beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 101-115

(6.101) “O, göyləri və yeri (yoxdan) var edəndir. Allahın necə övladı ola bilər ki, Onun heç bir yoldaşı (zövcəsi) yoxdur. Hər şeyi O yaratmışdır. O, hər şeyi biləndir!”

Allah göyləri və yeri mükəmməl biçimdə yaratmışdır. O, onları bütün başqa məxluqlarına bənzər etməmiş, onlara gözəl sima vermiş və onlarda mütləq qaydalar qoymuşdur. Hətta ən dərin zəka sahibləri də bunlardan daha gözəl, heyranedici şeylərin oxşarını belə yarada bilməzlər. Allah isə onları heç bir nümunə olmadan, kiminsə iştirakı olmadan, təkbaşına yaratmışdır.
Mütləq Rəbb olan və heç nəyə ehtiyacı olmayan Allahın uşağı necə ola bilər? Onun zövcəsi yoxdur, O, Öz yaratdıqlarına möhtac deyil, amma onların hamısı bütün hallarda Ona kəskin ehtiyac duyurlar. Uşaq hökmən öz valideyninə oxşamalıdır. Allah isə bütün varlığın Xaliqidir və yaratdıqları arasında eləsi yoxdur ki, Onun ilahi sifətlərindən heç olmazsa birinə oxşar sifətə malik olsun.
Bütün məxluqların Onun tərəfindən yaradıldığını xatırlatdıqdan sonra, Allah Özünün hərşeyiəhatəedən elmi haqqında xəbər verir. Bu barədə yaradılışdan sonra yada salma özlüyündə Allahın elminin lehinə olan məntiqi dəlillərdəndir, çünki Kainatda mövcud olan mükəmməl intizam və məxluqlarının valehedici görünüşü Yaradanın hüdudsuz biliyinə və Onun müdrikliyinin kamilliyinə sübutdur. Fövqəluca Allah buyurur: “Məgər Yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (Mülk, 67/14);
“...Əlbəttə (qadirdir). (Hər şeyi) Yaradan, (hər şeyi) Bilən Odur!” (Yasin, 36/81).
Budur məxluqları yaradan və hadisələri öncədən müəyyənləşdirən Allah!


(6.102) “O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!”

Allah – qüsursuz itaətə və ən mükəmməl məhəbbətə layiq olan Yeganə Rəbdir.
O, məxluqlarına hər növ nemətlər bəxş edən və onları müxtəlif bəlalardan qoruyan Rəbdir! Ondan – bütün varlığın Yaradanından başqa ilah yoxdur! Əgər siz Onun – Vahid Haqq Allah olduğuna şübhə etmirsinizsə, onda Ona ibadət edin, Ona səmimiyyətlə qulluq göstərin və Onun Üzünü görməyə can atın, axı bütün məxluqlar məhz buna görə yaradılmışdır. Fövqəluca Allah buyurur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 51/56).
Allah hər şeyin Sərəncamçısıdır, çünki bütün varlıqları O yaratmışdır və onlar Onun hakimiyyəti altındadırlar. Yaxşı məlumdur ki, səlahiyyət verən şəxsin işlərinin vəziyyəti onun işlərinə sərəncam çəkəndən asılı olur, lakin Fövqəluca Allah məxluqlarının işinə onların etdiyi kimi sərəncam çəkmir. İnsana bir başqasının işinə sərəncam çəkmə tapşırılanda, o, ona səlahiyyət verən şəxsin ancaq nümayəndəsi vəzifəsini yerinə yetirir və ondan tamamilə asılı vəziyyətdə qalır. Mərhəmətli və Uca Yaradan isə Öz kamil elminə, düzgün qərarlar qəbul etmək istedadına, rəhmliliyinə və ədalətliliyinə istinad edərək Özü Özünü səlahiyyətləndirir və heç kim Onun qərarlarına düzəliş verməyə qadir deyil, çünki Onun əməlləri və hökmləri hər hansı qüsurdan və nöqsandan xalidir. Fövqəluca Allahın məxluqlarının işlərinə sərəncam çəkməsinin nümunəsi kimi – Onun dini hökmləri izah etməsini, İslam dinini təhriflərdən qorumasını və möminləri imandan məhrum edən şeylərdən mühafizə etməsini göstərmək olar.


(6.103) “Gözlər Onu (görüb) dərk etməz. O, gözləri dərk edər. O, lətifdir (cismlikdən uzaqdır), (hər şeydən) xəbərdardır!”

Allah elə əzəmətli, elə möhtəşəm və elə kamildir ki, gözlər baxmaqla Onu qavramağa qadir deyil. Buna baxmayaraq Axirətdə möminlər Onu görəcək və Onun Mərhəmətli Üzünə baxmaq imkanından həzz alacaqlar. Allahı baxmaqla dərk və əhatə edə bilməmək o demək deyildir ki, insanlar Onu görə bilməzlər. Əksinə, bu onu göstərir ki, onlar Onu görəcəklər, çünki obyektə baxmaqla onu dərk etmə öz gözü ilə görmənin xüsusi formasıdır ki, bunu inkar etmək obyekti seyr etmək imkanını nəzərdə tutur.
Əgər Allah məxluqlarının Onu ümumiyyətlə gözləri ilə görə bilməyəcəyini nəzərdə tutsaydı, onda bu ayədə deyilərdi ki, baxışlar Onu görə bilməz. Buradan aydın olur ki, şərh etdiyimiz ayə, Allahın sifətlərini inkar edən və Axirətdə Rəbbi öz gözləri ilə görmək imkanını danan bidət əhlinin baxışlarına haqq qazandırmır. Ayə tamamilə əksinə olan nəzər nöqtələrini təsdiq edir.
Allah – baxışları Dərkedəndir. O, aşkarı və qeybi Biləndir, səslə tələffüz edilən və pıçıltı ilə deyilənlərin hamısını eşidir, böyük və kiçik varlıqları görür. Onun gözəl adları arasında Nüfuzedən, Hərşeyibilən adlarına diqqət yetirək. Özünün Nüfuzedən adı sayəsində O, ən gizli, ən məxfi və ən gözəgörünməz şeyləri dərk edir. Öz xeyirxahlığına görə O, qullarına kömək edir ki, onlar dindarlığa yiyələnsinlər və onları, heç özlərinin ağıllarına gətirmədikləri, yollarla aparır. O, onlara əbədi səadətə və sonsuz uğurlara elə yollarla layiq olmağa yardım edir ki, bu onların heç fikrinə belə gəlməzdi. O, istəyir ki, bəzən qulların qismətinə, onlara əziyyət verən və onların xilas olmaq istədikləri çətinliklər nəsib olsun, çünki Allah bilir ki, onların möminliyi üçün belə olması daha yaxşıdır və ancaq belə çətinliklər sayəsində kamilləşməyə nail olmaq mümkünləşir. Allah Pak və Əzəmətlidir. O, möminlərə qarşı rəhmlidir və istədiyini mərhəmətinin kölgəsi altına alır!

(6.104) “Rəbbinizdən sizə parlaq dəlillər gəlmişdir. Kim (onları) görsə, öz lehinə, kim görməsə, öz əleyhinədir. Mən sizə nəzarətçı deyiləm. (Mənim vəzifəm ancaq dini təbliğ etməkdir)”.

Həqiqi dəyərləri və döru niyyətləri təsdiq edən ayə və dəlilləri izah etdikdən sonra, Fövqəluca Allah qullarının diqqətini bu ayələrə yönəldir və xəbər verir ki, əməllərinin bəhrələri onların özlərinə qismət olacaqdır. Quran ayələri həqiqəti əyani surətdə açıqlayır və ürəklərə imkan verir ki, baxışlar günəşi görə bildikləri kimi, onlar da onu beləcə aydın görə bilsinlər. Bunun səbəbi ondadır ki, vəhyin gözəl və aydın sözləri onun mənasını tam izah edir və heyranedici haqqı işıqlandırır. Buna görə təəccüblənmək lazım deyil, axı onlar, Öz məxluqlarına çoxsaylı görünən və görünməyən nemətlər bəxş edən Allah tərəfindən nazil edilmişdir. Ayələrin izah edilməsi və hər hansı anlaşılmazlığın aradan qaldırılması da Allahın əzəmətli və gözəl nemətlərindəndir.
İnsan Allahın ayələrindən faydalı ibrət alırsa və onların tələblərinə müvafiq olaraq davranısa, o, bunu öz rifahı naminə etmişdir, çünki Allah zəngindir və ancaq həmdə layiqdir. Lakin əgər insan əyələri görüb onların mənasını anlaya bilmirsə; xəbərdarlığı eşidir, amma ona diqqət yetirmirsə; haqqı başa düşərək, onun qarşısında itaətkarlıq göstərmirsə, onda o, ancaq özünə ziyan vurmuş olur.
Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) insanlara nəzarət etmək və onların əməllərini yadda saxlamaq tapşırılmamışdı. Onun vəzifəsi həqiqəti onlara izah etmək idi və o (ona Allahın salavatı və salamı olsun!), öz vəzifəsini yerinə yetirmiş və ona nazil edilmiş Vəhyi bütün bəşəriyyətə çatdırmışdı. Ona (ona Allahın salavatı və salamı olsun!) təkcə bu vəzifə həvalə edilmişdi və o (ona Allahın salavatı və salamı olsun!), qalan başqa məsələlərə görə məsuliyyət daşımayacaqdır.


(6.105) “Biz ayələrimizi belə açıqlayırıq ki, onlar (sənin peyğəmbərliyini inkar edənlər): “Sən dərs almısan (bunları başqalarından öyrənmisən)”, - desinlər və Biz də onu (Quranı) bilən (elm və bilik sahibi olan) bir camaata izah edək. (Kafirlər Allahın birliyini, qüdrət və əzəmətini inkar etməklə daha şiddətli əzaba layiq olsunlar, möminlər isə onları təsdiq etdikləri üçün daha çox savab qazansınlar).

Fövqəluca Allah ecazkar mənaya malik və qəribə həqiqətlərə nur saçan müxtəlif ayələr nazil edir. Allahın verdiyi açıqlamalar qüsursuzdur və həm də onlar o dərəcədə mənaca heyranedicidir ki, yaradılmışların təkbaşına başa düşə biləcəkləri həddə sığmır. Allah Quran ayələrini izah edir, amma hər şey onunla bitir ki, insanların bəziləri: “Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) bunları Kitab əhlinin kitablarından öyrənmişdir” – söyləyir. Bəziləri isə belə deyir: “Biz bu ayəni eşitmişik”. Bir başqaları da deyirlər: “Bu – Muhəmmədin Kitab əhlindən öyrəndiyi qədim xalqların nağıllarıdır”.
Öz söz məcmusunun quruluşuna görə bu ayə aşağıdakı vəhyə bənzəyir: “Fironun adamları axırda özlərinə düşmən kəsiləcək və başlarına bəla olacaq Musanı (içində olduğu sandıqla birlikdə) götürüb gəldilər” (Qəsəs, 28/8). Şübhəsiz ki, Fironun ailə üzvləri uşağı ona görə götürməmişdilər ki, onu öz düşmənləri kimi böyütsünlər. Onlar bunu etmişdilər ki, uşaq onlara sevinc gətirsin, lakin belə oldu ki, onların arasında düşmənçilik yarandı. Allah Öz ayələrini ona görə izah etmir ki, sonradan insanlar desinlər: “Muhəmməd Peyğəmbər bunları Kitab əhlindən öyrənmişdir”, lakin Quran ayələrinin aydınlığı və müxtəlifliyi onları əvvəlki Kitablara oxşadır.
Allah ayələrini müxtəlif üslublarla ifadə etməklə Quranı haqqı nahaqdan ayırmağı bacaran insanlar üçün açıqlayır. Bu ayədə söhbət Müqəddəs Qurandan gedir, hərçənd onun adı burada çəkilməsə də, bu açıq-aydındır. Ola bilsin ki, burada işarə əvəzlikləri müxtəlif ayələrə aiddir, amma onlar da Quranı nəzərdə tutur.
Bir sözlə desək, bu sözlərin mənası ondadır ki, Allah Kainatda yaratdığı cürbəcür möcüzələrlə yanaşı, Müqəddəs Quranda da müxtəlif möcüzəli ayələr nazil etmiş və onların izahını vermişdir ki, həqiqəti kafirlərə çatdırsın. Onlar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) Kitabı qondarmasında və ya yalan uydurmasında ittiham edə bilməzlər, buna görə də onlara, onu Allahdan deyil, başqa adamlardan öyrənməsində günahlandırmaq qalırdı. Allah bir daha Öz ayələrini ona görə izah edir ki, öz nəfslərinə uymayan, haqqı başa düşən və ona itaət edən insanlar üçün nazil etdiyi həqiqətləri işıqlandırsın.


(6.106) “(Ey Elçim!) Rəbbindən sənə vəhy edilənə (Qurana) tabe ol. (Sən yəqin bilirsən ki) Ondan başqa heç bir tanrı yoxdur. Müşriklərdən isə üz çevir!”

Ey Peyğəmbər! Taleyini həll edəcək və işlərini idarə edən Allahın sənə verdiyi vəhyə tabe ol. O, itaət edilməsinə layiq olan yeganə Allahdır. Buna görə, Ona müti ol və müşriklərin inadkarlığına və yalan sözlərinə fikir vermə!


(6.107) “Əgər Allah istəsəydi, onlar müşrik olmazdılar. Biz səni onların üzərində gözətçi qoymamışıq və sən onların vəkili də deyilsən!”

Ey Muhəmməd! Əgər Allah müşrikləri iman sahibi etmək istəsəydi, onlar Ona şərik qoşmazdılar. Bununla Fövqəluca Allah izah edir ki, onlar uydurulmuş tanrılara Onun ilahi iradəsinin əleyhinə olaraq ibadət etmirlər. Əgər onların haqq dinə üstünlük verəcəkləri Allaha məlum olsaydı, O, onları hökmən doğru yola yönəldərdi. Lakin O bilir ki, onlar müşrikliyə üstünlük verəcəklər və buna görə də müşrikləri uydurulmuş tanrılara ibadət etməkdən çəkindirmir. Sən onların üstündə gözətçi deyilsən, sənə onların əməllərini yadda saxlamaq da həvalə edilməyib və sən onların cinayətlərinə görə məsuliyyət daşımayacaqsan. Biz sənə belə tapşırıqlar verməmişik və onlar səni özlərinə vəkil təyin etməyiblər ki, işlərinə sərəncam çəkəsən və onların mənafelərinə riayət edilməsinin qayğısına qalasan.
Bu ayənin ümumi mənasından aydın olur ki, əgər Allah müşriklərin tək Ona ibadət etmələrini istəsəydi, Öz qüdrəti və hakimiyyəti sayəsində onları buna məcbur edərdi, lakin O istəyir ki, onlar bu seçimi özləri könüllü etsinlər. Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) gəldikdə isə, ona müşrikləri nəzarət altında saxlamaq, etdiklərini hesablamaq və işlərini yoluna qoymaq tapşırılmamışdı.

(6.108) “Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər. Beləcə, hər bir ümmətə öz əməllərini gözəl göstərdik. (Möminlərə Allah rizasına gördükləri işləri gözəl göstərdiyimiz kimi, kafirlərə də çirkin əməllərini yaxşı göstərdik). Sonra onlar Rəbbinin hüzuruna qayıdacaqlar. (Allah isə) onlara etdikləri əməllər barəsində xəbər verəcəkdir!”

Bu ayədə Allah möminlərə, əslində, yol verilən, hətta şəriətə uyğun gələn bir hərəkəti yasaq etmişdi. Söhbət müşriklərin Allahla bərabər ibadət etdikləri “tanrıları” söyməkdən gedir. Sözsüz ki, bu “tanrıların” təhqir edilməsi və onlara nifrət bəslənməsi insanı Allaha yaxınlaşdırır, lakin bu, müşrikləri aləmlərin Rəbbini təhqir etməyə təhrik edə bilərdi, halbuki qulları Onu hər hansı qüsur, nöqsan, təhqir və söyüşlərdən qorumalıydılar. Allahın müşriklərin “tanrılarını” təhqir etməyi qadağan etməsinin səbəbi, onların öz dinlərini azğınlıqla müdafiə etməsi və öz nəzər nöqtələrini qorumaları ilə bağlı idi. Çünki hər bir xalqa öz əməllləri düzgün və gözəl görünür. Müşriklər özlərini haqlı hesab edirlər və öz baxışlarını müdafiə etmək üçün heç nədən çəkinməzlər. Belə olduğu halda, müsəlmanlar onların “ilahlarını” təhqir etsələr, onda onlar əvəzində möminlərin də, günahkarların da ürəklərində sonsuz ehtiram bəslədikləri Allahı, aləmlərin Rəbbini təhqir edə bilər.
Qiyamət günü başladıqda bütün məxluqlar Allahın yanına qaytarılacaq və öz əməlləri ilə Onun hüzurunda dayanacaqlar və o zaman O, onların etdikləri yaxşı və pis əməlləri onlara xəbər verəcəkdir.
Bu kərim ayə bir şəriət qaydası üçün əsasdır. Bütün əməllər nəticələrinə görə müəyyənləşdirilir. Əgər yol verilən əməl yaramaz nəticələrə gətirərsə, onda o, haram sayılır.


(6.109) “(Məkkə müşrikləri) Allaha ürəkdən and içdilər ki, əgər onlara bir ayə gəlsə, ona mütləq inanacaqlar. (Onlara) de: “Ayələr ancaq Allahın yanındadır. (Ey müşriklərin imana gəlməsini istəyən müsəlmanlar!) Siz nədən bilirsiniz ki, onlara (istədikləri) ayə (möcüzə) gəldikdə yenə də iman gətirməyəcəklər!”

Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini rədd edən müşriklər ürəkdən Allaha and içmişdilər ki, əgər onlar onun (ona Allahın salavatı və salamı olsun!) doğruluğunu təsdiq edən bir möcüzə görsələr hökmən ona inanarlar. Onlar bunu düz yola gəlmək niyyətində olmadan demişdilər. Onlar sadəcə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) etirazlarını bildirmək və Allahın elçilərinin (onlara salam olsun!) təbliğ etdikləri hər şeyi rədd etmək istəyirdilər. Allah ona (ona Allahın salavatı və salamı olsun!) açıq-aşkar möcüzələr və aydın dəlillər göstərməyə imkan verdi ki, bunlar onun (ona Allahın salavatı və salamı olsun!) bütün təbliğ etdiklərinin doğruluğuna şübhə yeri qoymurdu. Buna baxmayaraq, müşriklər ondan (ona Allahın salavatı və salamı olsun!) möcüzə tələb etməkdə davam edir, öz kafirliklərində inad göstərirdilər. Əlbəttə ki, bu, onların qələblərini yerinə yetirməyə onu (ona Allahın salavatı və salamı olsun!) məcbur etmirdi. Bundan başqa, onlar üçün ən yaxşısı, tələblərinin cavabsız qalması idi, çünki əgər insanlar Allahın elçilərindən möcüzə göstərmələrini istəyirlərsə, möcüzələr göstərilir, amma yenə iman gətirməkdən boyun qaçırırlarsa, Allah onları ləngitmədən cəzalandırır. Allah Öz qulları ilə belə rəftar edir.
Buna görə, sonra Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edilmişdi ki, belə desin: “Möcüzələr Allahın ixtiyarındadır, O, istəsə, möcüzə göstərər, istəməsə - göstərməz. Mən Kainatdakı işlərin sərəncamçısı deyiləm. Siz məndən möcüzə tələb edərək, zalımlıq edirsiniz, çünki məndən mənim ixtiyarımda olmayan şeyi tələb edirsiniz. Əgər siz doğrudan da mənim gətirdiklərimin izah edilməsini eşitmək və mənim doğruçuluğuma əmin olmaq istəyirsinizsə, onda sizə artıq belə bir imkan verilir”.
Müşriklərin tələblərinə baxmayaraq, onların möcüzəni gördükdən sonra haqq dinə iman gətirəcəklərinə inanmaq olmaz. Bundan başqa, çox vaxt belə hallarda onlar iman gətirməkdən boyun qaçırırlar. Buna görə Allah buyurur ki, möcüzələr onlara göstərilsə də onlar inanmayacaqlar.

(6.110) “Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq”.

Biz kafirləri, dəvətçilərimizin onlara ilk dəfə çatdırdıqları haqqa iman gətirməkdən boyun qaçırdıqlarına görə cəzalandırırıq. Biz onların üzünü döndərir, haqq dinə iman gətirmələrini imkansız edir və onlara düz yola çıxmağa yardım etmirik. Biz onlarla ədalətli və müdrikcəsinə davranırıq, çünki onlar üçün açılmış qapıları gördükdə, oraya daxil olmamış, doğru yolu görüb o yolla getməkdən imtina edərk özləri özlərinə qarşı cinayət işlətmişlər. Onlar ancaq bundan sonra haqq olan təlimdən məhrum edilmişlər və elə buna görə də belə cəzaya tam layiqdirlər.


(6.111) “Əgər Biz (istədikləri kimi) mələkləri onlara göndərsəydik, ölülər onlara danışsaydı və hər şeyi dəstə-dəstə toplayıb onların qarşısına qoysaydıq belə, Allah istəmədikcə, onlar iman gətirməzdilər. Lakin onların əksəriyyəti (bunu) bilməz”.

Onlar Allaha ümid bəsləməyərək, özləri haqq imana nail ola biləcəklərini qərara alanda böyük səhvə yol vermişdilər. Əgər mələklər onların yanına enib Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini təsdiq etsələr və ya ölülər onlarla ünsiyyətə girib onları ölümdən sonra dirilmənin həqiqət olduğuna inandırmaq üçün şahidlik etsələr və yaxud Kainatda olan bütün varlıqlar onların qarşısında toplaşıb Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) təbliğ etdiyinin həqiqət olduğuna şahidlik etsələr belə onlar özləri özbaşına iman gətirə bilməzlər. Heç bir möhtəşəm möcüzə, əgər Allah bunu istəməsə, onları möminə çevirə bilməz. Lakin onların böyük əksəriyyəti bunu anlamır və buna görə belə güman edirlər ki, möcüzə göstərilən kimi iman gətirəcəklər. Qulun dərrakəli və bilikli olması o zaman özünü büruzə verir ki, o, haqqa itaət etsin və Allahın öyrətdiyi kimi onu tapmasına səy göstərsin və əgər qul həqiqətə uyğun olaraq davranırsa, bu barədə Rəbbindən ona kömək etməsini diləsin, öz gücünə və bacarığına güvənməyərək, ona heç bir xeyir gətirməyəcək möcüzələr göstərilməsini tələb etməsin.


(6.112) “Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!”

(6.113) “(İnsanlardan və cinlərdən olan şeytanlar bu təmtəraqlı sözləri) Axirətə inanmayanların ürəkləri onlara meyl etsin, onlar ondan (həmin sözlərdən) xoşlansınlar və gördükləri çirkin işləri bir daha görsünlər (deyə, təlqin edərlər)”.

Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) müjdə ilə təsəlli verərək bildirir ki, düşmənlər onun (ona Allahın salavatı və salamı olsun!) təbliğatını rədd edir, onunla (ona Allahın salavatı və salamı olsun!) döyüşür və ona (ona Allahın salavatı və salamı olsun!) paxıllıq edirlər, çünki Allah bütün peyğəmbərlərlə belə rəftar etmişdir. İnsanlara hansı peyğəmbər göndərilirdisə, onun hökmən cinlər və insanlar arasından düşmənləri yaranırdı ki, onlar xalis şeytanlar idilər və elçilərin təbliğ etdikləri hər şeyə qarşı mübarizə aparırdılar. (Müəllifin bu aydın müddəası onu göstərir ki, Allahın haqq dininə qarşı inadla mübarizə aparanlar şeytanların bilavasitə təhriki ilə hərəkət edirlər. F.S.)
Belə şeytanlar yanlış baxışlara etiqad etməyə çağırır, onları təmtəraqla bəzəyərək axmaqları şirnikləndirir və haqqı dərk etmək qabiliyyəti olmayan və ətrafda baş verən proseslərin mahiyyətini araşdıra bilməyən düşüncəsiz insanları öz tərəflərinə çəkirdilər. Belələri gözəl sözləri və sürüşkən ibarələri böyük məmnuniyyətlə dinləyir, haqqı – uydurma, uydurmanı isə haqqın yerinə qəbul edirdilər.
Lakin belə aldadıcı sözlərə təkcə Qiyamət gününə inanmayanların qəlbi meyl edir. Məhz Qiyamət gününə inamın və sağlam düşüncə qabiliyyətinin olmaması insanları belə davranmağa sövq edir. Əvvəlcə onlar ancaq cazibədar sözlərə meyl edir və həqiqətdən yayınan kimi və onlara füsunkar görünən sözləri eşidən kimi, öz seçimlərini bəyənir və ürəklərində buna sevinirlər. Bunun nəticəsində yanlış baxışlar onların qəti etiqadlarına və ayrılmaz keyfiyyətlərinə çevrilir. Bu hal ona gətirir ki, onlar öz çirkin baxışlarının nəticəsi olaraq yalan danışmağa və yaramaz işlər görməyə başlayırlar. Mənfur yalanlar uyduran insanlar və cinlərdən olan şeytanların vəziyyəti belə olur.
Axirət həyatına inanan və mükəmməl idraka malik olan möminlərə gəldikdə isə, onlar yalana aldanmır və onun məhvedici təsiri altına düşmürlər. Əksinə, onlar bütün varlıqları ilə haqqı öyrənməyə can atır və onun, təbliğatçıların dəvət etdiyi mənası üzərində düşünürlər. Onları haqqa dəvət edəndə, onlar onunla razılaşır və ona itaət edir və hətta onu adi sözlər və təvazökar kəlmələrlə ifadə edirlər. Təbliğatçıların sözləri uydurma olduqda isə, bu əqidənin kim tərəfindən təklif olunmasına, onların yalanlarının cəzbedici, ipəkdən də yumşaq qiyafələrə geyindirilməsinə baxmayaraq onu rədd edirlər.
Fövqəluca Allah Özü istəmişdir ki, peyğəmbərlərin yalanı müdafiə edən düşmənləri olsun ki, Öz qullarını sınaqdan keçirə bilsin, doğruçu möminləri yalançılardan, ağıllı insanları – nadanlardan, görənləri – korlardan fərqləndirə bilsin. Belə bir tələbin hikməti həm də ondadır ki, o, həqiqəti izah etməyə imkan verir. Axı yalan həqiqətə müqavimət göstərdiyi zaman o, aydınlaşmağa başlayır. Məhz belə hallarda həqiqətin doğruluğunu təsdiq edən və yalanın qüsurluluğunu ifşa edən dəlillər və sübutlar aydınlaşır. Şübhəsiz ki, məhz bu məqsədə nail olmaq üçün yarışanlar bir-biriləri ilə yarışmalıdırlar.


(6.114) “Allah sizə Kitabı (Quranı) müfəssəl surətdə nazil etdiyi halda, mən (haqq ilə batili ayırd etmək üçün) Ondan başqasınımı özümə hakim istəməliyəm?! Kitab verilmiş şəxslər Quranın sənin Rəbbindən haqq olaraq nazil edildiyini bilirlər. Sən şübhəyə düşənlərdən olma!”

Ey Elçi! Doğrudanmı sən Allahın sərəncamlarından asılı olan və heç bir qərar qəbul etməyən məxluqların hökmlərinə və qadağalarına əsaslanaraq, onların mühakiməsinə ümid edirsən? Məxluqların özlərinin verdikləri sərəncamları və qanunları qüsurla doludur və ədalətsizdir və buna görə insanlar, heç bir şəriki olmadan məxluqları və qanunları yaradan Allahın mühakiməsinə müraciət etməlidirlər.
O, sizə Kitab nazil etmiş, haram və halalı, şəriət hökmlərini və həmçinin dinin əsas və fərdi məsələlərini təfərrüatı ilə o Kitabda izah etmişdir. Onun izahatları ən inandırıcıdır, Onun dəlilləri ən aydın, Onun hökmləri ən gözəl, Onun sözləri ən doğrudur, çünki Onun bütün hökmləri hikmət və şəfqətlə icra edilmişdir. Əvvəlki Səmavi Kitabların əta edildiyi yəhudilər və xristianlar bunu etiraf edir və başa düşürlər ki, Rəbb Müqəddəs Kitabları həqiqət xatirinə nazil etmişdir. Səma Kitabları arasında ziddiyyət yoxdur və siz tərəddüd və şübhə etməməlisiniz.

(6.115) “(Ey Elçim!) Rəbbinin sözü düzgün və ədalətli şəkildə tamam oldu. Onun sözlərini dəyişdirə biləcək bir kimsə yoxdur. O, (hər şeyi) eşidəndir, biləndir!”

Allah izah edir ki, Onun sözləri həqiqi hekayətlərdən, ədalətli hökm və qadağalardan ibarətdir. Allahın Özünün Müqəddəs Kitabında nazil etdiyi gerçək hekayətlərdən daha gerçəyi və ədalətli hökm və qadağalardan daha ədalətlisi yoxdur. Onun sözləri ləğv edilə bilməz, çünki onlar – təhrif edilməsi və ya daha mükəmməli ilə dəyişdirilməsi mümkün olmayan ali həqiqət və mütləq haqdır.
Onun gözəl adları arasında – Eşidən və Bilən adları da vardır. O, müxtəlif xahişlərlə müxtəlif dillərdə Ona müraciət edən bütün məxluqlarının səslərini eşidir. O, aşkarı da, qeybi də, keçmişi də, gələcəyi də bilir.


Tarix: 20.04.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 705 Bölmə: Sureler