mirasdan məhrum etməsini müəyyənləşdirmiş və başqalarına isə birlikdə varis olmaq haqqı vermişdir. Əgər varislərin bir qismi digərlərini mirasdan məhrum edirlərsə, onda sonuncular əmlakın bölünməsində iştirak etmirlər və mərhumun mirasından heç nə almırlar. Varislər bir-birini bu hüquqdan məhrum etmədikdə isə, mirasın bölünməsinin üç variantı mümkündür: ya mirasın ancaq bir hissəsini təşkil edən müəyyən olunmuş varis payları və ya heç bir artma və azaltmaya məruz qalmayan bütün mirasdan ibarət müəyyən edilmiş paylar və yaxud da onlar üçün mirasın özündən artıq müəyyənləşdirilmiş paylar.
Birinci iki halda hər bir varis öz payını bütövlüklə alır, lakin varislər üçün təyin edilmiş paylar mirasdan çox olduqda, onda onu iki üsulla bölmək olar. Onlardan birinci halda bəzi varisləri, Allahın onlar üçün təyin etdiyi payın bir hissəsindən məhrum edərək, qalan varislərə onlar üçün təyin olmuş payı bütövlüklə verə bilərik, amma bu halda bəzi varislər o birilərinə nisbətən əsassız üstünlük əldə edərlər, axı onların hamısı eyni dərəcədə öz paylarını almaq niyyətindədirlər. Buna görə bizə ikinci üsuldan istifadə etmək qalır ki, bu da mirasın varislərin payına müvafiq olaraq bərabər hissələrə bölünməsidir. Belə olduqda, vəziyyətdən çıxış yolu borclunun əmlakında borcverənlərin payının mütənasib olaraq azaldılmasıdır. Buradan aydın olur ki, varislərin paylarının uyğun şəkildə azaldılmasının qanuniliyi də Allahın Kitabında izah edilmişdir.

Mirasın qalan hissəsinin varislər arasında bərabər qaydada bölünməsi (rədd)
Bu hökm ondan əvvəlkinin tam əksidir və varislər üçün təyin edilmiş paylar mirasın ancaq bir hissəsini təşkil etdikdə və əgər mərhumun kişi xətti ilə (əsabə) onun əmlakından qalan hissəni götürməyə haqqı olan nə yaxın və nə də uzaq qohumları olmadıqda qüvvəyə minir. Əgər belə hallarda yerdə qalan miras varislərdən birinə verilərsə, o, buna haqqı olmadan, başqa varislərdən üstünlük qazanar. Qalan hissəni mərhumun qan qohumu olmayan insanlara vermək həmçinin ədalətsizlik, haqdan kənara çıxma və Uca Allaha itaətsizlik göstərmə olardı, çünki O, buyurur: “...Qohumlar Allahın yazısına görə bir-birilərinə ... daha yaxındırlar...” (Əhzab, 33/6). Buna görə, belə hallarda yeganə doğru yol – mirasın qalan hissəsinin varislər arasında onlar üçün müəyyən olunmuş paylara uyğun olaraq bölünməsidir.
Bəzi alimlər hesab edirlər ki, belə hallarda ər-arvad nəzərə alınmamalıdır, çünki onlar qan qohumu deyillər və Allahın onlar üçün müəyyənləşdirdiyindən artıq qəbul etməməlidirlər. Lakin mötəbər rəyə görə, mirasın qalan hissəsinin bölüşdürülməsi zamanı ər-arvad başqaları ilə bərabər nəzərə alınmalıdır, çünki yuxarıda qeyd olunmuş dəlil bütün varislərə şamil edilir. Beləliklə, varislər üçün təyin olunmuş payların bərabər qaydada azaldılması dəlili ət-arvada da aiddir.

Mirasda payı olmayan və kişi xətti ilə (zavi əl-ərxəm) qohumluğu çatmayan qohumların əmlaka varis olmaları
Mərhumun mirasda payı təyin olunmuş qohumları və kişi xətti ilə qohumları (əsabə) olmadıqda, onun mirası ya tamamilə yad adamların xeyrinə müsəlman icmasına keçirilməli, ya da digər hallarda varis olmayan qohumların əlinə keçməlidir. Şübhəsiz ki, ikinci variant yeganə doğru olandır. Bunu təsdiq edən qərar Uca Allahın aşağıdakı dəlilidir: “...Qohumlar Allahın yazısına görə bir-birilərinə ... daha yaxındırlar...” (Əhzab, 33/6).
Miras yad adamlar arasında bölüşdürülərsə, onda ona daha çox haqqı olanlar ondan məhrum edilərlər. Buna görə miras başqa hallarda mərhumun varisi ola bilməyən qohumlarına verilməlidir. Allahın Kitabında həmin qohumlar üçün mirasda müəyyən pay təyin edilməmişdir, lakin onlarla mərhum arasında qohumluq əlaqələri var idi və bunlara uyğun mirasdan öz paylarını almalıdırlar. Bu barədə ən yaxşı bilən Allahdır.

Kişi xətti ilə qohumların (əsabə) əmlaka varis olması
Mərhumun kişi xətti ilə qohumları onun oğulları, qardaşları, qardaşlarının oğulları, əmiləri, onların oğulları və b. hesab edilir.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Mirasın müvafiq hissələrini ona haqqı olanlara verin, bölüşdürüldükdən sonra qalan bütün əmlak mərhumun yaxın qohumu olan kişiyə verilməlidir”.
Uca Allah buyurur: “Hər kəs üçün valideynlərin və yaxın qohumların qoyub getdikləri maldan öz paylarını alacaq varislər təyin etdik...” (Nisa, 4/33).
Əgər mirasın müəyyən paylar təyin edilmiş varislər arasında bölüşdürülməsindən sonra mərhumun əmlakından heç nə qalmazsa, onda kişi xətti üzrə qalan qohumlar heç nə almırlar. Əgər əmlakın bir hissəsi varislərin mülkiyyətinə keçməyib qalarsa, onda o, mərhumun kişi xətti üzrə ən yaxın qohumu olan kişiyə, qohumluğun istiqamətləri və səviyyələri nəzərə alınmaqla verilir.
Qohumluğun kişi xətti üzrə yaxınlığı aşağıdakı ardıcıllıqla müəyyənləşdirilir: oğullar, atalar, qardaşlar və onların oğulları, əmilər və onların oğulları, azad edilmiş kölələrdən miras haqqına malik olanlar. Mirasın bölünməsi zamanı mərhumun bu sırada ən yaxın olan qohumuna üstünlük verilir. Əgər onlar eyni səviyyəli qohumlardırsa, onda üstünlük mövqeyinə görə mərhuma daha yaxın olana verilir. Əgər onlar mərhumla eyni səviyyədə yaxın olmuşlarsa, onda üstünlük ata və ana tərəfdən qan qohumu olanlara verilir. Əgər onların mərhumla qohumluğu bütün meyarlar üzrə bərabər olarsa, onda onlar mirasın qalan hissəsində bərabər haqqa malik olurlar. Bu barədə ən yaxşısı Allaha məlumdur.

Anadan bir olmayan bacıların alacağı miras
Əgər mərhumun qızları və oğullarının qızları ilə yanaşı anadan bir olmayan bacıları da ona varis olurlarsa, onda qızları və oğullarının qızları onlar üçün təyin edilmiş paylarını alandan sonra yerdə qalan əmlakdan heç nə almırlar, çünki Quranın heç yerində, mərhumun qızları olduğu halda bacılarının irsdən məhrum edilməsindən bəhs edilmir. Əslində bu barədə daha yaxşı bilən – Allahdır. Buradan aydın olur ki, əgər mərhumun qızları onlar üçün təyin edilmiş payı aldıqdan sonra mirasın qalan hissəsinə əl dəyilmirsə, onda mərhumun bacılarının ona haqqı var və o hissə, mərhumla kişi xətti üzrə daha uzaq qohum olan, məsələn, qardaşların oğullarına, əmilərə və ya daha uzaq qohumlara keçməməlidir. Lakin bu barədə ən yaxşısını bilən Allahdır.


(13) “Bunlar Allahın hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur”.

Mirasın bölüşdürülməsi haqqında şərh olunan hökmlər Allahın hüdudlarıdır. Onları aşmaq və onlara laqeyd münasibət bəsləmək olmaz. Buradan aydın olur ki, Uca Allahın mirasda varislər üçün müəyyən paylar təyin etməklə vəsiyyətnamənin varislərin xeyrinə tərtib edilməsinə verilən icazəsi ləğv olunmuşdur. Əgər vəsiyyət edən vəsiyyətnaməsini, varislərindən təkcə birinin xeyrinə, ona çatası payı artırmaqla tərtib edərsə, onda o, Allahın hüdudunu aşmış olur. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bu barədə demişdir: “Əmlakı bir varisin xeyrinə vəsiyyət etmək olmaz”.
Bunu xatırlatdıqdan sonra Allah Özünə və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) bütövlüklə itaət və itaətsizlik etmək barədə bildirir ki, mirasın bölünməsi zamanı Allahın hüdudlarına riayət edilməsi və ya edilməməsində Rəbbə itaətin və Ona itaətsizliyin təsadüfi hal olmadığını vurğulasın. Əgər insan Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun) ən vacib əmri olan tövhidə etiqad edirsə, əgər o, müxtəlif əhəmiyyət daşıyan qalan dini hökmlərə riayət edirsə, əgər o, ən böyük haramlardan olan məxluqlara ibadət etmək qadağasını pozmursa və müxtəlif ağırlıq dərəcələri olan digər günahlardan çəkinirsə, onda o, çaylar axan Cənnət bağlarına düşəcək və əbədi olaraq orada qalacaqdır. Hər bir şəxs dinin tələblərini yerinə yetirirsə və günahlardan çəkinirsə, mütləq Cənnətə düşəcək və odlu-alovlu Cəhənnəmdən xilas olacaqdır. Bu, əbədi səadətdir və onu sözlə təsvir etmək mümkün deyil.


(14) “Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır”.

Burada asilik (itaətsizlik) dedikdə, həm kafirlik və həm də ondan daha az ağır günahlar başa düşülür. Amma bu müddəa, xəvariclərə əsas vermir ki, itaətsizlik göstərən hər bir kəsi kafir saysınlar. Uca Allah bildirir ki, əgər insan Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaət edərsə, Cənnət bağlarına daxil edilər, əgər o, Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) itaətsizlik edərsə, Cəhənnəmə düşər. Bu o deməkdir ki, əgər insan öz Rəbbinə tamamilə mütidirsə, o, Cənnətə girəcəkdir və cəzalandırılmayacaqdır. Əgər o, Ona və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun) tamamilə itaətdən çıxaraq, Ona şərik qoşarsa və bundan az ağır günahlar da işlədərsə, Cəhənnəmə atılar və orada əbədi qalar. Əgər o, bəzən Allaha itaət edir və bəzən də Onun hökmlərini yerinə yetirmirsə, onda o, yaxşı əməllərinə və törətdiyi günahlara uyğun olaraq həm mükafata layiq görüləcək və həm də cəzalandırılacaqdır. Çoxsaylı müqəddəs nasslardan aydın olur ki, insan tövhidi pozmadan Allaha itaət etdikdə, o, Cəhənnəmdə əbədi olaraq yandırılmayacaq, çünki Tək Allaha iman gətirməsi onu əbədi işgəncələrdən xilas edəcəkdir.

(15) “Zinakarlıq edən qadınlarınıza qarşı özünüzdən dörd şahid çağırın! Əgər onlar şahidlik etsələr, o qadınları, ölüm onların həyatına son qoyanadək və yaxud Allah onlar üçün bir yol açanadək evlərindən bayıra buraxmayın”.

Əgər sizin arvadlarınız zinakarlıq kimi bir çirkin və iyrənc qəbahətə yol vermişlərsə, onların əleyhinə öz aranızdan dörd nəfər ədalətli və mömin kişini şahid çağırın. Əgər şahidlər bunu təsdiq etsələr, onda onları evlərinizdən çıxmağa qoymayın, çünki onların evdən bayıra çıxması onların sadiqliyinə şübhə doğurur. Belə həbs üsulu cəza növlərindən biridir və onun müddəti ölüm etibarsız arvadlarınızın həyatına son qoyanadək və yaxud Allah onlar üçün başqa bir cəza təyin edənədək davam edəcək.
Bu ayə ləğv olunmuş sayılmır, çünki Allah ayədə xatırlanan hökmü zinakarlar haqqında başqa bir cəza müəyyən edilənə qədər qüvvədə saxlayır. Bu hökm İslamın yayıldığı ilk illərdə qüvvədə idi, lakin sonradan nikahlı olan zinakar kişiləri və zinakar qadınları daşqalaq etmək, heç vaxt nikahda olmayan zinakar kişiləri və zinakar qadınları isə yüz qamçı vurmaqla cəzalandırmaq əmri verir.


Tarix: 20.04.2013 / 15:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1179 Bölmə: Sureler