beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 1-16

Mərhəmətli və Rəhmli Allahın adı ilə!

(6.1) “Göyləri və yeri (yoxdan) xəlq edən, zülmətləri və nuru yaradan Allaha həmd olsun! (Bu qüdrəti gördükdən) sonra kafir olanlar yenə (bütləri) öz Rəbbinə tay tuturlar”.

Fövqəluca Allah bəyan edir ki, Özünün kamil sifətlərinə və əzəmətli özəlliklərinə görə ümumiyyətlə və sadalanan əməllərinə görə isə xüsusilə Ona həmd edilməsinə layiqdir. O, Onun hüdudsuz qüdrətini, mükəmməl elmini, hər şeyi əhatə edən mərhəmətini və kamil müdrikliyini təsdiq edən göyləri və yeri yaratmasına görə Özünü tərifləyir. Bununla yanaşı onlar Onun Vahid Xaliq və Hökmdar olmasının dəlilləridir.

Allah Özünü qaranlığı və işığı yaratdığına görə tərifləyir. Qaranlıq və işıq həm maddi (gecə və gündüz, günəş və ay) və həm də mənəvi (nadanlıq, şübhələr, müşrikliyin, günahların və laqeydliyin zülməti və elmin, imanın, etiqadın, mütiliyin nuru) ola bilər.
Bütün deyilənlər onu göstərir ki, Fövqəluca Allah ibadətə və həm də ən səmimi xidmət (qulluq) edilməsinə layiqdir. Lakin bu aydın dəlillərə baxmayaraq, kafirlər Onu yaratdıqları ilə bərabər tutmaqda davam edirlər. Onlar öz bütlərinə ehtiram bəsləyir və onlara, təkcə Ona ibadət etməli olduqları kimi ibadət edirlər, halbuki bütlərin məziyyətlərinin Rəbbin kamil sifətləri ilə heç bir oxşarlığı yoxdur. Həqiqətən də, onlar zəif və köməksizdirlər və çoxlu qüsurlara malikdirlər.
Qeyd etmək lazımdır ki, Allah çoxsaylı zülmətlərin (qaran-lıqların) mövcud olmasını və ancaq tək bir işığın (nurun) varlığını xatırladır, çünki zülmətin çoxlu mənbələri və yolları olduğu halda, Allaha doğru aparan işıqlı yol birdir. O haçalanmır və müvafiq əməlləri dərk etməyə əsaslanır. Fövqəluca Allah buyurur: “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin. Sizi (Allahın) yolundan sapdıracaq yollara uymayın. (Allah) sizə bunları tövsiyə etdi ki, pis əməllərdən çəkinəsiniz!” (Ənam, 6/153).


(6.2) “Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən Odur. (Allahın) yanında məlum bir əcəl də (bütün ölülərin diriləcəyi qiyamət günü) vardır. (Bütün bunlardan) sonra siz yenə də şübhə edirsiniz!”

Allah sizin ulu babanız Adəmi gildən yaratmış, sonra isə sizin Yerdə yaşama müddətinizi müəyyən etmişdir. Siz həmin müddət ərzində nemətlərdən zövq alacaqsınız və Onun elçilərinin sizin aranızda təbliğ etdiklərinə sadiqliyiniz sınaqdan keçiriləcəkdir. O (Müqəddəs və Müdrik Allah), sizə hər ağıllı olmaq istəyənin ağıllanması üçün lazım olan qədər ömür bəxş edəcəkdir. Allah Qiyamət günü üçün də vaxt müəyyən etmişdir. Yaradılmışlar oraya dünya həyatından ayrıldıqdan sonra düşürlər ki, etdikləri yaxşı və pis əməllərə görə əvəzini alsınlar. Lakin bu qüsursuz izahata və inandırıcı sübutlara baxmayaraq, siz yenə də Allahın vədinə və təhdidinə şübhə gətirməkdə davam edirsiniz və Qiyamət günü əvəz veriləcəyinin həqiqiliyinə əmin deyilsiniz.


(6.3) “Göylərdə də, yerdə də yalnız O – Allahdır! Sizin giz-lində də, aşkarda da nəyiniz varsa, tutduğunuz (bütün) əməlləri də O bilir!”

Allah göylərdə də, yerdə də Müqəddəsdir. Ona yaxın olan mələklər və elçilər, saleh insanlar, şəhidlər və möminlər – göylərin və yerin bu və digər məskunları Ona ibadət edir, Onun əzəməti önündə itaət edir və Onun qüdrəti qarşısında baş əyirlər. O, onların gizlətdiyi və ya aşkarda etdikləri və nail olduqları hər şeyi bilir. Qoy onlar özlərini Ondan və Onun mərhəmətindən uzaqlaşdıran günahlardan və hər hansı digər addımlardan çəkinsinlər. Qoy onlar özlərini Ona və Onun mərhəmətinə yaxınlaşdıran əməllər etməyə can atsınlar.

(6.4) “Onlara (Məkkə müşriklərinə) Rəbbinin ayələrindən elə bir ayə gəlməz ki, onlardan üz çevirməsinlər!”

Fövqəluca Allah, Rəbbin ayələrindən heç bir fayda götürməyən müşriklərin, nümunəvi cəzalandırılmasına layiq görülənə qədər, nifrəti, kafirliyi və qərəzkarlıqları barədə xəbər verir. Onlara haqqı təsdiq edən və onları onu qəbul etməyi və ona boyun əyməyi vacib edən təkzibolunmaz möcüzələr göstərilmişdi, lakin onlar dəlillərə diqqət yetirmədilər və onlara heç bir əhəmiyyət vermədilər. Onların qəlbi əks səmtə can atırdı və onlar haqqa arxa çevirdilər.

(6.5) “Onlara haqq olan (Quran) gəldiyi zaman onu yalan hesab etdilər. (Müşriklərin) məsxərəyə qoyduqlarının (Quranın müsəlmanların qalib gələcəyi, müşriklərin məğlub olacağı və axirətdə şiddətli əzab görəcəkləri barəsindəki) xəbərləri onlara gəlib çatacaq!”

Həqiqət insanlardan ona itaət edilməsini və Allaha göstərdiyi köməyə və zəruri izahatlarına görə minnətdarlıq bildirilməsini tələb edir. Kafirlər isə öz Rəbbinin lütfünə tamamilə başqa tərzdə cavab verdilər və bununla da sərt cəzaya layiq oldular. Tamamilə az bir müddət keçdikdən sonra onlar əmin olacaqlar ki, məsxərəyə qoyduqları əsil həqiqət imiş, çünki Allah onların yalanını və iftiralarını ifşa edəcəkdir. Onlar dirildilmənin, Cənnət bağlarının və Cəhənnəmin gerçəkliyinə istehza edirdilər, amma Qiyamət günü başladıqda onlara deyəcəklər: “Bu sizin (dünyada) yalan hesab etdiyiniz həmin cəhənnəm odudur!” (Tur, 52/14).
Fövqəluca Allah belə buyurur: “Onlar: “Allah, ölən bir kimsəni diriltməyəcəkdir!” – deyə Allaha möhkəm and içdilər. Xeyr! (Allah Qiyamət günü ölüləri qəbirlərindən çıxarıb diril-dəcəyi haqda) doğru vəd vermişdir. Lakin insanların əksəriyyəti (bunu) bilməz! (Allah hər bir mömini və kafiri öləndən sonra dirildəcəkdir ki,) ixtilafda olduqları məsələləri izah etsin və (Qiyamət günü ölülərin diriləcəyini) inkar edənlər də özlərinin yalançı olduqlarını bilsinlər”. (Nəhl, 16/38-39).

(6.6) “Məgər özlərindən əvvəl neçə-neçə nəsilləri (ümmət-ləri) məhv etdiyimizi görmədilərmi? Onlara yer üzündə sizə (məkkəlilərə) vermədiyimiz imkanlar (qüvvət və sərvət) ver-mişdik. Göydən onlara bol yağış göndərmiş, (evlərinin, sarayları-nın və bağçalarının) altından çaylar axıtmışdıq. Biz onları günahlarına görə məhv etdik və onlardan sonra başqa yeni bir nəsil (ümmətlər) yaratdıq”.

Allah bu ayədə insanlara buyurur ki, qədim xalqlar haqqında hekayətlərdən faydalı nəticələr çıxartsınlar. O, onlara möhlət verdikdən, var-dövlət, övladlar və əmin-amanlıq əta etdikdən sonra onları bir-birinin ardınca məhv etmişdir. Səmadan onlar üçün bol yağış yağdırılmışdı, yerdə isə onlar üçün bol sulu çaylar salınmışdı ki, onların sayəsində Allahın istədiyi taxıl və meyvələr yetişdirsinlər. Onlar bu nemətlərdən ləzzət alır və ürəkləri istədikləri şeylərdən yeyirdilər, lakin nazil etdiyi nemətlər üçün Ona təşəkkür etmək istəmirdilər. Kef çəkmək onları özünə o dərəcədə aludə etmişdi ki, onlar təkcə öz nəfslərini düşünməyə başlamışdılar. Allahın elçiləri onların yanına gəldikləri zaman, onları qəbul etmədən rədd etdilər və hətta yalançı adlandırdılar və belə olduqda, Allah onları günahlarına görə məhv etdi və onlardan sonra insanların yeni nəsillərini yaratdı. Allah kafirlərin nəsilləri ilə – həm birinci və həm də sonuncularla, bax, belə rəftar etdi. Qoy insanlar Allahın onlara rəvayət etdiyi hekayətlər üzərində düşünsünlər!

(6.7) “(Ey Elçim!) Əgər sənə kağız üzərində bir Kitab nazil etsəydik və kafirlər əlləri ilə ona toxunmuş olsaydılar belə, yenə də: “Bu, açıq-aydın bir sehrdir” – deyərdilər”.

Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) kafirlərin möhkəm inadkarlığından xəbər verir və izah edir ki, onların haqqı danması peyğəmbər dəvətinin qüsurları ilə və ya onun onlar üçün dərk olunmazlığı ilə bağlı deyildir. Onların ədavətinin səbəbi zalımlıqlarında və ədalətsizliklərindədir və bu xislətlə artıq heç nə etmək mümkün deyil. Əgər Allah onların əlləri ilə toxuna və yaradılmasına əmin ola biləcəkləri kağızda Səmavi Kitab nazil etsəydi belə, kafirlər onsuz da ədalətsiz davranacaq və bunu açıq-aydın bir sehrbazlıq adlandıracaqdılar. Bundan da daha böyük möcüzə nə ola bilərdi? Əllə toxunulması mümkün olan və heç olmazsa bir qətrə ağlı olan insanın belə rədd etməyi boynuna götürmədiyi həqiqəti inkar edənlərin sözlərindən də dəhşətli nə ola bilər?!

(6.8) “Onlar dedilər: “Məgər ona (Həzrəti Muhəmmədə peyğəmbərliyinin həqiqi olmasını təsdiq edən) bir mələk endirilməli deyildimi?” Əgər Biz bir mələk göndərsəydik, iş bitmiş olar (iman gətirməyəcəkləri üçün onlar məhv edilər) və (tövbə etmək üçün) onlara bir an belə möhlət verilməzdi”.

Səbəbi nadanlıq və məntiqi təfəkkürdən xali olan müşriklər inadkarlıq göstərərək, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına onun vəzifəsini yerinə yetirməyə kömək edən mələyin göndərilməməsinə təəccüb edirdilər. Onlar belə güman edirdilər ki, Allah Öz vəhylərini ancaq mələklər vasitəsilə göndərir və adi bir insan olan Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini qəbul etmirdilər. Allah isə onlara ayədə izah edir ki, insanlar arasından elçinin seçilməsi Onun qullarına mərhəmətinin və rəhminin təzahürüdür, çünki insanlar mükəmməl bilik və tam əminlik əsasında qeybə iman gətirmək imkanı əldə etmişdilər.
Əgər Allah vəhylərini insanlara mələklər vasitəsilə göndərsəydi, onda onların imanı gerçək biliklərə istinad edə bilməzdi. Əksinə, onların imanı adi olan bir şeyin qəbul olunması kimi təsəvvür edilərdi ki, bu da özlüyündə insanlara heç bir fayda gətirmir. Lakin ən başlıcası, kafirlərin əksəriyyəti, onsuz da, bundan sonra da iman gətirməkdən boyun qaçıracaqdılar və belə olduqda, Allah mütləq hökm çıxararaq təxirə salmadan onları həlak edərdi. Onda müşriklərdən heç birinə möhlət verilməzdi, çünki Allah həmişə möcüzə göstərilməsini tələb edən və sonra ona inanmayanların hamısı ilə belə rəftar edir.
Allah insanlar arasından onlara elçi göndərdikdə, onu açıq-aşkar möcüzələrlə qüvvətləndirdikdə və naşükürlərə və kafirlərə möhlət verdikdə onlar daha çox faydalanırlar. Allah bilir ki, insanlar üçün belə olması daha yaxşıdır və ona görə də onlara rəhm edir. Kafirlərin onlara mələk göndərilməsi tələbinə gəldikdə isə belə tələblər çox təhlükəlidir, əgər onlar bunu başa düşsəydilər!... Amma hətta Allah onlara mələk göndərsəydi də, onlar ondan bilik ala bilməzdilər və belə bir sınağa dözməzdilər, çünki onların imkanları olduqca məhduddur. Bax buna görə sonra Fövqəluca Allah belə buyurur:


(6.9) “Əgər Biz onu (peyğəmbəri) mələk etsəydik (və ya kafirlərə mələklərdən bir peyğəmbər göndərsəydik), yenə də onu bir insan qiyafəsində göndərər və onları (göndərilənin mələk deyil, özləri kimi bir adam olması barəsində) bir daha düşdükləri şübhəyə salardıq”.

Allahın müdrikliyi insanlara göndərilən elçinin insan olmasını tələb edirdi və hətta əgər Allah yer üzünə mələk nazil etsəydi belə, o özünü onsuz da kişi qiyafəsində təqdim etməliydi. Lakin belə olduqda insanlar çaşıb qalardılar. Bunun səbəbi isə onların özlərində olardı, axı onlar özləri üçün şübhəli bir yolu üstün tutmuşdular ki, bu yolda həqiqəti açıq-aşkar görmək mümkün deyildi. Haqq onlara düz yolla gələndə onlar doğru rəhbərlikdən istifadə etmədilər, halbuki bir çox başqaları onun sayəsində həmin yolu tutmuşdular. Onlar öz günahlarında özləri müqəssirdirlər, çünki qarşılarında olan və doğru yola aparan qapıları bağlamış və azğınlığa aparan qapıları isə laybalay açmışdılar.


(6.10) “Əlbəttə, səndən əvvəlki peyğəmbərlər də məsxərəyə qoyulmuşdular. Lakin məsxərəyə qoyanları məsxərəyə qoyduqlarının özü məhv etdi”.

Ayədə Allahın aydın möcüzələrlə gələn əvvəlki elçilərini rədd etmiş, hətta onları və dəvətlərini məsxərəyə qoymuş qədim xalqları yer üzündən yox edən cəza haqqında Fövqəluca Allah rəvayət edərək Elçisinə (ona Allahın salavatı və salamı olsun!) təsəlli verir və onun (ona Allahın salavatı və salamı olsun!) düşmənlərini hədələyir. Allah onları kafirliklərinə və həqiqəti danmalarına görə qorxunc cəza ilə tələf etmişdir. Onlar veriləcək amansız cəzaya istehza etmiş, lakin o cəza onları hər tərəfdən bürümüşdür. Qoy kafirlər bundan sonra da haqqı inkar etməkdən çəkinsinlər ki, onlardan əvvəlkilərin başına gələnlər onların başına gəlməsin!

(6.11) “(Ey Elçim!) De: “Yer üzünü dolaşın və sonra görün ki, (peyğəmbərlərə) yalançı deyənlərin aqibəti necə oldu?”

Ey kafirlər! Əgər siz əvəz veriləcəyinin doğruluğuna şübhə edirsinizsə, onda yer üzündə gəzib dolaşın və sonra yalançıların aqibətinin nə ilə sonuclandığına baxın! Siz ancaq nümunə olaraq cəzalandırılıb məhv edilmiş xalqların və qəbilələrin sür-sümüyün-dən başqa bir şey tapmazsınız. Onların evləri boşalmış və bir zaman onlarda şənlənən və əylənən sahiblərsiz qalmışdır. Onlar Qüdrətli Hökmdar tərəfindən məhv edilmiş və onların haqqında gəzən əhvalatlar ağıllı insanlar üçün ibrət nümunəsi olmuşdur.
Fövqəluca Allah yer üzündə gəzib səyahət etməyi təkcə vücudla deyil, həm də qəlbən yerinə yetirməyi buyurmuşdur ki, insanlar gördükləri hər şeydən ibrət dərsi ala bilsinlər. Əgər onlar sadəcə ətrafa baxmaqla qane olsalar və özləri üçün faydalı nəticələr çıxarmasalar, edəcəkləri səfərlər onlara fayda verməyəcək.


(6.12) “De: “Göylərdə və yerlərdə olanlar kimindir?” De: “Allahındır!” O Özünə rəhmli olmağı yazmışdır. (Bəndələrinə qarşı rəhmli olmağı Özü üçün əzəldən O Müəyyən etmişdir). Olacağına heç bir şübhə edilməyən qiyamət gününə sizi O toplayacaqdır. Özlərinə zərər vuranlar, əlbəttə, iman gətirməzlər!”

(6.13) “Gecədə və gündüzdə mövcud olan hər bir şey Onundur. O, (hər şeyi) eşidəndir, biləndir”.

Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur ki, müşrikləri tövhidin gerçəkliyinə əmin etsin və onlardan göylərin və yerin Yaradıcısı, Hökmdarı və Hakiminin kim olduğunu soruşsun. Müşriklər çox yaxşı bilirlər ki, bu sifətlərə Sahib olan yalnız Allahdır və onlar bunu inkar etməyəcəklər. Əgər onlar Onu Kainatın Yeganə Hökmdarı və Hakimi qəbul etsələr, onda onlar niyə Tək Ona ibadət və səmimi qəlbdən qulluq etməyə razılaşmırlar?!
Onun mütləq hakimiyyəti, Onun ilahi mərhəməti ilə əhatə olunmuş göy və yer aləmlərinə şamildir. O, Kainatı Öz Mərhəməti və xeyirxahlığı ilə sarmış və Onun Mərhəmətinin həmişə Onun Qəzəbinə üstün gəlməsini istəmişdir. O, Öz qullarını Öz səxavətin-dən məhrum etməkdən daha çox, onları mükafatlandırmağı sevir. O, mərhəmət qapılarını bütün qullarının qarşısında açmışdır, təkcə onların günahları o qapıları onların qarşısında bağlayır. O, qullarını həmin qapılardan girməyə dəvət edir, amma onların itaətsizliyi və nöqsanları o qapıları tapmaqda onlara mane olur.
Sonra Allah and içir ki, Qiyamət günü insanları mütləq bir yerə toplayacaq və həqiqətən, Onun sözləri ən doğru sözlərdir. O, Öz vədinin gerçəkliyini o qədər dəlil və sübutlarla təsdiq edir ki, o, artıq hiss olunan və ya əllə toxunula bilən həqiqətə çevrilir. Lakin zalım insanlar kafirlikdən başqa hər şeydən əl çəkirlər. Onlar Allahın məxluqlarını diriltmək bacarığını inkar edir, itaətsizlik burulğanına batır, kafirliyə etiqad göstərməyə cəsarət edir və həm yer üzündə və həm də öləndən sonra üçün özlərinin xoşbəxtliyinə islaholunmaz zərbə vururlar. Məhz buna görə Allah buyurur ki, öz mənliyini itirmiş günahkarlar heç vaxt iman gətirməzlər.
Bu gözəl surə tövhidin həqiqiliyini sübut edən müxtəlif məntiqi dəlillər və inandırıcı mətnlərdən ibarətdir. Hətta demək olar ki, surə bütövlüklə Allahın Təkliyinə və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini inkar edən müşriklərin baxışlarının təkzib edilməsinə həsr olunmuşdur.
Surənin yuxarıdakı ayələrində, Allah doğru yolu aydınlaşdır-mağa və müşriklikdən əl çəkməyə imkan verən həqiqətləri xatırladır. Fövqəluca Allah həm də yada salır ki, gecə və gündüz məskunlaşanların hamısı Ona mənsubdur. Onun hakimiyyəti bütün məxluqlara: insanlara, cinlərə, mələklərə, heyvanlara və həmçinin cansız əşyalara da aiddir. Bütün yaradılmışlar Onun qullarıdır və öz Əzəmətli Rəbbinin və Qüdrətli Hökmdarının iradəsinin hakimiyyəti altındadırlar.
Məgər məntiqi sübutlar və müqəddəs mətnlər(Müqəddəs mətn” dedikdə, naslar (yəni Quran ayələri və İslam Peyğəmbərinin (ona Allahın salavatı və salamı olsun!) hədisləri nəzərdə tutulur. Tərc. F. S. ) insanları, özlərinə nə xeyir və nə də zərər verə bilməyən qullara ibadət etməyə yönəldir? Məgər onlar xeyir verməyə və zərər vurmağa qadir olan Yaradana, Hakimə, Hökmdara və Tək Allaha səmimi qulluq etməkdən boyun qaçırmağa dəvət edir? Bəlkə, elə sağlam düşüncə və qüsursuz təhtəlşüur(Təhtəlşüur – şüuraltı (rus dilində: «???????????»), insan təfəkkürünün ruhi aləmlə bağlı xüsusi forması. F.S.) təkcə Ona məhəbbət və qorxu hissi bəsləyərək, Bir Allaha, aləmlərin Rəbbinə səmimi ibadətə çağırır və tək Ona ümid edir?!
Həqiqətən, O, Ona hər cür mümkün olan dildə ən müxtəlif istəklərlə müraciət edən məxluqlarının səslərini eşidir. O, baş verən və baş verəcək hər şey haqqında öncədən bilir. O, baş verməyəcək şeyləri də bilir və hətta onlar baş versəydi, hansı formada ola biləcəyini də bilir. Ona bütün aşkarda olanlar və gizli qalanlar agahdır.


(6.14) “(Ey Elçim!) De: “Mən göyləri və yeri Yaradan, hamısını bəsləyib Özü bəslənməyən (hamını yedirdib Özü yeməkdən uzaq olan) Allahdan başqasını özümə Rəbmi edərəm?!” De: “Mənə ilk müsəlman olmaq əmr edildi və müşrik-lərdən olma!” (deyə buyuruldu)”.
Ey Muhəmməd! Müşriklərə de ki: “Məgər mən köməksiz məxluqları özümə köməkçi və hami edərəmmi?! Mən Fövqəluca Allahdan başqa heç kimi özümə hami saymıram, çünki O, təkbaşına göyləri və Yeri yaratmışdır. O, onları yaratmış və idarə edir. O, məxluqlarına ruzi verir, lakin Özü qidalanmağa heç bir ehtiyac duymur. Məgər mənə yaraşar ki, zəngin və hər cür tərifəlayiq Xaliqdən və Yedizdirəndən başqa kiminsə mənə himayəçilik edəcəyinə ümid bağlayım?! Mənə əmr edilmişdir ki, tövhid əqidəsi daşıyan və Allaha müti olan ilk müsəlman olum, çünki mən Rəbbimin hökmlərinə, bütün insanlardan daha çox səylə itaət etməliyəm. Ona şərik qoşanlarla, onlarla həmfikir olanlarla olmaq və yığıncaqlarda yanlarında oturmaq mənə qadağan edilmişdir. Bu hökmlər – mənim üçün ən vacibdir”.

(6.15) “De: “Əgər mən Rəbbimə asi olsam, Böyük günün (Qiyamət gününün) əzabından qorxaram”.

(6.16) “O gün kim əzabdan qurtulsa, şübhəsiz ki, (Allah) ona mərhəmət əta etmişdir. Bu isə açıq-aydın qurtuluşdur (uğurdur).

İnsan Allaha şərik qoşaraq Ona itaət etməzsə, onda o, özünü Cəhənnəmdə əbədi işgəncələrə məhkum edir və Qüdrətli Rəbbin qəzəbini özünə qarşı yönəldir. Bu, belə bir gündə baş verəcək ki, o günün cəzasından qorxmaq və çəkinmək lazımdır, çünki əgər insan həmin günün cəzasından xilas olarsa, o, hökmən əfv edilər və əgər o, həmin gün qurtuluşa nail olarsa, o, əsil uğur qazanar. Əgər o, həmin günün cəzasından xilas ola bilməzsə, məhv olmuşların və bədbəxtlərin arasına düşər.


Tarix: 20.04.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 503 Bölmə: Sureler